Məhkəmə qərarları › İş №2(106)-637/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-637/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-637/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Hüseynova (Ağayeva) Könül Nadir qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e-2(049)- 248/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 1498,52 ABŞ dolları əsas, 1063,14 ABŞ dolları faiz, 1296,87 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 378,21 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4397,17 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 93 manat dövlət rüsumunun cavabdehlər Ağayeva Könül Nadir qızından və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağayeva Könül Nadir qızı arasında bağlanmış 485 nömrəli, 21 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Ağayeva Könül Nadir qızına kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 21 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə cavabdehlərə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh Ağayeva Könül Nadir qızının xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə cəmi borcu 4236,74 ABŞ dolları təşkil edir. Bundan 1498,52 ABŞ dolları əsas, 1063,14 ABŞ dolları faiz, 1296,87 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 378,21 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(049)-248/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia müddəti tətbiq edilərək, iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(049)- 248/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 373.3-cü maddəsinin tələbinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin hazırkı iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 18 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Bundan əlavə, mübahisə edilən qətnamə ilə razılaşılsa, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmiş, lakin məhkəmə bu halları araşdırmadan əsassız qərar qəbul etmişdir. İkinci növbədə, cavabdehə qarşı iddia ərizəsi verilərkən iddia müddətinin axımının kəsilməsi məsələsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işə birtərəfli yanaşmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları araşdırmamışdır. Cavabdeh Hüseynova (Ağayeva) Könül Nadir qızı apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Cavabdeh1 (Ağayevanın) nümayəndəsi Nümayəndə2 məhkəməyə teleqramla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 485 nömrəli, 21 iyul 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Bank Cavabdeh1 mənzilin təmiri məqsədilə 21 yanvar 2017-ci il tarixədək 18 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit ayırmış, Cavabdeh1 isə alınmış ssudanı, ona hesablanmış faizləri və xidmət haqqını hər ayın 21-i 21 yanvar 2017-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, kredit müqaviləsində bütün öhdəliklər üzrə icra müddətinin 21 yanvar 2017-ci il tarixində bitməsi razılaşdırılmışdır. İşdəki İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, bu müqavilənin məzmununu zamin Cavabdeh2 Bank qarşısında borclunun 485 nömrəli kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə daşıdığı məsuliyyət təşkil edir. İşdə surəti olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarından görünür ki, həmin qərarla İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İşdəki xx.xx.2022-ci il tarixində icra edilmiş ********* nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 93 manat dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verilməsi və iddia müddətinin tətbiqi barədə Cavabdeh1 tərəfindən ərizə verilməsi səbəbi ilə iddianı rədd etmişdir. İddiaçı da apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini bildirmiş, bunu bir sıra dəlillərlə əsaslandırmağa çalışmışdır. İddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası bildirir ki, 485 nömrəli, 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı bütün öhdəliklər üzrə icra müddətinin bitdiyi 21 yanvar 2017-ci ildən etibarən başlamışdır. Həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 21 yanvar 2020-ci il tarixində başa çatmışdır. Hazırkı iş üzrə iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə göründüyü kimi, iddia ərizəsi 19 oktyabr 2022-ci il tarixində Lənkəran Rayon Məhkəməsinə elektron qaydada daxil olmuşdur. Bununla da, iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etmək üçün subyektiv hüquqa malik olsa da, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu baxımdan iddiaçının apellyasiya şikayətində sadaladığı hallar iddia müddətinin ötürülməmiş hesab edilməsi üçün əsas kimi çıxış edə bilməz. Belə ki, hüquq münasibətlərinin iştirakçısı olan Bankın intizamsızlığı digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə kredit üzrə ödənilməli olan pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Bununla bağlı, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarına uyğun olaraq bildirir ki, iddia müddəti institutu mülki mübahisə tərəflərini öz hüquqlarını vaxtında həyata keçirmələrinə məcbur edən institut olduğundan, iddia müddətinin tətbiq edilməsi iddiaçının cavabdehin ona ödənilməmiş qaldığını iddia etdiyi kredit borcu üzərində mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. B.Mürsəlovun şikayəti üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi yanaşmalarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı saymır və bildirir ki, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi nəticəsində iddiaçının tələb hüququ aradan qalxmamış, sadəcə bu hüququn məhkəmə vasitəsilə müdafiəsi imkanı itirilmişdir. İddiaçı apellyasiya şikayətində onu da bildirmişdir ki, hazırkı iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Lakin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 3 iyun 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri ilə bağlı müddəaların təhlili müqavilənin qüvvədə olması faktının öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermədiyini göstərir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə kredit müqaviləsində bütün öhdəliklər üzrə icra müddətinin 21 yanvar 2017-ci il tarixində bitdiyi göstərilmişdir. Bu səbəbdən də İddiaçı ASC-nin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 485 nömrəli, 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı həmin – 21 yanvar 2017-ci il tarixindən başlamaqla, 21 yanvar 2020-ci ilədək davam etmişdir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yanaşmalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi faktı təsdiq olunduğundan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilməklə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmiş və iş üzrə düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(049)-248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsi MPM-in 107-ci və 119.1-ci maddəsinin tələbləri baxımından ödənilmiş dövlət rüsumunu iddiaçıya aid etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(049)-248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar