Məhkəmə qərarları › İş №2(106)-690/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-690/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-690/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(047)-58/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı bir müddət əvvəl Cavabdeh ilə tanış olmuşdur. Cavidan əmisinin fəaliyyət götərdiyi mağazaya gəlib-getmiş və İddiaçı ilə aralarında münasibət yaranmışdır. 2024-cü ilin iyun ayında Cavabdeh İddiaçı yaxınlaşaraq banka borcu olduğunu və zaminin zaminlikdən çıxmaq istədiyini bildirmişdir. Banka borcunun 2500 (iki min beş yüz) manat olduğunu, həmçinin pulu verəcəyi təqdirdə hər ay 300 (üç yüz) manat iddiaçıya ödəyəcəyini bildirmişdir. İddiaçı da Cavabdehla razılaşmışdır. İddiaçı Sərxan adlı işçisinə onlara getməyi və evlərindən 2500 (iki min beş yüz) manat pulu gətirərək Cavabdeh verməyi tapşırmışdır. Sərxan 2500 (iki min beş yüz) manatı gətirib İddiaçı iştirakı ilə Cavabdeh təqdim etmiş və buna İddiaçı digər işçiləri də şahiddir. Növbəti ay İddiaçı tərəfindən Cavabdeh telefon vasitəsi ilə zəng olunaraq 300 (üç yüz) manat pulun ödəniş olunması tələb olunsa da Cavabdeh həmin pulu İddiaçı məxsus kolbasa sexində işləyərək iddiaçıya qaytaracağını bildirmişdir. Lakin Cavabdeh nə işə gəlmişdir nə də ki, indiyədək aldığı borcu qaytarmamışdır. Həmçinin cavadeh Şəki Şəhər- Rayon Polis Şöbəsində verdiyi izahatında da öz borcunu yəni 2500 (iki min beş yüz) manatı etiraf etmişdir. Həmin etiraf xx.xx.2024-cü il tarixli arayışda da öz əksini tapmışdır. Bundan sonra dəfələrlə cavabdehdən borcun ödənilməsi tələb edilməsinə baxmayaraq cavabdeh həmin 2500 (iki min beş) manat pulu İddiaçı ödəmədiyinə görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 49,20 manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün vəkilə 420 manat xidmət haqq ödəmişdir. Odur ki, Cavabdeh 2500 manat pulun 420 manat hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin və 49,20 manat dövlət rüsumu qismində ödənilmiş pulun, cəmi 2969,20 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin (hakim: C.İbrahimov) 13 yanvar 2025-ci il tarixli, 2(047)- 58/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2500 (iki min beş yüz) manat borc pul, 420 (dörd yüz iyirmi) manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilən xərc və ödənilmiş 49,20 (qırx doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu, cəmi 2969,20 (iki min doqquz yüz altmış doqquz manat iyirmi qəpik) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırmaları zamanı tərəfin izahatı, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 2024-cü ilin iyun ayında ümumilikdə 2500 manat borc pul almış və həmin borcu hər ay 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı bir neçə dəfə cavabdehdən borcunun ödənilməsini tələb etdikdə cavabdeh ümumiyyətlə həmin borcu ödəməkdən imtina etmişdir. Hal-hazıra kimi də cavabdeh iddiaçıya olan 2500 manat borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə verdiyi izahatında da İddiaçı ümumilikdə 2500 manat borc pul aldığını etiraf etmişdir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin araşdırmasının nəticəsindən görünür ki, Cavabdeh İddiaçı 2024-cü ilin iyun ayında ümumilikdə 2500 manat borc pul almış və həmin borcu hər ay 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı bir neçə dəfə cavabdehdən borcunun ödənilməsini tələb etdikdə cavabdeh ümumiyyətlə həmin borcu ödəməkdən imtina etmişdir. Hal-hazıra kimi də cavabdeh iddiaçıya olan 2500 manat borcunu ödəməmişdir. Həmçinin Cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə verdiyi izahatında da İddiaçı ümumilikdə 2500 manat borc pul aldığını etiraf etmişdir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini, xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 420 manat ödənilmiş xərcin əvəzi cavabdehdən tutulmalıdır. Məhkəmə belə hesab etmişdir ki, mübahisənin yaranmasında təqsirli şəxs Cavabdehdur. Qeyd olunanlara əsasən də məhkəmə iddia tələbinin təmin edilərək 2500 manat məbləğində borc pulun, 420 manat məbləğində nümayəndəyə (vəkilə) çəkilən xərcin, həmçinin ödənilmiş 49,20 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçının xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 manat borc pul, 420 manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilən xərc və ödənilmiş 49,20 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 385.1, 442-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 121.1, 106.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o hazırki iş üzrə iddiaçı olan İddiaçı məxsus olan, Şəki şəhərində yerləşən Gənclik restoranında əmək müqaviləsi olmadan sürücü (fəhlə) kimi işləmişdir. İşlədiyi müddət ərzində İddiaçı hər dəfə onunla rəsmi əmək müqaviləsi bağlayacağını və ona əmək haqqı verəcəyini bildirsə də, bu vədinə əməl etməmişdir. O, 2023-2024-cü illərdə 9 ay İddiaçı yanında işləmişdir. Ancaq keçən müddət ərzində İddiaçı onu yubatdığını, verdiyi vədinə əməl etmədiyini görüb işdən ayrılacağını bildirdikdə Mehman Abdurəhmanov ona “mən sənə ayda 270 manatdan hesablayıb 9 ay müddətinə olan əmək haqqını verdim, o da, 2430 manat pul elədi” demişdir. Bundan sonra o İddiaçı yanında əlavə olaraq 2 ay da işlədikdən sonra işdən çıxmışdır. Ancaq o işdən çıxdıqdan sonra İddiaçı ilə aralarında müəyyən problemlər və söz-söhbətlər yaranmağa başlamışdır. Bundan sonra Mehman Abdurəhmanov ona verdiyi əmək haqqını guya borc olaraq verdiyi bildirirək həmin pulun qaytarılmasını tələb etmişdir. O isə ona həmin məbləği ona borc olaraq deyil, əmək haqqı olaraq verdiyi bildirmişdir. Ancaq bundan sonra İddiaçı onun barəsində Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək guya ondan aldığı borcu qaytarmadığını bildirmişdir. O, polis şöbəsinə dəvət olunduqda polis şöbəsində təsir-təziqə məruz qalmışdır. Polis əməkdaşlarının təsiri ilə onun ifadəsi təhrif olunmuşdur. İşin həqiqi tərəfi isə İddiaçı ondan tələb etdiyi məbləğ borc deyil, onun əmək haqqısı olmuşdur. Ona görə də Laçın Rayon Məhkəməsinin 2(047)-58/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı 2500 manat pul, 420 manat hüquqi yardım üçün vəkilə ödənilmiş xərc və 49,20 manat dövlət rüsumu tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, əvvəl taksi işləmişdir və iddiaçı ilə tanışlığı yaranmışdır. Bundan sonra iddiaçı ona daha taksi işləməməyini, onu öz yanında işlə təmin edəcəyini bildirmişdir. İddiaçı əvvəl kiçik bir obyekt açmış, o da həmin yerdə xeyli müddət işləmişdir. İddiaçı daha sonra kolbasa zavodunda ona iş vermiş, lakin işlər yaxşı getmədiyi üçün əvvəlki iş yeri olan “Gənclik” restoranına qayıtmışlar. Uzun müddət iddiaçının yanında işləməyinə baxmayaraq, ona əməkhaqqı verməmişdir. Sözügedən 2500 manatı ondan əməkhaqqı kimi almışdır. Polis İdarəsində müstəntiq ona təzyiq etdiyi üçün izahatı deyilən formada yazmışdır. Həmin müstəntiqdən müvafiq şikayətlər etmiş, polisin qərarından şikayət verməmişdir. İddiaçı pulu ona əlbəəl vermişdir və orada onlardan başqa heçkim olmamışdır. Həmin pul borc kimi yox, 9 aylıq əməkhaqqı müqabilində verilmişdir. İddiaçıdan əmək müqaviləsi tələb etmiş, lakin onunla əmək müqaviləsi bağlamamışdır. 2500 manat məbləğində pulla kredit borcunu bağlamışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdehin tanışlıq əlaqələri olmuş, sonuncu ondan banka olan borcunu ödəmək məqsədiylə, hər ay 300 manat ödəmək şərtiylə 2500 manat məbləğində borc pul almışdır. Bu halı cavabdeh polisdə verdiyi izahatında da təsdiq etmişdir. İddiaçı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini, Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(047)-58/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəхs (borclu) başqa şəхsin (krеditorun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, əmlak vеrməli, iş görməli, хidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, krеditorun isə borcludan vəzifəsinin icrasını tələb еtmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin 1-ci bəndinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(047)-58/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025ci il tarixli, 2(047)-58/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(047)-58/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ümumilikdə 2500 manat borc pul almış və həmin borcu hər ay 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı bir neçə dəfə cavabdehdən borcunun ödənilməsini tələb etdikdə cavabdeh ümumiyyətlə həmin borcu ödəməkdən imtina etmişdir. Cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə verdiyi izahatında da İddiaçı ümumilikdə 2500 manat borc pul aldığını etiraf etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, o hazırki iş üzrə iddiaçı olan İddiaçı məxsus olan, Şəki şəhərində yerləşən Gənclik restoranında əmək müqaviləsi olmadan sürücü (fəhlə) kimi işləmişdir. İşlədiyi müddət ərzində İddiaçı hər dəfə onunla rəsmi əmək müqaviləsi bağlayacağını və ona əmək haqqı verəcəyini bildirsə də, bu vədinə əməl etməmişdir. O, 2023-2024-cü illərdə 9 ay İddiaçı yanında işləmişdir. Ancaq keçən müddət ərzində İddiaçı onu yubatdığını, verdiyi vədinə əməl etmədiyini görüb işdən ayrılacağını bildirdikdə Mehman Abdurəhmanov ona “mən sənə ayda 270 manatdan hesablayıb 9 ay müddətinə olan əmək haqqını verdim, o da, 2430 manat pul elədi” demişdir. İşin həqiqi tərəfi isə İddiaçı ondan tələb etdiyi məbləğ borc deyil, onun əmək haqqı olmuşdur. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh İddiaçı ondan tələb etdiyi məbləğin borc deyil, onun əmək haqqı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh tərəf iddiaçının ondan tələb etdiyi məbləğin borc deyil, onun əmək haqqısı olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə verdiyi izahatında da İddiaçı ümumilikdə 2500 manat borc pul aldığını etiraf etmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin Şəki Şəhər-Rayon Polis Şöbəsində verdiyi izahat yazılı sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, İddiaçı onun barəsində Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək guya ondan aldığı borcu qaytarmadığını bildirmişdir. O, polis şöbəsinə dəvət olunduqda polis şöbəsində təsir-təzyiqə məruz qalmışdır. Polis əməkdaşlarının təsiri ilə onun ifadəsi təhrif olunmuşdur. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, cavabdeh polis şöbəsində təzyiqə məruz qaldığını qeyd etmiş olsa da Şəki Şəhər-Rayon Polis Şöbəsində təsirtəzyiqə məruz qalması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh bu hüququndan istifadə etməmiş, hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş və iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(047)-58/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda isə iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(047)-58/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar