Məhkəmə qərarları › İş №2(106)-648/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-648/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-648/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və qaydasının dəyişdirilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(049)-2432/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsinə əsasən 07 mart 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan məhkəmənin müəyyən etdiyi 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 300 manat sabit pul məbləğində və ya eyni zamanda həm qeyd etdiyi sabit pul məbləğində, həm də 1 uşağa görə qazancın və (və ya) valideynin (cavabdehin) başqa gəlirlərinin dörddə bir hissəsi həcmində aliment pulunun alınaraq iddiaçıya verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci olan pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olaraq, nikahlarını 09 avqust 2011-ci il tarixində Lənkəran şəhər İHB-nin Gərmətük qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyində AZ-İ 684584 seriyalı, 27 nömrə ilə qeydə alınmış nikah qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 07 mart 2012-ci ildə X2 adlı uşaqları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Lənkəran şəhər İHBnin Gərmətük qəsəbə inzibati ərazi dairəsinin nümayəndəliyində 09 avqust 2011-ci il tarixdə 27 sayla rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahlarından doğulmuş 07 mart 2012-ci il təvəllüdlü X1 anasının himayəsində və yanında qalması, 13 fevral 2020-ci il tarixdən başlayaraq 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra, o, iddiaçıya və ya uşağına heç bir köməklik göstərməmiş, uşağına heç bir yardım etməmişdir. İddiaçı özü də rəsmi və daimi olaraq işləmədiyindən, hərdənbir günəmuzd olaraq başqa şəxslərin evində və müxtəlif yerlərdə qulluqçuluq etməklə uşağının saxlanılmasında həddindən artıq çətinlik çəkdiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hazırda azyaşlı uşağı ilə birgə Lənkəran rayonunun Kosalar kəndində yaşlı və xəstə valideyninin evində müvəqqəti qalır. Heç bir yerdə işləmir. Uşağın saxlanılmasında ciddi maddi çətinlik çəkir, onun hər hansı bir qazancı yoxdur, heç yerdən hər hansı növ pensiya və ya təqaüd, sosial müavinət almır. Uşaq isə artıq böyüyür, iddiaçı isə uşağın ehtiyaclarını ödəyə bilmir. Gündən-günə çətinləşən maddi-sosial həyat şəraiti nəticəsində o, uşağını 100 manat aliment məbləği ilə saxlaya bilmir. Azyaşlı və böyüməkdə olan uşaqların aylıq tələbatları və məsrəfləri isə onlar böyüdükcə daha da artır. Bundan əlavə, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 193 manat müəyyən olunmuşdur. Həmin məbləğdə ifadə olunan yaşayış minimumu təyin olunacaq aliment məbləğinin ən son kriteriyasıdır ki, bu həddən aşağı olan pul məbləği artıq uşağın saxlanması üçün kifayət edə bilməz. İddiaçının uşağının aylıq xərcləri isə minimum 450- 550 manat civarında təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(049)-2432/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(049)-2432/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və təqdim etdiyi sübutlar əsasında iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə iddianın rədd edilməsi üçün hər hansı bir tutarlı fakta söykənə bilməmiş, əsassız şəkildə iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi irəli sürülmüş iddianın ədalətli həlli məsələsini və artırılması tələb olunan alimentin məbləğini cavabdeh – atanın mövqeyinə deyil, azyaşlı uşağın və onu himayəsində saxlayan, heç yerdə işləməyən və digər hər hansı bir gəliri olmayan iddiaçının – ananın mənafeyinə uyğun olaraq həll etməli idi. Bundan başqa, 2022-ci il üçün uşaqlara görə yaşayış minimumu məbləği 193 manat təşkil etdiyi halda, 2023-cü ildə 220 manat müəyyən edilmişdir. Yaşayış minimumu məbləği hansı həddə müəyyən olunmuşdursa, aliment də həmin məbləğdə kəsilməlidir. İddiaçı məhkəməyə özünün maddi vəziyyətində aliment miqdarının artırılmasına əsas verən dəyişikliyin olmasını təsdiq edən yazılı sübutu – işaxtaran kimi qeydiyyatda olmaqla işsiz olduğu ilə bağlı xx.xx.2022-ci il tarixli anket-arayışın surətini təqdim etsə də, məhkəmə bunu nəzərə almamışdır. Halbuki, məhkəmənin 17 sentyabr 2020-ci il tarixdə qəbul etdiyi qətnamədən 1 il 4 aydan çox müddət keçdikdən sonra 24 yanvar 2022-ci il tarixində iddiaçının maddi vəziyyəti daha pisləşmiş, o, heç bir yerdə iş tapa bilmədiyindən, işaxtaran kimi müvafiq dövlət orqanında qeydə alınmaq üçün rəsmi müraciət etmişdir. Məhkəmə iddia tələbinin sabit pul məbləğində aliment tutulmasına dair hissəsində iddianı rədd etsə də, iddia ərizəsindəki digər tələblərə ümumiyyətlə münasibət bildirməmişdir. İddiaçının təqdim etdiyi sübutların ümumiyyətlə araşdırılmaması və ya nəzərə alınmaması, ana və azyaşlı uşağın maraqlarına zidd qətnamənin qəbul edilməsi prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat sabit pul məbləğində aliment çox azdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun cavabdehin İ qrup əlil olmasından xəbəri var, lakin bildirir ki, cavabdeh uşağın atası olduğundan onun saxlanılmasında iştirak etməlidir. Odur ki, iddia tələbinin təmin olunaraq, cavabdehdən hər ay 300 manat alimentin tutulmasını istəyir. Apellyasiya məhkəməsinin iclasında cavabdeh apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və qeyd etdi ki, o, vərəm xəstəsidir, İ qrup əlildir. Hazırda 270 manat pensiya alır. Xəstəliyinə görə heç bir yerdə işləyə bilmir. X4 başqa 2 uşağı da var, onlardan biri kollecdə oxuyur. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdəki AZ-İİ 836939 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası X3r. İşdə notarial qaydada təsdiq edilmiş surəti olan Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2011-ci il tarixdə Lənkəran şəhər İHB-nin Gərmətük qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyində 27 sayla rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində və yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi qət edilmişdir. İşdəki nikahın pozulması haqqında AZ-İ 412093 seriya nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdəki müraciət vərəqəsindən görünür ki, Lənkəran rayon Məşğulluq Mərkəzi tərəfindən İddiaçı MAS-da işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmışdır. İş materiallarının 18-ci vərəqində olan ödəniş qəbzindən görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak üçün mediasiya xərci olaraq 55 manat ödəmişdir. İşdəki 020858 nömrəli əlil vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixində müddətsiz İ qrup əlillik verilmişdir. İşdəki Masallı rayon Ağciyər xəstəlikləri Xəstəxanasının 174 nömrəli, 03 oktyabr 2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh vərəmlə əlaqədar həmin xəstəxanada qeydiyyatdadır. Beləliklə, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 09 avqust 2011-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2012ci il təvəllüdlü X2 doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, Məhəmməd Hüseynov anasının himayəsində və yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi qət edilmişdir. Həmin aliment məbləğinin uşağın saxlanılmasına kifayət etmədiyini bildirən iddiaçı “aliment miqdarının artırılması və qaydasının dəyişdirilməsi tələbinə dair” hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat sabit pul məbləğində alimentin, yaxud eyni zamanda həm qeyd etdiyi sabit pul məbləğində alimentin, həm də qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, eləcə də mediasiya xərci olaraq ödənilmiş 55 manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi 03 oktyabr 2022-ci il tarixli, 2(049)-2432/2022 saylı qətnamə ilə iddia tələbini rədd etsə də, alimentin qaydasının dəyişdirilməsi və mediasiya xərcinin tutulmasına dair hissədə iddiaya hər hansı hüquqi qiymət verməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işin müəyyən edilmiş hallarına əsasən yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materialları və tərəflərin izahatları ilə həmçinin o da müəyyən edilir ki, iddiaçı işaxtaran kimi qeydiyyata alınmışdır. Cavabdeh isə vərəm xəstəsi olmaqla, İ qrup əlildir, 270 manat pensiya alır və heç bir yerdə işləmir. X4 başqa iki uşağı da var, onlardan biri kollecdə oxuyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi uşağın böyüməsinə görə maddi xərclərinin artması və bununla da onun maddi vəziyyətinin ağırlaşması, müəyyən edilmiş aliment məbləğinin isə artıq uşağın tələbatlarını ödəmək üçün kifayət etmədiyinə dair dəlilini əsaslı hesab edir. Həmçinin, iddiaçı tərəfindən işaxtaran kimi qeydiyyata alınmasına dair sənəd də təqdim olunmuşdur. Qeyd edilən hal və uşağın xərclərinin artması aliment məbləğinin artırılması üçün əsas hesab edilir. Məhkəmə kollegiyası uşağın maddi tələbatlarının artmasını onun himayəsində olduğu iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirir və bildirir ki, bu cür təsir səbəbindən aliment məbləğinin dəyişdirilməyəcəyi halda uşağın üstün mənafeləri pozulmuş olacaq və onun minimum tələbatlarının ödənilməsinə imkan verməyəcəkdir. Lakin aliment məbləği yalnız iddiaçının deyil, həm də cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq halları nəzərə alınmaqla müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırkı iş üzrə cavabdehin 270 manat pensiya alması, həmin pensiyadan alimentin ödənilməsindən sonra onun gəlirlərinin özünü saxlaması üçün minimum tələbatını ödəyə bilməsi, eləcə də, cavabdehin vərəm xəstəsi olmaqla, İ qrup əlil olması, işləməməsi halları nəzərə alınmalı, iddia tələbi Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin artırılmasına dair hissədə qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi müəyyən olunmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, iddiaçı apellyasiya şikayətində sabit pul məbləğində alimentin məbləğinin yaşayış minimumu məbləğindən az ola bilməyəcəyini qeyd etsə də, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Bununla da, aliment məbləğinin aşağı həddinin yaşayış minimumu məbləği olması ilə bağlı iddiaçının bildirdiklərinin əsassız olduğu müəyyən edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşağın saxlanılması yalnız cavabdehin deyil, valideynlərin ümumi vəzifəsidir. Məhkəmə kollegiyası Ailə Məcəllənin 76 və 78-ci maddələri baxımından həmçinin onu da bildirir ki, 130 manat sabit pul məbləğində alimentin tutulması ilə eyni zamanda cavabdehin qazancının dörddə bir hissəsi miqdarında da alimentin ondan tutulması cavabdehin özünün saxlanılması üçün minimum tələbatlarını ödəyə bilməməsinə gətirib çıxaracağından həmin hissədə iddianın təmin edilməsi ədalətli deyil, odur ki, sabit pul məbləğində aliment ilə eyni zamanda cavabdehdən qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmamalıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək bildirir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(049)-2432/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası – Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub anası – İddiaçı ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilirlər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz və o, çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(049)-2432/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(049)-1025/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası – Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub anası – İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılsın. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar