Məhkəmə qərarları › İş №2(106)-704/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-704/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-704/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-135/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 15 dekabr 2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pulun, 90 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 7190 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun əmisi oğludur, onlar bir kənddə yaşayırlar. Təxminən iki ilə yaxındır ki, cavabdeh ondan 7250 manat borc pul istəmişdir. İddiaçı da özündə olan 4250 manat pulun üzərinə əmisi Əbil Mecdunovdan 3000 manat borc alaraq cavabdehə vermişdir. Beləliklə, iddiaçı cavabdehə ümumilikdə 7250 manat borc pul vermişdir. Həmin vaxt cavabdeh ona demişdir ki, Bakı şəhərində alverlə məşğuldur, ondan aldığı pulu götürdüyü malın pulunu ödədikdən sonra, yəni səhəri gün qaytaracaqdır. Bundan 1-2 ay sonra cavabdeh ondan aldığı borc puldan 250 manat qaytararaq 7000 manat borclu qalmışdır. Həmin vaxtdan hal-hazıra kimi olan müddətdə cavabdehə borc verdiyi pulu ondan geri tələb etməyə başlamışdır. Cavabdeh isə öz növbəsində müxtəlif bəhanələr gətirməklə hal-hazıradək olan müddətdə onu aldadaraq borcunu ödəmir. Bunu təsdiq edən şahidi məhkəməyə təqdim edəcəkdir. Ona görə də məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-135/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim İxtiyar Abuşov) iddia təmin edilmiş, Cavabdeh 7000 manatın alınaraq İddiaçı verilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-135/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-135/2024 saylı qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddiaçının və onun şahidinin yalanlarına inanaraq heç bir əsası olmayan iddianı tam təmin etmişdir. Cavabdeh 2019-cu ilin yay aylarında mərhum anasının xəstəliyi ilə bağlı iddiaçıdan 2-3 aya qaytarmaq şərti ilə 2000 manat borc pul istəmiş, iddiaçı isə özündə olmadığı üçün xalası oğlu Həbibdən 2000 manat alaraq cavabdehə faizə vermişdir. Həmin vaxt iddiaçı ilə razılaşmışlar ki, ona hər həftə həm əsas və həm də faiz borcundan ümumilikdə 350 manat pul verəcək. Beləliklə, iddiaçıya 9 həftə 350 manat, 10-cu həftə isə 150 manat verməklə, ümumilikdə 3300 manat pul qaytarmışdır. Həmin vaxtdan 3 ildən çox keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır ki, guya cavabdeh ondan 2021-ci ilin dekabr ayında bir günə qaytarmaq şərti ilə 7250 manat borc pul almış və bugünə kimi də qaytarmamışdır. O, iddiaçıdan 2-3 aya qaytarmaq şərti ilə 2000 manat faizi ilə borc pul almış və iddiaçıya da ümumilikdə faizi ilə birlikdə 3300 manat pul qaytarmışdır. İddiaçının göstərdikləri yalandır. Əvvəla, borc alarkən hər zaman görünüb ki, tam məbləğ alınar, daha iddiaçının göstərdiyi kimi 7250 manat yox. Bundan başqa, iddiaçı 3 illik iddia müddətinin keçməməsi üçün borcun verildiyi tarixi də yalandan dəyişdirmişdir. Bütün bu yalanlarına isə öyrətdiyi və ona qarşı münasibəti yaxşı olmayan şahidinin vasitəsilə nail olmuşdur. X6 qətnamədəki ifadəsində qeyd etmişdir ki, cavabdehlə küsülüdür və pulun da ona verilməsini bilsəydi, həmin pulu iddiaçıya verməzdi. Şahidin bu cür ifadəsi onun cavabdehə qarşı münasibətinin qərəzliliyindən xəbər verir. Ona görə də cavabdeh hesab edir ki, ona qarşı münasibəti yaxşı olmayan şahid onun işi üzrə heç də obyektiv ifadə verməz. X6 ifadəsində qeyd edir ki, iddiaçının maşınına minərkən maşında pul görmüş və soruşduqda iddiaçı ona həmin pulun 4000 manatdan artıq olduğunu bildirmişdir. Sonra bildirir ki, guya iddiaçının 4000 manatdan artıq olan pulu və 3000 manatı cavabdehlə görüşərək verdiyini görmüşdür. Bu hal onu göstərir ki, şahid yalan ifadə verir. Belə ki, şahid saymadığı pulun 7250 manat olduğunu necə bilə bilərdi? Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, cavabdeh göstərdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir və həmin hallar da öz təsdiqini tapmamışdır. Cavabdeh bildirir ki, məhkəmə göstərdiyi halları təsdiq edəcək sübutları təqdim etməsinə şərait yaratmamışdır, yəni göstərdiklərini hansı sübutlarla təsdiq edə biləcəyini cavabdehdən soruşmamışdır. Belə ki, cavabdeh 2000 manat pulu iddiaçıdan küçələrində alarkən cavabdehi iddiaçının qonşusu X2 görmüş və nə olduğunu soruşduqda, cavabdeh də iddiaçıdan 2000 manat borc aldığını bildirmişdir. Bundan sonra, iddiaçıdan 2000 manat faizə borc pul almasını müəllim yoldaşı Allahverən də bilmişdir. Ona görə ki, Allahverənlə tez-tez müəllim yoldaşı kimi problemlərdən danışmış və bir dəfə həftəlik 350 manat pulu iddiaçıya verərkən Allahverən də yanında olmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, bir iclasda iddiaçıya 1000 manat, digər iclasda isə 1300 manat faiz qaytardığını göstərməsi cavabdehin doğru izahat vermədiyindən xəbər verir. Şəxsin təsadüfən bir məbləği səhv olaraq deməsi, həmin şəxsin izahatında göstərdiklərini bütünlüklə şübhə altına almağa səbəb ola bilərmi? Əlbəttə ki, xeyr. Çünki hansı şəxsə qarşı belə haqsız iddia qaldırılarsa, nəinki həmin şəxs səhv edər, hətta adını da yadından çıxarar. Birinci instansiya məhkəməsinin yalnız bir şahidi dindirərək iş üzrə hazırkı nəticəyə gəlməsi onun işi tam və obyektiv araşdırmamasından və mülki qanunvericiliyin bir neçə normasını pozmasından xəbər verir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəllənin 195.2-ci maddəsinin tələbini nəzərə almayaraq şahidi dindirərkən onun cavabdehə qarşı münasibətinə heç bir əhəmiyyət verməmişdir. Bundan başqa, məhkəmə iddianı təmin edərkən mülki qanunvericiliyin müxtəlif normalarına istinad etsə də, nədənsə Mülki Məcəllənin 740.2-ci maddəsini tələbini pozmuşdur. Belə ki, bu normanın tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunvericilik bu normanın tələbini imperativ norma kimi göstərir və 3000 manatdan artıq bütün borc müqavilələrinin yazılı şəkildə bağlanmasını tələb edir. İddiaçının göstərdiyi müqavilə isə göründüyü kimi yazılı yox, şifahi bağlanmışdır. Həmçinin, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbi də pozulmuşdur. Belə ki, bu normanın tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə də iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. Həmin normanın tələbinə zidd olaraq birinci instansiya məhkəməsi iddianı təmin edərkən öhdəlikdən irəli gələn normalara istinad etmişdir. Ona görə də yuxarıda göstərdiklərinə əsaslanaraq cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının mülki və prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edilməlidir. Məhkəmə tam və obyektiv araşdırma aparmadan, öz qətnaməsini MPM-in 9.3-cü maddəsinin tələbinə zidd olaraq tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olduğu halda, yalnız iddiaçının təqdim etdiyi yalançı şahidin ifadəsini qabaqcadan müəyyən edilmiş qüvvəsi olan sübut kimi qəbul edərək onunla əsaslandırmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı yalnız öyrətdiyi və cavabdehlə münasibəti yaxşı olmayan şahidi məhkəməyə təqdim etmişdir ki, bu da iddianın təmin edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddiaçının təqdim etdiyi yalançı şahidi qabaqcadan müəyyən edilmiş qüvvəsi olan sübut kimi qəbul etmişdir. Məhkəmə iş üzrə cavabdehin əleyhinə dindirilmiş şahidin onunla olan münasibətini aydınlaşdırmamışdır. Belə ki, şahid özü ifadəsində qeyd etmişdir ki, cavabdehlə küsülü olmuş və hətta borcun cavabdehə verilməsinə razı olmamışdır. Bu da onu göstərir ki, şahidin verdiyi ifadə obyektiv deyildir. Məhkəmə qəbul etdiyi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, mülki işi birtərəfli araşdırmış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. MPM-in 218.1-ci maddəsinin tələbi pozularaq qətnamə çıxarıldıqda hakim iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətləri araşdıraraq iş üçün əhəmiyyətli olan halları müəyyən edərkən yalnız iddiaçının təqdim etdiyi yalnçı və qərəzli şahidə əsaslanmışdır. “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbi pozulmuşdur. Belə ki, mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işi ədalətli araşdırılmamışdır. Məhkəmə iddiaçının özündə olmadığı halda başqasından borc alaraq cavabdehə verməsində hansı mənfəətinin olmasını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı heç bir mənfəəti olmadığı halda nə öz pulunu, nə də başqasından aldığı pulu cavabdehə borc kimi verməz. İddiaçının borc pulu cavabdehə verməkdə məqsədi həmin pula görə alacağı faiz olmuşdur ki, məhkəmə də bu halı aydınlaşdırmamışdır. Məhkəmə iddiaçının nəyə görə heç bir yazılı müqavilə bağlamadan 7250 manat borc pul verməsini aydınlaşdırmamışdır. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən 3000 manatdan artıq bütün borc müqavilələri yazılı şəkildə bağlanmalıdır. Məhkəmə iş üzrə dindirilmiş yalançı və qərəzli şahidin ifadəsi ilə iddiaçının cavabdehə 7250 manat borc pul verdiyini və həmin puldan 250 manat qaytararaq 7000 manat borclu qaldığını müəyyən etmişdir. Şahid özü ifadəsində qeyd edir ki, onun cavabdehlə münasibəti yaxşı olmamış, onunla küsülü olmuş və hətta bilsəydi pulun ona verilməsini qoymazdı. Belə olduğu halda məhkəmə bu şahidin ifadəsinə əsaslanaraq iş üçün əhəmiyyəti olan halları sübut edə bilməz. Məhkəmə göstərdiyi halları sübut edə bilmədiyini və bu barədə sübutlarını təqdim etmədiyini göstərərək iddiaçının və onun yalançı və qərəzli şahidinin ifadələrinə əsaslanmaqla qətnaməsində səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddiaçıya sübutlarını təqdim etməsi üçün şərait yaratsa da, cavabdehə bu şəraiti yaratmamışdır. Məhkəmə göstərdiklərini sübut etmək üçün cavabdehə şahidlərini təqdim etməyə şərait yaratmamışdır. Belə ki, cavabdehin də göstərdiklərini təsdiq edəcək şahidləri vardır. Ona görə də həmin şahidlərin məhkəmədə dindirilmələrini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, İddiaçı 2019-cu ilin təxminən yay aylarında cəmi 2000 manat məbləğində pulu faizlə borc götürmüş, 2000 manat borca görə iddiaçıya 2020-ci ilədək hissə-hissə 3300 manat məbləğində pul ödəmişdir. Hazırda iddiaçıya hər hansı borcu qalmamışdır. Bundan əlavə, iddiaçı hazırkı iddianı qaldırarkən iddia müddətini də ötürmüşdür. Çünki iddiaçı pulu ona 2019-cu ildə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əbil Mecdunovun bildirdikləri isə yalandır. Belə ki, əmisi olan Əbil Mecdunovun onunla düşmənçiliyi var, bir-biri ilə danışmırlar. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, o, Cavabdeh 7250 manat məbləğində borc vermiş, cavabdeh isə cəmi 250 manat pul qaytarmışdır. Cavabdehin hazırda ona 7000 manat məbləğində borcu qalır. O, həmin pulu cavabdehə 2021-ci ilin dekabr ayında vermişdir. Pulu verdikdən sonrakı gün isə cavabdeh onu qaytarmalı idi. Bildirdi ki, həqiqətən də, Cavabdehla əmisi Əbil Mecdunov bir-biri ilə küsülüdürlər. O, Saatlı RPŞ-yə verdiyi izahatında cavabdehə 2019-cu ilin mart ayında borc verdiyini deməsi səbəbinin nə olması ilə bağlı verilmiş suala cavab olaraq qeyd etmişdir ki, polisdə izahat verərkən cavabdehə borcun verilməsi tarixinin nə qədər keçmiş olduğunu qeyd etsə, ona bir o qədər köməklik ediləcəyini düşünmüş, buna görə də borcu cavabdehə guya 2019-cu ildə verdiyini söyləmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırda cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, o, həm iddiaçının iddia müddətini ötürdüyünü, həm də iddiaçının ona 7250 manat deyil, cəmi 2000 manat borc pul verdiyini, həmin pulu isə faizi ilə birlikdə qaytardığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə qəbul etdiyi 8 may 2008-ci il tarixli Qərarında bildirmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni 2021-ci ilin dekabr ayında 7250 manat məbləğində borcu cavabdehə verməsini sübut etmək üçün şahid kimi əmisi X1 ifadəsinə istinad etmişdir. İşdəki 24 yanvar 2024-cü il tarixli, 2(055)-135/2024 saylı məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsində keçirilən həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının və cavabdehin əmisidir. 2021-ci ilin dekabr ayında iddiaçı ona 3000 manat pul lazım olduğunu, iki gün ərzində qaytaracağını demişdir. O, iddiaçıdan nəyə görə pula ehtiyacı olduğunu soruşduqda iddiaçı ona səbəbini deməmiş, o, 3000 manat pulu iddiaçıya vermişdir. Daha sonra, həmin gün o, mağazaya gedəcəyi üçün iddiaçı ilə birgə maşınla getmiş, iddiaçının maşınında da pul olduğunu görmüş, həmin pulun nə olduğunu iddiaçıdan soruşduqda pulu bir nəfərə verəcəyini demiş, məbləğinin isə 4000 manatdan artıq olduğunu bildirmişdir. İddiaçı maşınla bir marketin yanına gedərək saxlamış, o da həmin vaxt iddiaçının maşınında olmuş, cavabdeh də “VAZ 2107” markalı maşınla gəlib onların yanında dayanmış, iddiaçının maşından düşərək 4000 manatdan bir qədər artıq olan və 3000 manat pulu cavabdeh ilə görüşərək ona verdiyini görmüş, cavabdeh pulları saydıqdan sonra götürmüş, daha sonra onlar bir qədər söhbət etmiş və ayrılmışlar. Cavabdeh marketin yanında göy rəngə oxşar rəngdə “VAZ 2107” markalı maşında oturmuş, pulu aldıqdan sonra həmin maşına qayıtmış, iddiaçı da onun yanına gəlmiş, daha sonra onu mağazanın yanında düşürüb getmişdir. O, iddiaçının ondan pul aldığı və cavabdehə verdiyi vaxt cavabdeh ilə küsülü olmuşdur. O, 1200 manat pensiya alır və iddiaçıya verdiyi 3000 manat pulu ot çardağı düzəltdirmək üçün yığmışdır. İddiaçıya bildirmişdir ki, ondan aldığı pulu cavabdehə verəcəyini bilsəydi, həmin pulu ona verməzdi. Danışdığı hadisələri özü dəqiqliklə xatırlayır. İddiaçı ona ifadəsində göstərdikləri ilə bağlı heç bir şey deməmişdir. Məhkəmə kollegiyası şahid qismində dindirilmiş Əbil Mecdunovun bildirdiklərinə tənqidi yanaşır və bunu onunla izah edir ki, hətta şahidin özü də izahatında pulun verildiyi vaxt cavabdehlə küsülü olduğunu qeyd etmiş, cavabdeh əmisi olmasına baxmayaraq, Əbil Mecdunovla münasibətlərinin pis olduğunu bildirmiş, iddiaçı da bu halı təsdiq etmişdir. Bu baxımdan məhkəmə kollegiyası münasibətlərinin yaxşı olmamasına əsasən Əbil Mecdunovun cavabdehin əleyhinə izahat verə biləcəyi ehtimalını mümkün sayır. Birinci instansiya məhkəməsi isə onun ifadəsini yanlış olaraq qərəzsiz ifadə kimi qiymətləndirmişdir. Bundan əlavə, Əbil Mecdunov özünün iddiaçıya verdiyini qeyd etdiyi 3000 manat puldan əlavə maşında olduğunu bildirdiyi pulun məbləğinin 4000 manatdan artıq olmasına dair qeyd etdiklərini iddiaçının ona dediklərinə əsasən bildirmişdir. Bundan başqa, X6 iddiaçı tərəfindən cavabdehə pulun verilməsinin 2021-ci ilin dekabr ayında olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş iddiaçının Saatlı RPŞ-yə verdiyi izahatından da göründüyü kimi, o, cavabdehə borcu 2019-cu ilin mart ayında verdiyini qeyd etmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, belə olan halda X6un ifadəsinin hazırkı iş üzrə iddiaçının tələbinin əsasını təşkil edən halları təsdiq edən sübut qismində qiymətləndirilməsi mümkün deyil. Həmçinin, iddiaçının iddia ərizəsinin bir sıra dəlilləri iş materialları ilə də uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı cavabdehə 2021-ci ilin dekabr ayında 7250 manat borc pul verdiyini, cavabdehin isə bundan 1-2 ay sonra 250 manat qaytararaq cəmi 7000 manat borclu qaldığını bildirsə də, 2023-cü ilin oktyabr ayında Saatlı RPŞ-yə müraciət edərkən öz izahatında cavabdehin ona 7250 manat borclu olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tərəflər arasında borc münasibətlərinin yarandığı ehtimal olunan dövrdə qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinin tərəflər arasında borc münasibətlərinin yarandığı ehtimal olunan dövrdə qüvvədə olan mətninə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Hazırda isə göründüyü kimi, iddiaçı həqiqətən də 7250 manat məbləğində cavabdehə borc verməsi faktını digər sübutlarla sübuta yetirə bilməməklə yanaşı, müqavilənin məbləğinə görə onun yazılı bağlanması ilə bağlı sübutetmə tələbinə də riayət etməmişdir. Cavabdeh isə iddia ərizəsində qeyd edilənləri inkar edərək, iddiaçıdan 2019-cu ilin yay aylarında yalnız 2000 manat məbləğində borc aldığını, həmin borcu isə 2020-ci ildə faizi ilə birlikdə ödəyərək bağladığını bildirmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Hazırda isə iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmiş, birinci instansiya məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmiş, sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarını tam və ətraflı araşdırmamışdır. Cavabdeh isə iddiaçıdan 2019-cu ilin yay aylarında 2000 manat borc aldığını, lakin həmin borcu qaytardığını bildirsə də, borcun qaytarılmasını sübuta yetirə bilməmiş, bununla belə, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu iddia müddətini belə izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarının 20-ci vərəqindən görünür ki, Cavabdeh tərəfindən hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, o, 2019-cu ildə 2000 manat pulu qaytarmaq şərti ilə iddiaçıdan borc almış, həmin pulu tam olaraq 2020-ci ilin əvvəlində iddiaçıya qaytarmışdır. Hal-hazırda iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı ondan haqsız olaraq sələm pulu tələb edir. Bundan əlavə, iddiaçı iddia müddətini də keçirmişdir. Cavabdeh xahiş etmişdir ki, iddiaçının ona qarşı iddia tələbi müddətin keçməsi ilə bağlı rədd edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. MM-in 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçı cavabdehə borc məbləğini 2021-ci ilin dekabr ayında verdiyini, cavabdeh isə iddiaçıdan borcu 2019-cu ilin yay aylarında aldığını qeyd edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Cavabdeh 2019-cu ildə iddiaçıdan 2000 manat borc aldığını, həmin borcu 2020-ci ildə qaytardığını, hazırda iddiaçıya heç bir borcu olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdehin göstərdiyi həmin hallar, yəni onun 2021-ci ildə deyil, 2019-ci ildə iddiaçıdan borc alması və onu qaytarması, hazırda iddiaçıya heç bir borcunun olmaması halı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçının göstərdikləri isə, yəni cavabdehin iddiaçıdan 2021-ci ildə borc alması və hazırki vaxtadək həmin borcun ödənilməmiş qalan 7000 manat hissəsini qaytarmaması halı məhkəmə iclasında öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürməmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır”. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməmiş olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır və bunu aşağıdakılarla izah edir. Saatlı Rayon Polis Şöbəsindən sorğu üzrə alınmış materiallardan görünür ki, 25 oktyabr 2023-cü ildə saat 17:54-də Saatlı rayonu, Qaracalar kənd sakini İddiaçı mobil telefonla AZ DİN-nin “102” xidmətinə zəng vuraraq bildirmişdir ki, 4 il bundan əvvəl borc adı ilə qohumu Cavabdeh 7250 manat pul verib geri ala bilmir. Həmin materiala əlavə edilmiş İddiaçı tərəfindən Saatlı RPŞ-yə ünvanlanmış yazılı izahatın surətindən görünür ki, həmkəndlisi və əmisi oğlu Cavabdeh 2019-cu ilin mart ayında ondan borc olaraq 7250 manat pul almışdır. Dəfələrlə ondan aldığı borc pulu qaytarmasını deyəndə o hər dəfə həmin pulu qaytaracağını desə də, hal-hazıradək ona verdiyi 7250 manat pulu ona qaytarmamışdır. Həmin pulun Cavabdeh alınıb ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İzahatın doğruluğunu İddiaçı imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin ondan borc alıb sonradan borcunu qaytarmaması ilə bağlı Saatlı RPŞ-yə də müraciət etmiş, bu zaman cavabdehin ondan 2019-cu ilin mart ayında 7250 manat aldığını qeyd etmişdir. Belə olan halda iddiaçının hazırkı iş üzrə iddia ərizəsində 7250 manat məbləğində borcu cavabdehə 2021-ci ilin dekabr ayında verməsinə dair qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi müəyyən olunur. Belə ki, İddiaçı öz imzası ilə təsdiq olunmuş izahatdan da göründüyü kimi, o, cavabdehə 7250 manat məbləğində borcu 2021-ci ilin dekabr ayında deyil, 2019-cu ilin mart ayında vermişdir. Cavabdeh isə iddiaçıdan borcu 2019-cu ilin yay aylarında aldığını vurğulamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının cavabdehə 2019-cu ildə borc verməsini işin hallarına uyğun sayır. Bundan əlavə, iddiaçı cavabdehin ondan aldığı borcu 1 gün sonra qaytarmalı olduğunu bildirdiyindən məhkəmə kollegiyası iddia müddətinin axımının da elə 2019-cu ildən hesablanmalı olduğunu qeyd edir. Belə olan halda 3 illik iddia müddətinin axımı ən geci 2022-ci ilin yay aylarında başa çatmışdır. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə 15 dekabr 2023-cü ildə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Cavabdeh MM-in 375.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin tətbiqi barədə ərizə versə də, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmiş, bununla da, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, iddiaçının cavabdehə 7250 manat məbləğində borc verməsi və cavabdehin iddiaçıya 7000 manat məbləğində borcunun qalması iş materialları ilə öz təsdiqini tapmadığından, eyni zamanda, hazırkı iddia iddia müddəti ötürülməklə verildiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarının 3-cü vərəqində olan 12 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarının 4-cü vərəqində olan 12 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Saatlı Rayon Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən 100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, qətnamə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində də ləğv edilməli, həmin məhkəmə xərcləri iddiaçının özünə aid edilərək, iddia tələbi onlara aid hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-135/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar