Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-652/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: şifahi nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(050)-3399/2023 saylı qətnaməsindən (hakim Habil Bəhmənov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq ondan 3970 manat pulun və 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il tarixdə Masallı rayonu, Şərəfə kəndində fərdi yaşayış evini təmir etdirmişdir. Təmir işləri üçün ona alçipan lazım olmuş, həmin zaman Naxçıvan şəhərində yerləşən "Gəmiqaya” şirkəti ucuz qiymətə alçipan satdığı üçün həmin şirkətdən 2021-ci ilin dekabr ayının sonunda 585 ədəd alçipan almışdır. Daha sonra fərdi yaşayış evində təmir işləri görən ustalar "Gilan” şirkətinə məxsus alçipandan almış, "Gəmiqaya” şirkətindən aldığı alçipanları istifadə etmədiyi üçün satmaq qərarına gəlmişdir. Bunun üçün qohumlarına, kənd sakinlərinə məlumat verərək satılıq alçipanların olduğunu bildirmiş, 2022-ci ilin fevral ayının əvvəllərində Masallı şəhər, Digah küçəsində yerləşən ərzaq mağazasından çıxan zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs özünü təqdim edərək Masallı rayonu, Banbaşı kənd sakini Cavabdeh olduğunu və onun 585 ədəd satılıq alçipanlarını almaq istədiyini bildirmişdir. Həmin 585 ədəd alçipanı 4420 manat satacağını bildirmiş, Mais Əhmədov onunla razılaşmış və həmin məbləği 1 ay müddətində qaytaracağını bildirmişdir. Həmin yaxt onların yanında heç kim olmamışdır. Razılaşdıqdan bir neçə gün sonra həmin alçipanları yük maşınına yükləyərək X4 rayonu, Banbaşı kəndində yerləşən fərdi yaşayış evinə gəlmiş və yük maşınında olan 585 ədəd alçipanı həyətyanı sahəyə boşaltmışdır. Həmin vaxtı onların yanında Mais Əhmədovun atası Allahverən Əhədov olmuşdur. Söhbət əsnasında Allahverən Əhədov da 4420 manat pulu 1 aya verəcəyini bildirmişdir. Daha sonra 1 ay gözləmiş, lakin Mais Əhmədov ona pul verməmişdir, buna görə də Maisə zəng edərək pulunu istəmişdir. Cavabdeh da atası Allahverən Əhədovun 450 manat pul vermək istədyini bildirmişdir. O, Masallı şəhəri, Digah küçəsinə getmiş və Allahverən Əhədov ilə görüşmüş, həmin zaman Allahverən Əhədov ona 450 manat pul vermiş və qalan pulu da hissə-hissə ödəyəcəklərini bildirmişdir. 2022-ci ilin mart ayının əvvələrində səhər saatlarında evində olan zaman Allahverən Əhədov onun mobil telefonuna zəng edərək Masallı şəhər Digah küçəsinə gəlmiş və Allahverən Əhədov ona 450 manat pul vermişdir. Allahverən Əhədov da qalan pulu hissə-hissə ödəyəcəklərini bildirmişdir. Bir müddət keçdikdən sonra yenidən Cavabdeh mobil telefonuna zəng edərək pulunu istəmiş, lakin Mais onun pulunu geri qaytarmamışdır. Bundan sonra Cavabdeh Masallı rayonu Banbaşı kəndində yerləşən fərdi yaşayış evlərinə getmiş və kənd ərazisində Cavabdeh atası Allahverən Əhədov ilə görüşmüş və pulunu istəmişdir. Allahverən Əhədov da onun pulunu geri qaytaracağını bildirmişdir. Həmin vaxtlar Cavabdeh görmədiyini və Maisin mobil telefonuna zəng çatmadığını bildirmişdir. Daha sonra Cavabdeh başqa şəxslərin də dələduzluq yolu ilə pulunu ələ keçirdiyini bilmiş, bu səbəbdən də ərizə ilə Masallı rayon prokurorluğuna müraciət etmişdir. Masallı rayon prokurorluğunda onun və digər şəxslərin ərizələri araşdırılmış və şikayətinin mülki xarakterli olduğu əsas gətirilərək cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(050)-3399/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3970 (üç min doqquz yüz yetmiş) manatın və dövlət rüsumuna ödənilmiş 60 (altmış) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə öhdəlik və alqı-satqı ilə bağlı normaların tələblərini pozmuşdur. Məhkəmə malların satılması və cavabdeh tərəfindən qəbul olunması barədə sübut olmadığı halda ondan 3970 manat pul tutmuşdur. Məhkəmə alqı-satqı münasibətlərini araşdırmamışdır, alqı-satqının olub-olmadığını və öhdəlik qaldığını ümumiyyətlə araşdırmamışdır. Sadəcə formal olaraq qətnamə qəbul olunmuşdur. Cavabdehin iddiaçıya borcu yoxdur, lakin məhkəmə həmin halı araşdırmamışdır. Nəticə işin halına uyğun deyildir. Cavabdehin İddiaçı borcu yoxdur, cavabdeh iddiaçıdan mal almamışdır, almağı ilə bağlı sübutda yoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 mart 2023-cü il tarixli Masallı Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı Bədrəddin Yasərlinin qəbul etdiyi qərarın Cavabdeh izahatı hissəsində qeyd ounmuşdur ki, o, İddiaçı tanımış onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində Masallı şəhər Digah küçəsində olan zaman İddiaçı ərzaq mağazasından çıxdığın görmüşdür. Onun yanına yaxınlaşıb görüşdükdən sonra nə işlə məşğul olduğunu soruşmuş, İddiaçı təqaüdə çıxdığını və alçipan satışı ilə məşğul olduğunu bildirmişdir. Tikinti materialları mağazasının olduğunu bildirərək və ondan alçipanların qiymətini soruşmuşdur, həmçinin münasib olarsa ondan alçipan almaq istədiyini bildirmişdir. İddiaçı də onunla razılaşmışdır. Bundan sonra İddiaçı ilə sağolllaşmış və fərdi yaşayış evinə gəlmişdir. Təxminən 10 gün sonra İddiaçı zəng edərək ona onluq ölçüdə 585 ədəd alçipan lazım olduğunu bildirmişdir. İddiaçı də zavoda sifariş verəcəyini bildirmişdir. Həmin vaxt alçipanların qiymətinin hansı məbləğdə olacağını soruşmuş, İddiaçı də 585 ədəd alçipanın qiymətinin 4420 manat təşkil edəcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən aylıq olaraq ödənişi edəcəyini bildirmişdir. Lakin aylıq ödənişin məbləğini müəyyən etməmişdir. Təxminən 1 həftə sonra İddiaçı mobil telefon ilə zəng edərək alçipanların hazır olduğunu bildirmiş, həmin alçipanların bir hissəsini Banbaşı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə, bir hissəsini isə Böyük Xocavar kəndində yerləşən qeyri-yaşayış obyektinin həyətyanı sahəsinə boşaldılmasını istəmişdir. Bir müddət sonra İddiaçı Böyük Xocavar kəndində yerləşən ona məxsus qeyri-yaşayış obyektinin həyətyanı sahəsinə gəlmişdir. Həmin vaxt orada olmuş, bir neçə dəqiqə sonra yük maşını həmin yerə gəlmiş və 585 ədəd alçipanın yarısını həmin obyektə, qalan hissəsini isə Banbaşı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaltmışdır. Daha sonra İddiaçı sağollaşaraq getmiş, 2022- ci ilin fevral ayının ortalarında İddiaçı ona mobil telefon ilə zəng edərək almış olduğu alçipanlara görə ödəniş etməyini istəmişdir. O, 450 manat ödəniş edəcəyini bildirmişdir. Əkin sahəsində olduğu üçün 450 manat pulu atası Allahverən Əhədova vermişdir. Atası da Masallı şəhər Digah küçəsində İddiaçı ilə görüşərək ona 450 manat pul vermişdir. Bundan sonra alçipanların satışını həyata keçirə bilməmişdir. Buna görə də İsaq Xankişyevə olan 3970 manat pul borcunu ödəyə bilməmişdir. Lakin İddiaçı olan 3970 manat pul borcunu ödəyəcəyini bildirmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60 manat dövlət rüsumu ödəmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı şifahi alqı-satqı müqaviləsi əsasında satdığı alçipanın pulunu tələb edir. Birinci instansiya məhkəməs cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardakı cavabdehin izahatlarına əsaslanmış, tərəflər arasında olan münasibətlərin alqısatqı münasitəbləri olduğunu müəyyən etmiş və iddianı buna əsasən də, təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirir. Şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı ilə aralarında alqı-satqı münasibətləri olmamışdır və cavabdehin iddiaçıya borcu yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, tərəflər arasında olan münasibətlər faktiki olaraq alqı-satqıdan irəli gəlir, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da cavabdeh verdiyi izahatında iddiaçı ilə alqı-satqı münasibətlərində olduğunu, alqı-satqı müqaviləsi üzrə ödənişi verməməsini də alçipanları sata bilməməsi ilə əsaslandırmışdır. Belə olan halda da, apellyasiya şikayəti təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(050)-3399/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-652/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-652/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver