Məhkəmə qərarları › İş №2(106)-658/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-658/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-658/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, iddiaçı X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1765/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcunun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 33 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1765/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Seyfəli Seyfullayev) ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit kimi götürülmüş 2800 manat borcunun və həmin pulun 35 aylıq olaraq 27 faiz olmaqla 1200 manat faiz borcu olmaqla cəmi 4000 (dörd min) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 33 (otuz üç) manat pulun alınıb X2 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərək yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasını səhv təfsir və tətbiq etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, gəlinmiş nəticələrin daha aydın və anlaşılan başa düşülməsi üçün birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.. 8.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının hazırkı iddia tələbi üzrə müqayisəli təhlilini apararaq qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək iddiaçının konstitusion hüququdur. Bu hüququndan istifadə edərək özünün pozulmuş və ya pozulması ehtimal edilən hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. İddiaçının hüquqlarını pozması ehtimal etdiyi şəxsə (fiziki və ya hüquqi şəxs) qarşı iddiası həmin şəxsin qeydiyyatda olduğu inzibati ərazi vahidinin daxil olduğu məhkəməyə verilməlidir. İş materiallarından görünür ki, işə cəlb edilmiş cavabdehlərdən biri Nəzərov X4 rayonu, Ləzir kəndi ünvanında digər Cavabdeh2 Fərahim qızı isə Cəlilabad rayonu Cəlayir kəndində qeydiyyatda olmasına baxmayaraq Beyləqan Rayon Məhkəməsi heç bir əsas gətirmədən işi icraatına qəbul etmiş və yekun qərar qəbul etmişdir. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə aidiyyat qaydalarına pozmaqla səlahiyyəti olmayan (hüququ olmayan) hakim kimi işə baxmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.1-ci maddəsinə əsasən işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də məhkəmə kollegiyasi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsin qətnaməsinin prosessual hüquq normaların pozulması ilə qəbul edilməsi dəlilini əsasslı hesab edir və Beyləqan Rayon Məhkəməsinin 2(020)-1765/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin prosessual hüquq normaların pozulması ilə qəbul edildiyi qənaətinə gəlir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyətini, cavab verilməli olan şəxslərin dairəsini nəzərə alaraq və qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları səhv tətbiq və təfsir edilməklə iddia tələbi icraata qəbul edilmiş və iddia tələbi üzrə yekun nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının səhv tətbiq edilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1765/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş cavabdehlərdən birinin yəni Cavabdeh1 qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə (ünvan 1i) Yardımlı Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.1, 263-264-cü 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1765/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar