Məhkəmə qərarları › İş №2(106)-702/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-702/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-702/2024 12.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)-1979/2018 nömrəli (hakim Mütəllim İsayev) qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)-1979/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Lənkəran Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, adi qaydada, dəftərxana vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası izah edir ki, işə baxılan zaman Lənkəran Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmasa belə, birinci instansiya məhkəməsi tərəfindən iş sistemə işlənməli və tərəf yenidən elektron qaydada (elektron imza ilə imzalanmaqla) apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməlidir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)-1979/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar