Məhkəmə qərarları › İş №2(106)-712/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-712/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-712/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İR sədrliyi və məruzəsi ilə, E və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş maddi ziyan” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)- 522/2023 saylı qətnaməsindən (hakim Ənnağı Məmmədli) iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu ərazisində balıq yetişdirməklə sahibkarlıq fəaliyyəti göstərir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011 -ci il tarixli 78-S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında yerləşən balıqçılığın inkişafı məqsədilə 40 ha və heyvandarlığın inkişafı məqsədilə 60 ha olmaqla, 100 ha torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Cavabdeh1 isə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətin həyata keçirmək üçün etibarnamə ilə həmin torpaq sahəsini Cavabdeh2 almışdır. 2016-cı ildə tanışı Zahir onunla görüşərək tanışı Elvinin süni balıq gölü olduğunu və birlikdə işləmək istədiklərini təklif etmişdir. O da, Zahirlə razılaşmışdır. Sonradan Elvinlə görüşmüş, aralarında olan razılaşmaya əsasən balıq gölünün qazancının 50 faizini özünə, 25 faizinin Zahirə, 25 faizinin isə ona veriləcəyi şərti ilə razılaşmışlar. 2018-ci ildə ziyana getdikləri üçün X2 bu barədə ona və Elvinə bildirərək bu işdən uzaqlaşmışdır. Bundan sonra o, həmin balıqçılıq təsərüffatını təkbaşına inkişaf etdirməyə başlamış və mütəmadi olaraq satdığı məhsulun pulunu Elvinə müxtəlif vaxtlarda, ümumilikdə şəxsən qeydiyyat aparmaqla 96000 manat pul vermişdir. Daha sonra Cavabdeh1 xx.xx.2021 -ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək, 2016-cı ildən 2018-ci il tarixinə kimi həmin ərazidə yerləşən süni balıq gölünü işlətməsi üçün ona 250000 manat pul və balıq yemi verdiyini, lakin onun tərəfindən ona dələduzluq edildiyini bildirmişdir. 28 dekabr 2021 -ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra cavabdeh Salyan Rayon Məhkəməsinə "pul tələbi” barədə iddia ərizəsi və həmçinin, müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək onun Salyan rayonu, Babazadə asudə dövlət fondu torpağında yerləşən 100 ha torpaq sahəsindəki və onun ətrafındakı göllərdən balıqların ovlanmasına, onların satılmasına qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə həmin ərizə təmin edilmişdir. Halbuki, cavabdeh həmin torpaq sahəsini etibarnamə ilə idarə edir və onun mülkiyyətində olmayan torpaq sahəsidir. Əgər cavabdehin tələbi pul tələbidirsə, bu zaman "onun mülkiyyətində olmayan sahədən və ətraf göllərdən” balıqların ovlanmasına və satılmasına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət etməsi halı ziddiyət doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarət gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əssən, mülki hüquqlar hüquqauyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Bundan əlavə, Cavabdeh2 tərəfindən ona qarşı "torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, onun və aidiyyatı olmayan digər şəxslərin girişi və həmin torpaq sahələri və göllərdən istifadəsinə qadağa qoyulmuşdur. Həmin ərazidə fəaliyyət göstərdiyi zaman, tərəfindən xeyli miqdarda balıq alaraq suya buraxılmışdır. Hazırda həmin sahəyə girişi qadağa olunsa da, süni balıq gölündə olan balıqlar üçün xeyli miqdarda xərc çəkmişdir. Belə olan zaman, balıqların ovlanması, satılmasına qoyulan qadağa qoyulması ilə onun hüquq və mənafeləri pozulmuşdur. Çünki iş materiallarına əlavə edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, Cavabdeh1 tələbi yalnızca puldan ibarət olmaqla, balıqlarla bağlı deyildir. Həmçinin istər iddia ərizəsində, istərsə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, həmin süni göldə balıqların onlar tərəfindən alındığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Çünki, süni balıq gölünə balıq yetişdirilməsi üçün balıqların haradan, necə və nə vaxt gətirildiyi əsaslandırılmamışdır. Bildirir ki, 2021-ci il mart ayında çəkisi 200-250 qr olan 40000 (qırx min) ədəd balıq alaraq, 29 hektar gölə buraxmışdır. Bunlardan 25000 ədədi çəki balığı, 10000 ədədi talstrof balığı, 5000 ədədi belanvor balığı olmuşdur. Daha sonra 900 kg təxminən 80 ədədi 1 kg olan qarışıq leçinka balığı alaraq suya buraxmışdır ki, bu da 7 ton məhsul vermişdir. 2021-ci ilin oktyabr ayında isə həmin balıqları daşıyaraq anbara köçürmüşdür. Həmçinin, həmin anbara 2021-ci il oktyabr ayında Neftçala rayonunda 5 ton, çəkisi 200-250 gr olan körpə balıq alaraq buraxmışdır. 2021-ci ilin oktyabr ayında 5 ton, çəkisi 1.6-1.7 kq olan iri çəki balığı alıb, digər anbara buraxmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi balıqların yemlənməsi üçün 150 ton yem alınaraq, yemlənmədə istifadə olunmuşdur. 40.000 ədəd (200-250 qr) malyuk balığı üçün 37000 manat pul vermişdir. Bu da təqribən 35000 ton məhsul verməli idi və 210000 manat pul vəsaiti əldə etməli idi. Əlavə olaraq, başqa şəxsdən 1,6-1,7 kg olan 5 ton iri sazan balığı almışdır. Əgər, satış baş tutsa idi, 30000 manat pul əldə etməli idi. 2021-ci ilin mart ayında 900 kq leçinka almışdır. (900 kqx6-5400 manat). Həmçinin yemləməklə, qulluq etməklə 7 ton məhsul əldə edə bilərdi. Onun bazar dəyəri isə 35000 manat idi. 2021-ci ilin oktyabr ayında 5 ton (200-250 gr) malyuk almışdır. Həmin balıqlara görə 20000 manat pul vəsaiti xərcləmişdir. Daha sonra 150 ton buğda və arpa almışdır ki, ona da 67500 manat pul vermişdir. Bunlardan əlavə, həmin vaxt ərzində əlavə xərcləri çıxmışdır. İşlərin yerinə yetirilməsi məqsədilə 2 işçiyə ehtiyac olmuşdur ki, həmin işçilərə 10200 manat haqq olaraq əmək haqqı vermişdir. İşçilər Namiqin əmək haqqısı ayda 500 manat, Səbuhininki isə hər ay üçün 500 manat təşkil etmişdir. Eyni zamanda su pulu olaraq, 3000 manat məbləğində pul vermişdir. Əlavə xərcləri isə 12000 manata yaxın olmuşdur. Ümumilikdə, bütün bu vaxt ərzində göstərdiyi fəaliyyət zamanı ona 177600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vəsaitləri onu öz və yaxınlarının adına banklardan götürdüyü kredit və şəxsi evinin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Bir hissəsini isə bu gün də müxtəlif şəxslərə borcludur. 2022-ci ilin fevral ayının 4-də məhkəmənin qərardadına əsasən onun həmin əraziyə giriş-çıxışı qadağan edildiyi gündən bugünə kimi Cavabdeh1 tərəfindən həmin balıqların oradan qanunsuz olaraq çıxarılaraq satışı davam edir. Halbuki, o, 177600 manat miqdarında xərc çəkmişdir. Cavabdeh qanunsuz olaraq orada balığı satmaqla onu çəkdiyi xərclərin ödənilməsindən və gələcəkdə əldə edəcəyi qazancdan məhrum etmişdir. Bu gün ona ziyan vurulmaqda davam edir. Hazırki vəziyyətdə nəinki gəlir əldə bilir, çəkdiyi xərcin çıxarılması belə qeyrimümkündür. Cavabdeh1 tək qurbanı özü deyildir. Onun barəsində Nərimanov RPİ-də dəfələrlə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və o dəfələrlə məhkum edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış 240000 (iki yüz qırx min) manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 418068 (dörd yüz on səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, 2016-cı ildə Cavabdeh1la şərik işləməyə başlamışdır. 2016 və 2017-ci illərdə Cavabdeh1 110.000 (bir yüz on min) manat pul vermişdir. 2016-cı ildən 2021-ci ilədək hər il 18-25 ton, sonuncu il isə 38-40 ton balıq yetişdirilmişdir. Həmçinin Cavabdeh1 ondan 20000 (iyirmi min) manat pul alaraq "haramı” düzündə taxıl əkərək 500 ton taxıl tədarük edərək balıqların yem ehtiyacını ödəyəcəyinə bildirsə də sözünə əməl etməmişdir. O, həmin pulun müqabilində heç bir Məcbur qalıb 170 ton taxılı 55 qəpiyə, yəni 5 qəpik daha baha qiymətə almışdır. Daha sonra göstərmişdir ki, o, 20 hektar olan süni balıq göllərinin həcmini artıraraq 60 hektar etmişdir. Ərazidə təsərrüfat damı və bisetka tikdirmişdir. Əvvəlki məhkəmə iclasında bildirmişdir ki, bir neçə il min bir zəhmətlə yetişdirdiyi balıqları satışa hazır etdiyi ərəfədə, yəni 07 yanvar 2021-ci il tarixdə Cavabdeh1 ona qarşı "pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək ondan 254.770 manat pul tutulmasını xahiş etmişdir. Cavabdeh1 ərizəsi əsasında Salyan Rayon Məhkəməsinin 2(057)-2İ95/2021 saylı müvəqqəti təminat tədbiri barədə qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi o, və digər şəxslərə balıqların olduğu göllərdən istifadə etmələri qadağan edildiyi üçün süni balıq göllərində olan bütün balıqlar Cavabdeh1 tərəfindən götürülməklə satılmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iki ildir ki, məhkəmə prosesi davam edir. Məhkəmənin yekunlaşdırılmasını istəyir. Qarşı tərəf ekspertin iştirakını tələb edirsə, bu vaxta kimi müraciət edərək aydınlaşdıra bilərdi. Salıyan Rayon Polis Şöbəsində Cavabdeh1 şikayəti araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda İddiaçı Cavabdeh1 250000 (iki yüz əlli min) manat borcu olması öz təsdiqini tapmamışdır. İşin mahiyyəti ondan ibarətdir ki, cavabdeh göldən kənarlaşdırılandan sonra bu söz-söhbətlər ortaya çıxmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur. İddiaçı iddia tələbi 11 aprel 2022-cü il tarixdə məhkəməyə daxil olub, hesab edir ki, bu iş üzrə xüsusi qərardad çıxarılmalıdır. Tərəflər razılaşıblar ki, birlikdə balıqçılıq təsərrüfatı yaratsınlar. Cavabdeh1 istifadəsində olan torpaq sahəsində Elçin yeni göllər yaradmışdır. Cavabdeh1 bir müddət sonra görmüşdür ki, İddiaçı göldə yaxşı balıq yetişdirmiş, ona görə də, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müvəqqəti təmin tədbiri haqqında ərizə vermişdir. Cavabdeh1 ərizəsi təmin edilmişdir. Bundan sonra Cavabdeh1 göldə olan bütün balıqları sataraq gəlir əldə etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 bildirmişdir ki, ekspert rəyi MMC-nin rəyi əsasında yazılmışdır. Ekspert rəyində görünür ki, heç bir tədqiqat işi aparılmadan rəy tərtib olunmuşdur. Ekspert qiymət müəyyən edərək hansı mənbəyə əsaslandığını öz rəyində göstərməmişdir. Rəydə heç bir sənədə istinad olunmamışdır. Mütəxəssis rəyinə əsaslanaraq rəy verilmişdir ki, bu hal qanuna ziddir. Əgər həqiqətən də İddiaçı özü pul qoyaraq süni balıq gölünü balıqla doldurmuşdursa, nəyə görə qazancının 50 faizini əvvəlki illərdə Cavabdeh1 vermişdir. Əslində isə 8200 manat pulu Cavabdeh1 İddiaçı tavar halında vermişdir. Göldə yetişən balıqlar satılmışdır. 2016-cı ildə göl balıqlarla birlikdə İddiaçı təhvil verilmişdir. İddiaçı orada işlədiyi müddətdə heç bir vergi ödəməmişdir. O sənədləşmə aparmadan qeyri-qanuni fəaliyyət göstərmişdir. 42400 manatlıq balıq məhsulu satılmışdır. Pulu götürən zaman həmin pulun hansı təyinat üzrə verilməsi qeyd edilməmişdir. 23500 manata 5 ton balıq satılmışdır. İddiaçı 2016-cı ildən 2021-ci ilə kimi işləmişdir. İddiaçı izahatında göstəri ki, illər ərzində cəmi iki dəfə balıq satmışdır. Halbuki, iclaslarda bildirmişdir ki, işçilərin pulunu vermək üçün və mağazada satmaq üçün hissəhissə olmaqla balıq satmışdır. Əvvəlki məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 bildirmişdir ki, ekspert rəyini mötəbər sübut kimi saymaq olmaz. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən ona 170 000 (bir yüz yetmiş min) manat pul verildiyini etiraf etmişdir. Sonradan gölə Elçin tərəfindən hər hansı bir pul qoyulmamışdır. Polis orqanının verdiyi qərar Elçin tərəfindən mübahisələndirilməmişdir. Elçin yalnız qazanca şərik olmuşdur. Ekspertin dəvət olunması ilə bağlı vəsatətləri təmin edilsə də ekspertin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Yenə də vəsatəti müdafiə edir, ekspertin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə baxış içlasının təxirə salınmasını tələb edirlər. Cavabdeh tərəf də ekspertin gəlməsinə razıdır. Cavabdeh göldən etibarnamə əsasında istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlərin orada işləməsi ilə bağlı heç bir leqal sənəd təqdim olunmamışdır. Cavabdeh1 həmin göllərə balıq alıb atmışdır. İddiaçı gölə gələn zaman göldə 500 kq balıq olmuşdur. İddiaçı 2021-ci ilin mart ayına kimi orada balıq yetişdirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 dəymiş maddi ziyana görə 177600 (bir yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış faydaya görə 107100 (bir yüz yeddi min yüz) manat, cəmi 285.168 (iki yüz səksən beş manat yüz altmış səkkiz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddiaçı tərəfindən ödənilməmiş 240.10 (iki yüz qırx manat on qəpik) manat dövlət rüsumunun İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasına sərf edilmiş 60 (altmış) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində yazmışdır ki: “Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 oktyabr 2023- cü il tarixli, 9/6389 saylı ekspert rəyini müzakirə edərək həmin rəyi iddiaçının süni balıq gölünə tökdüyü balıqların və yemin (arpanın) orta bazar qiymətinin məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul etmişdir.” Halbuki məhkəmə iclas zalında tərəflərindən verilmiş “ekspertizanın natamam olması, ekspert rəyinin hansısa dükan tərəfindən verilmiş arayışdan köçürülməsi barədə, ekspertin məhkəməyə dəvət edilməsi barədə vəsatətlərini təmin etmişdir. Qeyd edir ki, rəydə heç bir araşdırma aparılmadığı, müqayisəli nümunələr gətirilmədiyi, ekspertin rəyi tərəfin təqdim etdiyi "xxxx" MMC-nin direktoru Niyazi Heybətov tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil1 verilmiş “rəy”dən köçürdüyü tam görünür. Bununla da məhkəmə MPM-nin məhkəmə MPM-nin 101-ci maddəsinin tələblərini pozmuşdur. Polis orqanının verdiyi qərar Elçin tərəfindən mübahisələndirilməmişdir. Beləliklə Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərarını sübut kimi qəbul etməyən məhkəmə bununla MPM-nin 76-cı maddəsinin tələblərini pozmuşdur. Elçin yalnız qazanca şərik olmuşdur. Ekspertin dəvət olunması ilə bağlı vəsatətləri təmin edilsə də ekspertin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən şahidlərin orada işləməsi ilə bağlı heç bir leqal sənəd təqdim olunmamışdır. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş və işi düzgün araşdırmamışdır. Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək, işin kommersiya məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirmiş və işin aidiyyət üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Qeyd etmişdir ki, bundan oncə Ali Məhkəmə mübahisəyə baxmış və aidiyyəti müəyyən etmişdir. Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında aşağıdakılar qeyd edilir:

10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

16. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.

17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.

18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.

19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir.

22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. “AZEMİS”-dən çıxarışlardan müəyyən edilir ki, hazırkı mübahisə üzrə hər üç tərəf - İddiaçı (VÖEN: **********), Cavabdeh1 (VÖEN: **********) və Cavabdeh2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. İşin hallarından göründüyü kimi, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn maddi ziyan tələbinə dair iddiadır. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırkı mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Salyan Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. İddiaçı tərəf işin aidiyyətinin Ali Məhkəmə tərəfindən müəyyən edildiyini bildirsə də, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 19 yanvar 2023-cü il tarixli, 2-2(102)-93/2023 saylı qərarında iş üzrə məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş Salyan Rayon Məhkəməsinə göndərilmiş, məhz qərarın əsaslandırma hissəsində İddiaçı vergi ödəyici olması barədə vergi məlumatlarında uyğunsuzluq olduğu müəyyən edilmiş, bu məsələnində araşdırılması birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Hazırkı mübahisə üzrə apellyasiya baxışında da, qeyd edilən məsələ araşdırılmış və “AZEMİS”dən iddiaçının vergi ödəyicisi olması barədə məlumatlar əldə edilmişdir. Eyni zamanda müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsində məhz eyni tələblə bağlı iddiaçının iddiasının geri qaytarılması barədə Salyan Rayon Məhkəməsinin qərardadından verilən şikayətə baxılaraq 25 aprel 2024-cü il tarixli, 2(106)-892/2024 saylı qərardadla iddia ərizəsinin geri qaytarılması barədə qərardad qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə r a r a a l d ı:

İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Vəsatət təmin olunsun. Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar