Məhkəmə qərarları › İş №2(106)-662/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-662/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-662/2025 07.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı NBCbank» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı müştərək qaydada borcun ödənilməsi tələbinə dair kiçik iddiası üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-684/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 3331,44 manat borc olmaqla-bundan 3314,78 manat əsas borcun, 9,76 manat faiz borcun, Az Res MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcun və iş üzrə ödənilmiş 53,32 manat ödənilmiş dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-684/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsi (Hakim: Anar Pənahov) ilə, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 3331,44 manat borc olmaqla bundan 3314,78 manat əsas borc, 9,76 manat faiz borcu, Az Res MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu və iş üzrə ödənilmiş 53,32 manat ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı ASC–nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 684/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-3cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, kollegiya Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-684/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-684/2025 saylı, 05 fevral 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiya iş materiallarında olan aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08.3076/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 4823 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, müqavilənin zəmanəti olaraq, bank ilə digər Kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə Cavabdeh3 kredit verilərkən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli, 08/3076/RES nömrəli zaminlik müqavilələri bağlanmışdır. Bu səbəbdən onlar cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08.3076/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 4823 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli, 08/3076/RES nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişlər və bunun nəticəsində cavabdehlərin xx.xx.2019-cu il tarixli, 08.3076/RES nömrəli kredit müqaviləsi üzrə və xx.xx.2019-cu il tarixli, 08/3076/RES nömrəli zaminlik müqavilələri üzrə iddiaçı banka cəmi 3331,44 manat borc olmaqla-bundan 3314,78 manat əsas borcu, 9,76 manat faiz borcu, Az Res MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş pretenziya bildirişindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 borclu olduğu və borcunun ödənilməsi üçün kredit müqaviləsini ləğv edilməsi qaydada rəsmi qaydada bildirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08.3076/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 4823 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli, 08/3076/RES nömrəli zaminlik müqavilələri bağlanmışdır. Bu səbəbdən onlar cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişlər və bunun nəticəsində cavabdehlərin xx.xx.2019-cu il tarixli, 08.3076/RES nömrəli kredit müqaviləsi üzrə və xx.xx.2019-cu il tarixli, 08/3076/RES nömrəli zaminlik müqavilələri üzrə iddiaçı banka cəmi 3331,44 manat borc olmaqla-bundan 3314,78 manat əsas borcu, 9,76 manat faiz borcu, Az Res MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu yaranmışdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən işin tam araşdırılmadığını, məbləğ üzrə iddia tələbinin dəqiqləşdirilməsi üçün heç araşdırma və müvafiq ekspertiza keçirmədən əsassız qətnamə qəbul edildiyini bildirmişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. O, ki, qaldı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə, kollegiya bununla bağlı qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı zamanı iddiaya qarşı öz etirazını təqdim etməmiş, məhkəmə iclasından xəbərdar olmasına baxmayaraq öz dəlillərini məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (borcun məbləği ilə bağlı) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları müəyyənləşdirmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-684/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-684/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar