Məhkəmə qərarları › İş №2(106)-707/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-707/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-707/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh İsayeva (Vəlizadə) Nərmin Nizami qızına qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(050)-2909/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu İsrail İsayev cavabdehlə nikahlarını 09 sentyabr 2019-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. İddiaçı onlar hələ nişanlı olan ərəfədə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 2 girişli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbə, 64 nömrəli mənzilini alğı-satqı yolu ilə almışdır. Həmin vaxt cavabdeh oğlu ilə nişanlı olmaqla ailə quraraq iddiaçının ailəsinin bir üzvü olacağından mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Bununla bağlı mənzilin dəyəri kimi 47000 manat pulu da iddiaçının özü ödəmişdir. Lakin sonradan cavabdehlə oğlunun arasında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Onların nikahı Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ayrıldıqdan sonra isə cavabdeh qeyd olunan mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyata aldırmış və nə mənzili iddiaçıya qaytarmamış, nə də mənzilə görə ödədiyi vəsaiti iddiaçıya qaytarmamışdır. Nəticədə isə cavabdeh iddiaçının hesabına əsassız varlanmış, iddiaçı isə qeyd olunan vəsaitdən məhrum olmuşdur. Qanunvericiliyin tələbinə əsasən cavabdehin iddiaçının oğlunun həyat yoldaşı olmaqla ailəsinin bir üzvü olmasına görə aldığı mənzili onun adına sənədləşdirməsindən istifadə edib sonradan nə mənzili, nə də dəyərini qaytarmamaqla iddiaçının vəsaiti hesabına əsassız varlanması qanuna zidd olmaqla, bununla bağlı pulundan məhrum olduğuna görə iddiaçıya vurulmuş ziyan hesab edilir və həmin ziyanı cavabdeh iddiaçıya ödəməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-2909/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Habil Bəhmənov) İddiaçı Cavabdeh qarşı 47000 manat və dövlət rüsumuna görə 230 manat pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-2909/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hesabına əsassız varlanmış cavabdehdən iddiaçının hesabına varlandığı mənzilin alınmasına sərf olunmuş vəsaitin tələbinə dair iddiasını təmin etməməklə Mülki Məcəllənin 21, 1091-1093-cü maddələrinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə iddianı təmin etməməklə, 47000 manat məbləğində pul vəsaitindən iddiaçının məhrum edilməsinə şərait və haqq qazandırmış, bununla da Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə tərəfindən iddiaçının dəlilləri və sübutları araşdırılmadan qətnamə qəbul edilməklə, xeyrinə olan xüsusatlara əhəmiyyət verilməməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılmamaqla, işin ədalətli araşdırılması hüququ pozulmuşdur. İş materiallarından görünür ki, mübahisəli mənzilə dair alğı-satqı müqaviləsi iddiaçı ilə bağlanılmış, mənzilin dəyərini iddiaçı ödəmişdir. Yalnız mənzilə dair iddiaçının hüquqları qeydiyyata alınarkən iddiaçı ilə həyat yoldaşı arasında boşanma işi olduğundan, oğlu isə kassir işlədiyindən, mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Bu iş materiallarında olan müqavilə və ödəniş qəbzləri ilə də təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi sübutların heç birinə hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə mübahisəli mənzilin cavabdehin valideynlərinin vəsaiti hesabına alınmasını və mənzilin ona hədiyyə edilməsini qeyd etmiş, bu xüsusatın iş materialları ilə sübut edilməməsini, iş materiallarında nə mənzilin bağışlanması barədə müqavilənin olmamasını, nə də ki, mənzilin pulunun cavabdehin valideynlərinə aid olmasına dair sübutun olmamasını nəzərə almamışdır. Məhkəmə cavabdehin əsassız varlanaraq iddiaçıya ziyan vurmasının sübut edilməməsi qənaətinə gəlmişdir. Halbuki, mübahisəli mənzilin pulunu iddiaçının ödəməsi işin mübahisəsiz halıdır. Hazırkı vəziyyətdə isə mübahisəli mənzili iddiaçının almasına baxmayaraq, cavabdehin sonradan həmin mənzildən istifadələrinə imkan verməməklə, iddiaçının vəsaiti hesabına əsassız olaraq əldə etdiyini, başqa sözlə, həmin xüsusat üzrə məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmamasını göstərir. Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz verilmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, onlar birinci instansiya məhkəməsinə sübutları təqdim etmişlər. İş materiallarına ödəniş qəbzləri əlavə olunmuşdur. Həmin sənədlərdən pulun iddiaçı tərəfindən ödənildiyi görünür. Qarşı tərəf bu halı təkzib etsə də, hər hansı sübut təqdim etməmişdir. Mənzilin alındığı ərəfədə iddiaçı boşanma ərəfəsində olduğuna görə mənzili öz adına almamış, oğlunun nişanlısı olan cavabdehin adına rəsmiləşdirmişdir. Lakin nişanın qayıtması iddiaçının ağlına gəlməzdi. İddiaçının mənzili öz oğlunun adına rəsmiləşdirməməsinin səbəbi isə kassir işləyən oğlunun iş yerində problemlərinin yaranması olmuşdur. Cavabdehlə "xxxx" MTK arasında heç bir müqavilə yoxdur. Cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. İddiaçı mənzili nə alğı-satqı, nə də bağışlama qaydasında cavabdehə verməmişdir. Mübahisəli mənzil iddiaçı tərəfindən sadəcə oğlu ilə cavabdehin ailə qurduqdan sonra daimi yaşamaları üçün alınmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən ödənilsə də, rəsmiləşdirmənin son mərhələsində cavabdehin adına maliyyə arayışının verilməsinə və mənzilə mülkiyyət hüququnun qeydə alınmasına razılıq vermişdir. Mənzilin cavabdehin atası tərəfindən verilmiş pullar hesabına alınması isə həqiqətə uyğun deyil. Lakin cavabdeh də bunun müqabilində öz üzərinə hər hansı öhdəlik götürməmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Cavabdehin nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-İ 419156 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci ildə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 142 nömrə ilə qeyd edilmişdir. İşdəki "xxxx" Mənzil Tikinti Kooperativinin 111/12 nömrəli, 18 dekabr 2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 2 girişli 88 mənzilli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbə, 64 nömrəli Cavabdeh adına olan mənzil üçün ödənilən 47000 manat pul məbləği İddiaçı tərəfindən "xxxx" MTK-nın kassasına nağd ödəniş edilmişdir. İşdəki kooperativ binada mənzil alğı-satqısı üçün 02 iyun 2018-ci il tarixli, 128/06 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MTK Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və N.Xəzri küçələrinin kəsişməsində tikilən "xxxx" MTK-da 2-ci blok, 6-cı mərtəbə, 64 nömrəli mənzilini payçı İddiaçı verməyi öz öhdəsinə götürür. Mənzil 1 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 50,50 kv.m, mənzilin yaşayış sahəsi 24,10 kv.m təşkil edir. Payçı İddiaçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməsi ilə son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Mənzilin dəyəri 47000 manat təşkil edir. İş materiallarının 40-cı vərəqində olan "xxxx" MTK tərəfindən verilmiş 02 iyun 2018ci il, 04 iyul 2018-ci il və 31 iyul 2018-ci il tarixli mədaxil orderlərindən görünür ki, 64 nömrəli mənzilin alğı-satqısı üçün İddiaçı tərəfindən cəmi 47000 manat ödəniş edilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı üzərində Cavabdeh adına mülkiyyət hüququ ("xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2018-ci il tarixli, 055 nömrəli Protokolundan çıxarışına və xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********43-05301-093049 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəli ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İşdəki "xxxx" MTK-nın 01 avqust 2018-ci il tarixli, 055 nömrəli arayışından görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, N.Xəzri küçəsi ünvanında 17 nömrəli binanın 64 saylı mənzilində yaşayır. Göstərilən mənzil 1 otaqdan ibarətdir, ümumi sahəsi 50,5 kv.m, yaşayış sahəsi 24,1 kv.m-dir. 12 mərtəbəli binanın 2-ci giriş, 6-cı mərtəbəsində yerləşir. Mənzilin su, işıq, qaz, kanalizasiya, telefon, lift kimi kommunal şəraiti vardır. Ev Cavabdeh məxsusdur və onun ailəsi 1 nəfərdən ibarətdir. Bu mənzildə daimi qeydiyyatda heç kim yoxdur. İşdəki "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2018-ci il tarixli, 055 nömrəli Protokolundan çıxarışdan görünür ki, Cavabdeh müəssisənin üzvü qəbul olunmaqla MTKnın ünvan 4 ünvanında yerləşən "xxxx" kooperativ binasının 2-ci giriş, 6-cı mərtəbə, ümumi sahəsi 50,5 kv.m, yaşayış sahəsi 24,1 kv.m olan 1 otaqlı 64 saylı mənzilin payçısı təsdiq edilmişdir. İşdəki "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Binanın 2-ci giriş, 6-cı mərtəbə, ümumi sahəsi 50,5 kv.m, yaşayış sahəsi 24,1 kv.m olan 1 otaqlı, 64 saylı mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. İşdəki RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49 kv.m olan mənzil xx.xx.2018-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində tərtib edilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzrə hüququn subyekti Cavabdehdır. İşdəki xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 230 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, 2(050)-2909/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, iddiaçı onun atasının dostu olsa da, nişanlandıqdan sonra onlarla birlikdə yaşamağın çətin olacağını demiş, həmin vaxt nişanlısı İsrail İsayev Bakı şəhərində işlədiyinə görə Bakı şəhərində atası cavabdehə hədiyyə mənzil alacağını bildirmişdir. Cavabdehin atası komissarlıqda işlədiyinə görə işdən icazə alıb tez-tez Bakı şəhərinə gedə bilmirdi. Mənzili tapdıqdan sonra sənədləşmə məsələlərinə cavabdeh, anası Dilarə və İddiaçı getmişlər. Pul anasının çantasında olmuş və anası mənzil alınarkən iddiaçıya 30000 manat vermişdir ki, pulu ödəsin. Qalan 17000 manat pulu da sonradan ödəmişlər. İddiaçı mənzili əvvəl öz adına almış, lakin cavabdehin atası buna razı olmadığına görə iddiaçı mənzili cavabdehin adına keçirmişdir. Əgər mənzili iddiaçı almışdısa, niyə qızı və ailəsi Bakı şəhərində kirayədə yaşayırdı? Həmin mənzildə iddiaçıya dair heç bir əşya yoxdur. 2021-ci ilin 26 fevral tarixində iddiaçı cavabdehi və oğlu İsraili evdən qovmuşdur. Həmin vaxta qədər də mübahisəli mənzildə heç kim yaşamamış, açarları isə cavabdehdə olmuşdur. Mənzil cavabdehin mülkiyyətindədir və pulunu atası vermişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, 2(050)-2909/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dinlənilmiş X1 çıxış edərək cavabdehin atası Nizami ilə uşaqlıq dostu olduğunu, Nizaminin oğlu Vüqar xəstəxanada olarkən dostu Əflatun və Eyvazla birlikdə ona dəyməyə gedəndə iddiaçını da orada gördüklərini bildirmişdir. Həmin vaxt iddiaçı deyirdi ki, Nizami qızına ev alıb özünü gözə gətirib. Bu yaxınlarda iddiaçının iddiasını eşitmişdir və Nizamiyə də demişdir ki, Vüqar xəstə olanda iddiaçı özü deyirdi ki, evi Nizami alıb. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, 2(050)-2909/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dinlənilmiş X8 çıxış edərək cavabdehin atası Nizami ilə uşaqlıq dostu olduğunu, Nizaminin oğlu Vüqar xəstəxanada olarkən dostu Əflatun və Eyvazla birlikdə ona dəyməyə gedəndə iddiaçını da orada gördüklərini bildirmişdir. Həmin vaxt iddiaçı deyirdi ki, Nizami qızına ev alıb özünü gözə gətirib. Bu yaxınlarda iddiaçının iddiasını eşitmişdir və Nizamiyə də demişdir ki, Vüqar xəstə olanda iddiaçı özü deyirdi ki, evi Nizami alıb. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, 2(050)-2909/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dinlənilmiş X4 çıxış edərək cavabdehin atası Nizaminin sinif yoldaşını olduğunu, tez-tez yığışıb çörək yediklərini, təqribən 3-4 il əvvəl Nizami, Eldəniz və başqa bir neçə yoldaşlarla bərabər “Masallı Hotel”də yemək yedikləri vaxt Eldənizin Nizaminin yeni ev aldığını bildirdiyini və onların da Nizamini təbrik etdiyini bildirmişdir. Sonradan Eldənizin iddiasını eşitmiş və Nizamiyə şahid kimi ifadə vermək istədiyini bildirmişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, 2(050)-2909/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dinlənilmiş X2 çıxış edərək cavabdehin onun qızı olduğunu bildirmişdir. Cavabdeh nişanlandıqdan sonra atası ona Bakıda ev hədiyyə almaq istəmişdir. Evin pulunu o, Bakı şəhərində çantasından çıxarıb 30000 manat iddiaçıya vermiş, qalan 17000 manatı da sonradan vermişlər. Birinci dəfə gedəndə iddiaçı onları aparmış, hətta həmin gün iddiaçı anasını “Qarayev”dən götürmüş, “28 Mall”da çay içmişlər. İddiaçı doğru danışmır, onun ev almağa pulu olsaydı, uşaqları Bakı şəhərində kirayədə yaşamazdı. O bildirmişdir ki, 30000 manatı Bakıya özü aparmış və orada ödəmək üçün iddiaçıya vermişdir, iddiaçı ev üçün hər hansı pul ödəməmişdir. Evin iddiaçıya heç bir aidiyyəti yoxdur. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, 2(050)-2909/2022 saylı məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin iclasda şahid qismində dinlənilmiş X5 çıxış edərək iddiaçı ilə 2013-cü ildən dostluq münasibətlərinin olduğunu qeyd etmişdir. Uşaqları nişanlı olarkən qızına ev hədiyyə almaq istədiyini bildirmişdir. İddiaçı da onu ev satan Kənan adlı şəxslə tanış etmişdir. 2018-ci ilin iyul ayında gedib mənzilə baxmış və bəyənmişdir, 47000 manata razılaşmışlar. Nizami Vəlizadə özü işlədiyinə görə işdən çıxa bilmədiyi üçün pulu yoldaşı Dilarəyə vermiş, Dilarə və Nərmin iddiaçı ilə birlikdə gedərək ödənişləri etmişlər. Əvvəlcə 30000 manat, sonra isə 17000 manat pul ödəmişdir. İddiaçı mənzili əvvəlcə öz adına almışdı, lakin sonradan Nizami Vəlizadənin tələbi ilə Nərminin adına keçirmişdir. Bu faktı dostları da təsdiq etmişdir. O, ümumilikdə 47000 manat mənzilə görə ödəniş etmişdir. İddiaçı isə evə görə hər hansı pul verməmişdir. İddiaçı cavabdehdən 47000 manat pulun alınıb ona verilməsini tələb etmiş, öz tələbini əsaslandırarkən cavabdehin nə mənzili, nə də dəyərini qaytarmamaqla iddiaçının vəsaiti hesabına əsassız varlanmasına və bununla bağlı pulundan məhrum olduğuna görə ona ziyan vurulmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası bildirir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli; 2. həmin əmlak kreditorun hesabına əldə edilməli; 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Mübahisəli mənzilin alınması üçün pulun kim tərəfindən ödənilməsi ilə bağlı tərəflər fərqli izah vermişlər. Belə ki, iddiaçı mübahisəli mənzil üçün 47000 manat məbləğində pulun onun özü tərəfindən öz vəsaiti hesabına ödənildiyini bildirsə də, cavabdeh həmin pulun öz atasının vəsaiti hesabına ödənildiyini qeyd etmişdir. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, mənzilin cavabdehin adına rəsmiləşdirilməsi iddiaçının öz iradəsi əsasında həyata keçirilmişdir. Belə ki, 02 iyun 2018-ci il tarixli müqavilə "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış olsa da, iddiaçı sonradan həmin mənzilə dair MTK tərəfindən cavabdehin adına protokolun və maliyyə arayışının tərtib olunmasına, eləcə də, həmin sənədlər əsasında mübahisəli mənzilin RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Lakin cavabdeh bunun müqabilində öz üzərinə hər hansı öhdəlik götürməmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh mübahisəli mənzil üzərində mülkiyyət hüququnu məhz iddiaçının öz iradəsi əsasında əldə etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, hal-hazırda iddianın rədd olunması qənaətinə gəlinməsi mənzilin pulunun iddiaçı və ya cavabdehin atası Nizami Vəlizadə tərəfindən ödənilməsi ilə bağlı deyil, prosessual qənaət prinsipinə əsasən bu halı araşdırmağa və hüquqi qiymət verməyə zərurət də yoxdur. Çünki iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsi öz təsdiqini tapmış olsaydı belə, o, özünün mülkiyyət və ya pay hüququnu Cavabdeh adına əvəzsiz olaraq keçirmiş (bir növ hədiyyə) hesab ediləcəkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, həmin mənzilin pulunun iddiaçı tərəfindən ödənilmiş olması halında belə özlüyündə cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmış şəxs hesab edilə bilməz. Çünki onun mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması əsassız olmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı onun məhz cavabdehin qanunazidd hərəkəti nəticəsində maddi ziyana uğramasını və yaxud mənzili əldə etməyə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün və cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanmış şəxs hesab edilməsi üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Beləliklə, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu xarakteri daşıyan hərəkəti, yaxud iddiaçının vəsaiti hesabına əsassız varlanması halı iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-in 107 və 119.1-ci maddələrinin tələbləri baxımından bildirir ki, iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsi ödənilmiş 230 manat dövlət rüsumunun da iddiaçının özünə aid edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2909/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar