Məhkəmə qərarları › İş №2(106)-670/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-670/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-670/2025 07.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək X1 xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində və ya həmin məbləğdən az olmamaq şərti ilə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, X1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayanlar xx.xx.2010- cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulması barədə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1570/2023 saylı qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən yaranmış hər ay üçün 60 manat olmaqla, 780 manat borcun İddiaçı ödənilməsi və X1 Cəbrayıl 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və mediasiyanın xx.xx.2024-cü il tarixli MŞBC/MT020/2024- 01132 nömrəli mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğ borcun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, X2 xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat (hər iki uşaq uçün birlikdə 470 (dörd yüz yetmiş) manat olamaqla) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və X2 Cəbrayıl 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və mediasiyanın xx.xx.2024-cü il tarixli MŞBC/MT020/2024-01132 nömrəli mediasiya sessiyası üçün ödənilmiş 60 (altmış) manat məbləğ borcun onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2007-ci il tarixli nikah Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsi ilə pozulmuş və nikahın pozulması Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 18 nömrəsi ilə qeydə alınaraq xx.xx.2022-ci il tarixli AZ-İNQ479211 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(064)-323/2020 saylı qətnaməsi ilə Cavabdeh qismən analıq hüquqlarından məhrum edilmiş, 2010-cu il təvəllüdlü X13 və onun 2011- ci il təvəllüdlü qardaşı X5 himayəsi analarından alınaraq atalarına - İddiaçı verilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X13 və xx.xx.2011-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)- 323/2020 saylı qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulub, uşaqlar iddiaçının yanında saxlanılıb. Füzuli Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(064)-849/2021 saylı qətnaməsinə əsasən hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat alimentin tutulması qət edilmiş, sonradan apelyasiya instansiyasında alimentin cəmi miqdarı 200 manat müəyyən edilmişdir. X6 orta məktəbdə müəllim işləməklə 872,22 manat əmək haqqı alır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(064)- 1570/2023 saylı qətnaməsi ilə X2 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayanlar X14 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağının gündəngünə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. Hazırda o, uşaqların həm maddi təminatı, həm də tərbiyəsi ilə təkbaşına məşğuldur. Maddi vəziyyəti buna imkan verir, ancaq Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərildiyi kimi, valideynlər uşaqları saxlamağa borcludurlar. Cavabdeh orta təhsil müəssisəsində müəllimə kimi işləyir, yüksək əmək haqqı alır, həmçinin qeyri-rəsmi qaydada ödənişli repititorluq fəaliyyəti ilə də məşğuldur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini artırılmış həcmdə müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini qeyd edərək bildirmişdir ki, o, hazırda müəllimə işləyir. Aldığı əmək haqqının yarısından çoxunu bank kreditlərinin ödənilməsinə sərf edir, maddi imkanı zəifdir. Ona görə də ən çox hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Səkinəxanım Məmmədli), iddianın qismən təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1570/2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmaqla dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlılar xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi, həmçinin mediasiya xərci üçün ödənilmiş 60 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, izahatında Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-323/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşaqların atadan alınaraq verilmələri və alimentin tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, X7 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2007-ci il tarixində 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X10 ataları İddiaçı yanında qalmaları qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 1570/2023 saylı qətnaməsindən görünür ki, X1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən yetkinlik yaşına çatmayanlar xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən müəyyən edilir ki, X13 xx.xx.2010-cu ildə və X10 xx.xx.2011-ci ildə doğulmuşlar. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən ilkin mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd İnizbati Ərazi Darəsi Üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilən arayışdan görünür ki, İddiaçı halhazırda həqiqətəndə Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində yaşayır və ailə tərkibi uşaqları xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan işdə olan qəbzin surətindən görünür ki, iddiaçı Hacıyev X8 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat mediasiya rüsumunu ödəmişdir İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" ASC-dən 20000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq azyaşlılar xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi məhkəmənin qətnaməsi ilə alimentin miqdarı hər bir uşağa görə 180 manat olmaqla ümumilikdə 360 manat müəyyən edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını, yəni hər ay bir uşağa görə 246 manat olmaqla, ümumilikdə 492 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1584 (132x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-132/2025 saylı, 06 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar