Məhkəmə qərarları › İş №2(106)-672/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-672/2023

02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-672/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(041)-1750/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq; İşin halları: İddiaçı cavabdeh Kürdəmir Suvarma Sistemləri İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən ona vurulmuş 1650 manat məbləğdə ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Kürdəmir rayon Aqrar İslahat komissiyasının qərarı ilə ailə üzvlərinə Kürdəmir rayon Köhünlü kəndi ərazsindən pay torpaq sahəsi verilmiş və həmin tarixdən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Torpaq sahəsində hər il arpa, buğda və digər bitkilər əkmişdir. 2021-2022-ci il müvsümündə həmin sahədə buğda əkmiş və buğda sahəsini bir neçə dəfə sulamışdır. 2022-ci ilin fevral ayında cavabdeh qurumun əməkdaşlarının səhlənkarlığı nəticəsində torpaq sahəsinə əsassız su buraxılmış və sahə tamamilə məhv olmuşdur. Bununla bağlı cavabdeh qurumun əməkdaşlarına dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamış, suyun verilməsini dayandırmamışlar. Bununla bağlı Kürdəmir RPŞ-yə müraciət etmiş və aparılmış araşdırmanın nəticəsi olaraq ona 1650 manat məbləğində ziyan dəydiyi məlum olmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək ona dəymiş ziyanı ödəməyi xahiş etsə də, heç bir nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(041)-1750/2022 saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia təmin edilərək cavabdeh Kürdəmir Suvarma Sistemləri İdarəsindən dəymiş maddi ziyana görə 1650 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21 və 1099-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Kürdəmir Suvarma Sistemləri İdarəsi Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(041)-1750/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Kürdəmir Suvarma Sistemləri İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə əsassızdır. Belə ki, Kürdəmir Suvarma sistemləri idarəsi cavabdeh qismində məhkəmədə çıxış də bilməz. Çünki Kürdəmir Suvarma sistemləri Azərbaycan Cavabdeh-nin nəzdində fəaliyyət göstərən hüquqi şəxsin filialıdır. Həmçinin məhkəmə tərəfindən mülki işin materialları araşdırılarkən heç bir sübuta əsaslanmamış, sübut kimi yalnız DAİM-in rəyi əsas götürülmüşdür. Halbuki, DAİM tərəfindən yalnız iddiaçının ərazsinə dəymiş ziyan göstərilmişdir. İddiaçıya kimin tərəfindən ziyan vurulması göstərilməmiş və aydınlaşdırılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(041)-1750/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Cavabdeh-nin Kürdəmir Suvarma Sistemləri İdarəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bununla əlaqədar heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Tətbiq edilən hüquq: MM-in; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası qətnaməyə apellyasiya baxışının hədləri daxilində yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(041)-1750/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təssrüfatı Nazirliyi Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiliçik sektorunun müdiri Qorxmaz Şükürovun əkin və torpaq sahəsinə baxış keçrilməsi barədə 18 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, əkilmiş 3 hektar buğda sahəsinin 1 dəfə suvardıqdan sonra iki dəfə ayrı-ayrı vaxtlarda naməlum səbəbdən su basmasının şahidi olmuşlar. Suyun sahəyə çoxlu miqdarda verilməsi, sahədə suyun qalması, torpağın səthində qaysaqlar əmələ gəlməsinə səbəb olmuşdur. Bu da məhsuldarlığın aşağı düşməsinə və 3-4 il sonra məhsulun 30-35 faiz az olmasına şərait yaradır. Buğda sahəsindəki ziyanlığı 18-20 sentnerdən hesab olunsa, 1.5ha*20sen=3000kq*0.55 azn=1650 manat ziyanlıq dəymiş olur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qənbərov Ağamirzə Möhübbət oğlunun ifadəsindən görünür ki, o, Kürdəmir suvarma sistemləri idarəsində elektrik vəzifəsində işləyir. Qeyd olunan yer üzrə suya nəzarəti birbaşa su idarəsi həyata keçirir. Qeyd olunan tarixdə su tənzimləyici bağlanmış, ona görə də ətraf əraziləri su basmışdır. Müslət Fəzəliyevin ərazisi çökəkdə yerləşdiyi üçün onun ərazisinə daha çox ziyan dəymişdir. Digər şahid Kərimov Mehdi Əlheydər oğlu isə ifadəsində göstərmişdir ki, Kürdəmir suvarma sitemləri idarəsində mühəndis-hidrotexnik vəzifəsində işləyir. Qeyd olunan yer üzrə suya nəzarəti birbaşa o, həyata keçirir. Qeyd olunan tarixdə su tənzimləyici onlar tərəfindən bağlanmış, lakin tanımadığı kənd sakinləri gecə saatlarında həmin suyu açmışlar. Nəticədə, suyun daşmasına səbəb olmuşdur. Həmin ərazidə yerləşən 30-40 təsərrüfata ziyan dəymişdir. İddiaçının torpaq sahəsi çökəkdə yerləşdiyi üçün onun torpaq sahəsinə daha çox ziyan dəymişdir. Lakin suyun çox verilməsi onların deyil, məhz iddiaçının öz səhlənkarlığı üzündən baş vermişdir. Belə ki, iddiaçı həmin vaxt su tənzimləyicini bağlamalı idi. Lakin bunu etməmiş, nəticədə suyun onun sahəsinə çox axmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının taxıl sahəsinə ziyan həmin ərazinin suvarılması üçün nəzərdə tutulmuş suvarma sistemində yaranmış nasazlıqlar nəticəsində dəymişdir. Məhkəmədə şahid qismində dindirilən Kürdəmir Suvarma Sitemləri İdarəsində mühəndis-hidrotexnik vəzifəsində işləyən Kərimov Mehdi Əlheydər oğlu suvarma sistemində nasazlığın olmamasını, gecə saatlarında tanımadığı kənd sakinləri tərəfindən suvarma sisteminə müdaxilə edildiyini bildirsə də, iddiaçıya dəymiş ziyanın həmin müdaxilənin aradan qaldırılması ilə bağlı iddiaçının hərəkətsizliyi ilə əlaqələndirilməsi ağlabatan görünmür. Belə ki, mühəndis hidrotexnikin vəzifə səlahiyyətləri mövcud normativ hüquq aktları ilə dəqiq müəyyən edilmişdir. Mühəndis hidrotexnik əl və ya mexaniki alət və avadanlıqlardan istifadə etməklə yeraltı və ümumi suvarma sistemlərini hazırlayır, quraşdırır və təmir işlərini həyata keçirir. Suvarma ilə əlaqədar planlar və texniki tələbləri əldə etmək və ərazini yoxlamaq; suvarma sistemlərinin səmərəli şəkildə təchizatı, quraşdırılması və istismarı üçün iş ərazisini hazırlamaq; yeraltı naqillər, borular və digər mövcud sistemlərin yerini müəyyən etmək; hidrometr və ya digər mümkün vasitələrin köməkliyi ilə axının sürətini ölçmək və suyun təzyiqini (hidrostatik təzyiq) müəyyən etmək; suyun təchizatı və istifadə imkanlarını yoxlamaq; müvafiq dövr ərzində suvarma tələblərini qarşılamaq üçün tələb olunan suyun həcmini müəyyən etmək; sahənin mailliyi və torpağın su keçirmə qabiliyyətini nəzərə almaqla torpağın eroziyaya uğramaması və meliorativ vəziyyətinin pisləşməməsi üçün şırımlara verilən su sərfini düzgün seçmək; suvarma sisteminin hidravlik parametrlərini müəyyən etmək: suvarma sistemi üçün su təchizatı ilə əlaqədar texniki tələbləri təsdiq etmək; torpağın xüsusiyyətlərini təsdiq etmək və hidravlik xüsusiyyətləri müəyyən etmək; suvarılacaq hər bir ərazi üçün ən yüksək su həddi ilə əlaqədar tələbləri müəyyən etmək; müvafiq ərazini tələb olunan həcmdə su ilə təchiz etmək üçün təzyiqləri müəyyən etmək; axın istiqaməti və idarəetmə komponentlərinə uyğun olan boruları seçmək və qoşulma zamanı təzyiqin düşməsini minimuma endirmək; suvarma xətlərinin ölçmə və işarələnməsinin planlara uyğun olmasını yoxlamaq; kənd təsərrüfatı bitkilərini suvarmaq üçün kifayət qədər su səviyyəsini təmin etmək məqsədi ilə əsas bölüşdürücü kanalda tələb olunan səviyyədə su axınını əldə etmək və saxlamaq; müəssisənin prosedurlarına uyğun olaraq tələb olunan sayda sifonları işə salmaq və ya açmaq; şırımlarda su axınının artımına nəzarət etmək; sifonları suvarma başa çatdıqdan sonra müəssisənin prosedurlarına uyğun olaraq qaldırmaq; suvarma avadanlıqlarında dəyişiklikləri zəruri halda həyata keçirmək və onları işarə etmək; suvarma sistemlərində qüsurları və uyğunsuzluqları yoxlamaq, müəyyən etmək, aradan qaldımaq və bu barədə məlumat vermək; layihənin texniki tələblərinə əsasən sistemin saz olması, eləcə də kanallar, drenajlar və suaşıranlarda zədə, çat və tutulma hallarının olmamasını yoxlamaq; istismar prosesi zamanı qüsurları müəyyən etmək və nəzarətçiyə bu barədə məlumat vermək və ya düzəldici tədbirləri həyata keçirmək və sair onların vəzifələrinə aid edilmişdir. Məhkəmə iddia edilən maddi ziyanın məbləğinə gəldikdə qeyd etmişdir ki, işdə yeganə sübut Azərbaycan Respublikası Kənd Təssrüfatı Nazirliyi Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin 18 yanvar 2022-ci il tarixli mütəxəssis rəyi başqa sübutlarla təkzib edilmədiyi üçün iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin zərərin dəyməsinin cavabdehin təqsiri ucbatından baş verməməsi barədə dəlilinə lazımi hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlili heç bir sübutla təsdiq olunmur. Əksinə cavabdehin hazırkı iddia tələbi üzrə vurulmuş ziyana dair təqsirinin mövcudluğu Azərbaycan Respublikası Kənd Təssrüfatı Nazirliyi Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin 18 yanvar 2022-ci il tarixli mütəxəssis rəyi və şahid ifadələri əsasında həm işin faktiki halları, eyni zamanda qanunvericlik normaları ilə təsdiq olunur. Bundan əlavə, cavabdeh Kürdəmir Suvarma Sistemləri İdarəsinin hüquqi şəxs deyil, filial olması barədə apellyasiya şikayətinin dəlilinə dair kollegiya diqqətə çatdırır ki, hər bir şəxs üçün açıq olan internet informasiya resurslarından Kürdəmir Suvarma Sistemləri İdarəsinin müstəqil hüquqi şəxs olmasını (VÖEN: **********) öyrənmək olar. Bu da, onun cavabdeh qismində məhkəmədə çıxış etməsinə yol verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən cavabdehin qanunsuz hərəkətləri yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş ziyan və onun dəqiq məbləği barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmiş və ya məhkəmə araşdırması zamanı belə sübutlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər ki, məhkəmə kollegiyası da iş üzrə toplanmış və tədqiq olunmuş sübutları iddianın təmin edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən də, apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(041)- 1750/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün qanunla nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(041)-1750/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar