Məhkəmə qərarları › İş №2(106)-622/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-622/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-622/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X6 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı ləğvetmə prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə iş üzrə icraata xitam verilməsi barədə İmişli Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(036)- 1736/2023 saylı qərardadından (hakim Ülvi Qənbərov) LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbi barədə iddia qaldıraraq, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 3421.21 manat əsas borc, 1839.24 manat faiz borcu, 2118.59 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış 1129.44 manat faiz borcu və 106,0 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İşdə olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh2 və Cavabdeh1, X5 qalmış miras əmlakından bərabər hissələrdə vərəsə müəyyən edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qanun üzrə vərəsə olan Cavabdeh2 və Cavabdeh1 ölmüş şəxsin miras aktivini qəbul etdiyi kimi öhdəlikləri daşımağı da öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hesab edirlər ki, məhkəmə tərəfindən borcun tutulması barədə işə xitam verərkən iddiaçının hüquqlarının pozulmasını nəzərə alınmamışdır. Vərəsələr Cavabdeh2 və Cavabdeh1 miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Şikayətə baxılmış, İmişli Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 05 mart 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin hallarından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-043/2021 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X9, X7 və X2 qarşı "kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən cavabdeh X9 münasibətdə xitam verildiyi üçün X8 hüquqi varislərinə qarşı eyni əsaslar üzrə iddia qaldırılmasına yol verilmir. İş materiallarına əlavə edilmiş kreditor İddiaçı ASC ilə borcalan X13 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 514 SF saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 6 faizlə 36 ay müddətinə 5000.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2015-ci il tarixli 6734 nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən X4 və X1 Şakir Şəmil oğlu ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli 514 SF saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-043/2021 saylı qərardadının surətinə əsasən LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X9, X7 və X2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən (məhkəmə icraatı qaydasında baxılmalı olmadığından) cavabdeh X9 münasibətdə xitam verilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-043/2021 saylı qətnaməsinin surətinə əsasən LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər, X9, X7 və X2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi zaminlərə qarşı qanunvericiklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən cavabdehlər X7 və X2 münasibətdə rədd edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh2 və Cavabdeh1 X5 qalmış miras əmlakından bərabər hissələrdə irs almışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehlər X8 qanuni vərəsələridir. Onlar vərəsə olaraq kreditor qarşısında miras həcmində X8 öhdəlikləri qarşısında məsuliyyət daşıyırlar. Belə olan halda, birinci instansiya məhkəməsinin iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi ilə xitam verməsi qanuni və əsaslı deyil. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğvetmə prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2(036)-1736/2023 saylı qərardadı ləğv edilsin və iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar