Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-71/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1933/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 14762,83 manat əsas, 2462,05 manat faiz, 7752,84 manat cərimə və 2117,65 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 27095,37 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, İmişli şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22 faiz ödənilməsi şərtilə 18000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə həmin tarixdə 500 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan İmişli şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 9 nömrəli fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli, 5676 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişlər. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Hazırda borclunun Banka ödənilməmiş 14762,83 manat əsas, 2462,05 manat faiz, 7752,84 manat cərimə və 2117,65 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 27095,37 manat borcu mövcuddur. İmişli Rayon Məhkəməsinin 2(036)-1933/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1 14762,83 manat əsas borc, 2462,05 manat faiz, 100 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, C.Cabbarlı küçəsi 09-da yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 09 nömrəli fərdi yaşayış evinin (reyestr nömrəsi: **********70-10301) açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-1933/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsinin tam ləğv edilərək, əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehlərin məhkəmə iclasları barədə məlumatlandırılmaması, onların iştirakının təmin edilməməsi, yalnız iddiaçının irəli sürdüyü dəlillərə əsaslanaraq qərar qəbul edilməsi, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi üçün şərait yaradılmaması və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə riayət edilməməsi ilə əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası işə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, işdəki xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi və ona əlavə edilmiş ödəmə cədvəlindən görünür ki, İddiaçı ASC Cavabdeh1 (Borcalan) illik 22 % ödəməsi şərti ilə 36 ay müddətinə 18000 manat məbləğində kredit vermişdir. Borcalan kreditin əsas məbləğini və hesablanmış faizləri xx.xx.2017-ci il tarixədək, hər təqvim ayının 22-ci günü 687,43 manat olmaqla, hissə-hissə ödəməyi, krediti və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 44 % ödəyəcəyini vəd etmişdir. İşdəki xx.xx.2014-cü il tarixli, 5676 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdəki xx.xx.2014-cü il tarixli, 500 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, C.Cabbarlı küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 85 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 9 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 25000 manat müəyyən edilmişdir. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, C.Cabbarlı küçəsi, 9 saylı fərdi yaşayış evinin 0,10 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə surəti olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmiş və qərar dərhal icraya yönəldilmişdir. İşdəki LPO İddiaçı ASC-nin **********685 saylı, xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 14762,83 manat əsas borc, 2462,05 manat faiz borcu, 7752,84 manat cərimə, 2117,65 manat kredit müqaviləsi müddətinin bitməsindən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 27095,37 manat borc yaranmışdır. İşdəki xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, LPO İddiaçı ASC xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını cavabdehlərə təklif etmişdir. X6 Portalının ********* saylı, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. İşdəki "xxxx" MMC-nin 279/ZB/22 saylı, xx.xx.2022-ci il tarixli hesabatında İmişli şəhəri, C.Cabbarlı küçəsi ev 9 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə bazar dəyərinin 145000 manat, likvid dəyərinin 135000 manat təşkil etdiyi göstərilir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdəki "xxxx" MMC-nin X7 Filialının 150 saylı, xx.xx.2022-ci il tarixli; 157 və 158 saylı, xx.xx.2022-ci il tarixli məktublarında İmişli Rayon Məhkəməsi tərəfindən göndərilmiş heç bir qeydiyyatlı məktub və ya bildirişin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 təqdim edilmədiyi qeyd edilsə də, təqdim edilməməyə əsas olmuş hal göstərilməmiş, eləcə də Cavabdeh4 göndərilmiş məktub və ya bildirişin təqdim edilmədiyi şəxslərin sırasına aid etməmişdir. İşdəki hesab çıxarışından görünür ki, xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə 100 manat ödəniş xx.xx.2017-ci il tarixdə olmuş, 468,09 manat əsas borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə silinmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, göndərilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məhkəmə bildirişlərinin Cavabdeh4 təqdim edilməməsi hər hansı sübutla təsdiq edilməmiş, "xxxx" MMC-nin X7 Filialının 150 saylı, xx.xx.2022-ci il tarixli; 157 və 158 saylı, xx.xx.2022-ci il tarixli məktubları ilə isə İmişli Rayon Məhkəməsi tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə bildirişlərinin göndərilməsi təsdiq edilsə də, onlara təqdim edilməməsinə əsas olmuş hal göstərilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin yaşadıqları, yaxud işlədikləri yer üzrə tapılmamalarının və məhkəmə bildirişlərinin səhlənkarlıq nəticəsində onlara çatdırılmamasının təsdiq edilmədiyini, eləcə də bildirişlərin onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya müvafiq icra hakimiyyəti orqanına, yaşadıqları yer üzrə yerli özünüidarə orqanına, yaxud işlədikləri yer üzrə müdiriyyətə verilmədiyini, həmçinin cavabdehlərin qəbul etməkdən imtina etmələri əsası ilə müvafiq qeydlər edilməklə məhkəməyə qaytarılmadığını nəzərə alaraq, məhkəmə bildirişlərinin cavabdehlərə çatdırıldığı, onların məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırıldıqları nəticəsinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Boqonos Rusiyaya qarşı iş üzrə” qərardadında bildirilir ki, dövlət orqanları ərizəçiləri onların işləri üzrə keçiriləcək məhkəmə iclasları barədə məlumatlandırmağa borcludurlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı iş üzrə” qərardadında xatırlatmışdır ki, məhkəmə iclasında iştirak etmək hüququ o demək deyil ki, ərizəçilər prosesdə şəxsən iştirak etməyə yetərincə səy göstərmədikdə, dövlət orqanları onları məhkəməyə gətirmək öhdəliyini daşıyırlar. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. Buna görə də, məhkəmə tərəfindən işə onların iştirakı olmadan baxılması cavabdehlərin prosessual hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 illik 22 % ödəməsi şərti ilə 36 ay müddətinə 18000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 kreditin əsas məbləğini və hesablanmış faizləri bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüş, öhdəliyini lazımınca icra etmədiyi təqdirdə cərimə ödəyəcəyini vəd etmişdir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus İmişli şəhəri, C.Cabbarlı küçəsində mülkiyyətdə olan 0,10 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 25000 manat müəyyən edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə etmiş Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə 14762,83 manat əsas, 2462,05 manat faiz borcu yaranmışdır. İddiaçı onun borcuna 7752,84 manat cərimə, 2117,65 manat kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün illik beş faiz formasında zərər hesablanmışdır. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində Cavabdeh1 14762,83 manat əsas, 2462,05 manat faiz və 100 manat cərimə borcunun tutulub iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərini 25000 manat olaraq müəyyən etsələr də, ilkin satış qiymətində razılaşmadıqlarından, ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (Bundan sonra Qanunun) 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası tərəflərin müqavilədə ipoteka predmetinin ilkin satış qiymətində razılaşmadıqlarını nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndirici "xxxx" MMC-nin hesabatındakı likvid qiymətinə uyğun olaraq 135000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Qanunun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində cərimə və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Məhkəmə kollegiyası eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi üzrə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh xx.xx.2017-ci il tarixdə sözügedən kredit müqaviləsi üzrə son ödənişi etməklə borcu etiraf etməsini göstərən hərəkət etdiyindən, bununla da iddia müddətinin axımı kəsildiyindən iddiaçı tərəfindən iddia müddəti keçirilməmişdir və cavabdehin bu ərizəsi qətnamənin ləğv, iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. MM-in 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 117.1-ci maddəsinin tələbinə görə, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğ və iş üzrə digər zəruri xərclər xahiş etmiş tərəfə aiddir. Cavabdeh1 apellyasiya şikayətində onun kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünə istinad etsə də, işdəki hesab çıxarışından göründüyü kimi, xx.xx.2014-cü il tarixli, 274 saylı kredit müqaviləsi üzrə 468,09 manat əsas borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə silinmişdir və göründüyü kimi bu hal apellyasiya şikayətinin təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, öhdəliyini icra etməməsi, nəticədə iddiaçıya qaytarılması tələb olunan miqdarda əsas və faiz borcunun yaranması, fərdi yaşayış evinin kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipoteka ilə yüklü edilməsi tam təsdiq olunduğundan, bununla da iddiaçının onun borcuna cərimə hesablamaq, fərdi yaşayış evinin satılmasını tələb etmək hüququ yarandığından, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli olduğundan, birinci instansiya məhkəməsinin mübahisənin həlli, dövlət rüsumunun əvəzinin tutulması üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, tərəflər ipoteka predmetinin müqavilədə göstərilən ilkin satış qiymətində razılaşmadıqlarından, qətnamə həmin hissədə dəyişdirilərək fərdi yaşayış evinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin hesabatındakı likvid qiymətinə uyğun olaraq 135000 manat məbləğində müəyyən edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, qiymətləndirməni həyata keçirmiş "xxxx" MMC-nin mütəxəssislərinə verilməli məbləğ Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 385, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1933/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 135000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 qiymətləndirmə xərci üzrə 300 manat tutularaq, "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC-nin Abşeron fililalı, VÖEN **********, M/h: AZ03NABZ********************, kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52İBAZ******************** hesabına köçürülsün. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-71/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-71/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver