Məhkəmə qərarları › İş №2(106)-727/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-727/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-727/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1776/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ-21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 4300 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 27 aprel 2022-ci il tarixdə ümumi etibarnamə ilə Cavabdeh “VAZ-21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş və qarşılığında da cavabdehə 4300 manat pul ödəmişdir. Lakin etibarnamə verilən gündən təxminən 2 ay keçərkən ona məlum olmuşdur ki, etibarnamənin qüvvəsi yoxdur, etibarnamə ləğv edilmişdir. Bundan sonra, o, cavabdehə, daha sonra isə müxtəlif orqanlara müraciət etmişdir ki, məsələnin nədən ibarət olduğunu bilsin. Sonradan ona aydın olmuşdur ki, həmin maşınla bağlı dələduzluqla əlaqədar cinayət işi gedir, hansı ki, maşının əsl mülkiyyətçisi maşını nə vaxtsa həmin işdə təqsirləndirilən şəxs olan X3 ümumi etibarnamə ilə vermiş, daha sonra da maşın digər şəxslərə, ən axırda da iddiaçıya satılmışdır. Hal-hazırda maşın iddiaçının istifadəsində və sərəncamında deyil. İddiaçının cavabdehlə aralarında olan razılığına əsasən, etibarnamədə qeyd edilən səlahiyyətlərə görə iddiaçının onu idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq və s. hüququ olmuşdur və bu hüquqları, etibarnaməni maşını 4300 manat müqabilində əldə etmişdir. Hazırda isə onun maşınla bağlı hansısa hüququ qalmamışdır. Cavabdehdən pulu qaytarmasını tələb etsə də, cavabdeh iddiaçının verdiyi puldan heç bir məbləğ geri qaytarmamışdır. Ona görə də məcbur qalıb məhkəmə qaydasında pulunu tələb edir. Masallı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(050)-1776/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia təmin edilmiş, Cavabdeh 4300 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(050)-1776/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnaməni aşağıdakı səbəblərdən əsassız hesab edir. Əvvəla, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. İşin faktiki halları ilə bağlı qeyd edir ki, mülkiyyətçi X2 məxsus “VAZ-21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə X5 verilmiş 3860 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli baş etibarnamə əsasında özgəninkiləşdirmək cavabdehə həvalə edilmişdir. Sonradan qeyd edilən nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə iddiaçının adına özgəninkiləşdirmişdir. Daha sonra iddiaçı tərəfindən ona müraciət edilərək bildirilmişdir ki, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, bu səbəbdən nəqliyyat vasitəsini istifadə edə bilmir. O da öz növbəsində qeyd edilən nəqliyyat vasitəsini etibarnamə əsasında adına nə üçün rəsmiləşdirmədiyini soruşmuşdur. Daha sonra araşdırma nəticəsində məlum olmuşdur ki, nəqliyyat vasitəsinin mülkiyyətçisinin cavabdehə baş etibarnamə vermiş X5 qarşı pul tələbinə dair şikayəti olmuş, bu səbəbdən də nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçı pul tələbi ilə əlaqədar Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin iddia tələbi üzrə yetərincə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar etibarnamədən əlavə heç bir sənədləşmə aparılmamışdır. Məhkəmə qətnaməsində iddianı təmin etsə də, nə üçün, işin hansı hallarına görə, hansı əsasla iddianı təmin etməsini qətnamədə əsaslandırmamışdır. Bu da mülki prosessual normalara, həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 04 nömrəli Qərarının 6.2, 6.3, 6.5, 9.3-cü bəndlərinə ziddir. İş materiallarına iddiaçı tərəfindən 4300 manat məbləğində pulun cavabdehə verilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sübutlar əlaqəli şəkildə araşdırılmamış, nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı əsassız varlanan X6 olmuşdur. Məhz iddiaçının tələbinin haqlı olması qənaətinə gələrək iddianın təminini mümkün hesab edir. Masallı Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə tərəfindən cavabdehə bildirilmişdir ki, iddia tələbi əsassızdır, bu səbəbdən təmin edilməməlidir. Daha sonra İcra və Probasiya şöbəsindən dəvət etməklə ona barəsində çıxarılmış qətnamə barədə məlumat verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmişdir, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, mübahisə predmeti olan avtomobil cavabdeh tərəfindən satılmamış, avtomobilin mülkiyyətçisi onun satılmasında köməklik göstərməsi üçün cavabdehə etibarnamə vermişdir. Cavabdeh isə özü avtomobil təmiri ilə məşğul olduğuna görə həmin avtomobili təmir etmişdir. Avtomobili iddiaçıya onun mülkiyyətçisi Tural Mahmudov satmış, iddiaçı tərəfindən avtomobilin dəyəri Tural Mahmudova ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pul ödənilməmişdir. Apellyasiya məhkəməsində aparılan icraat zamanı X4 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya məhkəməsinin 20 iyun 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, nümayəndəsi olduğu Cavabdeh mübahisə predmeti olan avtomobilin iddiaçıya neçə manat müqabilində satıldığını xatırlamır. Apellyasiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, “VAZ- 21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçı tərəfindən ona 4300 manat yox, təxminən 800 manat pul verilmişdir. Özü həmin maşını təxminən 1200 manata alsa da, onu bir neçə yüz manat ziyanına satmışdır. Avtomobilin pulunu isə Şahid deyil, İddiaçı özü vermişdir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış etdi və onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, 2022-ci ilin aprel ayında “VAZ-21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh 4300 manat pul vermiş, o, isə ümumi etibarnamə əsasında maşını ona satmışdır. Lakin sonradan həmin etibarnamə ləğv edilmişdir. Bundan sonra cavabdehdən verdiyi pulu tələb etsə də, cavabdeh pulu geri qaytarmır. Qeyd etdi ki, pulu qardaşı Şahid cavabdehə vermiş, həmin zaman bir dostları da yanında olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və əsaslı qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid çıxış edərək bildirdi ki, cavabdehi tanıyır, onun maşın təmiri sexinin yerini də bilir. Qeyd etdi ki, “VAZ-21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili maşın bazarında o tapmış, maşın bazarından çıxıb qardaşı İddiaçı zəng etmiş, həmin maşın barədə ona məlumat vermişdir. Qardaşı isə ona işdə olduğunu, lakin pulun evdə olduğunu bildirmişdir. O, qardaşı ilə birlikdə yaşadığı evdən qardaşının 4300 manat pulunu götürmüş, həmin pulu avtomobil müqabilində gətirib cavabdehə vermiş, ondan sonra notariusda cavabdeh tərəfindən qardaşının adına etibarnamə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Tural Mahmudov məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan və mahiyyətindən görünür ki, cavabdehin apellyasiya şikayəti iddia tələbinin rədd edilməsinə yönəlmişdir. Buradan isə aydın olur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarının 5-ci vərəqində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BJ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21120” markalı nəqliyyat vasitəsi 29 oktyabr 2021-ci ildə mülkiyyətçi X1 adına qeydə alınmışdır. İşdəki ƏN-Vİİİ 274935 seriya nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçisi X4 olan “VAZ 21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda onu idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri etibar edilmişi etibar etmə əsasında X6 27 aprel 2022-ci ildə 1 il müddətinə, yəni 27 aprel 2023-cü ilədək Cavabdeh etibar etmişdir. İşdəki ƏN-Vİİİ 326387 seriya nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçisi X4 olan “VAZ 21120 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda onu idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri etibar edilmişi etibar etmə əsasında Cavabdeh 01 may 2022-ci ildə 11 ay 26 gün müddətinə, yəni 27 aprel 2023-cü ilədək İddiaçı etibar etmişdir. İş materiallarının 85-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X1 mülkiyyətində olan müvafiq nəqliyyat vasitəsinə dair İddiaçı adına rəsmiləşdirilmiş etibarnamə birinci tərəfindən 25 iyul 2022-ci il tarixində Şirvan şəhəri 1 saylı notariat ofisində müraciəti əsasında xitam olunmuşdur. Hazırda iş materiallarından görünür ki, mübahisə predmeti olan **-BJ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21120” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4 olmuş, o, həmin avtomobillə bağlı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Sonradan bu cür etibarnamə əsasında sərəncam verməyə dair səlahiyyətlər İlahə Həsənova tərəfindən Cavabdeh, 01 may 2022-ci ildə isə Cavabdeh tərəfindən İddiaçı etibar edilmişdir. Lakin İddiaçı adına rəsmiləşdirilmiş etibarnaməyə Tural Mahmudovun müraciəti əsasında 25 iyul 2022-ci ildə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq belə qənaətə gəlir ki, adıçəkilən şəxslər faktiki olaraq etibarnamə vasitəsilə avtomobilin alğı-satqısını pərdələmək niyyətində olmuş, adına etibarnamə verilmiş şəxsin avtomobili öz mülkiyyətinə keçirməsi üçün müqavilə bağlamaq əvəzinə ona etibarnamə verilmişdir. Məhz bu çərçivədə cavabdeh tərəfindən iddiaçıya 01 may 2022-ci il tarixli etibarnamə verilmiş, iddiaçı tərəfindən isə cavabdehə müəyyən məbləğdə pul verilmişdir. Lakin pulun verilməsi ilə bağlı cavabdeh tərəfin ifadələri arasında ziddiyyətlər mövcuddur. Belə ki, apellyasiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil avtomobilin cavabdeh tərəfindən satılmadığını, avtomobilə görə etibarnamənin iddiaçıya cavabdehin adından verilməsinə baxmayaraq, iddiaçı tərəfindən ödənişin birbaşa mülkiyyətçi Tural Mahmudova edildiyini və cavabdehə hər hansı ödəniş edilmədiyini qeyd etmişdir. Apellyasiya şikayətində isə avtomobillə bağlı verilmiş etibarnamənin ləğv edilməsinə görə əsassız varlanan şəxsin İlahə Həsənova olduğu qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəf ödənişin Tural Mahmudova və ya İlahə Həsənovaya edilməsinə dair ziddiyyətli ifadələr vermişdir. Buna əlavə olaraq isə sonuncu məhkəmə iclasında iştirak edən Cavabdeh avtomobilə görə iddiaçı tərəfindən ona 4300 manat yox, təxminən 800 manat pul verildiyini qeyd etməklə, faktiki olaraq avtomobili iddiaçıya özünün satdığını qəbul etmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi Vəkil apellyasiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli iclasında avtomobilin cavabdeh tərəfindən satılmadığını və ona hər hansı məbləğdə pul ödənilmədiyini, 20 iyun 2024-cü il tarixli iclasda cavabdehin ona verilən pulun məbləğini xatırlamadığını qeyd etmiş, cavabdeh isə sonuncu məhkəmə iclasında avtomobili təxminən 800 manata satdığını qeyd etmişdir. Bu isə onu göstərir ki, cavabdeh tərəf hər məhkəmə iclasında bir-biri ilə ziddiyyət təşkil edən ifadələr səsləndirmiş və bununla da məhkəməni yanıltmağa çalışmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin ifadələrində ziddiyyətlərin olmasını nəzərə alaraq avtomobilə görə iddiaçı tərəfindən cavabdehə 4300 manat deyil, 800 manat verilməsi ilə bağlı dəlili işin hallarına uyğun saymır. İddiaçı isə cavabdehə avtomobilə görə 4300 manat məbləğində pulun ödənilməsi ilə bağlı şahid ifadəsinə istinad edir. Belə ki, apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, mübahisəli avtomobili maşın bazarında o tapmış, maşın bazarından çıxıb qardaşı olan iddiaçıya zəng etmiş, həmin maşın barədə ona məlumat vermişdir. Qardaşı isə ona işdə olduğunu, lakin pulun evdə olduğunu bildirmişdir. O, qardaşı ilə birlikdə yaşadığı evdən qardaşının 4300 manat pulunu götürmüş, həmin pulu avtomobil müqabilində gətirib cavabdehə vermiş, ondan sonra notariusda cavabdeh tərəfindən qardaşının adına etibarnamə verilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin ifadələrində olan ziddiyyətləri, cavabdehin sonuncu məhkəmə iclasında avtomobilə görə ona müəyyən məbləğdə pulun ödənilməsini faktiki olaraq qəbul etməsini nəzərə alaraq, Şahid bildirdiklərini işin hallarına uyğun sayır. Cavabdeh apellyasiya şikayətində ona 4300 manat məbləğində ödənişin edilməsinin sübuta yetirilmədiyini qeyd etsə də, hazırda iddiaçının vəsaiti hesabına 4300 manat pulun cavabdehə verilməsi şahid ifadəsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091-ci və 1092-ci maddələri təşkil edir. Belə ki, nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə həmin etibarnaməni almış şəxs tərəfindən etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərdən onun verildiyi müddət ərzində istifadə edə biləcəyi ümidi ilə əldə olunur. Lakin etibarnamənin verildiyi müddət başa çatmamış onun ləğv edilməsi halında bu cür etibarnamənin verilməsi üçün hər hansı ödənişin edilməsi sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırkı işdən isə görünür ki, iddiaçının adına etibarnamə 01 may 2022-ci ildən 11 ay 26 gün müddətinə, yəni 27 aprel 2023-cü ilədək verilmiş olsa da, həmin etibarnaməyə 25 iyul 2022-ci ildə Tural Mahmudovun müraciəti əsasında xitam verilmişdir. İşin faktiki halları ilə isə müəyyən olunur ki, sözügedən etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərin icra edilməsi (avtomobilə dair sərəncam verilməsi) məqsədilə iddiaçı tərəfindən cavabdehə 4300 manat məbləğində ödəniş edilsə də, sonradan həmin etibarnamənin verildiyi müddət başa çatmadan ləğv edilməsi ilə faktiki olaraq cavabdeh iddiaçının hesabına 4300 manat məbləğində sonradan aradan qalxmış olan əsas hesabına varlanmışdır. Buna görə də bu cür əsassız varlanma nəticəsində əldə edilənlər cavabdeh tərəfindən Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, etibarnamə ləğv ediləndə onun verilməsindən bir neçə ay keçmişdir, iddiaçı həmin müddət ərzində müvafiq hərəkətləri etməli idi. Məhkəmə kollegiyası bildirir ki, etibarnamənin 1 il müddətinə verilməsinə baxmayaraq, onun heç 3 ay keçmədən ləğv edilməsi iddiaçının həmin 3 ay müddətində müvafiq hərəkətləri etməməsinə görə onun özünün məsuliyyət daşıması ilə nəticələnməməlidir. Bu halda onun etibarnamə üzrə səlahiyyətləri həyata keçirməsi üçün verilmiş müddətə olan etimadı qorunmalıdır. Ona görə də apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı sayılmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etmiş, iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4300 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(050)-1776/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar