Məhkəmə qərarları › İş №2(106)-679/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-679/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-679/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(036)-894/2020 saylı qətnaməsindən (hakim T.Nüsrətov) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9879.97 manat əsas kredit borcu, 838.43 manat faiz borcu, 844.59 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 273.05 manat faiz borcu olmaqla, ümumilikdə 11836.04 (on bir min səkkiz yüz otuz altı, sıfır dörd) manat məbləğində kredit borcunun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi, satışdan əldə ediləcək pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda, qalan məbləğin cavabdehdən tutulması, mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh3 həmin yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, eləcə də, İddiaçı X4 ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0- 335-14 saylı 29 may 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X5 ASC-nin 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 25% dərəcəsi tətbiq edilməklə, 60 ay müddətinə 36000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bankın 3 saylı filialı ilə digər Cavabdeh2 arasında 3-G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bundan başqa, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bankın 3 saylı filialı ilə digər Cavabdeh3 arasında 3-G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzili İddiaçı X5 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 kredit müqaviləsinə əsasən 22 yanvar 2020-ci il tarixdə banka 9879.97 manat əsas kredit borcu, 838.43 manat faiz borcu, 844.59 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 273.05 manat faiz borcu olmaqla, ümumilikdə 11836.04 manat məbləğində kredit borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Мəhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(036)-894/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, "xxxx" X1 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9879.97 manat əsas kredit borcu, 838.43 manat faiz borcu, 50 manat cərimə olmaqla, ümumilikdə 10768.40 (on min yeddi yüz altmış səkkiz, qırx qəpik) manat məbləğində kredit borcunun, iddia qaldirılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış giymətinin 92000 (doxsan iki min) manat məbləği olmaqla, açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsi müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış əldən çıxmış faydanı və azaldılmış cərimə borcunun rədd etməkdə haqlı olmamışdır. Məhkəmə Cavabdeh3 yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində iddiaçının iddia tələbini təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamədə göstərilən borc məbləği və ipoteka predemetinin ilkin satış qiyməti ilə razı deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Əsədov, S.Mayılov və N.Mirzəyev) 15 fevral 2022-ci il tarixli 2(106)-65/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(036)-894/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı X1 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 3- G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9879.97 manat əsas kredit borcu, 465.19 manat faiz borcu, 50 manat cərimə, müqavilə müddətindən sonrakı müddətə illik 5 faizlə hesablanan 273.05 manat faiz borcu olmaqla, ümumilikdə 10668.21 manat (on min altı yüz altmış səkkiz manat, 21 qəpik) məbləğində kredit borcunun, iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 10 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh3 xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 92000 (doxsan iki min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi, mənzil açıq hərracda satıldıqdan sonra 1 ay müddətində Cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 739, 445, 443, 385, 449, 470, 472, “İpoteka haqqında” Qanunun 33, 59, 39-cu maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. d) Kassasiya instansiya məhkəməsində icraat. Apellyasiya instansiyasının qeyd olunan qətnaməsi cavabdeh X7 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2023-cü il tarixli 2(102)-172/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli 2(106)-65/2022 nömrəli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini hissəvi ləğv edib, işi ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur; İpoteka predmeti olan, ünvan 1 ünvanında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 5 otaqlı, ümumi sahəsi 111.81 kv.metr olan 50 nömrəli mənzilə "xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına görə mənzilin daxilinə baxış keçirilmədən (fotoşəkillər küçədən çəkilib) vizual orta bazar qiyməti 90000 manat və orta likvid dəyəri 80000 manat qiymət qoyulmuşdur. Ekspert rəyində yalnız əmlakın texniki göstəricilərini göstərməklə kifayətlənmiş, onun təmiri, şəraiti nzərə alınmaqla, analoji ərazidə oxşar evlərin qiyməti barəsində hər hansı araşdırma aparılmadan və gəlinən nəticə əsaslandırmadan rəy verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmış 29 may 2014-cü il tarixli ipoteka müqaviləsində əmlakın dəyəri 92000 manat müəyyən edimiş, keçən 7-8 il müddət ərzində daşınmaz əmlak bazarında qiymətlər artan templə dəyişmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin xüsusi, müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya baxışının predmetini təşkil edən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissədə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şitkayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda təqdim olunan tpoteka predmetinin qiymətləndirilməsi rəyi ilə bank razılaşmır. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə iş materialları əsasında cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdeh olaraq zamin Cavabdeh2 münasibətdə, apellyasiya baxışının predmetini təşkil edən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış və düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin apellyasiya baxışının predmetini təşkil edən hissədə müəyən olunan halları aşağıdakılardan ibarətdir : İddiaçı İKB ASC-nin 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 25 % dərəcəsi tətbiq edilməklə, 60 ay müddətinə 36000 manat məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 3- G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İddiaçı İKB ASC ilə ilə Cavabdeh3 arasında bağlanmış 3-G-1-0-335-14 saylı 29 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 92000 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 may 2014-cü ildə verilmiş **********97-05101-093031 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ipoteka qoyan Cavabdeh3 məxsus olmaqla, ünvan 1, mənzil 50 ünvanında yerləşən mənzilin İddiaçı İKB 3 saylı filialı qarşısında ipoteka yüklülüyü reyestrdə qeydiyyata alınmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən 25 noyabr 2019-cu ildə verilmiş çıxarışa əsasən İddiaçı X4 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. "xxxx" MMC-nin 28 oktyabr 2021-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka qoyan Cavabdeh3 məxsus olmaqla, ünvan 1, mənzil 50 ünvanında yerləşən mənzilin orta bazar dəyəri 90000 manat, likvid dəyəri isə 80000 manat təşkil edir. Rəydən görünür ki, mənzilin daxili işlənməsi, divarlar, tavan, döşəmə, pəncərə, daxili qapılar, sanitar qovşağın qapısı, sanitar qovşağın təmiri, otaqların təmiri müəyyən olunmamışdır. Mülki işin hazırki apellyasiya baxışı zamanı təyin olunmuş əlavə qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin təqdim etdiyi 11 may 2023-cü il tarixli ekspert rəyinə əsasən ipoteka qoyan Cavabdeh3 məxsus olmaqla, ünvan 1, mənzil 50 ünvanında yerləşən mənzilin orta bazar dəyəri 169600 manat, likvid dəyəri isə 152600 manat müəyyən edilmişdir. Rəydən görünür ki, mütəxəsis mənzilin təmirini (fotoşəkillər əlvə olunub), şəraitini nəzərə almaqla, analoji ərazidə oxşar evlərin qiyməti barəsində araşdırma aparmaqla rəyini əsaslandırmışdır. Aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmetini təşkil edən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir, maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyən olunması hissədə tərəflər arasında razılaşmanın olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi 29 may 2014-cü il tarixli ipoteka müqaviləsində əmlakın müəyyən olunan 92000 manat dəyərini, aradan keçən 7-8 il müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin artan templə dəyişməsini nəzərə almadan ilkin satış qiyməti kimi müəyyən etmişdir. Odur ki, apellyasiya baxışının predmetini təşkil edən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti hazırki apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyinə əsasən müəyyən edilməlidir. Mütəxəsis mənzilin təmirini (fotoşəkillər əlvə olunub), şəraitini nəzərə almaqla, analoji ərazidə oxşar evlərin qiyməti barəsində araşdırma aparmaqla rəyini əsaslandırmışdır və ekspert rəyində əks olunan məlumatların həqiqiliyini təkzib edən, rəylə müəyyən olunan hallara zidd olan sübutlar işdən müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli 2(036)-894/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən, 92000 manat məbləğində müəyyən olunmuş ipoteka predmetinin ilkin satış qiyməti hissədə dəyişdirilsin. İpoteka qoyan Cavabdeh3 məxsus olmaqla, ünvan 1, mənzil 50 ünvanında yerləşən 5 otaqlı, 111.81 kv.metir ümumi sahədən ibarət mənzilin ilkin satış (likvid) dəyəri 152600 manat müəyyən edilsin. Hazırki apellyasiya baxışı zamanı təyin olunmuş əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-nin VÖEN-**********, hesab № AZN: AZ77AİİB400600C**********218; Bank - "xxxx" ASC Bravo 3 filialı, VÖEN - **********, Müxbir hesab -AZ37NABZ********************, filialın kodu - 201296, SWİFT kod - AİİBAZ2XXXX hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar