Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-701/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bəxtiyar oğluna qarşı “zərərin ödənilməsi " tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: zərərin ödənilməsi tələbi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bəxtiyar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Bəxtiyar oğluna qarşı “zərərin əvəzinin ödənilməsi " tələbinə dair iddiası üzrə Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(056)-87/2023 saylı qətnaməsindən (hakim S.Allahverdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh Bəxtiyar oğluna qarşı «zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəxtiyar oğlu tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 975 (doqquz yüz yetmiş beş) manatın və dövlət rüsumu olaraq ödənilmiş 100 manatın, ümumilikdə 1075 (min yetmiş beş) manat pulun Cavabdeh Bəxtiyar oğlundan alınıb ona ödənilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21:59-da etibarnamə əsasında idarə etdiyi **-RR-*** dövlət nömrə nişanlı avtomaşınla Sabirabad rayonunun Qarağac kəndi ərazisində əsas yolda saatda 60 km sürətlə hərəkətdə olarkən hərəkət zolağına anidən otla dolu at araba çıxmış, qəzadan yayınmaq üçün əyləcdən istifadə etsə də, lakin idarəetməni itirməsi nəticəsində qəza yaranmış cavabdehə məxsus at arabasını arxadan vurmuşdur. Qəza nəticəsində onun idarə etdiyi **-RR-*** dövlət nömrə nişanlı avtomaşına maddi ziyan dəymişdir. Həmin vaxt cavabdeh onunla mübahisə apardığından, o, DİN-nin 102 xidmətinə zəng vuraraq qəzanın baş verdiyi barədə məlumat vermişdir. Cavabdeh ona dəymiş ziyanı ödəmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində cavabdeh qismində dindirilmiş Cavabdeh Bəxtiyar oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ifadəsində qeyd etmişdir ki, at-arabası əsas yola anidən qarşısına çıxmışdır. Bildirmək istəyir ki, həmin gün ona məxsus pay torpağından ot gətirməyə getmiş, arabanın təkəri buraxdığından təkəri aparıb yamatdırıb gətirənə qədər vaxtını itirdiyi üçün gecəyə qalmışdır. At arabasının arxa hissəsində işıqlanma olmamışdır. O, yola çıxanda, heç bir maşın hərəkəti yox idi. O, əsas yolda 200-250 metrəyə yaxın hərəkət etmişdir ki, arxadan güclü əyləc səsi eşitmişdir. İddiaçı yüksək sürətlə hərəkət etdiyindən və idarəetməni itirib maşını saxlaya bilməyərək yolun sağ tərəfinə çıxıb onun arabasını arxa tərəfdən vuraraq 5-6 metr sürümüş, arbanın üstündə olan azyaşlı oğlu X3 zərbədən əsas yolun ortasına düşmüş, özü isə yolun sağ tərəfinə yoldan kənara düşmüşdür. Xoşbəxtlikdən qarşıdan və arxadan başqa maşın hərəkəti olmadığından oğlu yüngül xəsarətlə hadisədən qurtula bilmişdir. Aldığı zərbədən oğlu 6 gün Şirvan şəhər mərkəzi xəstəxanasında müalicə alaraq evə buraxılmışdır. Hadisə zamanı o, oğlunun yanında olmuş, iddiaçı onlara kömək etmək əvəzinə oğlunun xəstəxanaya çatdırmağına maneə yaratmış, onunla mübahisə edirdi ki, onun maşınını düzəltdirsin. O, qardaşı X1 zəng edərək məlumat vermiş, evləri yaxın olduğu üçün qardaşı tez oraya çatmış, oğlunu qardaşının maşınına qoyub xəstəxanaya apararkən qardaşı Elvinə tapşırmışdır ki, bu sürücü içkilidir, polisə məlumat ver bunu müayinədən keçirsinlər. Müayinədən keçməsi haqqında ondan heç bir məlumat yoxdur. O, özünün təqsirli bilmir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(056)-87/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bəxtiyar oğlundan 975 manat məbləğində maddi zərərin əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1075 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh Bəxtiyar oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxarkən maddi və prosessual hüquq normalarını pozmuş, bu səbəblə də, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, məhkəmə cavabdehin təqsirli olmasını xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoluna və xx.xx.2022-ci il tarixli Sabirabad RPŞ-nın HK-1/479 nömrəli cinayət işinin rəddi qərarına istinad etmişdir. Qeyd edilən protokol və qərarda cavabdehin təqsirli olması sübut olunmamışdır. Birinci instansiya məhkəməsi maddəni düzgün tətbiq etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbində göstərilən maddi zərərin haradan əmələ gəldiyini tam və hərətərfli araşdırmamışdır. Bundan başqa, zərərlə hüquqa zidd əməl arasındakı səbəblər də araşdırılmamışdır. Belə ki, iddiaçı yüksək surətlə hərəkət etmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir, bundan sonra iddiaçı Sabirabad RPŞnin DYPB-nin vəzifəli şəxsi tərəfindən hansısa maraqlara əsasən spirtli içki qəbul edibetməməsi barədə yoxlanışdan keçirilməmişdir. Təqdim olan sübutlarla cavabdehin tərəfindən maddi zərərin vurulması heç bir halda sübut olunmur. Məhkəmə cavabdehin hadisənin törədilməsində təqsirli olması və hüquqa zidd əməl törətməsini xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokola və xx.xx.2022-ci il tarixli Sabirabad RPŞ-nin HK-1/479 nömrəli cinatət işinin rəddi qərarına istinad etməklə əsaslandırmışdır. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol cavabdehin AR İXM-nin 338.5-ci maddəsinə əsasən təqsirli bilinməsi və izibati məhsuliyyətə cəlb edilməsi faktını təsdiq edir. xx.xx.2022-ci il tarixli Sabirabad RPŞ-nin HK-1/479 nömrəli cinayət işinin rəddi qərarı törədilən hadisədə cinayət əməlinin olmaması faktını təsdiq edir. Hadisənin törədilməsində kimin təqsirli olması yaınız yuxarıda qeyd edilən faktlarla deyil yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi əsasında müəyyən etmək mümkün olduğu halda məhkəmə tərəfindən hadisənin törədilməsində kimin təqsirli olması faktını aid olmayan sübutlara istinad edilməklə əsaslandırılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Bəxtiyar oğlu apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, həmin gün ona məxsus pay torpağından ot gətirməyə getmiş, arabanın təkəri buraxdığından təkəri aparıb yamatdırıb gətirənə qədər vaxtını itirdiyi üçün gecəyə qalmışdır. At arabasının arxa hissəsində işıqlanma olmamışdır. O, yola çıxanda, heç bir maşın hərəkəti olmamışdır. O, əsas yolda 200-250 metrəyə yaxın hərəkət etmişdir ki, arxadan güclü əyləc səsi eşitmişdir. Bu zaman iddiaçı öz avtomobili ilə arxadan ona çırpılmışdır. Bildirmişdir ki, hadisə ilə bağlı polisdə araşdırma aparılmış, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Sonradan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, nə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan nə də inzibati xəta haqqında protokoldan şikayət etməmişdir. Hesab etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçı təqsirlidir. Çünki onun avtomobili sürətlə hərəkət etmişdir. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Azər Əliyevin xx.xx.2022-ci il tarixli «cinayət işi başlanmasının rədd olunması haqqında» qərarının surətində görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan araşdırma nəticəsində Cavabdeh Bəxtiyar oğlunun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işi başlanmasının rədd edilməsi, qərarın surəti maraqlı tərəfə göndərilməklə, qərardan şikayət etmək qaydasının izah edilməsi, Cavabdeh Bəxtiyar oğlu barəsində AR İXM-nin 338.5-ci maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin DYPB-nə verilməsi, qərarın surətinin məlumat üçün rayon prokurorluğuna göndərilməsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Bəxtiyar oğlu xx.xx.2022-ci il tarixdə saat 21:59 radələrində idarə etdiyi 5GAG3US markalı araba ilə inzibati xəta törətməklə Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 özünə məxsus “VAZ-2106 minik” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixinə kimi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “VAZ-2106” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 975 manat maddi ziyan dəymişdir. İş materiallarına həmçinin “VAZ-2106” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən sonrakı fotoşəkilləri əlavə edilmiş, həmçinin sorğu nəticəsində Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Azər Əliyev tərəfindən həyata keçirilmiş HK-1 No479 saylı təhqiqat materialı əldə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, adhüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın və apellyasiya şikayətinin dəlillərinin əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş **-RR-*** dövlət nömrə dövlət qeydiyyat avtomobilinin yararsız vəziyyətdə olmasını, həmin avtomobilin yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: • törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; • törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; • ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Göründüyü kimi, Cavabdeh asfalt yolda at arabası ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək, “VAZ-2106” minik markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobilə 975 manat zərər vurmuşdur. Göründüyü kimi, Cavabdeh Bəxtiyar oğlu xx.xx.2022-ci il tarixdə saat 21:59 radələrində idarə etdiyi 5GAG3US markalı araba ilə inzibati xəta törətməklə Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Göründüyü kimi, iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu sübut edən məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarı mövcuddur və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən göründüyü kimi, iddiaçı iddia tələbində maddi ziyanın məbləği 975 manatdır. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 5000 manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Bəxtiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(056)-87/2023 saylı qətnaməsi Cavabdeh Bəxtiyar oğlunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-701/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-701/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver