Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-624/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X19 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(048)-910/2023 saylı qətnaməsindən (hakim A.Kiçibəyov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh 10 aprel 2015-ci tarixli kredit müqaviləsi üzrə 5826.70 manat asas, 127.87 faiz borcu olmaqla, cəmi 5954.57 manat borcun və ödənilmiş 79.54 manat dövlət rüsumunun, 0.4 manat bank xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X11 arasında 10 aprel 2015-ci il tarixli 474-xx.xx.2015-SM105 kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 illik 22% olmaqla, 36 ay müddətinə 10753 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödeməlidir. AZ-İ 808045 saylı ölüm haqqında şəhadətnaməyə əsəsən X9 09 oktyabr 2016-ci il tarixdə vəfat etmişdir. Astara rayon notariat ofisi tərəfindan verilmiş 30 avqust 2023-cü il tarixli 447 nömrəli məktubdan görünür ki, X3 mirası qabul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə 23 noyabr 2016-cı il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə verilmişdir. Bankın Müştəri Xidməti Departamenti trəfindan təqdim edilmiş 30 oktyabr 2023-ci tarixli maliyyə arayışına əsasən, X4 30 oktyabr 2023-cü ilədək banka ödənilməmiş sözügedan kredit üzrə 5826.70 manat əsas, 127.87 faiz borcu olmaqla, cami 5954.57 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "Azərbaycan Beynabalq Bankı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kanar həlli üçün cavabdehə 15 sentyabr 2023-cü il tarixli 6-2-22/2-25115/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X12 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şarh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən tələb olunan pulu mərhum atası bankdan götürmüşdür. Mərhum atası Tələt Rufullayevlə anası arasında ciddi narazılıq olduğundan atası onlardan ayrılıb uzun müddət Bakı şəhərində yaşamışdır. Bu narazılıqa görə onun mərhum atası Tələt Rufullayevlə müansibəti soyuq olduğundan, mərhum atasının bankdan pul götürməsindən məlumatı olmamışdır. Atası 2016-cı ildə vəfat etmişdir. O, mərhum atasının pensiya kartından pul çıxartmaq üçün mərhum atasının vərəsəsi kimi ona 23 noyabr 2016-cı il tarixində 2V-58 reyestr nömrəli, "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə verilmişdir. O, banka 23 manat dövlət rüsumu köçürmüş, mərhum atasının pensiya kartında olan 54 manat pulu isə çıxarmışdır. Sonradan məhkəmədən ona bildiriş gəlmiş atasının banka borcu olduğu və atasının vərəsəsi olduğu üçün bank onu cavabdeh şəxs kimi məhkəməyə verməsi ona məlum olmuşdur. Atası ilə bank arasında müqavilə 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. Göründüyü kimi bank məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və rədd edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(048)-910/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Kredit öhdəliyi borcalanın ölümü ilə aradan qalxan öhdəliklərə aid deyil. Borcalanın mirasını qəbul etmiş vərəsəsi miras qoyanın öhdəlikləri üzrə məsuliyyət daşımalıdır. X2 adına vərəsəlik işinin açılması və miras əmlakın olması barədə məlumat kreditora 05 sentyabr 2023-cü il tarixdə məlum olmuşdur. Yəni iddia müddətinin axımı həmin vaxtdan axmağa başlamışdı. Qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Vərəsəlik işi 23 noyabr 2016-cı il tarixdə açılsa da, vərəsə mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etməmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə də cavabdeh atası tərəfindən kredit götürülməsindən xəbərdar olmadığını əsas gətirərək 2016-cı ildə aldığı “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”ni banka təqdim etmədiyini etiraf etmişdir. Belə olduğu təqdirdə bankın borcalanın vəfat etməsi və onun vərəsəsi olması ilə bağlı məlumatı olması qeyri-mümkün olmuşdur. Bundan başqa Mülki Məcəllənin qeyd edilən müvafiq maddələrinin mahiyyətindən də görünür ki, kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni 10 il şamil olunur. Odur ki, tərəfimizdən iddia müddəti ötürülməmişdir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Lakin məhkəmə cavabdeh tərəfindən hüququn pozulub-pozulmadığını müəyyən etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız cavabdehin izahatına istinad edərək iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, nə atasının sağlığında kreditindən xəbəri olmuşdur, nədəki ölümündən sonra həmin kredit üzrə hər hansı bir məbləğdə ödəniş etməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, kollegiya iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən bank tərəfindən X5 illik 36 ay müddətinə 10753 (on min yeddi yüz əlli üç) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 09 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmi vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Lerik rayon Dövlət Notariat ofisi tərəfindən 23 noyabr 2016-ci il tarixli 2V-58 reyestr nömrəli, "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin tərtib etdiyi 30 oktyabr 2023-cü il tarixli maliyyə arayışa əsasən X2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5826.70 manat asas, 127.87 faiz borcu olmaqla, cəmi 5954.57 manat ümumi borcu yaranmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, kreditor "xxxx" ASC ilə borc alan X10 arasında 10 aprel 2015-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən kreditor tərəfindən bor alana illik faiz dərəcəsi 22% müəyyən olunmaqla, 36 ay müddətində qaytarılması şərti ilə 10753 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üçün son müddət 10 aprel 2018-ci il tarixi təyin olunmuşdur. Tərəflər arasında müqavilə müddətinin uzadılması ilə bağlı razılaşma yoxdur. Kredit müqaviləsi hesabdan çıxarış məlumatlarına əsasən sonuncu ödəniş 10 sentyabr 2016-cı il tarixdə 410.65 manat məbləğində edilmişdir. 09 oktyabr 2016-cı ildə isə borc alan ölmüşdür. Kreditor 03 noyabr 2023-cü ildə kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. Hazırki halda isə kreditor müqavilə üzrə sonuncu ödənişin 10 sentyabr 2016-cı ildə edilməsinə, müqavilə müddətinin isə 10 aprel 2018-ci ildə bitməsinə, iddia qaldırmaq üçün son müddətin 10 aprel 2021-ci il tarixinə düşməsinə rəğmən, 03 noyabr 2023-cü ildə kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunan iddia müddətini ötürmüş olmuşdur. İddiaçının hüquqlarının pozulduğunu bildiyi anı kimi məhz notariat ofisinin vərəsəlik işinin açılmasına dair verdiyi cavab məktubunun tarixinin, yəni 05 sentyabr 2023-cü il tarixinin qəbul edilməsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, hazırki kredit müqaviləsi üzrə borcalan X5 zamin durmuş X7 cavabdeh "xxxx" ASCnə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunmuşdur. Həmin iş üzrə iddiaçı tələbini əsaslandırarkən borc alan X2 2016-cı ilin oktyabr ayında vəfat etməsi barədə məlumat vermişdir. İşə cavabdeh "xxxx" ASCnin nümayəndəsi X13 iştirakı ilə baxılmış, bundan savayı iddia ərizəsinin surəti rəsmən cavabdeh banka təqdim edilmişdir. Bunlardan başqa iddiaçının məhkəməyə təqdim etdiyi 30 oktyabr 2023-cü il tarixli maliyyə arayışında 27 oktyabr 2023-cü il tarixində kredit üzrə 827.56 manat məbləğində ödəniş edildiyi əks olunur. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Normanın məzmunundan göründüyü kimi borclu şəxsin iddia müddəti ərzində borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi halda, iddia müddətinin axımı kəsilir. Hazırki halda isə hətta maliyyə arayışında əksini tapan 27 oktyabr 2023-cü il tarixli ödənişin cavabdeh tərəfindən edilməsi təsdiqini tiapsa belə, etirafedici hərəkət iddia müddəti bitdikdən sonra baş verdiyindən, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(048)-910/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-624/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-624/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver