Məhkəmə qərarları › İş №2(106)-618/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-618/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-618/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3146/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 570 manat zərərin və 30 manat dövlət rüsumunun, cəmi 600 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 22 iyul 2023-cü ildə Masallı şəhəri, Xətai küçəsində yerləşən “Retrocar” adlanan kafenin qarşısında onun cibindən gizli yolla 570 manat pulunu oğurlamışdır. Bu barədə Masallı Rayon Polis Şöbəsinə müraciətlər etdikdən sonra cavabdeh barəsində 01 avqust 2023-cü ildə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sahə rəisi olan polisin tərtib etmiş olduğu protokolda 400 manat göstərilmişdir. Lakin cavabdeh onun cibindən gizli yolla 570 manat oğurlamış və ona ziyan vurmuşdur. Cavabdeh ona vurmuş olduğu ziyanı məhkəmə prosesində etiraf etmiş və pulunu yaxın günlərdə qaytaracağına söz vermişdir. Lakin buna baxmayaraq, cavabdeh pulunu qaytarmır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Masallı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(050)-3146/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmiş, Cavabdeh 400 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(050)-3146/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3146/2023 saylı qətnaməsi Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir, ədalətsiz və qanunsuzdur. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh onun cibindən 570 manat pul oğurlamış, lakin polis şöbəsində təhqiqatçı yanlış olaraq 400 manat göstərmiş və həmin şəxsi məsuliyyətə cəlb etmişdir. Lakin məhkəmə 400 manat pulu tutmuş, qalan pulu təmin etməmişdir. Cavabdehin onun cibindən 570 manat pul oğurlaması ilə bağlı Masallı RPŞ-də araşdırma aparılmış, lakin təhqiqatçı yanlış olaraq 400 manat pulun oğurlanmasını göstərmişdir. Təhqiqatçı onu aldatmış və 400 manat pulun oğurlanması barədə sənədlərə imza etdirmişdir. Halbuki, onun cibindən 570 manat oğurlanmışdır. Buna görə həmin şəxs məsuliyyətə cəlb olunmuş və cəzalandırılmışdır. Bununla bağlı, məhkəmənin qərarı vardır. Lakin məhkəmə 570 manat tələbinin cəmi 400 manat hissəsini təmin etmişdir. Halbuki, onun cibindən 570 manat oğurlanmış, bunu da sübut edir, lakin məhkəmə ona dəymiş ziyanı tam olaraq təmin etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə qanunsuz olaraq iddianı tam təmin etməmişdir. İddiaçıya yazıb-oxuya bilmədiyi sənədə qol çəkdiriblər. Həmin vaxt anası ilə birlikdə idi, anası oxumuş və etiraz etmişdir. Etiraz etdiyi üçün anasından əl yazması ilə ərizə aldılar. Təhqiqatçı dedi ki, anasının ərizəsini məhkəməyə göndərəcək. Lakin anasının ərizəsini qəbul etmədən öz istədikləri qərarı qəbul etdilər. Məhkəmə işin hallarını düzgün araşdırmamış və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə dəymiş ziyanın məbləğini, polisdə araşdırmanın düzgün aparılmadığını araşdırmamışdır. Məhkəmə tərəfindən dəymiş ziyanın vurulması sübuta yetirilsə də, 400 manat olması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir, belə ki, işin hallarından görünür ki, cavabdeh onun cibindən 570 manat oğurlamışdır. Lakin məhkəmə həmin halların heç birini nəzərə almamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, İddiaçı onun oğludur. Cavabdeh onun cibindan 570 manat pul oğurlamışdır. Onlar bu məsələ ilə bağlı DİN-nin “102” xidmətinə zəng edərək 400 manat deyil, 570 manat pulun oğurlandığını bildirmişlər. Bundan əlavə, Masallı RPŞdə araşdırma aparılan zaman da təhqiqatçı protokolda yanlış olaraq 400 manat yazmış, oğlu isə protokola qol çəkmişdir. Halbuki, oğurlanmış məbləğ 400 manat deyil, 570 manat olmuşdur. Masallı Rayon Məhkəməsi isə cavabdehdən 570 manat deyil, 400 manat tutulmasını qət etmişdir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(050)-3146/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 40-cı vərəqində olan 22 iyul 2023-cü il tarixli raportun surətindən görünür ki, İddiaçı DİN-nin “102” xidmətinə zəng edərək bir neçə narkotik aludəçisinin ona məxsus 400 manatı oğurlaması barədə məlumat vermişdir. İş materiallarının 44-cü vərəqində olan İddiaçı Masallı Rayon Polis Şöbəsinə 01 avqust 2023-cü ildə verdiyi izahatdan görünür ki, o, latın qrafikalı Azərbaycan dilində oxuyub-yaza bilir, başa düşür, izahatının təhqiqatçı tərəfindən kompüterdə Azərbaycan dilində latın qrafikalı əlifba ilə yazılmasına etiraz etmir. Ona verilən suallara cavab olaraq bildirir ki, Masallı rayonu, Dadva-2 küçəsində ailəsi ilə yaşayır. Rüfət adlı şəxsi tanıyır, onunla münaqişə və ədavəti yoxdur. İddiaçı 22 iyul 2023-cü ildə Masallı şəhəri ərazisində yerləşən “Retrocar” adlanan kafeyə getmişdir. Bu zaman yolun kənarında tanışı Rüfət adlı şəxslə aralarında sözlə narazılıq olmuş, bu zaman bir qədər kənarlaşandan sonra pulunun yerində olmamasını görmüşdür. O, həmin pulu Rüfət adlı şəxsin oğurladığını düşünmüş, həmin əraziyə geri qayıtmış, lakin Rüfəti orada tapa bilməmişdir. Ona ümumiyyətlə Rüfətin pul oğurlaması nəticəsində 400 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində ona 400 manat maddi ziyan dəydiyi üçün şikayətində israrlıdır. Başqa əlavəsi yoxdur. İzahat onun sözləri ilə yazılmış, düzgünlüyünü imzası ilə təsdiq etmişdir. İşdə surəti olan Masallı RPŞ-nin 01 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Masallı şəhəri, Dadva-2 küçəsində yaşayan İddiaçı vurulmuş ziyan 400 manat olduğundan törədilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğu üçün onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(050)- 1198/2023 saylı qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh 22 iyul 2023-cü il tarixdə Masallı şəhəri, Xətai küçəsində yerləşən “Retrocar” adlanan kafenin qarşısında İddiaçı məxsus 400 manat məbləğində pulu oğurlayaraq xırda talama əməli törətmişdir. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(050)- 1198/2023 saylı qərarının məzmunundan görünür ki, zərərçəkmiş şəxs İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, ona ümumiyyətlə Rüfətin pul oğurlaması nəticəsində 570 manat maddi ziyan dəymişdir. Daha sonra bununla bağlı şikayət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı apellyasiya şikayətində material üzrə aparılan araşdırma zamanı izahatında təhqiqatçının yanlış olaraq oğurlanmış məbləği 400 manat şəklində qeyd etdiyini bildirsə də, həmin izahatın sonunda iddiaçı onun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. İddiaçı apellyasiya şikayətində anasının həmin izahatda göstərilənlərə etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyası bu cür etirazın ola biləcəyi halda iddiaçının həmin izahatı imzalamasını ağlabatan hesab etmir. Həmçinin, iddiaçı anası tərəfindən ayrıca ərizə də yazıldığını bildirsə də, həmin ərizə ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Ümumiyyətlə, iddiaçı cavabdeh tərəfindən ondan oğurlanmış məbləğin həqiqətən də 570 manat olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, İddiaçı yanlış olaraq oğurlanmış məbləğin 400 manat göstərildiyini iddia etdiyi Masallı RPŞ-nin 01 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından və Masallı Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(050)-1198/2023 saylı qərarından şikayət vermək imkanı olsa da, həmin qərarları da mübahisələndirməmiş, bununla da həmin qərarlarla müəyyən edilən hallarla razılaşmışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin iddiaçıdan 570 manat oğurlaması ilə bağlı iddiaçı tərəfin dəlilini işin müəyyən edilmiş hallarına uyğun hesab etmir və mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(050)-3146/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 170 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(050)-3146/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar