Məhkəmə qərarları › İş №2(106)-753/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-753/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-753/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(064)-750/2023 saylı qətnaməsindən (hakim Y.Həşimov) cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, 13 dekabr 2021-ci il tarixinə hesablanmış 970.30 manat əsas borc, 230 manat cərimə və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1232.30 manat məbləğində borcun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli 0304-0958-02 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 12 faizlə 3200 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(064)-113/2022 saylı qərardadı əsasında işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(064)-750/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh əsas borc üzrə 970.30 manat, cərimə borcu üzrə 97 manat olmaqla ümumilikdə 1067.30 manat borcun və 32 manat ödənilmiş dövlət rusumunun tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 15 oktyabr 2018ci il tarixli 0304-0958-02 saylı kredit müqaviləsinə əsasən 18 ay müdddətinə illik 12 faizlə 3200 manat məbləğində kredit götürülməsi ilə bağlı müqavilə bağlamışdır, lakin həmin məbləğ ona ödənilməyib. Bu müqavilə həyat yoldaşının adına olan kreditin restruktrizasiyası ilə bağlı görünüş yaratmaq üçün bağlanılmış, lakin sonradan həyat yoldaşının özü ilədə aldatma yolu ilə müqavilə bağlanmış, ona da heç bir məbləğ ödənilməmiş, iddiaçı həyat yoldaşını məhkəməyə vermiş, qətnamə almışdır. İddiaçı iddia müddətinin ötürülməsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədə iştirakı təmin olunmamış, Konstitusiyada və Qanunlarda təminat verilmiş hüquqlarını realizə edə bilməmişdir. Füzuli Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(064)-750/2023 saylı qətnaməsini əsassız sayır. İştirakı təmin edilmədən, hüquqlarının pozulması ilə çıxarıldığı üçün hesab edir ki, ləğv edilməli, iddia rədd olunmalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" MMC apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz təqdim edərək əsassız olmasından dolayı təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən hallar və xüsusadlar əsassız olmaqla şər və böhtan xarakteri daşıyır və krediti ödəməkdən yayınma məqsədi ilə edilmişdir. Belə ki, Cavabdeh Hikmət Ziya Kredit İttifaqi ilə onun arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli 0304-0958-02 saylı müqavilədə olan imzaların ona məxsus olduğunu, lakin ona heç bir məbləğin ödənilmədiyini bildirmişdir. Həmin kredit Cavabdeh 15 oktyabr 2018 ci il tarixli ərizəsi ilə onun 18 avqust 2016-cı ildə götürdüyü və ödəmədiyi kreditin restrukturizasiya olunmasına yönəldilmişdir. Belə ki, Cavabdeh 18 avqust 2016-cı il tarixli 0103-0372-01 saylı kredit müqaviləsi ilə 3500 manat istehlak krediti götürmüş, krediti aldiğı andan gecikdirmiş və ödəmə qabiliyyətinin aşağı olduğunu əsas gətirərək kreditin reslrukturizasiyası üçün ərizə ilə müraciətetmişdir. 15 oktaybr 2018-ci ildə kredit restrukturizasiya edilmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiyini bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini bildirib işə iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdirr. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, qətnamənin apellyasiya qaydasında ləğvinin və iddianın rədd olunmasının əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əsasən iddiaçı kredit təşkilatı ilə borc alan arasında 15 oktyabr 2018-ci il tarixdə bağlanmış 0304-0958-02 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən borc alana tərəflər arasında daha öncədən 18 avqust 2016-cı ildə bağlanmış 0103-0372-01 saylı kreditin restrukturizasiyası məqsədilə 3200 manat məbləğində kredit illik faiz dərəcəsi 12% müəyyən olunmaqla 18 ay müddətinə qaytarılması şərtilə verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə, kreditin ödəniş cədvəlinə əsasən kreditin ödənilməli olduğu son tarix 15 aprel 2020-ci ildir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim olunan maliyyə arayışına əsasən 13 dekabr 2021-ci il tarixinə kredit üzrə əsas borcun qalığı 970.30 manat, hesablanmış cərimənin məbləği 230 manat təşkil edir. Mübahisəyə apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4892 saylı rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair “cari hesab üzrə dövriyyə məlumatları”ndan və xx.xx.2018-ci il tarixli 0304-0958-02 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh müqavilə müddətinin sonuna, yəni xx.xx.2020-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 2672.81 manat, faiz borcu üzrə 387.56 manat müəyyən olunur; Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixindən sonra (qətnamə çıxarılan tarix) 28 aprel 2023-cü il tarixinədək olan dövr ərzində yəni, xx.xx.2020-ci il tarixində 4000.00 manat ödəniş edilmişdir ki, həmin ödəniş 15 aprel 2020-ci il tarixinə (sualda göstərilən tarixə) mövcud borca aid edilməklə 939.63 manat məbləğində artıq ödənişi müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. İş materiallarına əsasən kreditor borc alana kredit müqaviləsi üzrə öhdəliklərin müəyyən olunan icra müddəti bitəndən sonra 2021-ci ildə bildiriş vermiş, həmin tarixə ödənilməmiş qalan 970.30 manat əsas borc qalığının və 230.30 manat cərimənin ödənilməsini tələb etmişdir. Kreditor müqavilə müddəti ərzində borcalana qarşı öhdəliklərin tam icrası tələbini irəli sürməməklə, müqavilə münasibətlərini öhdəliklərin razılaşdırılmış icrası müddətinin sonunadək davam etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitutsiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin PlenumununMülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqedən görünür ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı həmin müqavilə əsasında irəli sürdüyü öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən müqavilə müddətindən artıq olan dövr üçün müqavilədə nəzərdə tutulan qaydada faizlər hesablayaraq, edilən ödənişləri isə sonrakı dövr üçün hesablanmış faizlərə silinməsinə diqqət yetirməyərək, əlavə araşdırma aparmadan tələb olunan əsas borc məbləğini olduğu kimi, cəriməni isə azaltmaqla təmin etməkdə səhv nəticəyə gəlmişdir. O da, nəzərə alınmalıdır ki, iddiaçı hazırki tələbində müqavilə müddətindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələbini irəli sürməmişdir. Kollegiya hesab edir ki, kreditorun müqavilə müddətindən artıq olan dövr üçün müqavilədə nəzərdə tutulan qaydada faizlər hesablamaq, edilən ödənişləri isə sonrakı dövr üçün hesablanmış faizlərə silmək kimi səlahiyyəti olmadığından, təyin olunmuş mühasibatlıq ekspertizasının rəyinə müvafiq olaraq borc alının müqavilə müddətinin sonuna, yəni xx.xx.2020-ci il tarixinə kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi əsas borc üzrə 2672.81 manat, faiz borcu üzrə 387.56 manat müəyyən edilməli, sonrakı tarixdə borc alan tərəfindən birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan tarixədək olan dövr ərzində, yəni xx.xx.2020-ci il tarixində edilən 4000 manat kredit ödənişi xx.xx.2020-ci il tarixinə mövcud olan borca aid edilməklə, kredit müqaviləsi üzrə borc alanın icra edilməmiş kredit öhdəliyinin məbləği müəyyən edilməlidir. Belə olan halda isə borc alanın nəinki icra edilməmiş kredit öhdəliyi qalır, tam əksinə 939.63 manat artıq ödəmə etməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyindən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməli, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci isə iddiaçıdan alınaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(064)-750/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar