Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-743/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)-650/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12952,56 manat əsas, 2305,35 manat faiz və 428,79 manat cərimə borcu olmaqla, cəmi 15686,7 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 137,47 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış 07 iyul 2022-ci il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 300000 manat məbləğində 120 ay müddətinə 07 iyul 2032-ci il tarixinədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 07 iyul 2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 13600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda, əsas və əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Belə ki, əsas kredit müqaviləsinin 1.7-ci maddəsinə əsasən, zamin borcalanın bu müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə borcverən qarşısında borcalan ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin 30 may 2023-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 12952,56 manat əsas, 2305,35 manat faiz və 428,79 manat cərimə borcu olmaqla, cəmi 15686,70 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Laçın Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(047)-650/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavad İbrahimov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 12952,56 manat, faiz borcu üzrə 2305,35 manat, cərimə üzrə 150 manat, cəmi 15407,91 manat məbləğində borc pulun və 137,47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə isə rədd olunması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Laçın Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(047)-650/2023 saylı qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddiaçının ona və digərlərinə qarşı iddiasının bütünlüklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Maddi hüquq norması kimi məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 462, 465, 472 və 739-cu maddələrinə istinad etmişdir. Bu normalar baxımından çıxış edən məhkəmə belə bir qənaətə gəlmişdir ki, krediti götürəndən sonra Cavabdeh1 bank qarşısında öhdəliyi tam olaraq yerinə yetirməmiş, kredit müqaviləsi şərtlərini pozmuş, ona görə də həm əsas borc, həm də faiz borcu yaranmışdır. Məhkəmə qarşı tərəfin təqdim etdiyi maliyyə arayışına istinad etməklə göstərmişdir ki, cavabdehin 12952,56 manat əsas, 2305,35 manat faiz borcu vardır. Halbuki, Cavabdeh1 banka bu müddət ərzində böyük məbləğdə ödənişlər etmişdir. Görünür, iddiaçı onun tərəfindən ödənilən pulları faiz borcuna çıxaraq onun guya əsas borcdan və faiz borcundan da yüksək məbləğdə borcunun qaldığını bildirmişdir. İşə baxan məhkəmə qətnamə çıxan tarixə onun ödənişləri ilə bağlı çıxarışı tələb etməmiş və araşdırma aparmamış, ondan iddiaçının xeyrinə faktiki borclu qaldığı puldan da artıq pulun tutulmasına dair qətnamə qəbul etmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 8.1-ci maddəsinə əsasən, mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-in bu tələbini pozmuşdur. Eyni zamanda, məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə MPM-in 9.1-ci maddəsinin tələblərini pozmaqla qətnamə çıxarmışdır. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələriniizah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan arayışda olan əsas və faiz borcu ilə bağlı məlumatı araşdırmamış, Cavabdeh1 tərəfindən aparılan ödəmələrə baxmayaraq, əsas və faiz borcunun hansı səbəbdən yüksək olmasına aydınlıq gətirməmiş, iş üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir. Bu da onun əlavə borc yükü ilə yüklənməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, o, götürdüyü kredit üzrə ödənişləri etməmiş, arabir etdiyi ödənişlər isə onun əsas və faiz borcundan müvafiq qaydada çıxılmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi isə qətnamənin icrasının ləngiməsinə nail olmaqdan ibarətdir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır... Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verərək, onun iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddiaçının ona və digərlərinə qarşı iddiasının bütünlüklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki 07 iyul 2022-ci il tarixli, 484micSUM/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, borcverən "xxxx" KB ASC borcalan Cavabdeh1 300000 manat məbləğində illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə 07 iyul 2032-ci il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İşdəki 07 iyul 2022-ci il tarixli, 484micSUM/22 saylı əlavə kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə borcverən "xxxx" KB ASC 18 ay müddətinə 07 yanvar 2024cü il tarixinədək illik 22 faiz ödəmək şərtilə 13600 manat məbləğində krediti 0 ay güzəşt müddəti ilə borcalan Cavabdeh1 mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 22,8 faiz təşkil edir. İşdəki "xxxx" KB ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 07 iyul 2022-ci il tarixli, 484micSUM/22 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor "xxxx" KB ASC qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminlərə kredit müqaviləsi üzrə öz tələblərini irəli sürə bilər. İşdəki 30 may 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh1 484micSUM/22 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borcu 12952,56 manat, faiz üzrə borcu 2305,35 manat, cərimə faizi üzrə 428,79 manat, cəmi 15686,7 manat. İşdəki 14 iyun 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh1 484micSUM/22 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə borcu 12952,56 manat, faiz üzrə borcu 2305,35 manat, cərimə faizi üzrə 150 manat, cəmi 15407,91 manat. İşdəki 30 may 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 137,07 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İşdəki "xxxx" KB ASC tərəfindən Cavabdeh1 hesabına dair təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, 07 iyul 2022-ci il tarixli, 484micSUM/22 nömrəli kredit müqaviləsi üzrə edilmiş ödənişlərdən cəmi 2-si əsas kredit borcunun, 2-si isə faiz borcunun ödənilməsinə yönəldilmişdir. Əsas kredit borcuna ödənilməsinə yönəldilmiş məbləğlər 104,08 manat və 543,36 manat olmuşdur. Hesabdan çıxarışdan göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borca görə cəmi 647,44 manat ödəniş edilmiş, əsas borcun 12952,56 manat hissəsi ödənilməmiş qalmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini cavabdeh (borcalan) Cavabdeh1 iddia edilən məbləğdə əsas, faiz və cərimə borcunun yaranması, Cavabdeh2 və Cavabdeh3 həmin öhdəlik üzrə zamin olmaları ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün müvafiq müqavilələri, maliyyə arayışını və hesabdan çıxarışı təqdim etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində onun əslində kredit müqaviləsi üzrə daha böyük məbləğdə ödənişlər etdiyini, iddiaçının onun borc məbləğini şişirtdiyini bildirmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarından xəbərdar olmuş, lakin heç bir məhkəmə iclasında iştirak etməmiş, öz etirazlarını bildirməmişdir. O, bunun üçün imkanı olsa da, iddia tələbinə apellyasiya şikayətində irəli sürdüyü etirazlarını birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən bildirməmiş, bundan sonra apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmamasına dair formal mülahizələrini ifadə etmiş, lakin öz mülahizələrini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, o, apellyasiya məhkəməsinin iclasında da iştirak etməmişdir. Belə ki, onun apellyasiya məhkəməsinin iclasları barəsində məlumatlandırılması məqsədilə apellyasiya şikayətində qeyd etdiyi ünvanına bildiriş göndərilmiş, onun telefon nömrəsinə SMS bildiriş ünvanlanmış, məhkəmə bildirişi onun elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda, məhkəmə bildirişinin ona çatdırılması üçün Laçın Rayon İcra Hakimiyyətinə də müraciət olunaraq, bildirişin çatdırılması təmin edilmişdir. Bütün bu görülmüş tədbirlərə baxmayaraq, Cavabdeh1 yenə də apellyasiya məhkəməsinin iclaslarında iştirak etməmişdir. Apellyasiya şikayətinin ödənilmiş məbləğlərin yalnız faiz borcuna hesablanması ilə bağlı dəlilinə dair məhkəmə kollegiyası bildirir ki, hesabdan çıxarışdan da göründüyü kimi, Cavabdeh1 tərəfindən 07 iyul 2022-ci il tarixli, 484micSUM/22 saylı kredit müqaviləsi üzrə cəmi 2 dəfə əsas, 2 dəfə də faiz borcu üzrə ödəniş edilmiş, edilmiş ödənişlərin böyük hissəsi əsas borca hesablanmışdır. Cavabdeh1 apellyasiya şikayətində məhkəmənin iddiaçıdan hesabdan çıxarışı tələb etmədiyini bildirsə də, iş materiallarından bu cür hesabdan çıxarışın iddia ərizəsinə əlavə edildiyi müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 apellyasiya şikayətində onun tərəfindən daha böyük ödənişlərin həyata keçirildiyini bildirsə də, kredit müqaviləsi üzrə daha böyük ödənişlərin edilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, ödənişlərin edildiyini özündə əks etdirən çek, qəbz və ya digər sənədlə öz etirazını əsaslandırmamışdır. Əksinə, Cavabdeh1 iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini tələb etməklə, sübutetmə yükünü öz üzərindən atmağa çalışmışdır. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda isə cavabdeh tərəfindən edilmiş ödənişlər aydın şəkildə əks olunduğundan, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Həmçinin, hazırkı iş üzrə iddiaçı tərəfindən əsaslı olaraq tələb edilən əsas və faiz borcu məbləğinin azaldılması iddiaçının mülkiyyət hüququnun pozuntusu hesab olunacaqdır. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi ilə qanunverici məhkəmələrə yalnız dəbbə pulunun azaldılması səlahiyyətini vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərdən də göründüyü kimi, birinci instansiya məhkəməsi əsas və faiz borcuna dair hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cərimə borcu ilə bağlı hissədə isə bildirir ki, iddiaçı 428,79 manat məbləğində cərimə borcunun tutulmasını tələb etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq MM-in 467-ci maddəsini tətbiq etməklə cərimə borcuna dair hissədə onun məbləğini azaldaraq tələbi 150 manat məbləğində təmin etmişdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş 150 manat məbləğində cərimə işin halları nəzərə alındıqda tənasübsüz surətdə yüksək hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi cərimə borcuna aid hissədə də düzgün nəticəyə gəlmişdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən əsas və faiz borcunun tam, cərimə borcunun isə qismən təmin edilməsi maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, Cavabdeh1 kredit üzrə ödənişləri, faizləri və cərimə məbləğlərini ödəməyi öhdəsinə götürməsi, kredit müqaviləsi üzrə onun tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi və ödənilməmiş qalan əsas borcun 12952,56 manat, faiz borcunun isə 2305,35 manat olması iş materialları ilə öz təsdiqini tapdığından, 150 manat cərimə borcu işin halları nəzərə alındıqda tənasübsüz surətdə yüksək hesab edilmədiyindən, Cavabdeh1 tərəfindən isə borcun lazımınca ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qətnamə qəbul etmiş, düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz və apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, əsas və faiz borcuna dair hissədə iddia tələbi tam təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş 137,47 manat dövlət rüsumuna dair hissədə də düzgün nəticəyə gəlmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(047)-650/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-743/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-743/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver