Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-742/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7216.39 ABŞ dolları əsas borc, 1964.17 ABŞ dolları faiz borcu, 388 ABŞ dolları cərimə, cəmi 9569.44 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09 aprel 2014-cü il tarixdə İddiaçı ASC ilə kredit müaviləsi bağlayaraq illik 26 faiz ödəmək şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 09 aprel 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etməkdən yayınmışdır. 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini icra etməsə borc vaxtı keçmiş kreditə aid edilir və ona ikiqat faiz hesablanaraq borcludan tələb edilir. Borclunun öhdəliklərini icra etməməsi səbəbindən onun banka 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7216.39 ABŞ dolları əsas kredit borcu, 1964.17 ABŞ dolları kreditə bağlanmış faiz borcu, 388.88 ABŞ dolları cərimə borcu, cəmi 9569.44 ABŞ dolları borcu yaranmışdır. Ona görə də iddia tələbinin təmin olunması, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7216.39 ABŞ dolları əsas borc, 1964.17 ABŞ dolları faiz borcu, 388.88 ABŞ dolları cərimə, cəmi 9569.44 ABŞ dolları borc və 50 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsi ilə ( M.Rzayev) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 7216.39 ABŞ dolları əsas borc, 1964.17 ABŞ dolları faiz borcu, 388 ABŞ dolları cərimə, cəmi 9569.44 ABŞ dolları borc tutulduğu onda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatı ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan 09 aprel 2014-cü il tarixli kredit müqaviləsindən görünür Cavabdeh1 ilə İddiaçı ASC arasında illik 26 faiz ödənilmək şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğinin alınması üçün kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 xx.xx.2014-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə etməklə götürülmüş kredit üzrə cəmi 12921 ABŞ dolları məbləğində hesablanmış əsas borcu və faizi banka qaytarmalı idi. İş materiallarında olan 19 fevral 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcdan 1683.61 A B Ş dolları ödəniş etmiş, faiz borcundan 1728.56 ABŞ dolları ödəniş etmiş, əsas kredit borcu üzrə 7216.39 ABŞ dolları, faiz borcu üzrə 1964.17 ABŞ dollar, cərimə borcu üzrə 388.88 ABŞ dolları, cəmi 9569.44 ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarında olan 09 aprel 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçi təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış,ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 470, 472.1, 472.2, 421.1, 421.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.3-cü maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 noyabr 2005-ci il tarixli, 4-li Qərarının 10-cu maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam, hər tərəfli və obyektiv araşdırmamış, onun banka ödənişlərini nəzərə almamış və bankın təqdim etdiyi məbləğlərə uyğun qətnamə qəbul etmişdir. Məhkəmə 7216,39 ABŞ dolları əsas məbləğ, 1964,17 ABŞ dolları faiz borcunun və 388,88 ABŞ dolları cərimə borcunun hansı qayda və üsulla hesablaması aydın deyil. Hesablanmış borc əsas, faiz və cərimə düzgün deyil və ləğv edilməlidir. Qeyd edilməlidir ki, qətnamənin olmasından xəbəri olmamış və İcra və Probasiya Şöbəsindən məktub gələndə məlumatı olmuşdur ki, barəsində qətnamə var və həmin qətnaməni xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsində qəbzə imza etməklə əldə etmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirləri haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən onun borcu silinmişdir. Məhkəmə qətnamə qəbul edərkən, iddia ərizəsi üzrə tələbi araşdırmalı idi. Həmin günə nə qədər ödəniş edib-etmədiyini, həmçinin borcun hansı qayda ilə hesablandığını həmçinin faizin və cərimənin çox olduğunu araşdırmalı idi. Ən azından borcun düzgün hesablanmasından ötrü mühasibatlıq ekspertizası təyin etməli idi. Məhkəmə 7216,39 ABŞ dolları əsas məbləğ, 1964,17 ABŞ dolları faiz borcunun və 388,88 ABŞ dolları cərimə borcunun hansı qayda və üsulla hesablamışdır. İddiaçıASC-də olan krediti dollarla olmuş və ölkədə dolların məzənnəsinin qalxması və iş yerinin itrilməsi ilə bağlı ödəyə bilməmişdir. Məhkəmə bu vəziyyətdə dəbbə pulunu da tam təmin etmişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 apellyasiya şikayəti əsassızdır. Belə ki, apellyasiya şikayətində borcunun “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən silindiyini qeyd etsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehlər kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etmələrinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam icra etməyərək, öhdəliklərini icra etməmişlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsi üzrə cavabdehlərin banka 6939.64 ABŞ dolları və 30 manat dövlət rüsumu məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı təşkilat məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq qardaşının vəfat etməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh1 məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü təsdiq edən hər hansı bir əsaslı səbəb göstərməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir və odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclası 15 iyul 2016-cı il tarixə, saat 09:15-ə təyin edilmiş, bu barədə bildiriş tərəflərə göndərilmişdir. Lakin sözügedən bildiriş Cavabdeh1 çatdırılmamış, o məhkəmə iclasından xəbərdar olmamışdır. Bu da onu deməyə əsas verir ki, Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmədən işə birinci instansiya məhkəməsi tərəfindən baxılması tərəfin müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(049)- 5696/2016 saylı qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında illik 26 faiz ödənilmək şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğinin alınması üçün kredit müqaviləsi bağlanmışdır. Kredit alan Cavabdeh1 xx.xx.2014-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə etməklə götürülmüş kredit üzrə cəmi 12921 ABŞ dolları məbləğində hesablanmış əsas borcu və faizi banka qaytarmalı idi. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə tərkibinə belə nəticəyə gəlməyə əsas verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından göründüyü kimi, cavabdehlər bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, ödəniş qrafikinə riayət etməmişdirlər. Bu hal Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin əhəmiyyətli pozuntusu hesab olunur və nəticə etibarilə müqavilənin ləğvi üçün əsas yaradır. Ona görə də İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməlidir. Apellyator apellyasiya şikayətində borcun düzgün hesablanmasından ötrü mühasibatlıq ekspertizası təyin edilməli olmasını qeyd etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(016)- 742/2025 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən məhkəməyə 27 iyun 2025-ci il tarixli, 2661/2025 nömrəli ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, xx.xx.2017-ci il tarixə kimi əsas borc 7.440,98 ABŞ dolları, faiz borcu isə 4173,19 ABŞ dolları müəyyən edilmişdir. Bununla belə məlumdur ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nə olan əsas kredit borcunun məbləği isə 8024.04 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, yəni əsas kredit borcunu 8024.04 manat məbləğində müəyyən etdiyindən, iddiaçı bank müqavilədə nəzərdə tutulan qaydada həmin məbləğə hesablanmış faiz və cəriməni tələb edə bilməzdi. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 kredit müqaviləsində nəzərdə tutulan qaydada hesablanmış 7216.39 ABŞ dolları əsas borcun, 1964.17 ABŞ dolları faiz borcunun və 388 ABŞ dolları cərimənin tutulması hissədə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı təşkilat tələb etdiyi borcu ABŞ dolları məzənnəsi ilə qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanla, devalvasiya nəticəsində dollarla kredit götürmüş vətəndaşların maliyyə yükünün azaldılması məqsədilə xarici valyutada olan kreditlər üzrə məbləğlər milli valyutada ekvivalentləşdirilmişdir. Bu səbəbdən, baxılan iş üzrə tələb dollarla irəli sürülsə də, müstəsna hal olaraq borcun manatla ödənilməsi müəyyən edilməlidir. 2015-ci ilin devalvasiyası nəticəsində dollarla götürülmüş kreditlərin problemli hala düşməsi və dövlət başçısının 28 fevral 2019-cu il tarixli Fərmanı belə müstəsna hal kimi qiymətləndirilməlidir. Həmin Fərmanla vətəndaşların dollar kreditləri müəyyən kursla manata konvertasiya olunaraq restrukturizasiya edilmiş, banklara kompensasiya mexanizmi tətbiq olunmuşdur. Deməli, məhkəmə dollarla tələb olunmuş borcu, artıq qüvvədə olan restrukturizasiya qaydalarını nəzərə alaraq, manat ekvivalenti ilə tutmalıdır. İş materiallarında olan 09 aprel 2014-cü il taurxli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçi təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470 və 472-ci maddələrini rəhbər tutaraq, məhkəmə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış 8024.04 manat borcun ödənilməsi Cavabdeh1, həmçinin zamin Cavabdeh2 solidar qaydada tutulmalıdır. İddiaçının cavabdehlərdən tələb etdiyi dövlət rüsumuna münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın yarısı-15 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməli, 15 manat məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquqi əsaslar düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, 09 aprel 2014cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 8024.04 manat əsas borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, dövlət rüsumu kimi ödənilmiş 30 manatın yarısı-15 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməli, 15 manat məbləğ iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 150 manatın 75 manatı Ləğv prosesində olan İddiaçı ASC-dən, 75 manatı isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(049)-5696/2016 saylı qətnaməsi ləğv edilsin. Dəmirbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilsin. 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 8024.04 manat əsas borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın yarısı-15 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilsin, 15 manat məbləğ iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 150 manatın 75 manatı Ləğv prosesində olan İddiaçı ASC-dən, 75 manatı isə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-742/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-742/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver