Məhkəmə qərarları › İş №2(106)-695/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-695/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-695/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavadov Seymur Səmədağa oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsinin təmin edilməməsinə dair Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)- 1474/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavadov Seymur Səmədağa oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavadov Seymur Səmədağa oğlundan müştərək qaydada 9436,58 manat əsas borc, 1019,92 manat faiz borcu olmaqla, cəmi 10456,5 manat məbləğində kredit borcu, həmçinin dövlət rüsumu kimi ödənilmiş 122,17 manat məbləğdə pul vəsaitinin alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh1 Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)- 1474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Cavabdeh1 Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)- 1474/2023 saylı qərardadından şikayəti həmin məhkəmənin 01 mart 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan prosessual normaların tələbindən görünür ki, işdə iştirak edən şəxsin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsi 31 dekabr 2022-ci il tarixdə Cavabdeh1 xəbərnaməyə imza etməklə təqdim edilmişdir. Cavabdeh1 müddətin bərpasına dair vəsatətində məhkəmənin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün dövlət rüsumunun vaxtında ödənilməsi üçün maddi imkanının olmadığını bildirmişdir. Ancaq məhkəmə kollegiyası müddətin buraxılması barədə qeyd edilən yeganə dəlili əsaslı hesab etmir. Belə ki, işdə olan qəbzlərlə (səh. 102 və 103) dövlət rüsumunun 08 fevral 2023-cü il tarixdə ödənildiyi görünsə də, Cavabdeh1 apellyasiya şikayətini bundan yalnız 6 gün sonra - 14 fevral 2023-cü il tarixdə Şirvan Şəhər Məhkəməsinə təqdim etmişdir. Beləliklə də, o, qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmiş, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün hər hansı üzrlü səbəb müəyyən edilməmişdir. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. İş materiallarından görünür ki, Cavabdeh1 məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavadov Seymur Səmədağa oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsinin təmin edilməməsinə dair Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)-1474/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)-1474/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 135.2, 135.5, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavadov Seymur Səmədağa oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Şirvan Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(032)-1474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsinin təmin edilməməsinə dair Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)- 1474/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(032)-1474/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar