Məhkəmə qərarları › İş №2(106)-741/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-741/2025

06.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-741/2025 06.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X4 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, üçüncü şəxs Maraqlı şəxs və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan evə köçürülmə, mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2024, Reyestr nömrəsi: **********08-05101-093045) əsasən paylı mülkiyyətində olan Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19 yerləşən 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) mənzilə köçürülməsi, həmin əmlakdan istifadəsinə Cavabdeh və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19, mənzil 69- da (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) ¼ (dörddə bir) hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə uzun müddətdir ki, aralarında məhkəmə mübahisələri davam edir. Sözügedən mənzil onun gəlin köçdüyü evdir və o, mərhum həyat yoldaşı ilə birlikdə uzun müddət orada yaşamış, həmçinin pasport qeydiyyatına alınmışdır. Hazırda həmin əmlaka dair qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etsə də, cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsinə, yəni əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir. Belə ki, cavabdeh dəfələrlə sözügedən mənzili başqa-başqa şəxslərə kirayə verməklə əsassız qazanc əldə edir. O, öz mülkiyyətində olan mənzilə girmək istədikdə orada kirayə olaraq yaşayan şəxslər ona maneçilik törədirlər. Bununla bağlı 102 xidmətinə müraciət etdikdən sonra polis əməkdaşı ilə birlikdə həmin ünvana getsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim N.Ağabəyov) 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2024, Reyestr nömrəsi: **********08- 05101-093045) əsasən ¼ hissədə mülkiyyətində olan Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19da yerləşən 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) mənzilə köçürülməsi, İddiaçı həmin əmlakdan istifadə hüququna Cavabdeh və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil və qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs apellyasiya şikayəti vermişlər. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışda qeyd olunan Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19, 69 saylı (Yeni qaydalarla:AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) ümumi sahəsi 51.60 kv.m olan mənzil mərhum X3 mülkiyyətində olmuşdur. X2 ilə xx.xx.1999-cu il tarixdə iddiaçı Paşayeva (Əbülfətova) Gülxanım Bəklər qızı, rəsmi nikaha daxil olub evlənmişdir. Sonradan aralarında olan nikah pozulmuş və X2, Yardımlı rayon sakini X7 ilə xx.xx.2005-ci il tarixdə faktiki nikaha daxil olmuşdur. Onların birgə münasibətlərindən xx.xx.2006-cı il tarixdə Maraqlı şəxs anadan olmuş və uşağın atalığı müəyyən edilmişdir. X15 ikinci dəfə qeyri-rəsmi olaraq ailə qurduğu X7 və qızı-Maraqlı şəxs ilə birlikdə vəfat etdiyi xx.xx.2021-ci il tarixədək, mərhum anası X3 mülkiyyətində olan həmin Lənkəran şəhəri, X17 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19, mənzil 69 ünvanında ailəsi ilə birlikdə yaşamışlar. X2 xx.xx.2021- ci il tarixdə vəfat etmişdir. Təqdim edilmiş Çıxarışda mübahisələndirilən daşınmaz əmlakın ½ hissəsi onun (cavabdehin), ¼ hissəsi İddiaçı və ¼ hissə Mirrafiq Əbülfətlinin (Gülxanımın oğlu) mülkiyyətində olduğu qeyd olunmuşdur. Lakin nədənsə iddiaçı iddia tələbində mülkiyyətində olan ¼ hissə olan paya köçürülməni deyil, bütövlükdə mənzilə köçürülməsi tələbini qoymuşdur ki, bu da onun hüquqlarını birbaşa pozur. Bundan əlavə çıxarış əldə olunarkən X2nun Yardımlı rayon sakini X7 ilə xx.xx.2005-ci il tarixdə faktiki nikahlarından xx.xx.2006-cı il tarixdə anadan olan Maraqlı şəxs vərəsə olaraq bilərəkdən gizlədilmiş və beləliklə o, ½ hissədən ona vərəsəlik qaydasında çatası paydan məhrum edilmişdir. Bundan əlavə, məhkəmə iclaslarının vaxtı barədə məlumatsız olmuşdur. Şikayətə görə, məhkəmə mübahisələndirilən daşınmaz əmlakın paylı mülkiyyətdə olduğunu “unudaraq” iddiaçının ¼ hissədə mülkiyyətində olan mənzilə köçürülməsini qət etmişdir. Halbuki həmin mənzil paylı mülkiyyət olaraq həmin çıxarışda 3 nəfərin adına payları göstərilməklə rəsmiləşdirilmişdir. Ümumiyyətlə həmin qətnamənin icra edilməsi hazırki vəziyyətdə qeyri-mümkündür. Çünki həmin mənzilin ¼ hissəsi natura qaydasında bölünməmişsə onda iddiaçının məhz həmin mənzilin hansı hissəsinə köçürülməsi sual olaraq qalır. Bundan başqa, qətnamə digər vərəsə Maraqlı şəxs maraqlarına birbaşa toxunur və hazırki qətnamənin qəbul edilməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Maraqlı şəxs vərəsə olduğu halda sözügedən çıxarış əldə olunarkən vərəsə kimi gizlədilərək onun barəsində məlumatlar notariat ofisində verilməmiş və beləliklə çıxarış 3 şəxsin adına verilməklə mübahisəli mənzil dövlət qeydiyyatına alınmışdır. Qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, Lənkəran rayon Məhkəməsi qətnaməni qəbul etdikdən sonra həmin mübahisələndirilən, ünvanında, ümumi sahəsi 51,60 kv.m. olan mənzilin 1/6 – hissəsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X6 miras qalmış daşınmaz əmlak, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi adlanacaq.) tərəfindən müvafiq çıxarış və texniki pasport əsasında 09 dekabr 2024-cü il tarixdə xüsusi mülkiyyətinə verilmişdir. Belə ki, mülkiyyət hüquqları daşınmaz əmlakın reyestr nömrəsi **********08- 05101-093045 olan, qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2024-cü il tarixli Çıxarış və xx.xx.2024-cü il tarixli Texniki Pasport əsasında təsdiq olunmuşdur. Hazırda həmin mənzildə yaşayır. Lakin 1/6 hissəsi xüsusi mülkiyyətində olan həmin mənzilin 1/2 – hissəsi bibisi Cavabdeh, 1/6 hissəsi rəhmətlik atasının birinci arvadı olan İddiaçı və 1/6 hissəsi rəhmətlik atasının birinci arvadından olan oğlu X5 mülkiyyətinə verilmişdir. Bu səbəbdən, mənzilin faktiki olaraq naturada o iddiaçıya məxsus 1/6 hissəsinin bölgüsünün aparılması tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət də etmişdir. Bundan başqa, 10 sentyabr 2024-cü il tarixli, № 2(049)-2194/2024 nömrəli qətnamə, prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul olunduğu üçün ləğv edilməlidir. Belə ki, qətnamə vərəsə Maraqlı şəxs maraqlarına birbaşa toxunur və hazırki qətnamənin qəbul edilməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, o, vərəsə olduğu halda sözügedən çıxarış əldə olunarkən vərəsə kimi gizlədilərək barəsində məlumatlar notariat ofisində verilməmiş və beləliklə çıxarış 3 şəxsin adına verilməklə mübahisəli mənzil dövlət qeydiyyatına alınmışdır. Hazırki, xx.xx.2024-cü il tarixli, № 2(049)- 2194/2024 qətnamə ilə də ¼ hissə olan paya iddiaçının köçürülməsinin təmin edilməsi onun birbaşa hüquq və maraqlarına toxunur. İzahatlar Prosessualməsəsələr Apellyasiya baxışında qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmış, X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini pozmuşdur, ilkin olaraq çıxarışda mübahisələndirilən əmlakın 1/2 hissəsi təmsil etdiyi şəxsin mülkiyyətində olması, 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi Mirrafiq Əbülfətlinin mülkiyyətində olduğu çıxarışda qeyd olunmuşdur. Lakin məhkəmə qətnaməsində onları bütöv mənzilə köçürülməsi təmin olunmuşdur. Hesab edir ki, bununla Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri pozulmuşdur. Üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçının həmin mənzildə yaşaması mümkün deyil. İddiaçı və üçüncü şəxs X9 apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(049)- 2482/2023 saylı qətnamədən görünür ki, iddia təmin edilmiş, mərhum X1 miras qalmış Lənkəran şəhəri, X17 (keçmiş B.O.Abbasov) küçəsi, bina 78/19-da yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.9 kv.m, ümumi sahəsi 59.3 kv.m olan 69 saylı mənzildən ibarət mirasın o cümlədən də X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(049)- 2695/2023 saylı qətnamədən görünür ki, iddia qismən təmin edilmiş, Lənkəran rayon 1 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsində həmin Daşınmaz əmlak (Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19-da yerləşən 69 saylı mənzillə bağlı) üzərində aparılmış hüquqların dövlət qeydiyyatı ləğv olunmuş, Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19- da yerləşən 69 saylı mənzilə dair Cavabdeh verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli (reyestr nömrəsi: **********08- 05101-093045) Çıxarış etibarsız hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********08-05101-093045) görünür ki, Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19, 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) ümumi sahəsi 51.60 kv.m olan mənzilə İddiaçı ¼ (dörddə bir) hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Lənkəran şəhəri, X17 küçəsi, ev 78/19, 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, 118, M2, m2) ümumi sahəsi 51.60 kv.m olan mənzilə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il tarixli çıxarışdan bəlli olur ki, həmin mənzil 1/6 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh, 1/6 hissədə Maraqlı şəxs və 1/6 hissədə X5 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Hazırki tələbində iddiaçı paylı mülkiyyətində olan yaşayış evinə köçürülməsini və ona yaradan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, mənzilin paylı mülkiyyətçisidir. Kollegiya hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh tərəf və apellyasiya şikayəti verən üçüncü şəxs etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçı evin 1/6 hissəsinin mülkiyyətçisidir. Lakin məhkəmə onu bütöv mənzilə köçürmüşdür. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır. İddiaçı mübahisəli yaşayış evinin paylı mülkiyyətçilərindən biridir. Onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı öz mülkiyyətində olan əmlakından sərbəst şəkildə istifadə edə bilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ– mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun tələbinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 213.2). Hər bir paylı mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir (Mülki Məcəllə, maddə 215.4). O da qeyd edilməlidir ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşya üzərində hüquqa münasibətdə aparılan bölgüdür. Naturada bölünməmiş ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşya üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Bu baxımdan, paylı mülkiyyətçilər hər biri onun payına uyğun gələn hər-hansı ayrıca hissəsində deyil, bütöv əmlaka münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olur. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir. Bundan başqa, apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, işə baxarkən iddiaçının yaşayış evində 1/4 hissədə payı var idisə, qətnamədən sonra onun 1/6 payı qeydə alınmışdır. Kollegiya hesab edir ki, iddiaçının payının 1/6 hissədə müəyyən edilməsi də onun evə köçürülməsinə mane olan hal deyil. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnaməni ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, şikayətlərin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(049)-2194/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar