Məhkəmə qərarları › İş №2(106)-669/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-669/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-669/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğunun katibliyi, cavabdehlərdən Cavabdeh1 Safiyar oğlu və Cavabdeh3 iştirakları ilə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Safiyar oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(064)-79/2024 saylı qətnaməsindən (hakim E.İsmayılov) cavabdehlərdən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 Safiyar oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, 20 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1850.18 ABŞ dolları əsas, 335.97 ABŞ dolları faiz, 114.22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300.37 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnəyə uyğun milli manat ekvivalentində və 20 manat ödənilmiş dövlət rüsumunun borclulardan müştərək qaydada tutulub xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, borc alan Cavabdeh1 Safiyar oğluna 20 oktyabr 2015ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 23 faizlə 2000 ABŞ dolları məbləğində pul kreditə verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə eyni tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqavilə üzrə kreditor üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, borc alan Cavabdeh1 Safiyar oğlu üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, nəticədə borcluların kredit müqaviləsi üzrə 1850.18 ABŞ dolları əsas, 335.97 ABŞ dolları faiz, 114.22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300.37 ABŞ dolları borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsi tərəfindən ərizə üzrə 15 yanvar 2018-ci il tarixdə 2(064)- 276/2018 saylı məhkəmə əmri verilmişdir. 27 oktyabr 2023-cü ildə borclulardan Cavabdeh3 məhkəmə əmrindən etiraz verərək ləğv olunmasını, iişə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(064)-276/2018 saylı qərardadı ilə 15 yanvar 2018-ci il tarixli 2(064)-276/2018 saylı məhkəmə əmri ləğv edilmiş, işin baxılması iddia icraatına keçirilmişdir. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(064)-79/2024 saylı qətnaməsi ilə iddia təmiin olunaraq cavabdehlər Cavabdeh1 Safiyar oğlu, Cavabdeh2 və Cavabdeh3 1850.18 ABŞ dolları əsas, 335.97 ABŞ dolları faiz, 114.22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300.37 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun milli manat ekvivalentində və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə Mülki Prosessual Məcəllənin 4, 9, 14, 88-ci, Mülki Məcəllənin 422.1-ci maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bildirir ki, müqavilə üzrə zamindir. Tərəflər arasında 20 oktyabr 2015-ci il tarixdə müqavilə bağlanmış və həmin müqavilə 1 il müddətində qüvvədə olmuşdur. İddiaçı 20 oktyabr 2016cı ildən başlayaraq 1 il müddətinə zamin kimi ondan pul tələb edə bilərdi. Lakin iddiaçı belə bir müraciəti vaxtında etməmişdir. Bununla o, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda bildirir ki, qətnaməyə əsasən cavabdehlərdən 114.22 ABŞ dolları cərimənin tutulması qət edilmişdir. Hesab edir ki, cərimə məbləği real olmayıb, tənasübsüz sürətdə yüksəkdir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddənin tələbinə əməl etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən müqavilə üzrə zamin olmağını, cərimə məbləğinin həddən artıq şişirdildiyini müəyyən etməmişdir. Qeyd edilənlərə baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Bu da onun konstitusion hüquqlarının pozulmasına əsas olmuşdur. Məhkəmə mübahisəni araşdırarkən onun maddi vəziyyətini, məcburi köçkün olmağını, yaşını və səhhətimn araşdırmadan onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehlərdən Cavabdeh1 Safiyar oğlu apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit borcuna görə cəmi 1 ay ödəniş etmişlər, dollar məzənnəsi qalxdıqdan sonra kredit borcundan ödənişlər etməmişlər. Həmçinin kredit məbləğinin restruktuizasya oluması barədə Banka tərəflərindən rəsmi ərizə ilə müraciət olmamışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir və kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh3 (zamin) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Lakin məzmun etibarı ilə apellyasiya şikayətinin dəlilləri zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olduğu halda, məhkəmə tərəfindən həmin normanın düzgün tətbiq edilməməsi ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iddianın zaminə(apelyatora) münasibətdə rədd edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları kifayət qədər araşdırmamış, mübahisələndirilən hissədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur: Kreditor İddiaçı ASC-nin Sumqayıt filialı ilə borc alan Cavabdeh1 arasında 20 oktyabr 2015-ci ildə bağlanmış 106.LN.2102.201015.00002 nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borc alana illik faiz dərəcəsi 23% müəyyən olunmaqla 12 ay müddətinə qaytarılması şərti ilə 2000 ABŞ dolları məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə kreditdən yalnız təmir-tikinti işlərinin həyata keçirilməsi məqsədilə istifadə edilməsi və kreditin müqavilədə nəzərdə tutulan müddət ərzində, razılaşdırılmış şərtlər üzrə qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir; Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən borc alan almış olduğu 2000 ABŞ dolları məbləğində krediti 20 noyabr 2015-ci il tarixindən başlayaraq 20 oktyabr 2016-cı il tarixinədək hər ay 188.15 ABŞ dolları məbləğində ödənişlər etməklə qaytarmalı idi; Kreditor İddiaçı ASC-nin Sumqayıt filialı ilə zamin Cavabdeh3 arasında 20 oktyabr 2015-ci ildə bağlanmış 106.LN.2102.201015.00002/c nömrəli zaminlik müqaviləsinə əsasən sonuncu kreditorla borc alan Cavabdeh1 arasında 20 oktyabr 2015-ci ildə bağlanmış 106.LN.2102.201015.00002 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür; Kreditor İddiaçı ASC-nin Sumqayıt filialı ilə zamin Cavabdeh2 arasında 20 oktyabr 2015-ci ildə bağlanmış 106.LN.2102.201015.00002/d nömrəli zaminlik müqaviləsinə əsasən sonuncu kreditorla borc alan Cavabdeh1 arasında 20 oktyabr 2015-ci ildə bağlanmış 106.LN.2102.201015.00002 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür; 11 yanvar 2017-ci il tarixdə kreditor tərəfindən cavabdehlərə göndərilərək 23 yanvar 2017-ci ildə təqdim olunan xəbərdarlıqdan görünür ki, 20 oktyabr 2015-ci ildə bağlanmış 106.LN.2102.201015.00002 nömrəli kredit müqaviləsi üzrə 12 dekabr 2016-cı il tarixinə 1850.18 ABŞ dolları əsas, 335.97 ABŞ dolları faiz, 114.22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300.37 ABŞ dolları borcun yarandığı bildirilərək 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunmüvafiq tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılmışdır; 12 dekabr 2016-cı il tarixli maliyyə arayışına əsasən 20 oktyabr 2015-ci ildə bağlanmış 106.LN.2102.201015.00002 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 icra edilməmiş öhdəliyi 1850.18 ABŞ dolları əsas, 335.97 ABŞ dolları faiz, 114.22 ABŞ dolları cərimə olmaqla, cəmi 2300.37 ABŞ dolları təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsaslarını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh (borc alan) iddiaçı (kreditor) ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, kreditorun həmin şəxsə qarşı öhdəliklərin icrasının təmin olunmasından ibarət tələbi qanuni və əsaslı olmuşdur. Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin müəyyən olunan hallarına əsasən kreditor "xxxx" ASC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə 29 sentyabr 2017-ci il tarixdə müraciət etsədə, ərizə məhkəmədə 15 yanvar 2018-ci ildə qeydiyyatdan keçmişdir. İş materiallarından kreditorun qeyd olunan ərizə və ona əlavə edilmiş sənədləri nə zaman rabitə orqanına təqdim etdiyini müəyyən etmək mümkün deyildir, iş materiallarında sənədlər göndərilən zərf yoxdur. Məhz bu baxımdan apellyasiya şikayətinin dəlilləri araşdırılarkən məhkəmə tərəfindən kreditorun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 17 aprel 2024-cü il tarixdə sorğu verilərək, kreditor "xxxx" ASC tərəfindən məhkəmə əmrinin verilməsinə dair 29 sentyabr 2017-ci il tarixli ərizənin və ona əlavə olunmuş sənədlərin rabitə orqanına hansı tarixdə təqdim edilməsinə dair məlumat verməklə, təsdiqedici sənədlərin təqdim olunması xahiş edilmişdir. Lakin hal-hazırki vaxtadək sorğu cavablandırılmamışdır. Belə olan halda kollegiya apellyasiya şikayətinin dəlillərinə işdə olan sübutlar əsasında qiymət vermək məcburiyyətində qalmışdır. İşdə olan sübutlar isə onu deməyə əsas verir ki, müqavilə müddətinin 20 oktyabr 2016-cı il tarixində bitməsinə baxmayaraq, kreditor zaminə qarşı, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni 20 oktyabr 2017-ci il tarixinədək iddia verməli olduğu halda, həmin müddəti ötürməklə 15 yanvar 2018-ci ildə məhkəmə əmrinin verilməsinə dair ərizə vermişdir. Odur ki, iddiaçı zaminə qarşı tələb hüququnu itirdiyindən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh3 aid hissədə ləğv olunaraq, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə zamin Cavabdeh3 aid hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti (2300ABŞ dolları x 1.70=3910) 3910 manat təşkil edirki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdelərdən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(064)-79/2024 saylı qətnaməsi cavabdehlərdən Cavabdeh3 aid hissədə ləğv olunsun və iddia tələbi ona aid hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar