Məhkəmə qərarları › İş №2(106)-754/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-754/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-754/2024 16.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(047)-76/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən (hakim Cavad İbrahimov) verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 17,5 faizlə 48 ay müddətinə 20000 manat kredit verilmişdir. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2023-cü il oktyabr ayının 31-dək Cavabdeh banka 18503,89 manat əsas, 1821,23 manat faiz borcu, cəmi 20325,12 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh kredit müqaviləsi üzrə 18503,89 manat əsas, 1821,23 manat faiz, cəmi 20325,12 manat borcun və ödənilmiş 151,38 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həcər Əliyeva son dəfə xx.xx.2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq Cavabdeh kredit müqaviləsi üzrə 17874,45 manat əsas, 1800,29 manat faiz, cəmi 19674,74 manat borcun və ödənilmiş 151,38 manat məbləğində dövlət rusumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbinin həcminin azaldılmasına dair əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2024-ci il tarixdə ərizə göndərərək Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi 16 saylı Bakı Peşə Litseyinin yataqxanasında yaşadığına görə məhkəmə iclasında iştirak edə bilmədiyi üçün mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, lakin Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilməmişdir. Laçın Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(047)-76/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 17874,45 manat əsas, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş 820,06 manat faiz borcu, cəmi 18694,51 (on səkkiz min altı yüz doxsan dörd manat əlli bir qəpik) manat borc pulun və 146,08 (bir yüz qırx altı manat səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5,30 (beş manat otuz qəpik) manatının iddiaçının hesabına aid edilməsi, iddia tələbinin qalan hissələrdə isə rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmuşdur. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən yataqxanada məskunlaşmışdır. Qeyd edir ki, Laçın rayonundan olan məcburi köçkünlərin bir hissəsi məcburi olaraq orada məskunlaşmışdır. Onlar müvəqqəti qeydiyyata alınmışlar və buna görə də, işə Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. İddianı qismən qəbul edərək bildirir ki, maddi vəziyyətinin çətinləşməsi ilə əlaqədar Bankdan götürdüyü vəsaitləri vaxtında Banka qaytara bilməmiş, habelə hesablanmış faiz məbləği əsas borc adekvat olmadığından həmin məbləğ azaldılmalıdır. Nədənsə məhkəmə iddianı bötüvlükdə təmin etməklə faiz borclarının necə hesablanması barədə heç bir araşdırma aparmamışdır. Hesab edir ki, məhkəmə işə baxarkən məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçının nümayəndəsi və cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2024-ci il tarixdə ərizə göndərərək Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi 16 saylı Bakı Peşə Litseyinin yataqxanasında yaşadığına görə məhkəmə iclasında iştirak edə bilmədiyi üçün mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, lakin Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə 17,5 faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqaviləyə əsasən həmin tarixə əsas borc üzrə 18503,89 manat, faiz borcu üzrə 1821,23 manat, cəmi 20325,12 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqaviləyə əsasən həmin tarixə əsas borc üzrə 17874,45 manat, faiz borcu üzrə 1800,29 manat, cəmi 19674,74 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 18503,89 manat, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 820,06 manat məbləğində pul vəsaitinin 7 (yeddi) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə cavabdehə bildirilmiş və bununla da, yəni borc məbləğini bütünlüklə cavabdehdən tələb etməklə iddiaçı cavabdehə kredit müqaviləsinin ləğv edilməsi niyyətini bəyan etmişdir. İddiaçı Bank cavabdehdən kredit borcunu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh mübahisələndirir, şikayətinin əsas dəlili ondan ibarətdir ki, iş aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir, eyni zamanda borc məbləği düzgün hesablanmamışdır və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş aidiyyəti üzrə düzgün verilmişdir və aidiyyət qaydalarına uyğun olaraq da işə baxılır. Cavabdeh Qaradağ rayonunda məskunlaşsa da, faktiki olaraq Laçın rayonunda qeydiyyatdadır və Laçın Rayon Məhkəməsi də, hal-hazırda fəaliyyət göstərir. Belə olan halda da, işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxıla bilməzdi. Eyni zamanda cavabdeh apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmadığını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, borcun düzgün hesablanmamasını və iş üzrə məhkəmə ekspertizasının keçirilməsi zərurətini əsaslandırmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 17,5 faizlə 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü tarixli borcun könüllü ödənilməsi barədə xəbərdarlıq ünvanlanaraq İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində 18503,89 manat, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 820,06 manat məbləğində pul vəsaitinin 7 (yeddi) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə cavabdehə bildirilmiş və bununla da, yəni borc məbləğini bütünlüklə cavabdehdən tələb etməklə iddiaçı cavabdehə kredit müqaviləsinin ləğv edilməsi niyyətini bəyan etmişdir. Buna görə də Cavabdeh İddiaçı ASC-yə faiz borcunun hesablanması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının tarixinədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək, yəni xx.xx.2023- cü il tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi də mövcud deyildir. Bundan başqa İddiaçı ASCnin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə və maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə olan əsas borcu 17874,45 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş əsas borc qismində 17874,45 manat, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 820,06 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə isə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı tələb üzrə iddianın qiyməti 5000 manatdan çox olduğundan prosessual qanunvericiliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(047)-76/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar