Məhkəmə qərarları › İş №2(106)-732/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-732/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-732/2024 16.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 25 iyun 2019-cu il tarixli 07/6322/DİK nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4.800 manat məbləğində kredit verilmişdir. 02 may 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 25 iyun 2019-cu il tarixli 07/6322/DİK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 borcuna görə zamin durmuşdur. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ƏSF) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 3.984,12 manat, faiz borcu üzrə 2.423,32 manat və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 238,15 manat, eləcə də iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzinə görə 87 manatın tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyun 2019-cu il tarixli 07/6322/DİK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4.800 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 02 may 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6645,59 AZN təşkil edir. Bundan 3984,12 AZN əsas borc, 2423,32 AZN faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 238,15 AZN təşkil edir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etmədiklərindən iddiaya dair mövqeləri bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-nin LƏSF-nin xeyrinə əsas borc üzrə 3.984,12 manat, faiz borcu üzrə 2.070,48 manat və AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 238,15 manat faiz borcu, iş üzrə ödənilmiş 87 manat dövlət rüsumu olmaqla, cəmi 6.379,75 manatın tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən iddiaçı LPO "xxxx" ASC-nin LƏSF apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(064)-56/2024 saylı qətnaməsinin qismən– faiz borcunun 2.070,48 manat müəyyən edilməsi və iddia tələbinin zaminə münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi iddia tələbi üzrə faiz borcunun 2.070,48 manat müəyyən edilməsi və zaminə münasibətdə rədd edilməsi ilə bağlı nəticəyə gələrkən borclunun mənafeyini üstün tutmaqla, kreditorun qanunla qorunan maraqlarını nəzərə almamışdır. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. İzahatlar Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək, onun iştirakı olmadan mülki işə baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni iddiaçı mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4.800 manat məbləğində kredit verilmişdir, kreditin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi də bağlanmışdır. İddiaçı hazırda kredit müqaviləsi üzrə zamindən borcunu tələb etmişdir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı cavabdehdən borcunu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı apellyasiya şikayətində qətnaməni faiz borcunun tutulmasına dair hissədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi müqavilə şərtlərinə uyğun olaraq, cavabdehdən müqavilə müddətində hesablanmış faiz borcunun, müqavilə müddətindən sonrakı vaxta görə isə müqavilə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə hesablanmış faiz borcunun tutulmasını təmin etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 01 sentyabr 2023-cü il tarixə hesablanmış borcunu, o cümlədən faiz borcunu tələb etmişdir. Halbuki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı müqavilə müddətinə faiz borcunun miqdarını əsaslandıra bilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi borcun tutulmasını yalnız əsas borcluya münasibətdə təmin etmiş, zaminə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən iddianı təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, zaminliyə xitam verilmiş hesab edilməlidir. Kollegiya məhkəmənin bu mövqeyini də əsaslı sayır. Qüvvədə olan qanunvericilik, mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq, zaminliyə xitam verilməsinin hallarını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsi ümumi halda zaminlik müqaviləsinin qüvvədə olmasını həmin müqavilənin özündə müəyyən edilmiş konkret müddətin bitməsi ilə məhdudlaşdırmış, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı günlə şərtləndirmişdir. Birinci halda, zaminlik müqaviləsinin müddəti konkretdir. İkinci halda, müqavilənin müddəti qeyri-müəyyən olsa da əsas öhdəliyin icra müddəti ilə şərtləndirilməklə məhdudlaşdırılmışdır. (Nisbi məhdudlaşdırılmışdır). Beləliklə, zaminlik müqaviləsinin qüvvədə olma müddəti mütləq olaraq qeyri-müəyyən deyil, hər bir halda müddətlə şərtləndirilmişdir (məhdudlaşdırılmışdır). İşin hallarından görünür ki, Bankla zamin arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Müqavilədə zaminlik, 36 ay müddətinə ödənilməsi nəzərdə tutulan kredit müqaviləsinin müddətinin bitməsi ilə məhdudlaşdırılmışdır. Kollegiya qeyd edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Yəni əsas öhdəliyin icrası müddəti konkretdir. Zaminlik müqaviləsi kredit müqaviləsi ilə bağlıdır. Müəyyən edilmişdir ki, iddia edilən zaminliklə təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatsa da iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi əsaslarından biri olan 477.0.4-cü maddəsində qeyd olunur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya hesab edir ki, Qanunun tələbinə görə hazırki halda Mülki Məcəllənin 447.0.4cü maddəsinin tələbinə görə zaminliyə xitam verilmişdir. Zaminliyə xitam verildiyindən hazırki iş üzrə cavabdeh olan zamin Qiyasov Xəyyam iddiaçının qarşısında məsuliyyət daşımır. Odur ki, ona aid hissədə iddia əsassız olduğundan təmin edilməməli, qətnamə isə həmin cavabdehə aid hissədə qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalıdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF-nin apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(064)-56/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar