Məhkəmə qərarları › İş №2(106)-670/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-670/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-670/2024 17.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(020)-70/2024 saylı qətnaməsindən (hakim R.Nurullayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 20000 (iyirmi min) manat və ödəmiş olduğu 150 (bir yüz əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2022-ci tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı Beyləqan şəhəri, Məmmədxanov küçəsi ev-86-da yaşayan Cavabdeh "Hyundai" markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabili sövdələşmə aparmaqla 20000 manata razlaşaraq almışdır. Həmin vaxt onların yanında qardaşları Namiq, Cavid və oğlu Müdahim olmuşdur. Aldığı avtomaşına görə Cavabdeh 19900 manat nağd pul vermişdir. Maşının texniki şəhadətnaməsi tanımadığı X5 adına olmuşdur. Cavabdeh avtomabili baş ehtibarnamə ilə ona satmışdır. Həmin vaxtdan, yəni 13 sentyabr 2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək avtomabil onun istifadəsində olmuşdur. 19 iyul 2023-cü il taxidə tanımadığı qadın ona zəng edərək istifadəsində olan "Hyundai" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomabilin ona məxsus olmasını, həmin avtomabili X6 19 avqust 2022-ci il tarixdə 19000 manata satmasını və pulunu X2 ala bilmədiyindən şikayətlənmişdir. Seymurun da sözügedən avtomabili Cavabdeh satdığını ona bildirmişdir. 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi ev 68, mənzil 14-də yaşayan X9 ilə Ağcabədi rayonu Polis şöbəsində görüşmüşdür. Nailə avtomobilin ona məxsus olmasını və avtomobili duracağa yerləşdirilməsini tələb etmişdir. Bundan əlavə DİN-nin 102 saylı qaynar xəttinə və Ağcabədi rayon Polis şöbəsinə bu barədə şikayət etmişdir. Ağcabədi rayonu Polis şöbısində tədqiqat bölməsinin təhqiqatçısı araşdırma aparmışdır. Araşdırmada onların izahatları aılnmış və mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmundla izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 13 sentyabr 2022-ci tarixdə tanışı Seymurun etibarnamə ilə idarə etdiyi "Hyundai" markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabili Seymurun vasitəsi ilə İddiaçı satmışdır. Maşının satışından əldə etdiyi 19900 manat pulu da Seymura vermişdir. Avtomobili iddiaçıya satarkən ona avtomobilin qadın adına olduğunu və tez bir zamanda adlarına keçirmələri lazım olduğunu demişdir. Lakin bir ilə yaxın müddətində iddiaçı avtomobili sənədləşdirməmişdir. O, ona verilən etibarnamədən istifadə edərək satış etmişdir. Onun heç bir günahı yoxdur. Pulu iddiaçıdan özü almış və Seymur adlı şəxsə vermişdir. İddiaçı Seymuru görməmiş və onu tanımamışdır. Hazırda o, özü də Seymura qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(020)-70/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 19900 (on doqquz min doqquz yüz) manat məbləğində pulun və 150 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Beyləqan Rayon Məhkəməsi Mülki Məcəllənin 389-cu maddəsini düzgün tətbiq etməyib. İddiaçı iddia ərizəsində alğı-satqı müqaviləsi barədə maddi hüquq normasına istinad etsə də, məhkəməyə alğı-satqı müqaviləsi təqdim etməyib. Edə də bilməzdi, çünki iddiaçı ilə arasında heç bir alğı-satqı müqaviləsi bağlanmayıb, belə bir müqavilə mövcud deyil. Ona görə də iddiaçının və məhkəmənin Mülki Məcəllənin 567-ci maddəsinə istinad etməsi əsassızdır. Məhkəmə Mülki Məcəllənin 567-ci maddəsini düzgün tətbiq etməyib. Qətnamədə Mülki Məcəllənin alğı-satqı ilə bağlı 567-ci, 568.1-ci və 573-cü maddələrinə istinad edilib. Lakin həmin maddələrə istinad olunmasının heç bir əsası yoxdur, çünki ortada heç bir alğı-satqı müqaviləsi yoxdur. Mülki Məcəllənin 385-ci maddəsi düzgün tətbiq edilməyib. Heç bir öhdəlikdən söhbət gedə bilməz. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri pozulub. Belə ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan qanunu tətbiq etməyib. Məhkəmə Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad etməkdə haqlı olmayıb. Belə ki, iddiaçı ilə arasında heç bir müqavilə mövcud olmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbləri pozulub. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan qanunu tətbiq etməyib. İddiaçı pulu ondan tələb edir. Pulu iddiaçıdan alıb S.Pənciyevə vermişdir. Onda pul yoxdur ki, iddiaçı onu tələb etsin. Hazırda özü də S.Pənciyevə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır, çünki S.Pənciyev əsassız varlanmaqla maddi zərər vurub. S.Pənciyev ona pulu qaytarmalıdır ki, pulu iddiaçıya versin. Mülki Məcəllənin 1091.2-ci, 21-ci, 1096-cı və 1097-ci maddələrinin tələbləri pozulub. Belə ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan qanunu tətbiq etməyib. Məhkəmə iclasında verdiyi izahat nəzərə alınmayıb. İddianı qəbul etməyərək məhkəmə iclasında izahatında da bildirmişdir ki, 13 sentyabr 2022-ci tarixdə tanışı X2 etibarnamə ilə idarə etdiyi Hyundai markalı **-SC- *** dövlət qeydiyyat nişanlı avtomabili S.Pənciyevin vasitəsilə baş etibarnamə ilə İddiaçı vermişdir. İddiaçı verdiyi 19900 manat pulu S.Pənciyevə vermişdir. Avtomobili iddiaçıya verərkən ona avtomobilin başqa bir şəxsə - X7 məxsus olduğunu, belə ki, avtomobilin həmin şəxsin adına qeydiyyata alındığını və tez bir zamanda adlarına keçirmələri lazım olduğunu demişdir. Lakın bir ilə yaxın müddətdə iddiaçı avtomobili sənədləşdirməyib. Avtomobil 13 sentyabr 2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək iddiaçının istifadəsində olub. 19 iyul 2023-cü il tarixdə N.Məmmədova iddiaçıya zəng edərək avtomobili S.Pənciyevə 19 avqust 2022-ci ildə 19000 manata verdiyini, lakin pulunu ondan ala bilmədiyindən şikayətlənib. İddiaçı heç nə edə bilməyəcəyini deyib. Bundan sonra N.Məmmədova 21 iyul 2023-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinə müraciət edərək ona məxsus Hyundai markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı etibarnamə olmadan idarə etdiyini, avtomobil duracağa yerləşdirilmədiyi üçün əsəbiləşib özünü yandıracağını bildirib. N.Məmmədova avtomobilin duracağa yerləşdirilməsini xahiş edib. Lakin işdə cinayət tərkibinin olmaması əsası ilə 31 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Nəticədə N.Məmməova avtomobili iddiaçıdan geri alıb. Hazırda pul ondan tələb edilir. Heç bir təqsiri yoxdur. Ona verilmiş etibarnamə əsasında hərəkət etmişdir. Pulu iddiaçıdan alıb S.Pənciyevə vermişdir. Onda pul yoxdur ki, iddiaçı onu tələb etsin. Hazırda özü də S.Pənciyevə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır, S.Pənciyev pulu qaytarmalıdır ki, pulu iddiaçıya versin. Məhkəmədən bunları nəzərə almasını xahiş etmişdir. Lakin Beyləqan Rayon Məhkəməsi qətnamə qəbul edərkən izahatını nəzərə almayıb. İşdə iştirak edən şəxs olaraq iş üçün əhəmiyyətli olan faktlar barədə izahatı nəzərə alınmayıb. Məhkəmə işə birtərəfli qaydada, iddiaçının marağına və mövqeyinə uyğun baxaraq qətnamə qəbul edib. Beyləqan Rayon Məhkəməsi bütün faktiki halları araşdırmayıb. Məhkəmə nəzərə almayıb ki, ona maddi zərər vurulub. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh "Elektron məhkəmə" informasiya sistemi üzərindən ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemdən dolayı məhkəmədə iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin səhhətində nasazlığın yaranmasını təsdiq edən hər hansı bir sübutunu ərizəsinə əlavə etməmişdir. Qanunvericililə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Hyundai Santafe" minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 adınadır; Təmsil olunan mülkiyyətçi X9 tərəfindən etibar edilən İddiaçı 11 sentyabr 2022-ci il tarixdə verimiş etibarnamənin surətindən görünür ki, mülkiyyətçiyə məxsus "Hundai Santafe" minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 ay 8 gün müddətinə, 19 avqust 2023-cü il tarixinədək idarə etmək, bağışlamaq, üzərində sərəncam vermək, qeydiyyatdan çıxarmaq və digər hərəkətləri etmək İddiaçı etibar edilmişdir. Etibarnamə üzrə mülkiyyətçinin Nəsibov soyadlı şəxs təmsil etmiş, səlahiyyətlər onun tərəfindən ötürülmüşdür; Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Ramil Piriyevin 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 21 iyul 2023-cü il tarixdə X9 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, həmçinin DİNnin 102 xidmətinə zəng edib, ona məxsus Hyundai markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağcabədi rayon Qaradolaq kənd sakini İddiaçı tərəfindən idarə olunduğunu aşkar etdiyini bildirib, saxlanılıb duracağa yerləşdirilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı X9 izahatında göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında tanıdıdığı X10 adlı şəxsə avtomobilini yenisi ilə əvəz etmək istədiyini bildirmişdi, çünki əvvəllər də Seymurdan bir-neçə dəfə avtomobil almışdı. Hyundai markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə ilə Seymura vermiş, Seymur isə öz növbəsində avtomobili 20000 manata sataraq, onun üçün Kia Sonrento markalı avtomobil gətirəcəyinə söz vermişdir. Sonradan bir-neçə dəfə Seymurdan ona avtomobil gətirməsi ilə maraqlanmış, Seymur isə hər dəfə müxtəlif bəhanələr gətirərək onun üçün alınan avtomobilin gəmidə olmasını, yaxın günlərdə gələcəyini demişdir. Sonradan Seymura verdiyi avtomobilinin bir-neçə şəxsə satıldığını öyrənmiş, məlum olmuşdur ki, Seymur onun avtomobilini satsa da, əvəzinə ona avtomobil verməmişdir. Buna görə də, etibarnamələri ləğv etdirib DİN-nin BDYPİ-nə müraciət etmişdir. Avtomobilinin Ağcabədi rayon Qaradolaq kəndində olduğu müəyyən edilmiş və üzərinə həbs qoydurmuşdur. 20 iyul 2023-cü il tarixdə Ağcabədi rayon Qaradolaq kənd sakini İddiaçı evinə gəlmiş, avtomobilin ona məxsus olmasını bildirib duracağa yerləşdirilməsini tələb etmiş, Allahverən isə avtomobili Şakir adlı şəxsdən 22500 manata aldığını demişdir. Avtomobili İddiaçı tanımadığı Şakir adlı şəxs satmışdır. Seymur isə ona avtomobilin pulunu ödədiyini desə də, Seymur ona pul verməmişdir. Aparılmış araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı Beyləqan şəhər sakini Cavabdeh "Hundai Santafe" minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 22000 manata almış, texniki şəhadətnamə isə X5 adına olmuşdur. Şakir avtomobili baş etibarnamə ilə ona satmış, həmin vaxtdan da avtomobil onda olmuşdur. 19 iyun 2023-cü il tarixdə tanımadığı bir qadın ona zəng edib avtomobilin ona məxsus olmasını, həmin avtomobili X10 adlı şəxsə 19 avqust 2022-ci ildə 20000 manata satdığını və pulunu Seymurdan ala bilmədiyini, Seymurun avtomobili Şakirə, Şakirin də ona satdığını demişdir. Şakirdən pulunu almaq üçün avtomobili qaytarıb Şakirə vermişdir, hazırda avtomobilin harda olmasını bilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir, 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin müəyyən olunan faktiki halları ondan ibarətdir ki, mübahisəli "Hundai Santafe" minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 məxsus olmaqla X8, sonradan isə 21 avqust 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh idarəçiləyinə verilmişdir. Sonrakı tarixdə, yəni 11 sentyabr 2022-ci il tarixli etibarnamə əsasında həmin nəqliyyat vasitəsi ilə bağlı səlahiyyətlər təmsil olunan Cavabdeh tərəfindən İddiaçı ötürülmüşdür. Nəqliyyat vasitəsinin mülkiyyətçisi Nailə Məmmədova avtomobilini satmaq üçün etibar etdiyi Seymur Pənciyev adlı şəxs tərəfindən aldadıldığını, avtomobili satılsa da, pulunun ona ödənilmədiyini bildirib avtomobillə bağlı verilən bütün etibarnamələri ləğv etdirmiş, həmçinin DİN-nin BDYPİ-nə müraciət edərək avtomobilin üzərinə həbs qoydurmuşdur. Hazırki mübahisə tərəflərinin birinci instansiya məhkəməsində verdiyi izahatlarından, cavabdehin etirafından müəyyən olunur ki, mübahisəli nəqliyyat vasitəsinə görə İddiaçı tərəfindən Cavabdeh 19900 manat məbləğində pul verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur; Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz; Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur; Maddə 364.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz; Maddə 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsinin əsaslarından biridir. İşin müəyyən olunan faktiki hallarına əsasən hazırki mübahisənin obyektini təşkil edən nəqliyyat vasitəsinə dair mülkiyyətçi Nailə Məmmədova ilə vəkalət alan Seymur Pənciyev arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər formalaşmışdır. Belə ki, sonuncu mülkiyyətçiyə məxsus nəqliyyat vasitəsini sataraq, dəyərinə iddiaçı üçün "Kia Sorento" markalı nəqliyyat vasitəsi almaq kimi üzərinə vəzifə götürmüşdür. Lakin sonuncu mülkiyyətçinin bu tapşırığını kifayət qədər vicdanla icra etməli olduğu halda, mülkiyyətçiyə məxsus nəqliyyat vasitəsinə dair hazırki iş üzrə cavabdehə etibarnamə vermiş, faktiki olaraq isə sataraq əldə etdiyi vəsait hesabına nə mülkiyyətçi üçün vəd etdiyi avtomobili almış, nədəki satdığı avtomobilin dəyərini mülkiyyətçiyə vermişdir. Bununla vəkalət alan şəxs olaraq vəkalət verən şəxsə zərər yetirmişdir ki, bunun üçün məsuliyyət daşımalıdır. Sonrakı mərhələdə isə mübahisənin obyektini təşkil edən avtomobilə dair etibar edilmişi başqasına etibaretmə qaydasında hərəkət edən cavabdeh səlahiyyətləri iddiaçıya ötürmüş, bu zaman səlahiyyətləri başqa şəxsə verməsi barədə etibarnamə verənə məlumat verməmişdir. Nəqliyyat vasitəsinə dair verilən bütün etibarnamələr mülkiyyətçi tərəfindən ləğv olunaraq, avtomobil axtarışa verildiyindən, bununla da iddiaçı avtomobil üzərində sahiblik və istifadə hüquqlarını itirdiyindən, cavabdeh həmin avtomobilin dəyəri kimi iddiaçıdan almış olduğu pul məbləğində iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 1091.1. Əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehə münasibətdə sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma baş verdiyindən, cavabdeh məhrum olunanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(020)-70/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar