Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-740/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İş materiallarında olan Sumqayıt şəhəri 04 saylı Notariat Ofisində bağlanmış 13 noyabr 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, 13 noyabr 2024-cü il tarixdə Cavabdeh İddiaçı 05 dekabr 2024-cü il tarixdə qaytarmaq şərtilə 7500 manat borc pul almışdır. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubuna əsasən, borc müqaviləsinin şərtləri pozulduğuna görə 7500 manat pulu 10 gün müddətində qaytarılmasını, əks halda məhkəmə müraciət olunacağı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı 7500 manat borcun və ödənilmiş 95 manat dövlət rüsumunun, cəmi 7595 manat pulun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı göstərmişdir ki, Cavabdeh ilə yaxın münasibətləri olduğundan aralarında etibar yaranmışdır. Cavabdeh 05 dekabr 2024-cü il tarixdə qaytarmaq şərtilə 13 noyabr 2024-cü il tarixdə ondan 7500 manat borc almış və onlar arasında Sumqayıt şəhəri 04 saylı Notariat Ofisində 13 noyabr 2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh vədinə əməl etməyərək əvvəlcədən razılaşdırılmış müddətə ona olan borcunu qaytarmamışdır. Bununla da cavabdeh borcun qaytarılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə borcunu qaytarmasını cavabdehdən tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Cavabdehin 7500 manat borcdan 1500 manatını ona qaytarması barədə dedikləri də yalandır.Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 7500 manat məbləğində borcun və ödənilmiş 95 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim Mirlətif Sadıqov) xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh 7500 manat məbləğində borc və 95 manat ödənilmiş dövlət rüsumu, cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi Sumqayıt şəhəri 04 saylı Notariat Ofisində bağlanmış 13 noyabr 2024-cü il tarixli borc müqaviləsi ilə cavabdehin iddiaçıya 7500 manat borclu olması halı məhkəmədə öz təsdiqini tapmışdır. Buradan da görünür ki, Cavabdeh İddiaçı 05 dekabr 2024-cü il tarixədək qaytarmaq şərti ilə 13 noyabr 2024cü il tarixdə 7500 manat məbləğində borc almış, lakin hazırki vaxtadək cavabdeh həmin pulu iddiaçıya ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 7500 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh, həqiqətən də, İddiaçı 05 dekabr 2024-cü il tarixdə qaytarmaq şərtilə 13 noyabr 2024-cü il tarixdə 7500 manat borc pul aldığını, lakin həmin borcdan 1500 manat qaytardığını göstərmişdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə bu halları məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən məhkəmə cavabdehin məhkəmə iclasında iddia ilə bağlı etmiş olduğu etirazını tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı məhkəmədə vermiş olduğu izahatlara əsasən, onun iddia tələbi tam təmin edilmişdir. İddiaçı ondan əsassız şəkildə əlavə olaraq 1500 manat pul tələb edir. Məhkəmə prossesində mövcud mübahisə, tam və hərtərəfli aydınlaşdırılmamışdır. Yuxarıda qeyd etmiş olduğu hallar mühüm əhəmiyyət kəsb edir. Hesab edir ki, iddiaçının ona qarşı tələbi qismən əsassızdır. İddianı qismən qəbul edir. İddiaçı xeyli müddətdir ki, tanıyır. 13 noyabr 2024-cüil tarixdə Sumqayıt şəhəri 04 saylı Notariat ofisində, İddiaçı ilə aralarında borc müqaviləsi bağlamışlar. sözügedən borc müqaviləsinə əsasən, 05 dekabr 2024-cü il tarixdə qaytarmaq şərtilə iddiaçıdan 7500 manat borc pul almışdır. İddiaçıya olan borcundan 1500 (bir min beş yüz) manat qaytarmışdır. Borcun müəyyən hissəsinin qaytarmasını, məhkəmə hazırlıq iclasında bildirmişdir. Hal-hazırda iddiaçıya 6000 (altı min) manat borcu var. Saatlı rayon məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(055)-222/2025 saylı qətnaməsini qismən ləğv edərək, ondan 6000 (altı min) manat pulun alınaraq, İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı izahatında bildirdi ki, cavabdeh dostunun qohumudur. Cavabdehin oğlu obyekt açması səbəbindən, ondan borc pul almışdır, bu günədək həmin pulu tələb etsə də, qaytarmamışdır. Apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin qismən təmin olunması xahiş etdiyindən qətnaməni apellyasiya şikayətinin dəlilləri həcmində əsaslılığını yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki hüquq subyektlər arasında öhdəliyin əmələ gəlmə əsaslarından biri də müqavilədir. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM 389.1). Müqavilə üzrə tərəflərin öhdəliklərini icra etməməsi isə müqavilənin digər tərəfinin mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini (məsələn alqı-satqı müqaviləsində satıcının mənafeyinin pulla ifadə edilən müəyyən bir satınalma gücünü, alıcının isə, satılan əşyanın mülkiyyətini əldə etməklə bağlı mənafeyini) bilir. Müqavilə tərəfləri razılaşdırılmış olduqları müqavilə şərtlərinə əməl etməyə və həmin şərtlərə nəzərdə tutulan öhdəlikləri icra etməyə hüquqi baxımdan məcburdurlar. Bu xüsusat latın dilində “müqavilə qanunu” mənasına gələn bir ifadə ilə “lex contractus” deyilir. Cavabdeh Babakişi Əzizov apellyasiya şikayətində borcundan 1500 manat ödəmiş olduğunu qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, sübut təqdim olunmadığı halda həmin dəlilin hüquqi nəticə doğurması mümkün deyildir və məhkəmə kollegiyası bu dəlili əsaslı saymır. Sübutlarla təsdiqlənməyən ödənişlər məhkəmənin qiymətləndirmə predmetinə çevrilmir və bu halda cavabdehin sadəcə bəyanatı hüquqi nəticə doğurmur. Belə olan halda iddiaçının tələbi məhkəmə tərəfindən tam həcmdə təmin edilə bilər. Bu, həm prosessual, həm də maddi hüququn əsas prinsiplərinə uyğundur. Əks halda, hər bir tərəfin heç bir sübuta əsaslanmadan irəli sürdüyü dəlillər hüquqi nəticə doğurardı ki, bu da ədalət mühakiməsinin prinsipləri ilə ziddiyyət təşkil edərdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetirib-yetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.
2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Saatlı Rayon Məhkəməsinin 2(055)-222/2025 saylı, 19 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-222/2025 saylı, 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.