Məhkəmə qərarları › İş №2(106)-728/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-728/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-728/2024 16.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçının, onun vəkili X12 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 20.000 manat pul, hüquqi yardıma görə 320 manat və dövlət rüsumunun əvəzi olaraq 151 manat 40 qəpik olmaqla, cəmi 20.471 manat alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Lənkəran rayonu, Mollakənd kənd sakini kimi tanımış və onunla yaxşı münasibəti olmuşdur. Hətta müəyyən vaxtlarda ondan borc pul almış, aldığı borc pulu söz verdiyi vaxtda qaytarmışdır. Bu səbəbdən cavabdeh onun yanında etibar qazanmışdır. Belə ki, cavabdeh maddi problemləri ilə bağlı olaraq 2021-ci ilin aprel ayında ondan 20000 manat borc pul istəmiş, o da cavabdehi tanıdığına və etibar etdiyinə görə 20000 manat borc pul vermişdir. Cavabdehə pulu verən vaxt, yəni 14 aprel 2021ci il tarixdə həmin borcu öz aralarında yazılı qaydada rəsmiləşdirmişlər. Bundan əlavə cavabdehin razılığı ilə 20.000 min manat pulun ona borc verilməsi ilə əlaqədar videoçəkiliş etmişlər. Cavabdeh ondan aldığı 20.000 manat borc görə verdiyi yazılı qəbzdə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə maddi vəziyyəti ilə əlaqədar olaraq təcili pula etiyacı olduğu üçün tanışı Lənkəran şəhər sakini İddiaçı üç ay müddətinə qaytarmaq şərti ilə xahiş edib, 20.000 min manat (iyirmi min manat) borc pul istəmişdir. O da aralarında çoxdan dostluq və tanışlıq əlaqəsi olduğu və onun yanında etibarı olduğu üçün ona qarşı humanist addım ataraq 20.000 manat pulu 3 ay müddətinə qaytarmaq şərti ilə borc vermişdir. Bu etdiyi yaxşılığa görə ona öz təşəkkürünü bildirmiş və tam məsuliyyətlə ciddi olaraq söz verir ki, aldığı 20.000 min manat borcu 3 ay tamamında qaytaracaqdır. Bütün burada yazılanları şəxsən özü yazmışdır. Yazdığı zaman ona heç bir kənar müdaxilə, heç bir təzyiq olunmayıb. Yazdıqları öz iradəsi ilə yazılmışdır. Yazdıqlarının doğruluğunu və düzgünlüyünü öz şəxsi imzası ilə təsdiq edərək əlavə olaraq göstərmişdir ki, aldığı 20.000 manat borc müqabilində özünə məxsus olan Əşlə kəndində yerləşən kafe-çayxana sənədlərini İddiaçı yanında könüllü olaraq qoymuşdur. Söz vermişdir ki, aldığı 20.000 min borcu 3 aydan sonra qaytardıqdan sonra sənədləri İddiaçı geri alacaq. Cavabdeh 20.000 manat ona borcu olduğunu yazılı qəbzdə etiraf etmiş və həmin pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsə də heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, o, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qismən qəbul edir. Belə ki, o, İddiaçı cəmi 3000 manat məbləğində faizə pul almışdır. İddiaçı onu tanımamış və nə də o, iddiaçıdan əvvəllər borc pul almamışdır. Ona təcili 3000 manat məbləğində pul lazım olduğu üçün öyrənmişdir ki, İddiaçı faizə pul verir, o da iddiaçıdan təcili 3000 manat məbləğində faizə pul almışdır. Əgər iddiaçı onu tanısaydı ona 3000 manat məbləğində pul verərkən ondan ərizə almaz və onu videoya çəkməzdi. Eyni zamanda ondan anasına məxsus olan kafe-çayxananın sənədlərini girov götürməzdi. Yuxarıda qeyd etdiyi kimi ona təcili 3000 manat məbləğində pul lazım olduğu üçün Mubarizin bütün şərtlərini qəbul etmişdir ki, təki o, 3000 manat məbləğində pul versin. İddiaçı də 3000 manat pulu ona verəndə demişdir ki, əgər həmin 3000 manat pulu faizlə bir yerdə qaytarmasa, onda 3 aydan sonra 20000 manat məbləğində ona pul qaytarmalıdır. İddiaçı bundan kifayətlənməyərək atası X8 məxsus Lənkəran rayonu, Əşlə kəndində yerləşən 0.22 ha torpaq sahəsini və onun üzərində olan 83.9 kv.m olan fərdi yaşayış evini də onlardan dəyər-dəyməzinə alqı-satqı edərək almışdır. Onlar da məcburiyyət qarşısında qalaraq həmin 0.22 ha torpaq sahəsini 3400 manat dəyərində və həmin torpaq sahəsində yerləşən 83.9 kv.m olan fərdi yaşayış evini 2000 manat dəyərində qiymətləndirib, onun oğlu X6 adına alqı-satqı yolu ilə rəsmiləşdirmişlər. Həmin alqı-satqı müqaviləsinə də imzanı atasının əvəzində etibarnamə ilə o və X13 özü imza etmişdir. Lənkəran rayonu, Əşlə kəndi ərazisində 0.01 ha torpaq sahəsinin dəyəri 1700-2000 manat, onların iddiaçı X1 fərdi yaşayış evinin dəyəri isə 20000 manatdır. O, qeyd etdiyi kimi məcburiyyət qarşısında qalaraq pula ehtiyacı olduğu üçün bu addımı atmışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim N.Ağabəyov) 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, 20.000 manat məbləğində pul, hüquqi yardıma görə 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151.40 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin qismən təmin edilməsini, yəni ondan 3000 manat məbləğində pulun alınaraq iddiaçı X7 verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, o, iddiaçı X4 cəmi 3000 manat məbləğində faizə pul almışdır. Şikayətdə göstərilir ki, X2 20000 manat pul haradandır ki, o qədər pulu ona versin. Ona kim səlahiyyət verib ki, pulun müqabilində kiminsə sənədlərini girov götürsün. Əlbəttə ki, iddiaçı X5 iddia ərizəsində qeyd etdiyi hərəkətləri cinayətdir və o, buna görə də cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki nə onun linseziyası yoxdur ki, kiməsə, faizə pul versin və kimdənsə sənədləri girov götürsün və o, buna görə də dövlətə vergi də ödəmir. O, təkcə onunla bu cür davranmır. Əgər məhkəmə yoxlasa, Lənkəran rayon məhkəməsində onun yüzlərlə belə iddiası var və o, camaata yüksək məbləğdə faizə pul verir, camaat da onun təyin etdiyi faizi verə bilmədiyi üçün onun toruna düşür. Ona görə də məhkəmədən xahiş edir ki, bütün bunlar məhkəmə tərəfindən araşdırılsın və ədalətli qərar qəbul edilsin. Eyni zamanda, qoy iddiaçı X11 izah etsin ki, 20000 manat məbləğində pulu hansı yolla əldə edib və hardandır bu pul onda ki, o, həmin məbləğdə pulu ona veribdir və bütün bunların araşdırılmasını xahiş edir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdehi 2019-cu ildən tanıyır. Müxtəlif vaxtlarda pul götürüb qaytarıb. Cavabdeh başqalarına borcu olduğunu, borc sahiblərinin onu sığışdırdığını deyərək ondan borca pul istəmiş, uzun təkidlərdən sonra o, cavabdehə 20000 manat pul vermişdir. Bununla bağlı sübutlar təqdim etmişdir. İddiaçının vəkili X16 apellyasiya şikayətinin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə teleqram ünvanlayaraq səhhətilə əlaqədar olaraq prosesdə iştirak edə bilməyəcəyini qeyd etməklə işin baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni cavabdeh, iddianın təmin olunmasına dair hissəsində mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı borc olaraq cavabdehə verdiyi 20000 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında sadə yazılı borc müqaviləsi olmamışdır. Lakin iddiaçı tərəfindən təqdim edilən və cavabdehin imzaladığı, borcun mövcudluğunu təsdiq edən yazılı sənəd iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən əlyazma şəklində tərtib edilmiş xx.xx.2021-ci il tarixli yazılı borc sənədində qeyd edilmişdir: “Mən Cavabdeh xx.xx.1987-ci il tarixdə Lənkəran rayonun Əşlə kəndində anadan olmuşam. Evliyəm, ali təhsilliyəm. xx.xx.2021-ci il tarixdə maddi vəziyyətimlə əlaqədar olaraq təcili pula etiyacım olduğu uçun tanışım Lənkəran şəhər sakini X3 üç ay müddətinə qaytarmaq şərti ilə xahiş edib, 20.000 min manat (iyirmi min manat) borc pul istədim. O da mənimlə çoxdan dostluq və tanışlıq əlaqəsi olduğu üçün və mənim onun yanında etibarım olduğu üçün mənə qarşı humanist addım ataraq 20.000 manat pulu 3 ay müddətinə qaytarmaq şərti ilə borc verdi. Bu etdiyi yaxşılığa görə mən ona öz təşəkkürümü bildirdim və tam məsuliyyətnən ciddi olaraq söz verirəm ki, aldığım 20.000 min manat borcu 3 ay tamamında qaytaracayam. Bütün burada yazılanları şəxsən özüm yazmışam. Yazdığım zaman mənə heç bır kənar müdaxilə, heç bir təzyiq olunmayıb, yazdıqlarım öz iradəmlə yazılmışdır. Yazdıqlarımın doğruluğunu və düzgünlüyünü öz şəxsi imzamla təsdiq edirəm. Cavabdeh aldığım 20.000 manat borcun müqabilində özümə məxsus olan Əşlə kəndində yerləşən kafe-çayxana sənədlərini İddiaçı yanında könüllü olaraq qoymuşam. Söz vermişəm ki, aldığım 20.000 min borcu 3 aydan sonra qaytardıqdan sonra sənədləri İddiaçı geri alacağam”. Bundan başqa, cavabdehin sözügedən borc məbləğinə dair səsli videogörüntüsü birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin videogörüntüdə Cavabdeh sərbəst şəkildə Həsənov Mübarizə 20000 manat borcu olduğunu etiraf etmişdir. Videogörüntü apellyasiya baxışında nümayiş etdirilmişdir. Cavabdeh etirazında və apellyasiya şikayətində onun adından yazılan borcun möcudluğuna dair yazılı sənədin onun tərəfindən icra edildiyini (imzalandığını) inkar etməmişdir. Borca dair qəbzin mövcudluğu və onun cavabdeh tərfindən imzalandığı mübahisə doğurmur. Bundan başqa, cavabdeh videogörüntüdəki etirafını da inkar etməmişdir. Videogörüntünün cavabdehin razılığı ilə çəkildiyi, cavabdehin öz iradə ifadəsini sərbəst bildirməsi şübhə doğurmur. Cavabdehin etirazı borcun miqdarı barədədir. Cavabdeh birinci instansiya məhkəməsindəki etirazında və apellyasiya şikayətində iddiaçıdan 3 ay müddətinə cəmi 3000 manat borc aldığını bildirmişdir. Cavabdeh etirazında Lənkəran rayonu, Əşlə kəndində yerləşən və atasına məxsus torpaq sahəsinin dəyər-dəyməzinə satın alındığını, onun məcburiyyət qarşısında qalaraq həmin torpaq sahəsini 3400 manat dəyərində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini 2000 manat dəyərində qiymətləndirib, iddiaçının oğlunun adına alqı-satqı yolu ilə rəsmiləşdirdiyini qeyd etsə də həmin müqaviləni mübahisələndirməmiş, yaxud bu alqı-satqının borcun yaranmasına, yaxud miqdarına necə təsir etdiyini əsaslandırmamışdır. Borcun miqdarının 3000 manat olmasını sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh məcburiyyət qarşısında qalaraq yazılı qəbz verdiyini bildirsə də etirazını konkret dəlillərlə asaslandırmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh etirazında borcu qaytardığını da bildirməmişdir. Kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmış qəbz və videogörüntüdə cavabdehin etirafı borcun miqdarının etirafı kimi qəbul edilə bilər. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tələbində haqlıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgündür. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(049)-110/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar