Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-675/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Neftçala Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca verdiyi 11.000 (on bir min) manat məbləğində pulun və 123 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Müdafiə Nazirliyinin Baş X3 Texniki Təminat tağımında əşya xidmətində anbardar vəzifəsində işlədiyi müddətdə kollektivlə, o cümlədən Cavabdeh ilə mehriban və səmimi münasibəti olmuşdur. Yanğın söndürmə şöbəsində işləyən Cavabdeh onunla arasındakı yaxın münasibətdən istifadə edərək, 2023-cü ildə ondan 10.000 manat məbləğində borc pul istəmiş, həmin pulu 1 ay müddətinə geri qaytaracağına söz vermişdir. O da cavabdehə inanmış və 04 iyul 2023-cü il tarixdə, Bakı şəhəri 43 saylı notariat mərkəzində notariusun iştirakı ilə 45 gün müddətinə 10.000 manat məbləğində pulu müqavilə əsasında Cavabdeh borc vermişdir. Müqavilədən bir həftə sonra cavabdeh təkrar ondan 1.000 manat məbləğində borc istəmiş, bu zaman ona inandığı üçün müqavilə bağlamadan ona 1.000 manat da vermişdir. Cavabdehin hazırda ona olan borcu ümumilikdə 11.000 manat təşkil edir. Lakin cavabdeh ona olan borcundan heç bir ödəniş etməmiş, onun etibarından sui-istifadə edərək pulunu mənimsəmişdir. Dəfələrlə cavabdehə və onun atasına pulun geri qaytarması ilə bağlı müraciət etsə də cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının pensiyasını bərpa etməsi ilə bağlı işi olmuş, onun da xalasının vasitəsilə tanıdığı X2 ilə tanışlığı olduğu üçün, həm də Samirə Mirzəyeva onun xalasına pensiya düzəltdiyi üçün həmin qadına iddiaçının pensiya işi ilə bağlı müraciət etmişdir. Samirə Mirzəyeva da iddiaçının pensiya almasına köməklik edə biləcəyini bildirərək məsələnin həlli üçün 11.000 manat pul lazım olduğunu demişdir. O da həmin məbləği iddiaçıya bildirmiş və iddiaçı həmin məbləğlə razılaşmışdır. Daha sonra iddiaçı onunla borc müqaviləsi bağlayaraq həmin məbləği ona vermiş, o da həmin pulu Samirə Mirzəyevaya vermişdir. Samirə Mirzəyeva isə onu aldatmış və iddiaçının işini də həll etməmişdir. Samirə Mirzəyevanın hərəkətlərindən şikayət etmiş, onun barəsində Səbail Rayon Polis İdarəsində cinayət işi başlanmış və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Samirə Mirzəyeva hazırda istintaq təcridxanasında saxlanılır və Ağır Cinayətlər Məhəməsində onun işinə baxılır. Cinayət işi bitdikdən sonra pulu Samirə Mirzəyevadan alıb iddiaçıya qaytarmağı güman edir. Hazırda onun pulu yoxdur, Samirə Mirzəyevadan pulu alan kimi iddiaçının pulunu qaytaracaqdır. Neftçala Rayon Məhkəməsinin (hakim C.Qədimov) 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 11.000 (on bir min) manat, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 123 (yüz iyirmi üç) manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 443.1, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, məhkəmə işə baxarkən cavabdeh tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı tərəfindən verilən ödəniş onun tərəfindən hər hansı ehtiyacına sərf edilməmişdir. Çünki həmin pul Samirə Mirzəyeva tərəfindən ələ keçirilmişdir. Samirə Mirzəyevanın barəsində Səbail rayon Polis İdarəsində cinayət işi başlanmışdır. Qeyd edilən xüsusatlar tam təsdiqləyir ki, həmin pul cavabdeh tərəfindən ələ keçirilməmişdir. Onda olmayan bir məbləğin ondan tutulması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tərəfindən Samirə Mirzəyeva əsl cavabdeh kimi mülki işə cəlb edilməli və 11000 manat məbləğində pul ondan tutulmalı idi. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı tələb etdiyi məbləğdə pulu ona verib. Belə ki, iddiaçının əlillik təqaüdü kəsilmişdir. Təqaüdü bərpa etmək üçün qeyd olunan 10000 manatı Samirə Mirzəyevaya vermişdir. Bununla bağlı iddiaçı ilə aralarında borc müqaviləsi bağlanmışdır. Lakin aldığı pulu iddiaçının işin düzəltmək üçün Samirəyə vermişdir. Əsl cavabdeh Samirə Mirzəyevadır. S.Mirzəyeva barəsində cinayət işi açılmışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, Cavabdeh ondan borc istəmişdir. Notariusda kredit müqaviləsi bağlayaraq cavabdehə borc pul vermişdir. Sonra cavabdeh ona borcunu qaytara bilməyəcəyini, borcun müqabilində onun dayandırılmış təqaüdünün bərpa etdirə biləcəyini bildirmişdi. O, hətta həmin pulu hissə-hissə qaytarmağı da təklif etmişdi. O, pulu borc olaraq cavabdehə vermişdir, cavabdehi tanıyır, Samirə adlı qadını tanımır. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 04 iyul 2023-cü il tarixli Bakı şəhəri 43 saylı notariat mərkəzində təsdiq edilmiş kredit müqaviləsinə görə, “borc verən”- İddiaçı, “borc alan”- Cavabdeh 20 avqust 2023-cü il tarixinədək qaytarmaq şərtilə 10.000 manat məbləğində borc verilmişdir. İddiaçı 10000 manatdan əlavə cavabdehə daha 1000 manat verdiyini bildirmişdir. Cavabdeh iddiaçı ilə aralarında 10000 manata dair kredit müqaviləsinin bağlandığını, əlavə olaraq iddiaçıdan 1000 manat, cəmi 11000 manat aldığını inkar etməmişdir. İddiaçı borc olaraq cavabdehə verdiyi 11000 manat məbləğində pulun və 123 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında notarial qaydada yazılı borc müqaviləsi bağlanmışdır. Bundan başqa, cavabdeh iddiaçıdan əlavə olaraq 1000 manat aldığını da etiraf etmişdir. Cavabdeh etirazında və apellyasiya şikayətində borca aldığı pul vəsaitini iddiaçının pensiyasını düzəltmək üçün tanışı Mirzəyeva Samirə adlı qadına verdiyini, pulu Samirənin mənimsədiyini bildirmişdir. Samirə haqqında dələduzluğa görə cinayət işi gedir, o, Samirədən pulu aldıqdan sonra qaytara bilər. Ona görə, cavabdehin mövqeyinə görə əsl cavabdeh Samirə Mirzəyeva olmalıdır. İddiaçı isə izahatında cavabdehin özünə pul lazım olduğu üçün ondan borc aldığını, sonra cavabdeh borcunu qaytara bilməyəcəyini, borcun müqabilində onun dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyəni bildirmişdir. Lakin o, cavabdehə borc vermişdir, Samirəni tanımır. İş materiallarına əlavə edilmiş sənədlərdən və cavabdehin izahatından bəlli olur ki, Cavabdeh, Samirə Mirzəyevanın işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmişdir. Zərərçəkmiş qismində ifadəsində o, S.Mirzəyevaya sosial mənzil və s. işlərin düzəldilməsi məqsədilə müxtəlf məbləğlərdə pul vəsaiti verdiyini bildirmişdir. Kollegiya hesab edir ki, göstərilənlər hazırki iş üzrə Cavabdehlikdən çıxarılması, Samirə Mirzəyevanın əsl cavabdeh qismində cəlb edilməsi üçün əsas vermir. Belə ki, hazırki iddiaçı ilə Samirə Mirzəyeva hər-hansı hüquq münasibətində olmamışdır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış və notariusda təsdiq edilmiş 04 iyul 2023-cü il tarixli kredit müqaviləsinin qanuniliyi prezumpsiyası vardır və həmin müqavilənin etibarsızlığı üçün əsas yoxdur. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(053)-1130/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-675/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-675/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver