Məhkəmə qərarları › İş №2(106)-643/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-643/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-643/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(056)-2934/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(056)-47/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında xx.xx.2011-ci il tarixdə bağlanmış və Sabirabad RİHB Quruzma KİN-də 122 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında qalması və uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(056)-156/2022 saylı qətnaməsinə əsasən, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(056)-47/2017 saylı qətnaməsi əsasında xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində tutulan alimentin həcminin artırılaraq, 175 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən hər ay tutularaq X2 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)- 47/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılaraq himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(056)-47/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında xx.xx.2011-ci il tarixdə bağlanmış və Sabirabad RİHB Quruzma KİN-də 122 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında qalması və uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2013-cü il təvəllüdlü X4 onun himayəsindədir və onun bütün maddi və mənəvi öhdəliklərini ödəyir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı hazırda uşağın qanunla müəyyən edilən yaşayış minimumunu ödəmir. Uşaq müvafiq olaraq 11 yaşındadır. Borclunun ödədiyi aliment uşaqa da kifayət etmir. Uşaqın üçün zəruri olan istehlak və tələbat mallarının qiyməti dəfələrlə artmışdır. Hazırda 110 manat sabit pul məbləğində aliment puluna uşaqı saxlamaq və onun tələbatlarını ödəmək mümkün deyildir. Ona görə də hazırki iddia tələb ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Sabirabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Nurəddin Bağırov) 19 dekabr 2024cü il tarixli qətnaməsi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-47/2017 saylı qətnaməsi əsasında hər ay 110 manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin aliment vəsaitinin hər ay Cavabdeh tutulub İddiaçı ödənilməsi, alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəsini aldığı gündən hesablanması, 30 (otuz) manat Cavabdeh tutularaq dövlət rüsumu formasında dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 112.1-ci, Mülki Prosessual Məcəllənin 233.4, 14.2, 77.1, 119.2 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2024-cü il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hazırda uşağın iddiaçının himayəsində olmasını və onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini, iddiaçının heç bir yerdə işləməyərək hər hansı gəlir əldə etmək imkanının olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-47/2017 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 110 manat alimentin həcmi artırılmalı, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-2934/2024 saylı qətnaməsi qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sübutlara dair müvafiq araşdırma aparılmamış və aliment müəyyən edilərkən son çıxarılan qətnaməyə deyil, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-47/2017 saylı qətnaməsinə istinad edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, heç bir yerdə işləmir. Bir uşağı var, uşağın tələbatları günü-gündən artır, buna görə də aliment məbləğinin artırılmasını xahiş edir. Sabirabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışında cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, qətnamə birtərəfli qəbul edilmişdir. Cavabdeh yenidən ailə qurub, həmçinin uşaqları da var, ailəsinin maddi ehtiyaclarını ödəməlidir. Cavabdehin artırılmış aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Sabirabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarına əsasən “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-ci maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması və ya dəyişdirilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(056)-2934/2024 saylı qətnaməsi qanunun pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sübutlara dair müvafiq araşdırma aparılmamış və aliment müəyyən edilərkən son çıxarılan qətnaməyə deyil, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-47/2017 saylı qətnaməsinə istinad edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(056)-156/2022 saylı qətnaməsi ilə Sabirabad Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(056)-47/2017 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulmuş aylıq 110 manat məbləğində alimentin 175 manat məbləğinə artırılması və artırılmış məbləğin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay X2 ödənilməsi müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi alimentin artırılması məsələsinə baxarkən yalnız 09 fevral 2017-ci il tarixli qətnaməyə istinad etmiş, halbuki həmin qətnamə sonradan 01 fevral 2022-ci il tarixli qətnamə ilə dəyişdirilmişdir. Məhkəmə bu dəyişiklikləri və iş üzrə mühüm faktları nəzərə almadan qərar qəbul etmiş, nəticədə iş üzrə zəruri hüquqi və faktiki hallar lazımi səviyyədə araşdırılmamışdır. Belə yanaşma isə birbaşa olaraq azyaşlının üstün və qanuni mənafeyinin təmin olunmaması ilə nəticələnmişdir. Alimentin miqdarı uşağın gündəlik tələbatlarının qarşılanmasına xidmət etdiyindən, onun lazımi səviyyədə müəyyən edilməməsi uşağın fiziki, mənəvi və sosial inkişafına mənfi təsir göstərə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən və ya dəyişdirilən zaman aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək və ya dəyişdirilən alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək və ya dəyişdirilən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh rəsmi olaraq heç bir işlə məşğul olmur. Rusiya Federasiyasında günəmuzd fəhlə işləyir və aylıq qazancı aşağı həddədir. İkinci ailəsi isə azyaşlı uşağı ilə birlikdə Bakı şəhərində kirayədə qalır. Kollegiya qeyd edir ki, uşağın ən üstün mənafeyinin qorunması ailə hüququnun əsas prinsiplərindən biri olmaqla, valideynlərin maddi vəziyyətindən asılı olmayaraq, azyaşlı uşağın minimum dolanacaq xərclərindən az olmayan səviyyədə maddi təminat almaq hüququ vardır. Bu baxımdan cavabdehin qeyri-rəsmi işləməsi və ikinci ailəsinin mövcudluğu onun birinci nikahdan olan övladına qarşı aliment öhdəliyini azalda bilməz və həmin arqumentlər alimentin azaldılması və ya artımın əsassız olması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Bu səbədən cavabdehin apellyasiya şikayətinin bu dəlili hüquqi baxımdan əsaslı hesab edilmir və uşağın maraqları fonunda qəbulolunmazdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarına əsasən məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Qərarın 8.11-1.-ci bəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Buna görə də, Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(056)-156/2022 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək, xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, uşağın ananın himayəsində qalmasını və onun üzərinə uşağın saxlanması ilə bağlı daha çox yük düşdüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(056)-2934/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(056)-2934/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin olunsun. Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(056)-156/2022 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar