Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-753/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(057)2110/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 9800 manat əsas, icranı gecikdirməyə görə 80 manat faiz borcu, 300 manat məbləğində vəkilə göstərdiyi hüquqi yardım, 11,5 manat notariat qaydasında çəkilmiş xərclər və ödənilmiş 120.46 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri, 3 saylı notariat ofisində aralarında kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdehə 9800 manat borc pul vermişdir. Cavabdeh həmin pulu xx.xx.2022-ci il tarixədək hər ay 4900 manatdan qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, qeyd edilən müddətdə borcunu ödəməmişdir. Dəfələrlə cavabdehə pulu qaytarması üçün zəng etsə də, müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmamışdır. Odur ki, Cavabdeh 9800 manat əsas, icranı gecikdirməyə görə 80 manat faiz borcu, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, 11,5 manat notariat qaydasında çəkilmiş xərclər və ödənilmiş 120,46 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Salyan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(057)2110/2022 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 9800 manat əsas, vəkilə göstərdiyi hüquqi yardıma görə 100 manat və ödənilmiş 120,46 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Belə ki, əslində məsələnin mahiyyəti ondan ibarət olmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında Kia markalı avtomobilinin alqı-satqısı barədə razılıq əldə edilmiş və həmin avtomobil İddiaçı tərəfindən Cavabdeh 18 min manata satılmışdır. Həmin məbləğin 11000 manatı ilkin ödəniş şəklində Səid tərəfindən Əfqana ödənilmiş, yerdə qalan 8000 manat isə 2 aylıq borc müqaviləsi formasında Səid tərəfindən Əfqana ödənilməsi barədə razılaşdırılmış və Əfqan 2 ay 8000 manatı ödəməsinə görə üstünə faiz qoyur və 2 ay həmin məbləğə görə hər ay 900 manat cəmi 1800 manat faiz olmaqla cəmi, 9800 manat borc məbləği müəyyən edirlər. Nəticədə yəni əslində Əfqan Səidə heç bir borc məbləği verməmiş, Səidin avtomobildən qalan borcuna görə pul məbləği öz aralarında razılaşdırılaraq borc müqaviləsi şəklində bağlanılmışdır. Mübahisənin əsas məqamı isə ondan ibarətdir ki, avtomobil alındıqdan sonra motoru qüsurlu çıxmış və həmin avtomobilin motorunda olan qüsurun aradan qaldırılmasına görə Səid 4000 manat sərf etmişdir. Bunu da Səid Əfqana bildirmiş və Əfqan həmin məbləğin borc məbləğindən çıxılacağını demişdir. Lakin yuxarıda məhkəmə qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilmədiyindən bu məsələlər araşdırılmamış, bu səbəbdən düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia qismən 5800 manat məbləğində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Çünki həmin məbləğin 4000 manat hissəsi iddiaçının nasaz və qüsurlu avtomobil satması nəticəsində cavabdehə dəymiş zərər məbləğində əsas borc məbləğindən çıxılmalıdır. Göstərilənlərə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)2110/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə yeni, cəmi 5800 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları və prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(057)2110/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 9800 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 19 sentyabr 2022-coi il tarixli, 44 saylı qəbzdən görünür ki, İddiaçı 300 manat məbləğində pulu 3694 saylı müqavilə əsasında Femida vəkil bürosuna ödəmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, iddiaçıdan avtomobil aldıqdan sonra motoru qüsurlu çıxmış və həmin qüsuru aradan qaldırmaq üçün 4000 manat sərf etmişdir. Əfqan da həmin məbləği borc məbləğindən çıxacağını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu əsasla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi nəticəsinə gəlmək mümkün deyil. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə 08 iyul 2022-ci il tarixdə Bakı şəhəri, 3 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən 9800 manat pul vermişdir. İddiaçının özünün bildirdiyi kimi cavabdeh götürdüyü pulu ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında müqavilə olmuş, iddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə borcunu ödəməməklə üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəlliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşin bu cür halında, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İş materiallarından görünür ki, Cavabdeh iddiaçıya 9800 manat məbləğində borclu olduğunu bildirmişdir. Lakin iddiaçıdan aldığı avtomobilin motorunda yaranmış qüsurun aradan qaldırılması üçün çəkdiyi 4000 manat xərcin ümumi borcdan çıxılmasını istəyir. Göründüyü kimi cavabdeh iddiaçıya borcunun olduğunu etiraf edir, lakin avtomobilin motorunda yaranmış qüsurun aradan qaldırılması ümün çəkdiyi 4000 manat məbləği iddiaçının ümumi borcdan çıxmalı olmasını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan aldığı avtomobildə yaranmış qüsura görə ona dəymiş 4000 manat məbləində ziyan ayrıca mübahisə predmetidir. Eyni zamanda İddiaçı da belə bir halın baş verməsini etiraf etməmiş, Cavabdeh isə İddiaçı qarşı qeyd edilən məsələ ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə müraciət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(057)2110/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş materiallarından və cavabdehin özünün də izahatlarından göründüyü kimi hazırkı iddia tələbi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 5800 manat məbləğində borcunun olması işin mübahisələndirilməyən halıdır. Lakin Cavabdeh iddia tələbinin qalan 4000 manat məbləğinə dair hissədə qəbul etməmiş və qətnaməni həmin hissədə, yəni 4000 (dörd min) manat pulun ondan alınıb iddiaçıya verilməsi hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(057)2110/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-753/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-753/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver