Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-635/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun, ona hesablanmış faizlərin və cərimənin qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-2246/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC 01 may 2020-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 1446 ABŞ dolları məbləğində əsas borcun, 1885,24 ABŞ dolları məbləğində faiz borcunun, 104,34 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 3435,58 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25 may 2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 15 ay müddətinə, illik 31 faiz olmaqla 3200 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq, hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Zamin Cavabdeh2 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Füzuli Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(064)-935/2020 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC 16 dekabr 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesində iştirak edə bilməmələrinin üzrlü hesab edilməsini və Cavabdeh1 qarşı mülki iş üzrə icraatın təzələnərək işə yenidən mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(064)-2628/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmişdir. Füzuli Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(064)-262/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC 18 oktyabr 2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qarşı mülki işin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilərək işə yenidən mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(064)-2246/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmiş və işin baxılması 22 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(064)-2246/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia müddəti ötürüldüyünə görə iddia ərizəsi rədd edilmiş, İddiaçı ASC tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat ona aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(064)-2246/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin nəticəsi ilə razı deyil. Hesab edir ki, hakimin iddia tələbi üzrə gəldiyi nəticə düzgün deyil. Belə ki, iddia müddəti hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının tələbləri nəzərə alınmamışdır. Həmçinin, iddia tələbi üzrə işə baxılarkən mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətlər pozulmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, gecikən kreditlərin Fərmana uyğun şərtlər altında yeni müqavilə bağlamaqla rəsmiləşdirilməsi banklara tövsiyə olunmuşdur. Fərmanın icrası xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər qüvvədə olmuşdur. Həmin ərəfədə Azərbaycan Respublikası məhkəmələrinə iddia ərizəsi ilə müraciət olunan zaman məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinin tələbləri tətbiq olunmuş, müvafiq Fərmanın tətbiq olunması və icrası mexanizmini işin pretenziya qaydasında həlli üsulu kimi qiymətləndirmiş və bu əsasla mülki iş üzrə icraatı baxılmamış saxlamışlar. Bu halla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadı misal göstərilə bilər. Qeyd olunan qərardadın əsaslandırıcı hissəsində bildirilir ki, analoji müqavilələr üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmamalıdır. Lakin Füzuli Rayon Məhkəməsi həmin Fərmanın tətbiqi və icrası üçün xx.xx.2019-cu il tarixinə qədər nəzərdə tutulmuş müddəti iddia müddəti kimi hesablamışdır. Bu hal öz növbəsində iddia müddətinin tətbiqinin qanunsuz olaraq qısaldılması və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun süni olaraq məhdudlaşdırılması anlamına gəlir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hesab edir ki, Füzuli Rayon Məhkəməsi tərəfindən bu normanın tələbləri pozulmuş, sübutlar siyahısının tamlığı düzgün qiymətləndirilməmiş və nəticədə qərəzli nəticə yaradan qətnamə qəbul etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-2246/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunduğu kimi, İddiaçı ASC xx.xx.2020-ci il tarixində iddia tələbi üzrə məhkəməyə ərizə göndərmişdir. Füzuli Rayon Məhkəməsi isə iş üzrə sonuncu məhkəmə iclasını xx.xx.2023cü il tarixində keçirib qətnamə qəbul etmişdir. MPM-in tələblərinə əsasən 4 ay ərzində baxılmalı olan məhkəmə mübahisəsinin heç bir əsas olmadan 3 ilə yaxın uzadılması və sonda iddia tələbinin rədd olunması böyük təzad doğurur. İşin fakitiki hallarına baxdıqda isə iş üzrə icraat zamanı xüsusi məhkəmə araşdırmasının aparılmaması görünür. Onu da bildirir ki, iş üzrə yalnız xx.xx.2023-cü tarixində keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi məlumat verilmişdir. Əvvəlki məhkəmə prosesləri barəsində banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Hesab edir ki, verilmiş iddia tələbi üzrə müddət ötürülməmişdir. Əgər məhkəmə işə mahiyyəti üzrə vaxtında baxmış olsaydı, zəruri arqumentləri məhkəmə iclası zamanı da bildirə bilərdilər. Füzuli Rayon Məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumatlandırmadığına görə bankın nümayəndələri hazırlıq və digər məhkəmə iclaslarında iştirak edə bilməmiş, müddətin ötürülməsi barədə cavabdehin ərizəsindən xəbərdar olmadığından həmin ərizəyə münasibət bildirmək hüququndan məhrum olmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 25 may 2015-ci il tarixli, ME/49215/51/23 saylı kredit sazişindən görünür ki, bu saziş üzrə bank borcalana 15 ay müddətinə illik 31 faizlə 3200 ABŞ dolları məbləğində kredit verməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borclunun öhdəliyi zamin Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir. İşdəki 25 may 2015-ci il tarixli, ME/49215/51/23 saylı kredit sazişinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin kredit sazişi üzrə sonuncu ödəniş tarixi 25 avqust 2016-cı il müəyyən edilmişdir. İşdəki 25 may 2015-ci il tarixli, 4009 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 həmin tarixdə İddiaçı ASC-nin Xırdalan filialından kredit müqaviləsinə əsasən 3200 ABŞ dolları qəbul etmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, 25 may 2015ci il tarixli kredit sazişi üzrə sonuncu ödəniş 28 noyabr 2016-cı ildə həyata keçirilmişdir. İşdəki İddiaçı ASC-nin 23 fevral 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlanmış 25 may 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 1446 ABŞ dolları əsas, 1885,24 ABŞ dolları faiz və 104,34 ABŞ dolları cərimə borcu var. İşdəki 27 fevral 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinin tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iddianı qaldırmaqda iddiaçının subyektiv hüququnun olduğunu qeyd etsə də, iddianın iddia müddətinin ötürülməsi ilə verilməsi və iddia müddətinin tətbiqi barədə cavabdeh (borclu) Cavabdeh1 tərəfindən ərizə verilməsi səbəbi ilə iddianı rədd etmişdir. İddiaçı da apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini bildirmiş, bunu bir sıra dəlillərlə əsaslandırmağa çalışmışdır. İddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası bildirir ki, 25 may 2015-ci il tarixli, ME/49215/51/23 saylı kredit sazişi üzrə iddia müddətinin axımı bütün öhdəliklər üzrə icra müddətinin bitdiyi 25 avqust 2016-cı ildən etibarən başlamışdır. Lakin həmin kredit sazişi üzrə iddia müddətinin axımının başlanılmasından sonra 28 noyabr 2016-cı ildə sonuncu ödəniş həyata keçirilmiş, bununla da başlamış iddia müddətinin axımı kəsilmiş, fasilədən sonra iddia müddətinin axımı 28 noyabr 2016-cı ildən etibarən başlamışdır. Kredit müqaviləsi üzrə iddia müddəti 3 il müddətinə müəyyən edildiyindən, həmin kredit sazişi üzrə iddia müddətinin axımı 28 noyabr 2019-cu ildə başa çatmışdır. Hazırkı iş üzrə iddia ərizəsinin 1ci səhifəsinin yuxarı sol hissəsində onun tarixi kimi 23 fevral 2020-ci il göstərilmiş olsa da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 01 may 2020-ci ildə Füzuli Rayon Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsinə isə onun poçt orqanı vasitəsilə çatdırılmasını özündə əks etdirən hər hansı sənəd əlavə edilməmiş və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə həqiqətən də 23 fevral 2020-ci ildə verilməsini təsdiq edən digər sənəd müəyyən edilməmişdir. Bununla da, iddiaçı kredit sazişi üzrə borcun tutulmasını tələb etmək üçün subyektiv hüquqa malik olsa da, iddia ərizəsi ilə yalnız iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının tələbləri nəzərə alınmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, gecikən kreditlərin Fərmana uyğun şərtlər altında yeni müqavilə bağlamaqla rəsmiləşdirilməsi banklara tövsiyə olunmuşdur. Fərmanın icrası xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər qüvvədə olmuşdur. Həmin ərəfədə Azərbaycan Respublikası məhkəmələrinə iddia ərizəsi ilə müraciət olunan zaman məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinin tələbləri tətbiq olunmuş, müvafiq Fərmanın tətbiq olunması və icrası mexanizmini işin pretenziya qaydasında həlli üsulu kimi qiymətləndirmiş və bu əsasla mülki iş üzrə icraatı baxılmamış saxlamışlar. Bu halla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadını nümunə göstərmişdir. Qeyd olunan qərardadın əsaslandırıcı hissəsində bildirilir ki, analoji müqavilələr üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmamalıdır. Lakin Füzuli Rayon Məhkəməsi həmin Fərmanın tətbiqi və icrası üçün xx.xx.2019-cu il tarixinə qədər nəzərdə tutulmuş müddəti iddia müddəti kimi hesablamışdır. Bu hal öz növbəsində iddia müddətinin tətbiqinin qanunsuz olaraq qısaldılması və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun süni olaraq məhdudlaşdırılması anlamına gəlir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlili ilə bağlı bildirir ki, iddiaçı faktiki olaraq Fərmanın qüvvədə olduğunu bildirdiyi xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək iddia müddətinin axımının dayandığını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, iddia müddətinin axımının dayandırılması üçün əsas ola biləcək halların siyahısı Mülki Məcəllənin 379.1-ci maddəsində müəyyən edilmişdir və həmin halların qapalı dairəsi nəzərdə tutulmuşdur. Yəni həmin maddədə nəzərdə tutulmamış hər hansı hal iddia müddətinin axımının dayandırılması üçün əsas ola bilməz. İddiaçının qeyd etdiyi Fərman üzrə tədbirlərin görülməsi zərurətinin mövcudluğu isə həmin maddədə iddia müddətinin axımının dayandırılması əsası kimi nəzərdə tutulmamışdır. İddia müddəti institutu cavabdehlərin və üçüncü şəxslərin hüquqlarını qorumaq məqsədi daşıdığına görə həmin müddətin axımının dayandırılması üçün əsas ola biləcək halların dairəsi yalnız qanunla müəyyən edilə bilər. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-642/2019 saylı qərardadında qeyd edilənlərin hazırkı iş üzrə hər hansı məcburi qüvvəyə malik olmadığını bildirir. Məhkəmə kollegiyası bildirir ki, bu hal heç də iddia müddətinin tətbiqinin qanunsuz olaraq qısaldılması və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun süni olaraq məhdudlaşdırılması anlamına gəlmir və bu barədə iddiaçının dəlili əsassızdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrası ilə əlaqədar tədbirlərin tətbiq edilməli olmasının iddia müddətinin axımının dayandırılması üçün əsas olmadığını bildirməklə yanaşı, məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 25 may 2015-ci il tarixli kredit sazişinin həmin Fərmanın təsiri altına düşüb-düşməməsi məsələsini də araşdırmış və müəyyən edilmişdir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi həmin kredit sazişi ümumiyyətlə sözügedən Fərmanın təsir dairəsinə düşməmiş, bu barədə məlumat tapılmamışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Füzuli Rayon Məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumatlandırmadığına görə bankın nümayəndələri hazırlıq və digər məhkəmə iclaslarında iştirak edə bilməmiş, müddətin ötürülməsi barədə cavabdehin ərizəsindən xəbərdar olmadığından həmin ərizəyə münasibət bildirmək hüququndan məhrum olmuşlar. Məhkəmə kollegiyası müddətin ötürülməsi barədə cavabdehin ərizəsindən xəbərdar olmamaları səbəbindən həmin ərizəyə münasibət bildirmək hüququndan məhrum olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, Cavabdeh1 tərəfindən həmin ərizə sonuncu – 22 dekabr 2023-cü il tarixli məhkəmə iclasında verilmiş, həmin məhkəmə iclası barədə isə iddiaçı lazımi qaydada məlumatlandırılmış olsa da, onun nümayəndəsi məhkəmə proseslərinin çox olması ilə əlaqədar həmin prosesdə iştirak edə bilməyəcəklərini bildirmişdir. Göründüyü kimi, iddiaçının sözügedən ərizədən xəbərdar olmaması onun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi və öz hüquqlarının müdafiəsinə laqeyd yanaşması nəticəsində olmuşdur. Ona görə də bu zaman birinci instansiya məhkəməsi tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdir. İddiaçı apellyasiya şikayətində həm də əvvəlki məhkəmə prosesləri barəsində banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilmədiyini bildirsə də, bu hal da iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarının 38-ci vərəqinə əlavə edilmiş poçt xəbərnaməsindən, eləcə də, digər məhkəmə bildirişlərindən göründüyü kimi, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılsa da, həmin iclaslarda nümayəndə ilə təmsil olunmamışdır. İddiaçının apellyasiya şikayətinin hazırkı mülki işin 3 ilə yaxın baxılmamış qalması ilə bağlı dəlili də həmin halla bağlı olmuş, iddiaçı məhkəmə iclaslarında nümayəndə ilə təmsil olunmadığından və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, birinci instansiya məhkəməsi bir neçə dəfə hazırkı iş üzrə iddia ərizəsini baxılmamış saxlamış, hər hansı prosessual pozuntuya yol verməmişdir. Ümumiyyətlə, bu hal da iddiaçının öz hüquqlarının müdafiəsinə laqeyd yanaşmasını göstərir. Həmçinin, Mülki Məcəllənin 376-cı maddəsində qeyd edilir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Qeyd edilən müddəadan da göründüyü kimi, əsas tələb üzrə iddia müddəti keçdiyinə görə əlavə tələb (zaminlik) üzrə də iddia müddəti keçmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manatı ona aid etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi faktı təsdiq olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 2(064)-2246/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-2246/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-635/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-635/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver