Məhkəmə qərarları › İş №2(106)-676/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-676/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-676/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(064)2177/2022 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavadehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə cəmi 9.856,87 manat olmaqla bundan 2.895,83 manat əsas borc, 3.732,14 manat faiz borc, 2.810,50 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 418,40 manat faiz borcu və 118,57 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 002204 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış cərimə borcunu ödəmək barədə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla da, borclu müqavilənin şərtlərini lazımınca yerinə yetirməmişdir. Hazırda cavabdehin kredit borcu cəmi 9.856,87 manat təşkil etmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Füzuli Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(064)2177/2022 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Füzuli Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(064)2177/2022 saylı qətnaməsindən narazı olan iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ərazi üzrə Füzuli Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Füzuli Rayon Məhkəməsi müvafiq işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarmışdır. Həmin iş üzrə geri qaytarma qərardadı Bankın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qərardadda qeyd edilmişdir ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan işğaldan azad edilən ərazi olduğundan orada faktiki yaşayış yeri yoxdur. Bu səbəbdən ilkin iddia ərizəsi icraata götürülmədən geri qaytarılmışdır. Cavabdehin faktiki yaşayış yerini müəyyən etmək məqsədilə Bank tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli sorğu məktubu göndərilmiş, sorğuya cavab xx.xx.2022-ci il tarixdə Banka daxil olmuşdur. Göründüyü kimi, ilkin olaraq Bank məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə etmiş, lakin ondan asılı olmayan səbəblərdən Füzuli Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmışdır. Bundan sonra Füzuli Rayon Məhkəməsinə yenidən müraciət edilməsi üçün tərəflərindən iddia ərizəsinin tərtib edilməsi, ləğvedicinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi və.s. bu kimi idarədaxiıi prosedur qaydalar LPO İddiaçı ASCdən asılı olmayan səbəblərdən iddia ərizəsinin müvafiq vaxt itkisi ilə Füzuli Rayon Məhkəməsinə göndərilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən: iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Belə ki, qeyd olunan normada fiziki şəxs olan iddiaçıdan bəhs edilsə də, normanın analogiyası aparılsa və nəzərə alınsa ki, MPM-nin 50.1-ci maddəsinə əsasən “Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.. ”, belə nəticəyə gəlmək olar ki, fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq iddiaçı özündən asılı olmayan səbəblərdən iddia müddətini ötürsə, məhkəmənin üzürlü saydığı müstəsna hallarda şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarlarında iddia müddətinin tərifi haqqında: “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyr-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət məhkəməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır” qeyd edilmişdir. Məhkəmə iclaslarında Bankın nümayəndəsi üzürlü səbəbdən iştirak edə bilmədiyindən qeyd edilən halları məhkəmənin nəzərinə çatdıra bilməmiş və məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ərizə ilə bağlı Bankın münasibətini öyrənmədən Azərbaycan Respublikası MM-nin 373.2; 375.2-ci maddələrini rəhbər tutaraq maddi hüquq normasını düzgün tətbiq etməməklə əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisələndirilən mövzuya başqa istiqamətdən hüquqi qiymət verilsə belə nəticəyə gəlmək olur ki, cavabdehin sözügedən kredit müqaviləsindən yaranmış öhdəlik üzrə etdiyi hərəkətlər kredit borcunun olması etirafı anlamına gəlir. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı mövcud olmuşdur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr hesablanması nəzərdə tutulub. Hesabdan çıxarış ilə isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər ardıcıllıqla qeyd olunmuşdur. Tələb olunan borc məbləği təcrübəli maliyyəçilər tərəfindən hesablandıqdan və dəfələrlə yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir və sübut kimi məhkəməyə təqdim edilir. Eyni zamanda iş materiallarında əlavə olunan kassa-məxaric orderindən də məlum olur ki, xx.xx.2017-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 3000(üç min) manat məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla həmin məbləği almasını təsdiq etmişdir. Bununla da qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlanmasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Göstərilənlərə əsasən füzuli Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası tərəfindən işə mahiyyəti üzrə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh kollegiya iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxılmasının təxirə salınmasına dair üzürlü səbəblərin olmamasını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərini uyğun olaraq işə mahiyyəti üzrə iddiaçının nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materialları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2017-ci il tarixində 24 ay müddətinə bağlanmış, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, 24 ay müddətinə bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin icrası müddətindən, yəni xx.xx.2019cu il tarixindən 3 illik iddia müddəti artıq keçmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq olunması ilə bağlı ərizəsini, 24 ay müddətinə bağlanmış müqavilənin icrası müddətindən 3 ildən artıq müddətin keçməsini və iddiaçının xx.xx.2022-ci il tarixində iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia müddəti keçdiyindən kreditin qaytarılmasına dair iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası tərəflər arasında mülki hüquq münasibətinin yaranmasına əsas olan kredit müqaviləsi ilə əlaqədar qeyd edir ki, kredit müqaviləsi ilə cavabdehə 3000 (üç min) manat məbləğində pul verilmişdir. İş materiallarından müəyyən edildiyi kimi cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində cavabdehin vəkili X1 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddiaçı tərəfindən iddia müddətinin üzürsüz səbəblərdən ötürülməsinə görə iddia müdddətini tətbiq edərək, iddianın təmin olunmamasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair nəticəsini qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar –1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, tərəflər arasında 20 iyul 2017-ci il tarixli KM011T07170018 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 29 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə əsas kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Qeyd edilən hallar işin mübahisəsiz halları olmaqla, tərəflər tərəfindən də mübahisələndirilmir. Beləliklə, aydın olur ki, tərəflər arasında qeyd edilən kredit müqaviləsindən irəli gələn mülki-hüquqi sahədə münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmaqda 20 iyul 2017-ci il KM011T07170018 nömrəli kredit müqaviləsinin şərtlərindən irəli gələn subyektiv hüquqları mövcuddur. Belə ki, işin mübahisəsiz halı kimi qeyd edilməlidir ki, cavabdeh həmin kredit müqaviləsinin şərtlərini pozaraq götürdüyü kredit məbləğini müqavilə ilə müəyyən olunmuş müddət ərzində qaytarmamışdır. Belə olan halda isə, məhkəmə tərəfindən yoxlanılmalı olan növbəti hal iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülübsürülməməsi məsələsidir ki, cavabdeh məhz bu halı əsas dəlil kimi göstərmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Azərbaycan Respublikası yeni Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci ilin sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin (1964 red.) 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onlarıöz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən və ona əlavə olan “kreditin və ona hesablanmış faizlərin qarfiki”ndən görünür ki, öhdəlik üzrə icra müddəti müəyyənləşdirilmiş və iddia müddətinin axımı icra müddəti bitdikdə, yəni 20 iyul 2019-cu il tarixdən başlanmışdır. Beləliklə, aydın olur ki, iddiaçının cavabdehlə bağlanmış 20 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə öz hüququnun pozulduğunu bildiyi son tarix 20 iyul 2019-cu il olmuş və məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. Qeyd edilən müddəti hazırki mübahisəyə tətbiq etsək, o zaman iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinin son tarixinin 20 iyul 2022-ci il olduğu müəyyən edilir. İş materiallarından isə görünür ki, iddiaçı hazırkı mübahisə ilə bağlı 3 illik iddia müddəti ərzində deyil, yalnız 05 noyabr 2022-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən təxminən 3 aydan artıq vaxt keçdikdən sonra Füzuli Rayon Məhkəməsinə müraciət etmiş və iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir əsas məhkəməyə təqdim olunmamışdır. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı işüzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Yuxarıda qeyd olunan milli və beynəlxalq qanun normalarının hazırki mübahisəyə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tələb üzrə iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, Bank tərəfindən Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ilkin olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ərazi üzrə Füzuli Rayon məhkəməsinə müraciət edilmişdir. Lakin Füzuli Rayon Məhkəməsi müvafiq işi icraata götürmədən xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarmışdır. Həmin iş üzrə geri qaytarma qərardadı Bankın ünvanına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qərardadda qeyd edilmişdir ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan işğaldan azad edilən ərazi olduğundan orada faktiki yaşayış yeri yoxdur. Bu səbəbdən ilkin iddia ərizəsi icraata götürülmədən geri qaytarılmışdır. Cavabdehin faktiki yaşayış yerini müəyyən etmək məqsədilə Bank tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli sorğu məktubu göndərilmiş, sorğuya cavab xx.xx.2022-ci il tarixdə Banka daxil olmuşdur. Göründüyü kimi, ilkin olaraq Bank məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə etmiş, lakin ondan asılı olmayan səbəblərdən Füzuli Rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmışdır. Bundan sonra Füzuli Rayon Məhkəməsinə yenidən müraciət edilməsi üçün tərəflərindən iddia ərizəsinin tərtib edilməsi, ləğvedicinin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi və.s. bu kimi idarədaxiıi prosedur qaydalar LPO İddiaçı ASC-dən asılı olmayan səbəblərdən iddia ərizəsinin müvafiq vaxt itkisi ilə Füzuli Rayon Məhkəməsinə göndərilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalıdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş “İddia ərizəsinin qaytarılması haqqında” Füzuli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(064)-1499/2022 saylı Qərardadından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi qanunla nəzərdə tutulmuş qaydada verilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qanunun mənasından da göründüyü kimi, iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması iddia müddətinin axımını dayandırmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilkin olaraq xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etməsi və Füzuli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(064)-1499/2022 saylı Qərardadı ilə iddia ərizəsinin geri qaytarılması iddia müddətinin üzürlü səbəbdən ötürülməsi kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olarq iddia müddətinin keçməsini iddianın rədd edilməsinin əsası kimi qiymətləndirmiş və hazırki mübahisə üzrə iddia müddətinin tətbiq edərək iddianın təmin olunmaması barədə yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilənləri müqayisəli şəkildə hazırkı iddia tələbi üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibəti yaranarkən həmin münasibətin davam etməyinin son müddəti də onların iradə ifadələri ilə həmin müqavilədə xx.xx.2019-cu il tarix kimi göstərilmişdir. Əgər cavabdeh həmin müddətə kimi öhdəliyini icra etməzsə, iddiaçının tələb etmək hüququ yaranır. İş materiallarından da göründüyü kimi cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini (arayışa əsasən) icra etməmiş, ancaq müqavilə üzrə öhdəliyin hər ay icra edilməli olmasına baxmayaraq, cavabdehin öhdəliyini icra etməməsinə görə iddiaçı susmuş, tələb etmək hüququndan istifadə etməmişdir. Halbuki müqavilədə də aydın şəkildə göstərilmişdir ki, müqavilə üzrə öhdəliyin icrasında gecikmələr olarsa, iddiaçı kimi bankın tələb etmək hüququ yaranır. Bundan əlavə əgər cavabdeh öhdəliyi icra etmirdirsə, iddiaçının müqavilədə göstərilən kimi son tarixdən, yəni xx.xx.2019-cu il tarixdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki mübahisə birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi nəzərindən və mahiyyəti üzrə düzgün həll olunduğundan, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən və apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşıdığından apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, hazırki mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)2177/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)2177/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsi iddiaçı “İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar