Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-628/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: ev quşlarının alqı-satqısı üzrə pul tələbi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(056)-2362/2024 saylı qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun və ödənilmiş 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, kənd təsərrüfatı işləri ilə məşğuldur. Cücə almaq üçün internet vasitəsilə axtarış etmiş, internetdən götürdüyü nömrə ilə əlaqə saxlamış, ona Cavabdeh nömrəsini vermişlər və demişlər ki, Cavabdeh onların müdiridir. Cavabdeh ilə danışdıqdan sonra hər biri 1 manata olmaqla 5000 ədəd cücə almağa razılaşmışdır. xx.xx.2024-cü il tarixdə cücələri təhvil aldıqdan sonra cavabdehə çatası 5000 manat pul ödəmişdir. Cavabdehlə razılaşmışdır ki, aldığı cücələr “lider 55” sortunda olmalıdır, lakin aldığı gündən bir-neçə gün sonra ona məlum olmuşdur ki, aldığı cücələr daha ucuz və aşağı sort olan “liqolin” sortundandır. Cavabdehlə əlaqə saxladıqdan sonra ona iradını bildirmiş və cavabdeh cücələrin video çəkilişini apararaq həmin videonu ona göndərməsini xahiş etmişdir. Cücələrin video çəkilişini aparmış, həmin videonu cavabdehə göndərmiş və cavabdeh videoya baxdıqdan sonra cücələrin “liqolin” sortuna aid olduğunu etiraf etmişdir. Sonra cavabdehlə razılığa gəlmişdir ki, həmin cücələri qaytaracaqdır, cavabdeh də öz növbəsində cücələrə verdiyi 5000 manatı və cücələrin saxlanması üçün dərmana, yemə və s. çəkdiyi əlavə xərcləri ona qaytaracaqdır. Cücələri aldıqdan sonra 200 ədədi öldüyündən və 100 ədədi damda tutarkən öldüyündən xx.xx.2024-cü il tarixdə cavabdehə 4675 ədəd cücə qaytarmışdır. Bundan sonra isə cavabdehlə hesab aparmışlar və cavabdeh ona 5000 manat və vurulmuş ziyana görə 4000 manat, cəmi 9000 manat pul verəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmiş və ona pul verməmişdir. Cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa da, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş və razılaşdığı məbləği ona qaytarmamışdır. Göstərinlənləri nəzərə alaraq Cavabdeh 9000 manat pulun və ödənilmiş 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin (hakim: F.Pənahov) 16 dekabr 2024-cü il tarixli, 2(056)-2362/2024 saylı qətnaməsi ilə Cavabdeh 9000 manat borcun və ödənilmiş 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə İddiaçı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh hər biri 1 manata olmaqla 5000 ədəd cücə aldığını, lakin aldığı cücələrin daha ucuz və aşağı sort olan “liqolin” sortundan olduğuna görə cücələri qaytarmaq istədiyini və cavabdeh cücələri qəbul edib əvəzində iddiaçıya 5000 manat pulu və 4000 manat vurulmuş ziyanı, cəmi 9000 manat qaytaracığını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh hər biri 1 manata olmaqla 5000 ədəd cücə aldığını, lakin aldığı cücələrin daha ucuz və aşağı sort olan “liqolin” sortundan olduğuna görə cücələri qaytarmaq istədiyini və cavabdeh cücələri qəbul edib əvəzində iddiaçıya 5000 manat pulu və 4000 manat vurulmuş ziyanı, cəmi 9000 manat qaytaracığını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı 9000 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən 5000 ədəd cücə almağı və 5000 manat pulu ona ödəməyini cavabdehlə telefon danışarkən apardığı səs yazıları ilə tam sübuta yetirilməkdədir. Həmin səs yazılarında cavabdeh pulu aldğını və pulu qaytaracağı və dəymiş ziyanı ödəyəcəyini öhdəlik götürməkdədir. Həmçinin səs yazıda 3 ədəd bank kartı şəkili göndərməyini və həmin kartların hər binə 3000 manat olmaqla cəmi 9000 manat pul ödəyəcəyini bildirmişdir. Cavabdeh 4675 ədəd cücənin qaytarılması iş materiallarına əlavə etdiyi foto şəkillərlə tam təsdiq olunur. Həmin foto şəkillərdə cavabdeh tərəfindən göndərilmiş avtomobillərə cücələrin yerləşdirilməsi görülməkdədir. Yuxarıda qeyd edilən hallara əsasən iddia tələbi tam əsaslıdır. Bu hal iş materiallarına əlavə etdiyi səs yazıları, foto şəkillər və cavabdehin məhkəmə icaslarına gəlməməsidir. Məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Apellyasiya şikayətinin təmin olunması, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2362/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəməyə sübutlar təqdim edəcəyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı birinci instansiya məhkəməsi zamanı iştirak etmişdir və sübutların təqdim edilməsi üçün kifayət qədər imkana malik olmuşdur. Apellyasiya baxışı zamanı sübutların təqdim edilməsi üçün yeni əsaslar mövcud olmalıdır. Belə əsasların mövcudluğu barədə iddiaçı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Sabirabad Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(056)-2362/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(056)-2362/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmməiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Sabirabad Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(056)-2362/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 5000 ədəd cücənin şifahi alqı-satqı müqaviləsi mövcud olmuşdur. Audio-video diskdə mövcud olan səs yazılarına əsasən borcun məbləği müəyyən olunmasa da, cavabdeh iddiaçıya borcunu qaytaracağını vəd etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, cavabdehdən 5000 ədəd cücə almağı və 5000 manat pulu ona ödəməyini cavabdehlə telefon danışarkən apardığı səs yazıları ilə tam sübuta yetirilməkdədir. Həmin səs yazılarında cavabdeh pulu aldğını və pulu qaytaracağı və dəymiş ziyanı ödəyəcəyini öhdəlik götürməkdədir. Həmçinin səs yazıda 3 ədəd bank kartı şəkili göndərməyini və həmin kartların hər binə 3000 manat olmaqla cəmi 9000 manat pul ödəyəcəyini bildirmişdir. Cavabdeh 4675 ədəd cücənin qaytarılması iş materiallarına əlavə etdiyi foto şəkillərlə tam təsdiq olunur. Həmin foto şəkillərdə cavabdeh tərəfindən göndərilmiş avtomobillərə cücələrin yerləşdirilməsi görülməkdədir. Yuxarıda qeyd edilən hallara əsasən iddia tələbi tam əsaslıdır. Bu hal iş materiallarına əlavə etdiyi səs yazıları, foto şəkillər və cavabdehin məhkəmə icaslarına gəlməməsidir. Məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən səhvə yol vermişdir. Birinci instansiya məhkməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh hər biri 1 manata olmaqla 5000 ədəd cücə aldığını, lakin aldığı cücələrin daha ucuz və aşağı sort olan “liqolin” sortundan olduğuna görə cücələri qaytarmaq istədiyini və cavabdeh cücələri qəbul edib əvəzində iddiaçıya 5000 manat pulu və 4000 manat vurulmuş ziyanı, cəmi 9000 manat qaytaracığını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbu ki, iş materiallarına əlavə edilmiş audio-video diskdən müəyyən olunur ki, tərəflər arasında 5000 ədəd cücənin şifahi alqı-satqı müqaviləsi mövcud olmuşdur. Səs yazılarına əsasən borcun məbləği müəyyən olunmasa da, cavabdeh iddiaçıya borcunu qaytaracağını vəd etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, həmin səs yazılarının ona məxsus olub-olmamasına etiraz etməmişdir. Ona görə də həmin səs yazılarının mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Eyni zamanda iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 78 №-li telefonoqramdan (səhifə 64) görünür ki, Cavabdeh ilə istifadəsində olan mobil telefonla əlaqə saxlanmış və o, iddiaçıya 4500 manat pul borclu olduğunu və həmin məbləğin ondan tutulmasına etiraz etmədiyini, borcunu icra mərhələsi zamanı hissə-hissə ödəcəyini bildirmişdir. Həmçinin o, məhkəmə iclasında iştirak etməyəcəyini qeyd etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddia tələbi 4500 manata aid hissədə təmin edilməlidir. Məhkəmə tərkibi iddia tələbinin 5500-ə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı cücələrin saxlanması ilə bağlı özünə 4000 manat zərər dəydiyini və cücələri aldıqdan sonra 200 ədədinin ölməsini iddia ərizəsində qeyd etmiş, ancaq özünə 4000 manat həddində zərərin dəydiyinə dair sübut təqdim etməmiş, eyni zamanda 200 ədəd cücənin məhz cavabdehin təqsiri üzündən öldüyünə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu xüsusatla bağlı məhkəmə tərkibi qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Baxılan işdə iddiaçı bu halı sübuta yetirmək vəzifəsini daşıyır. Lakin iddiaçı iddianın tam təmin olunması üçün lazımlı olan dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(056)-2362/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 4500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 110 manat dövlət rüsumunun yarısı, 55 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(056)-2362/2024 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 4500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 110 manat dövlət rüsumunun yarısı, 55 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-628/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-628/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver