Məhkəmə qərarları › İş №2(106)-715/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-715/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-715/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2(018)-848/2023 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1687 (min altı yüz səksən yeddi) manat 82 (səksən iki) qəpik əsas kredit borcu, 14 (on dörd) manat 18 (on səkkiz) qəpik kreditdən istifadəyə görə faiz borcu, cəmi 1702 (bir min yeddi yüz iki) manat və dövlət rüsumu üçün ödənilmiş 37 (otuz yeddi) manat, 02 (iki)qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh müddət bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsini o, rəsmi qaydada vaxtında almamış və bu səbəbdən apellyasiya şikayətini müəyyən edilmiş müddətdə verə bilmədiyindən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin e-2(018)-848/2023 nömrəli, 27 fevral 2025-ci il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməsi, Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı ASC şikayət vermişdir. Astara Rayon Məhkəməsinin e-2(018)-848/2023 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 şikayəti təmin edilməməsi, Astara Rayon Məhkəməsinin e- 2(018)-848/2023 nömrəli, 27 fevral 2025-ci il tarixli qərardadından İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 verdiyi şikayətin 7 gün müddətində e-2(018)-848/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2(018)-848/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, mülki işin materiallarından görünür ki, Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsi Cavabdeh məktubla poçt vasitəsi ilə rəsmi qaydada göndərilmiş, lakin cavabdehin Bakı şəhərində olması səbəbindən məktub geri qaytarılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmalı, buraxılmış müddət üzrlü hesab edilməli, müddət bərpa edilməli və həmin mülki iş baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, Cavabdeh prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi onun prosessual hüququdur və bu hüquq müdafiə edilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. İddiaçı şikayətində istinad etmişdir ki, məhkəmə tərəfindən isə göstərilən məqamlar ümumiyyətlə araşdırılmamış, icra şöbəsindən icra işi tələb olunmaqla öyrənilməmiş, borcluya sms bildirişin gedibgetməməsi, borclunun icra şöbəsinə dəvət olunub-olunmaması, izahatının alınıb-alınmaması və.s. kimi sənədlər iş materiallarına əlavə edilməmiş, borclunun sözügedən icra sənədinin mövcudluğundan xəbərinin həqiqətən də olub-olmaması aydınlaşdırılmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının şikayətində istinad etdiyi hallar məhkəmə aktından şikayət vermək üçün müddətin bərpa məsələsinin araşdırılması baxımından nəzərə alınmalı olsa da, hazırkı iş üzrə cavabdehin məhkəmə aktından məlumatının olmaması qətnamənin göndərilməsinə dair poçt zərfindən müəyyən olunur. Çünki məhkəmə qərarının mübahisələndirilməsi hüququnun həyata keçirilməsi, həmin qərarın icra mərhələsində olub-olmasından asılı deyildir. Belə ki, qərarın icraya yönəldilmiş olması, qərardan şikayət verilməsi hüququnu istisna etmir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, mlki işin materiallarından görünür ki, Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 nömrəli qətnaməsi Cavabdeh məktubla poçt vasitəsi ilə rəsmi qaydada göndərilmiş, lakin cavabdehin Bakı şəhərində olması səbəbindən məktub geri qaytarılmışdır. Odur ki, iddiaçının şikayətində qeyd etdiyi hallar formal xarakterə malikdir, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöteyi-nəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsinə çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə tərkibi hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. “O.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” iş üzrə 29 iyun 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessual qanunvericilik məhkəmə qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X5 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X2rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2(018)-848/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2(018)-848/2023 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, e-2(018)-848/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Astara Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, e-2(018)-848/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar