Məhkəmə qərarları › İş №2(106)-713/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-713/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-713/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi Şirvan şəhəri, 24 aprel 2025-ci il X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işi üzrə Neftçala Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(053)-67/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 19.333,81 manat məbləğində əsas borc, 1.401,68 manat faiz borcu, cəmi 20.735,49 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 152,21 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2024-cü il tarixli, RGTK8176175B164 saylı kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 72 ay müddətinə 19.333,81 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanan bildiriş məktubu və məktubun göndərilməsini sübüt edən poçt reyestridir. Nəticədə cavabdehin 04 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 19.333,81 manat əsas, 1.401,68 manat faiz, cəmi 20.735,49 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş, lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Neftçala Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(053)-67/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsini və Cavabdeh 19.333,81 (on doqquz min üç yüz otuz üç manat səksən bir qəpik) manat əsas, 1.401,68 (min dörd yüz bir manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 20.735,49 (iyirmi min yeddi yüz otuz beş manat qırx doqquz qəpik) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 152,21 (yüz əlli iki manat iyirmi bir qəpik) manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Nefiçala rayon Məhkəməsinin iş üzrə 21.01 2025-ci il tarixli, e-2(053)-67/2025 saylı qətnaməsinin ləğv edilərək “07 iyun 2024-cü il tarixli, RGTK8176175B164 saylı kredit müqaviləsinə əsasən 19333,81 manat məbləğində əsas borc, 1401,68 manat faiz borcu, cəmi 20.735,49 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 152,21 manatın tutulması”na dair iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, götürülmüş kredit məbləğinin müəyyən hissəsi banka ödənilsə də, məhkəmə həmin məbləğin ödənilib-ödənilməməsini araşdırmamışdır. Məhkəmə öz təşəbbüsü ilə də göstərilmiş ziddiyyətin araşdırması ilə bağlı heç bir hərəkət etməmişdir. Nəticə etibarilə iddiaçının heç bir hüquqi və maddi əsas olmadan ödənişlərin gecikdirməsinə görə ondan həddindən artıq pul məbləği tələb etməsini rəsmiləşdirmişdir. Göstərmişdir ki, məhkəmə şişirdilmiş faiz və gecikdirməyə görə faiz borcunu ondan tələb edir. Halbuki, o faiz və gecikdirməyə görə faiz borcunu ödəmək iqtidarında deyildir. Qeyd etmişdir ki, iddiaçı tərəfindən uzun müddətli ödəniş qrafiki açılarsa həmin hesaba krediti ödəyə bilər. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işi üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 07 iyun 2024-cü il tarixli, RGTK8176175B164 saylı kredit müqaviləsi və ona əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 72 ay müddətinə illik 17% dərəcəsi ilə 19.333,81 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 04 noyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 07 iyun 2024-cü il tarixli kredit müqaviləsi üzrə 19.333,81 manat əsas, 1.401,68 manat faiz borcu olmaqla, cəmi 20.735,49 manat borcu yaranmışdır. Cavabdehə bank tərəfindən borcun qaytarılmasına dair xx.xx.2023-cü ildə bildiriş göndərilmişdir. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Cavabdehin şikayətinin əsas dəlili faiz və gecikdirməyə görə faiz borcunun ondan tələb edilməsi, onun isə həmin borcu ödəyə bilməməsi ilə bağlıdır. İşdən görünür ki, cavabdehə bank tərəfindən borcun qaytarılmasına dair xx.xx.2023cü ildə xəbərdarlıq bildirişi göndərilmiş, həmin bildirişdə faiz borcunun 1.401,68 manat olması qeyd edilmişdir. Bundan başqa müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehdən gecikdirməyə görə hər hansı faiz borcu tələb edilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı təmin edilməklə, Cavabdeh 07 iyun 2024-cü il tarixli kredit müqaviləsi üzrə 19.333,81 manat əsas, 1.401,68 manat faiz borcu olmaqla, cəmi 20.735,49 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, mülki mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2(053)-67/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar