Məhkəmə qərarları › İş №2(106)-658/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-658/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-658/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(057)-140/2023 saylı qətnaməsindən (hakim A.Səmədov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq, cəmi borcu 9181.07 ABŞ dolları bundan 3511.75 ABŞ dolları əsas, 812.20 ABŞ dolları faiz, 4353.89 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 136.82 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan "xxxx" ASC- yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, ”Dəmirbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20 faiz dərəcəsi 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Cavabdeh2 arasında 370004878/ZM №-li, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) 11432.33 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********002 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 9181.07 ABŞ dolları təşkil edir. Bundan 3511.75 ABŞ dolları əsas, 812.20 ABŞ dolları faiz, 4553.89 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, Ləğv prosesində olan İddiaçı ASC cəmi borcu 9181.07 ABŞ dolları bundan 3511.75 ABŞ dolları əsas, 812.20 ABŞ dolları faiz, 4353.89 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 136.82 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansia məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(057)-140/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 3511,75 ABŞ dolları əsas borc, 259,82 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3871,57 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxt azərbaycan manat məzənnəsi ilə, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 57,35 manatın tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 812.20 ABŞ dolları faiz borcunun, 4353.89 ABŞ dolları cərimə borcunun və Kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcunun tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 2.5-ci maddəsinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 faiz dərəcəsi ilə, aylıq 3.33 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Göründüyü kimi, cərimə borcunun məbləği və ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuşdur. Məhkəmə isə cərimə məbləğini qismən, yəni 100 manat məbləğində müəyyən etməklə əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tələb olunan 4353.89 ABŞ dolları cərimə məbləğini azaldaraq 100 ABŞ dolları məbləğində müəyyən etməsi ilə 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almamış, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamış, düzgün olmayan hesablamalar aparmış və qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmiş, iş həcminin çoxluğunun nəzərə alınaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. O, məhkəməyə yazılı mülahizələrini təqdim etmişdir. 2(106)-658/2023 saylı mülki iş üzrə bildirmişlər ki, Bankla Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 13000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bildirirlər ki, Bankla Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 17.11,2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinin əsas borc üzrə qalığının məbləği 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə 10 000 ABŞ dollarından yuxarı təşkil etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməmişdir. Belə ki, Cavabdeh1 əsas kredit borclarının qalıq məbləği ləğvetmə prosesində olan İddiaçı ASC-də xx.xx.2015-ci il tarixinə 12059.52 ABŞ dolları və xx.xx.2015-ci il tarixinə 10322.80 ABŞ Dolları təşkil etmişdir. “Problemli kreditlərin kompensasiyasına dair" çıxarışa münasibətdə qeyd etmişlər ki, Cavabdeh1 cəmi hesablanmış kompensasiya hissəsində xx.xx.2015-ci il tarixinə xarici valyutada əsas kredit borclarına hesablanmış kompensasiya məbləği “0" göstərilir. Eyni zamanda xx.xx.2015-ci il tarixə xarici valyutada əsas kredit borclarına hesablanmış kompensasiya məbləği də “0” göstərilir. Bu da bir daha sözügedən kredit öhdəliyinin Prezidentin Fərmanın təsiri dairəsinə düşmədiyini göstərir. Çünki Fərmanın 8.1-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin xarici valyutada 10000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Fərmanda aydın şəkildə qeyd edilir ki, fiziki şəxlərin bütün banklara və ləğvetmə prosesində olan banklarda mövcud olan əsas kredit borclarının qalıq məbləğinin cəmi 10000 ABŞ Dollara və ya milli valyutada 17.000 manatadək olmalıdır. Bundan başqa həmin çıxarışda yalnız “Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsinin 1217.16 manat olduğunu görə bilərik. Qeyd edilən məbləğ isə devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərqdir ki, həmin fərq kredit təşkilatı tərəfindən, yəni “Dəmirbank" ASC tərəfindən Palataya təqdim edilmişdir. Çünki həmin məbləğlərə (güzəşt məbləğləri) dair məlumatların siyahısının Palataya təqdim edilməsi AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasrnın 3.3-cü bəndində nəzərdə tutulmuşdur. Belə ki, Respublika üzrə xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə baş vermiş 1-ci və 2-ci devalvasiya hadisəsindən sonra Banklar tərəfindən müştərilərə güzəştlər tətbiq edilmişdir. “Dəmirbank" ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ********* nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Bank tərəfindən Cavabdeh1 illik 20 % olmaqla, 36 ay müddətinə 13.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə Kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə saziş bağlanaraq borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 11 432.33 USD (8074.23 USD əsas borc, 2293.9 USD faiz borcu və 1064.2 USD cərimə borcu ilə birlikdə) təşkil etmişdir. İddiaçı ASC müştərisi olmuş hazırkı mülki iş üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixə olan faiz və cərimə borclarına müəyyən güzəştlər edərək yalnız əsas borc üzrə ödəniş qrafiki müəyyən etmişdir. Həmin Qaydanın 3.3-cü bəndində göstərilir ki, “Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir". Sonda yuxarıda qeyd olunan xüsusatların nəzərə alınması məhkəmədən xahiş etmişlər. Cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, cavabdeh tərəf qətnamənin tamamilə ləğv edilməsini xahiş etməklə, iddiaçı tərəf qətnaməni qismən, cavabdeh tərəf tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********* №-li kredit müqaviləsindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 20 faiz dərəcəsi 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış arasında xx.xx.2014-cü il tarixli, 370004878/ZM №-li zaminlik müqaviləsindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 bank qarşısında şəxsən cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* №-li kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli əlavə sazişdən görünür ki, kredit öhdəliyinin qalığı 11432.33 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixədək həmin borcu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 370004878/ZM №-li zaminlik müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli əlavə sazişdən görünür ki, kredit öhdəliyinin qalığı 11432.33 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixədək həmin borcu qaytarmasının təminatı kimi Cavabdeh2 bank qarşısında şəxsən cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 18 iyul 2022-ci il tarixinə banka 3511.75 ABŞ dolları əsas borc, 812.20 ABŞ dolları faiz borcu 4353.89 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcu cəmi 9181,07 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli, 9/7880 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 müqavilə müddətinin bitmə tarixinə-yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 5489.09 ABŞ dolları, faiz borcu üzrə 259.82 AbŞ dolları borcu, maliyyə arayışında qeyd edilən tarixə -yəni xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5489.09 ABŞ dolları, faiz borcu üzrə 789,23 ABŞ dolları borcu olması müəyyən edilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh banka olan kredit borcunun ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankına müvafiq sorğu verilmiş, Mərkəzi Bankın 15 dekabr 2023-cü il tarixli, 6-1-16/2-9718/2023 saylı məktubundan müəyyən edilir ki, barəsində sorğu edilən şəxs - Cavabdeh1 (Fin: xxxxxxx) ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarix 551 nömrəli Fərmanın təsiri altına düşməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə müvafiq araşdırma apararaq əksər hissədə düzgün nəticəyə gələrək haqlı mövqe nümayiş göstərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcunun cavabdehdən tutulmaması hissəsində gəldiyi nəticədə haqlı olmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam hərtərəfli araşdırılmaması, mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla iddiaçının apellyasiya şikayəti təmin olunaraq qətnamə - Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcunun tutulmasının rədd edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, cavabdehin vermiş olduğu apellyasiya şikayəti isə təmin edilməməlidir. İşdən də göründüyü kimi iddiaçı Bank cavabdehlərdən kredit müqaviləsi üzrə borcunu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, eyni zamanda iddiaçının tələb etdiyi cərimə borcunu azaltmışdır. Qətnaməni iddiaçı iddianın təmin edilməyən hissəsində, cavabdeh isə tam mübahisələndirmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankından əldə edilmiş məlumata, həmçinin iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi yazılı mülahizəyə əsasən hazırkı kredit müqaviləsi üzrə borc məbləği prezidentin məlum fərmanının təsir dairəsinə düşməmişdir. Belə olan halda da, cavabdehin apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. Eyni zamanda iddiaçı tərəf haqlı olaraq kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğini tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətini qismən də olsa əsaslı hesab edir və hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Kollegiyası Cavabdeh1 birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi tərəfə göndərilmiş və Cavabdeh1 tərəfindən poçt xəbərnaməsinə imza edilməklə, məhkəmə bildirişi qəbul edilmişdir. Eyni zamanda apellyasiya baxışında da, tərəfə məhkəmə bildirişi göndərilmiş, poçt göndərişlərinin izlənilməsi barədə elektron sistemdən çıxarışdan da, həmin məhkəmə bildirişinin Cavabdeh1 çatdırıldığı müəyyən edilmişdir. Buna görə də, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarının tam aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(057)-140/2023 saylı qətnaməsi qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi məbləğin təmin olunmayan hissəsi, eyni zamanda cavabdehin mübahisələndirdiyi məbləğ 5000 manatdan çox olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(057)-140/2023 saylı qətnaməsi- kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcunun tutulmasının rədd edilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 503.23 ABŞ dolları faiz borcu qətnamə icra olunan vaxt azərbaycan manatı məzənnəsi ilə Cavabdeh1 tutularaq ləğv prosesində olan "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(057)-140/2023 saylı qətnaməsi qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar