Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-733/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağlanmış icarə müqaviləsinə əsasən mopedin dəyəri olan 3000 manat və maddi zərər (əldən çıxmış fayda) olaraq 2200 manat pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tufan M 50 modelli mopedin dəyəri olaraq 3000 (üç min) manat və maddi zərər olaraq (əldən çıxmış fayda) 2900 (iki min doqquz yüz) manat və 79 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X1 ilə 19 mart 2024-cü il tarixdə “motorlu nəqliyyat vasitəsinin icarə müqaviləsi” bağlamışlar. Həmin icarə müqaviləsinin 1.1-ci maddəsində qeyd olunur ki, icarəyə verən mülkiyyət hüququ ilə ona məxsus olan Model: Tufan M 50, BAN №R55PCBL83PHA15693 qırmızı rəngli motorlu nəqliyyat vasitəsini icarəçinin mülkiyyətinə verir. İcarəçi isə həmin nəqliyyat vasitəsindən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsində qeyd olunur ki, bu müqaviləyə əsasən icarəyə verən motorlu nəqliyyat vasitəsini tərəflərin razılığına əsasən 3000 (üç min) manat dəyərində qiymətləndirir. İcarəçi müqavilənin bütün bu şərtləri ilə razılaşmış və müqaviləni imzalamışdır. İcarə müqaviləsinin 2.1.1-ci maddəsində qeyd olunur ki, icarəyə verən icarəçidən 100 AZN məbləğində depozit alır. Həmin müqavilənin 2.1.3-cü maddəsində qeyd olunur ki, icarəçi minumum 10 ay icarəyə götürdüyü motorlu nəqliyyat vasitəsini istifadə etməyi öz öhdəsinə götürür. 10 aydan tez icarəçi motorlu nəqliyyat vasitəsini hər hansı bir səbəbdən geri qaytararsa icarəçinin verdiyi depozit geri qaytarılmır. İcarə müqaviləsinin 2-ci icarəçinin öhdəlikləri bölməsinin 2.2.1-ci maddəsində qeyd olunur ki, icarəçi motorlu nəqliyyat vasitəsinin təyinatına uyğun istifadə edir və motorlu nəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği yəni günlük 10 AZN vaxtında icarəyə verənə ödəyir. Müqaviləni 2.2.2-ci maddəsində qeyd olunur ki, icarəçi motorlu nəqliyyat vasitəsini icarəyə verəndən təhvil aldıqda bu müqavilə ilə yanaşı tərtib olunmuş təhvil-təslim 1 aktını imzalamalıdır. Həmin akt tərtib olunmuş və icarəçi həmin aktı imzalamışdır. Həmin müqavilənin 2.2.3-cü maddəsində qeyd olunur ki, motorlu nəqliyyat vasitəsi razılaşdırılmış müddətin sonunda hər iki tərəfin birlikdə imzaladığı təhvil-təslim 2 aktı əsasında geri təhvil verilir. Aktın icarəçi tərəfindən imzalanamaması və ya hər hansı bir formada boyun qaçırması və ya tərtib olunmuş sənədlərdə hər hansı bir formada icarəyə verənin qəbul iradəsinin görünməməsi motorlu nəqliyyat vasitəsinin geri qaytarılmamsı kimi nəticələr yaradır. İcarə müqaviləsinin 3.1-ci maddəsində qeyd olunur ki, icarəçi motorlu nəqliyyat vasitəsinin gündəliyi üçün 10 AZN ödəyir, lakin icarəçi nəqliyyat vasitəsinin gündəlik istifadəsi üçün müəyyən olunmuş bu haqqı iddia ərizəsi tərtib olunan günə kimi ödəməmişdir. İcarə haqqı hesablanarkən mart ayında qalmış 10 gün və ondan sonra iddia ərizəsi tərtib olunan müddətədək keçən günlər 70 günə bərabərdir, həmin günləridə 10 günə vurduqda 700 (yeddi yüz) manat edir. Məhkəmə həmin iddia ərizəsinə 4 ay ərzində baxacaqdır və bir ay da qətnamənin qanuni qüvvəyə mindiyi günü hesablanarsa, cəmi 5 aya bərabərdir. 5 ay 30x5=150 gün təşkil edir. Həmin günləri də 10 manata vurarkən 1500 manat təkil edir. Ümumi vurulan ziyan 2200 manat təşkil edir. Ümumi vurulan ziyan 700+2200=2900 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 - ci maddəsində qeyd edilir ki. Zərərin əvəzinin tələb edilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bağladıqları müqavilədə belə bir hal nəzərdə tutulmamışdır. İcarəçi icarə müqaviləsinin şərtlərini pozmaqla adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən onu mərhum etmişdir. Bundan əlavə icarəçi icarəyə götürdüyü 3000 manat dəyərində mopedi almış, hazırda isə geri qaytarmır. Buna görə də icarəçi həmin mopedin dəyəri olaraq 3000 (üç min) manatı da icarəçiyə ödəməlidir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin (hakim:C.Abdullayev) 14 noyabr 2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh bağlanmış icarə müqaviləsinə əsasən mopedin dəyəri olan 3000 manat və müqavilə üzrə hesablanmış 850 manat icarə haqqının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu qismində ödənilmiş pul vəsaitinin 58.50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında motorlu nəqliyyat vasitəsinin icarəyə verilməsi ilə bağlı yazılı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Tufan M 50 markalı, BAN №R55PCBL83PHA15693 qırmızı rəngli motorlu nəqliyyat vasitəsi qiyməti 3000 manat qiymətləndirilməklə icarəyə verilmiş, icarəçi gündəlik 10 manatı icarəyə verənə verməyi öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin yekun müddəalar başlıqlı 4-cü səhifəsində iddiaçının imzası və möhürü olsa da, icarəyə götürənin (cavabdehin) imzası yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı müqavilə müstəqilliyindən çıxış edərək özünə məxsus əmlakı 3000 manat məbləğində qiymətləndirmiş, cavabdeh də həmin məbləğlə razılaşmışdır. İddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehdən verdikləri mopedi dəfələrlə geri qaytarmasını tələb etsələr də, sonuncu mopedi itirdiyini bildirərək qaytarmaqdan imtina etmişdir. Buna görə də onlar məhkəməyə müraciət edərək mopedin dəyərini tələb etmək məcburiyyətində qalmışdılar. Ona görə də iddiaçının mopedin dəyəri kimi 3000 manat pul tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının mopeddən istifadəyə görə tələb etdiyi pul vəsaiti ilə bağlı məhkəmə hesab etmişdir ki, həmin tələb qismən təmin edilməlidir. Belə ki, həmin tələbdə göstərilmişdir ki, icarəçi motorlu nəqliyyat vasitəsini icarəyə götürdüyü 19 mart 2024-cü il tarixdən etibarən hər gün üçün 10 AZN olmaqla, iddia ərizəsi tərtib olunan günə kimi, yəni 13 iyun 2024-cü il tarixədək ödəməmiş, məhkəmədə həmin iddia ərizəsinə 4 ay ərzində baxılacağını, bundan sonra bir ay ərzində qətnamənin qanuni qüvvəyə minməsini nəzərə alaraq ümumilikdə 2900 manat tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 13 iyun 2024-cü il tarixədək gündəlik 10 manat olmaqla icarə haqqını tələb etməkdə haqlı olmuş, işə məhkəmədə baxıldığı dövrdə isə icarə haqqının tələb edilməsini isə əsaslı hesab etmir. Çünki iddiaçı mopedi icarəyə verdiyi tarixdən ümumiyyətlə icarə haqqı cavabdeh tərəfindən ödənilməmiş, gündəlik icra edilməsi nəzərdə tutulan öhdəliyin icra edilmədiyi vəziyyətdə iddiaçının müqaviləni daha tez ləğv etmək imkanı olmasına baxmayaraq, uzun müddət sonra məhkəməyə müraciət etmişdir. İddiaçının öz hüququndan istifadə edərək müqavilənin ləğvi ilə bağlı gec müraciət etməsi və bunun qarşılığından daha çox məbləğ tələb etməsi cavabdehin əmlak vəziyyətini mənfi təsir edə bilər. Bu səbəbdən də, iddia qismən təmin edilməli müqavilənin bağlandığı vaxtdan məhkəməyə müraciət edildiyi vaxtadak keçən 2 ay 25 gün müddətində icarə haqqı hesablanmaqla, ümumilikdə 850 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütə- nasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 79 manat məbləğində dövlət rüsumunun 58,5 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 700.1, 700.2, 700.3, 691.4 691.4.1, 691.4.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3, 119.1, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırkı şəraitdə tərəflər arasında bağlanmış əqd, onun formasına, məzmununa, tərtib edilmə şəraitinə görə tərəflərin iradə ifadəsini əks etdirməklə yanaşı, həmin əqdin (müqavilənin) hər iki tərəf tərəfindən başq bir şərt olmadan və hər hansı bir şübhəyə yol vermədən bağlanmalı olduğu halda, məhkəmə tərəfindən cavabdehin 2-ci qrup gözdən əlil olması faktı, tərəflər arasında bağlanmış müqvilənin sonuncu yekun müddəalar başlıqlı 4-cü vərəqinin cavabdeh tərəfindən imzalanmaması, sözügedən mopedin faktiki alış qiymətinin (AlıcıRəcəbli Əsgər İman oğlu ilə satıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10114064 nömrəli alqısatqı müqaviləsinə əsasən) 1700 (bir min yeddi yüz) manat olmasına baxmayaraq icarə müqaviləsində mopedin qiymətinin 3000 (üç min) manat göstərilməsi faktı lazımınca qiymətləndirilməmişdir. Əksinə məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsin 4cü vərəqinin imzalanmamasını özünəməxsus bir tərzdə şərh edərək (Qətnamənin 4-cü səhifəsi, 8-ci abzas: “Qeyd edilən müqavilənin bağlanma qaydası, formasına, ümumilikdə etibarlımüqavilə olub-olmaması məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, müqavilənin yekun müddəalar başlıqlı 4-cü səhifəsində iddiaçının imzası və möhürü olsa da, icarəyə götürənin (cavabdehin) imzası yoxdur. Müqavilənin digər səhifələri cavabdeh tərəfindən imzalanmışdır. İddiaçının nümayəndəsi izahatında müqavilənin tanış olub imzalanması üçün cavabdehə təqdim etdiklərini, cavabdehin isə bütün səhifələri imzaladığını, sonuncu vərəqi imzalamağı unutduğunu bildirmişdir. Göründüyü kimi məhkəmə iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş icarə müqviləsinə münasibətdə tələbkarın mövqeyi ilə eyni mövqeyi ortaya qoyaraq, ədadlətli hüquqi yanaşmadan uzaq qalaraq, cavabdehin gözdən əlil olmasını, hansı səbəbdən müqavilənin tam imzalanmamasını, imzaların həqiqətən cavabdehə məxsus olub olmamasını, itən əmlak barədə tələbkar tərəfindən aidiyyəti orqanlara məlumat verilib-verilməməsini, mübahisə predmeti olan əmlakın dəyərinin real bazar qiymətindən daha artıq göstərilməsinin səbəblərini, bu zaman tələbkar tərəfin hansımaraqları güddüyünü və cavabdehin görmə zəifliyindən tamah məqsəilə istifadə edilib-edilməməsini hərtəfli araşadırmadan, yuxarıda göstərilən maddi hüquq normalarının bu hallar üzrə tətbiqi ilə bağlı hüquqi mövqe ortaya qoymayaraq pozuntuya yol vermişdir. Apellyasiya şikayəti təmin edilməklə Masallıı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsini ləğv edilib, iddia tələbi üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 691.4-ci maddəsinə əsasən daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: Həmin Məcəllənin 691.4.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə; Həmin Məcəllənin 691.4.2-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında motorlu nəqliyyat vasitəsinin icarəyə verilməsi ilə bağlı yazılı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Tufan M 50 markalı, BAN №R55PCBL83PHA15693 qırmızı rəngli motorlu nəqliyyat vasitəsi qiyməti 3000 manat qiymətləndirilməklə icarəyə verilmiş, icarəçi gündəlik 10 manatı icarəyə verənə verməyi öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin yekun müddəalar başlıqlı 4-cü səhifəsində iddiaçının imzası və möhürü olsa da, icarəyə götürənin (cavabdehin) imzası yoxdur. Şikayətin dəlili ondan ibarətdir ki, hazırkı şəraitdə tərəflər arasında bağlanmış əqd, onun formasına, məzmununa, tərtib edilmə şəraitinə görə tərəflərin iradə ifadəsini əks etdirməklə yanaşı, həmin əqdin (müqavilənin) hər iki tərəf tərəfindən başq bir şərt olmadan və hər hansı bir şübhəyə yol vermədən bağlanmalı olduğu halda, məhkəmə tərəfindən cavabdehin 2-ci qrup gözdən əlil olması faktı, tərəflər arasında bağlanmış müqavilənin sonuncu yekun müddəalar başlıqlı 4-cü vərəqinin cavabdeh tərəfindən imzalanmaması, sözügedən mopedin faktiki alış qiymətinin (AlıcıRəcəbli Əsgər İman oğlu ilə satıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10114064 nömrəli alqı-satqı müqaviləsinə əsasən) 1700 (bir min yeddi yüz) manat olmasına baxmayaraq icarə müqaviləsində mopedin qiymətinin 3000 (üç min) manat göstərilməsi faktı lazımınca qiymətləndirilməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş üzrə təqdim edilmiş icarə müqaviləsi və digər sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında 19 mart 2024-cü il tarixində icarə müqaviləsi bağlanmış, “motorlu nəqliyyat vasitəsinin icarə müqaviləsi” üzrə iddiaçı cavabdehə əmlakı müəyyən müddətə icarəyə vermişdir. Müqavilənin şərtlərinə görə cavabdeh icarəyə verilmiş əmlakdan istifadə etməklə yanaşı, hər gün müəyyən edilmiş məbləğdə icarə haqqı ödəməli idi. Lakin iş materialları ilə sübut olunmuşdur ki, cavabdeh icarə haqqını müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməmiş, bununla da icarə öhdəliyi pozulmuşdur. Qüvvədə olan MM müqaviləyə rəsmi anlayış vermişdir (maddə, 389.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (maddə,389.2.). Eyni zamanda qanunun tələbinə görə, əgər qanunda ayrı qayda nəzərdə tutulmadığı hallarda müqavilədən əmələ gələn öhdəliklərə öhdəlik haqqında ümumi müddəalar tətbiq edilir (maddə,389.3.). Qanun müqavilə azadlığını müəyən etmişdir, yəni fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya, onun məzmununu müəyyənləşdirə bilər, onlar qanunda nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilər (maddə, 390.1.). Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İş üzrə təqdim olunmuş sübutlara əsasən, cavabdehin müqavilə üzrə öhdəliklərini pozaraq icarə haqqını ödəməməsi nəticəsində iddiaçının qanuni tələbi əsasında həmin məbləğin cavabdehdən alınması tələbi əsaslıdır. Cavabdeh müqavilə bağlanarkən müqavilənin şərtləri ilə əvvəlcədən razılaşdırılmış mopedin real bazar qiymətinin aşağı qiymətə olduğunu, eyni zamanda moped itirildiyindən mopedin istifadəsi üzrə gündəlik 10 manatın tələb edilməsinin qanunsuz olduğunu bildirərək mübahisələndirməsi, qanunvericiliyin tələblərinə və müqavilə hüququnun prinsiplərinə ziddir. Bu səbəbdən cavabdehin mopedin qiymətini mübahisələndirməsi hüquqi əsasa malik olmadığından, iddiaçının tələbi qanuni və əsaslıdır. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh müqavilənin yalnız sonuncu səhifəsinə imza atmayıb, lakin digər səhifərində imzası varsa və müqavilənin şərtləri üzrə faktiki münasibətlər yaranıbsa, bu müqavilənin hüquqi qüvvəsini ləğv etmir. Belə ki, müqavilə tərəflərin razılığı və iradə ifadəsi əsasında bağlanır. Eyni zamanda müqavilə yazılı formada bağlanmış sayılırsa, tərəflər onun şərtlərini qəbul etmiş və faktiki münasibətlər qurmuşlarsa, bu hal müqaviləsinin qüvvəsini təsdiq edir. İş üzrə sübutlarla təsdiq olunmuşdur ki, cavabdeh müqavilənin digər səhifələrində imza atmış, icarəyə verilmiş əmlakı təhvil almışdır. Bu isə o deməkdir ki, müqavilə hüquqi qüvvəyə malikdir və cavabdehin son səhifədə imzasının olmaması müqaviləni əsassız saymaq üçün yetərli hüquqi əsas deyil. Qanunvericilikdə müqavilənin hər səhifəsində imza tələbi yoxdur, əsas məsələ tərəflərin iradələrinin ifadə olunması və faktiki müqavilə münasibətlərinin yaranmasıdır. Məhkəmə tərkibi qeyd edir ki, icarəyə verənin qeyd edilən mopedi 1700 manata almasını təsdiq edən alqı-satqı müqaviləsinin olmasına baxmayaraq, cavabdeh müqaviləni bağlayarkən mopedin qiymətinin 3000 manat olması ilə bağlı razılığını ifadə edərək müqaviləni imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Məhkəmə tərkibi cavabdehin 2-ci qrup gözdən əlil olması faktına münasibət bildirərək qeyd edir ki, şəxs hüququ aktları başa düşmək və onların nəticələrini qiymətləndirmək iqtidarında deyilsə, onun bağladığı müqavilə etibarsız sayıla bilər.Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs özü icarə müqaviləsi bağlayarsa, bu müqavilə qanunla etibarsız hesab edilir. Çünki belə şəxs əqdin hüquqi nəticələrini dərk etmək iqtidarında deyildir və iradə ifadəsi hüquqi nəticələr doğurmur. Lakin gözdən əlillik şəxsin hüquqi nəticələri başa düşmək qabiliyyətinə mane olmur. Əgər şəxsin psixoloji və intellektual vəziyyəti normaldırsa, sadəcə görmə qabiliyyətinin olmaması əqdin etibarsızlığı üçün əsas deyildir. Yəni 2-ci qrup əlillik hüquq qabiliyyətinə və ya əqddə iştirak etmək imkanına məhdudiyyət yaratmır. Müqavilənin etibarsız sayılması üçün zəruri olan hallar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Müqavilə bağlanarkən şəxs öz iradəsini sərbəst ifadə etmiş və müqaviləni imzalamışdır. Belə olan halda, icarə müqaviləsi qanuni və etibarlı hesab olunur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayətində imzaların həqiqətən cavabdehə məxsus olub olmamasını, itən əmlak barədə tələbkar tərəfindən aidiyyəti orqanlara məlumat verilib-verilməməsinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığı bildirmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlillərinə münasibət bildirərək qeyd edir ki , iş birinci instansiya məhkəməsində icraatda olarkən cavabdeh tərəfindən müqavilənin etibarsızlığı mübahisələndirilməmiş, hətta cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddianı qismən qəbul etdiyini, cavabdehin sözügedən mopedi müəyyən müddət istifadə etdiyini, moped itirildiyindən onun dəyərinin iddiaçıya ödənilməsinin tərəfdarı olduğunu, lakin mopedin qiymətindən narazı olduğunu bildirmişdir. Həmçinin cavabdeh bu müqavilənin imzalanmasından sonra icarə predmeti olan mopeddən istifadə etməklə müqavilənin mövcudluğunu və şərtlərini qəbul etdiyin göstərmiş, bu barədə heç bir irad bildirməmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin icarə müqaviləsindəki imzaları ona məxsusdur və onun irəli sürdüyü bu dəlil yalnız sübutlardan yayınmaq məqsədi daşıyır. Bundan başqa məhkəmə tərkibi itən əmlak barədə tələbkar tərəfindən aidiyyəti orqanlara məlumat verilib-verilməməsinin araşdırılmama dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan icarə müqaviləsinin 4.7-ci bəndinə əsasən, icarəçi motorlu nəqliyyat vasitəsini nəzarətsiz qoymayacağına zəmanət vermiş, əgər nəqliyyat vasitəsi itər və ya oğurlanarsa icarəçi tərəfindən bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş məbləğ (3000 manat) icarə verənə ödənilməlidir. Beləlikdə cavabdehin əmlak barədə tələbkar tərəfindən aidiyyəti orqanlara məlumat verilməmə, məlumatlandırmama təşəbbüsünün yoxluğu barədə iradı müqavilə şərtləri ilə təkzib olunur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş və iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(050)-2214/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-733/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-733/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver