Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-725/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)- 1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadına əsasən borclu İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-1126/2015 saylı, 21 iyul 2015-ci il tarixli məhkəmə əmrindən verdiyi etiraz təmin edilməmişdir. Cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadına əsasən borclu İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)- 1615/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin e-2(018)- 1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 10 mart 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(018)- 1613/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2(018)-1613/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 276.1.-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. MPM-in 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Əmr icraatının mahiyyəti ondan ibarətdir ki, məhkəmə qaydasında baxılaraq həll edilməli olan müəyyən növ aşkar tələblər üzrə mübahisə yoxdursa, həmin tələblərə sadələşdirilmiş qaydada və qısaldılmış müddətlər çərçivəsində baxılaraq icrası məcburi olan məhkəmə aktı-məhkəmə əmri qəbul edilə bilər. Əmr icraatı qaydasında irəli sürülən bilən tələblərin siyahısı MPM-in 276.2-ci maddəsində müəyyən edilmişdir. Həmin siyahı qətidir və orada göstərilməyən hər hansı tələb üzrə məhkəmə əmri verilə bilməz. Əmr icraatının sadələşdirilmiş qaydası məhkəmə iclasının keçirilməsini, məhkəmə araşdərması aparılmasını , tərəflərin çağırılmasını, şahidlərin dindirilməsini, ekspertiza keçirilməsini, əlavə sübutların tələb edilməsini və başqa bu kimi prosessual hərəkətləri istina edir və yalnız təkbaşına hakim tərəfindən kreditorun ərizəsi və ona əlavə edilmiş sənədlər əsasında keçirilir. Belə icraatda çəkişmə prinsipi mövcud deyildir. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrinə etiraz etmək borclunun ayrılmaz hüququdur və o, şərh olunan normada göstərilən müddətdə bu hüququnu məhkəmə əmrinin ona nə zaman çatmasından asılı olmayaraq həyata keçirəcək. Məhkəmə əmrinə borclunun etiraz etməsi üçün müəyyən edilmiş müddətin axımını üzrlü səbəblərdən buraxarsa, həmin müddət MPM-in 133-cü maddəsində təsbit edilmiş qaydada bərpa edilə bilər. Mülki prosessual qanunvericiliyin normalarından görünür ki, məhkəmə əmrinə qarşı verilmiş etiraz (yəni həmin əmrin ləğv edilməsi barədə tələb) əmri vermiş məhkəməyə verilməlidir. Eyni zamanda MPM-in 283-cü maddəsinin məzmunundan müəyyən olunur ki, borclunun məhkəmə əmrinə sadəcə etirazı MPM-in 283-cü maddəsində göstərilənin nəticənin baş verməsi - həmin əmri vermiş məhkəmə tərəfindən bu əmrin ləğv edilməsi üçün kifayətdir. Nəzərə almaq lazımdır ki, müvafiq məhkəmə əmrinə edilmiş etiraz, həmin əmrin hüquqi mahiyyəti və nəticələri ilə bilavasitə əlaqəli olduğundan, bu etiraz sonrakı prosessual hərəkətlərin məntiqi davamı və ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu baxımdan həmin etiraz icraatın daxili mərhələsindən ibarət prosessual akt kimi dəyərləndirilməlidir. Mülki işin materiallarından aydın olur ki, İddiaçı tərəfindən mübahisələndirilən məhkəmə əmri Astara Rayon Məhkəməsinin icraatında olan 2(018)-1126/2015 saylı mülki işlə bağlıdır. Göründüyü kimi, Astara Rayon Məhkəməsi 21 iyul 2015-ci il tarixli, 2(018)-1126/2015 saylı məhkəmə əmrinə qarşı verilmiş etirazı ayrıca iddia icraatı qaydasında araşdırmışdır. Halbuki, əvvəl qeyd edildiyi kimi, məhkəmə əmrinə etiraz həmin əmrin hüquqi nəticələri ilə bilavasitə bağlı olduğundan və icraatın məntiqi davamı kimi çıxış etdiyindən, bu etiraz ayrıca müstəqil iddia predmeti deyil və onun ayrıca iddia icraatı çərçivəsində araşdırılması prosessual hüquq normalarının pozulmasıdır. Eyni zamanda Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 284.1-ci maddəsinə əsasən, məhkəmə əmri qətnamə qüvvəsinə malikdir və ondan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmin normanın məzmunundan da göründüyü kimi, qanunverici məhkəmə əmrinin mübahisələndirilməsi üçün yalnız bir hüquqi vasitə - həmin əmrlə razılaşmayan tərəfin etiraz verməsi imkanını tanımışdır. Beləliklə, məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ləğv olunmalı və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində irəli sürülən mövqelərin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxmalı olan birinci instansiya məhkəməsi ilk nöbədə hazırkı iş materiallarını 2(018)-1126/2015 saylı mülki işə birləşdirməlidir, daha sonra digər prosessual hərəkətləri yerinə yetirməlidir. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin e-2(018)-1613/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində irəli sürülən hallar nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-725/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-725/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver