Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-634/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, katib X3, Cavabdeh iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Cavabdeh ilə İddiaçı 11 oktyabr 2016-cı ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan iki uşaq- xx.xx.2016-cı il təvəllüdlü İlknur və xx.xx.2018-ci il təvəllüdlü Ömər doğulmuşdur. Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(064)-2128/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqlar- xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları ilə qalmaları, xx.xx.2016-cı il təvəllüdlü X5 atası Cavabdeh alınaraq anasına verilməsi, Cavabdeh azyaşlılar Ömər və İlknurun yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. Hazırki tələbində İddiaçı alimentin məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlılar xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat təyin edilmiş alimentin məbləği hazırda uşağların maddi tələbatlarını ödəmir. O, uşağını tək saxlamaqda maddi cəhəddən çətinlik çəkir. İndiki zamanda iki uşağı saxlamaq üçün cəmi 260 manat pul uşaqların yemək- içməyinə yetmir. Uşaqlar böyüdükcə tələbatları artır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən, onlar yetkinlik yaşlarına çatanadək, azyaşlılar- xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Füzuli rayon məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət daşıyan bir sıra faktiki halları, onun əlavə gəlir yerinin olmamasını, iddiaçının ünvanlı sosial yardım alıb-almamasını, iddiaçının işləyib-işləməməsini araşdırmamışdır. Bu halların müəyyən olunduğu hər bir hal məhkəmənin gəldiyi nəticəyə müəyyən təsir etmiş ola bilərdi. Məhkəmə tərəfindən onun alimentin artırılmış formada ödəyə biləcəyi barədə gəldiyi nəticələri təsdiq edən heç bir hal məhkəmə qətnaməsində heç bir sübutla əsaslandırılmayıb. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, faktiki 300 manat maaş alır. 360 manat aliment kəsilib. Bu məbləği, onun ödəməyə imkanı yoxdur. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflərin nikahından xx.xx.2016-cı il təvəllüdlü İlknur və xx.xx.2018-ci il təvəllüdlü Ömər doğulmuşdur. Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(064)-2128/2021 saylı qətnaməsi ilə tərəflər araslnda bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqlar yetkinlik yaşlarına çatanadək onların saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq X7 verilməsi qət edilmişdir. İddiaçı hazırkı tələbində əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, ayda hər uşağa görə 220 manat, cəmi hər ay 440 manat müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2024-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən uşaqların mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini, yaşayış minimumunun da artdığını nəzərə almışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddianın rədd edilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan miqdarda müəyyən etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(064)-2018/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-634/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-634/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver