Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-770/2024 06.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 2(050)-1542/2015 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 Cəbrayıl oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC cavabdehlər Cavabdeh1 Cəbrayıl oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 Cəbrayıl oğlu arasında bağlanmış 10 may 2012-ci il tarixli, 257R saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2216,71 manat əsas borcun, 1165,73 manat faiz borcunun, 1000 manat dəbbə pulunun, cəmi 4380,59 manatın, habelə ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 Cəbrayıl oğlu arasında bağlanmış 10 may 2012-ci il tarixli, 257R saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh1 Cəbrayıl oğlundan və Cavabdeh2 müştərək qaydada 2216,71 manat əsas kredit borcunun, faiz borcu üzrə 1165,73 manatın, 1000 manat dəbbə pulunun, cəmi 4382,44 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 Cəbrayıl oğlu 21 yanvar 2016-cı ildə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsinin 2216,71 manat faiz borcunun və 1000 manat dəbbə pulunun tutulması hissəsində ləğv edilməsini, faiz borcu və dəbbə pulu azaldılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli, 2(050)-1542/2015 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər Cavabdeh1 Cəbrayıl oğluna qaytarılmışdır. Bundan sonra, Cavabdeh1 Cəbrayıl oğlu 15 fevral 2016-cı ildə yenidən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2410/2012 saylı, 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2016-cı il tarixli, 2(106)-1688/2016 saylı qətnaməsi ilə Cavabdeh1 Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsi Cavabdeh1 Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Cəbrayıl oğlu 14 noyabr 2023-cü ildə ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmiş, ərizədə Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizəsini onunla əsaslandırmışdır ki, o, Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli qətnaməsini qanunla müəyyən edilmiş qaydada almamışdır. Ona görə də qətnamədən verdiyi apellyasiya şikayətinə yuxarı məhkəmə tərəfindən baxılmasını istəyir. Cavabdeh1 müddətin bərpası barədə ərizəsinə Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini əlavə etmişdir. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(050)-1542/2015 saylı qərardadı ilə (sədrlik edən hakim Habil Bəhmənov) Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair iş üzrə Cavabdeh1 Cəbrayıl oğlunun vəsatəti təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh1 Cəbrayıl oğlu şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(050)-1542/2015 saylı qərardadının ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq onun xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin sözügedən qərardadı ilə onun ərizəsi təmin olunmamışdır. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, onun ziyanına qərar çıxarmışdır. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil etməmiş, onun məhkəməyə təqdim etdiyi sübutları obyektiv qiymətləndirməmişdir. Məhkəmə əvvəlcədən sübutlara qiymət vermiş, birtərəfli qaydada digər tərəfin xeyrinə qərar çıxarmışdır. O, həmin qərardan narazıdır. Qərar müqayisəli hüquq normalarına uyğun olmayaraq qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(050)-1542/2015 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(050)-1542/2015 nömrəli qərardadından iş üzrə Cavabdeh1 Cəbrayıl oğlunun vermiş olduğu şikayət təmin edilməmiş, işin şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(050)-1542/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsindən hələ 2016-cı ildə Cavabdeh1 Cəbrayıl oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2016-cı il tarixli, 2(106)-1688/2016 saylı qətnaməsi ilə isə həmin apellyasiya şikayətinə baxılaraq təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsi Cavabdeh1 Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 isə 14 noyabr 2023-cü ildə məhkəməyə verdiyi müddətin bərpası barədə ərizəsində Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli qətnaməsini qanunla müəyyən edilmiş qaydada almadığını və apellyasiya şikayətinə yuxarı məhkəmə tərəfindən baxılmasını istədiyini qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh1 ərizəsinin dəlilləri əsassızdır. Onun sözügedən qətnamədən apellyasiya şikayətinə artıq 06 oktyabr 2016-cı ildə yuxarı məhkəmə orqanı – Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılaraq qətnamə qəbul edilmişdir. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilən normadan və iş materiallarından da göründüyü kimi, hazırda Cavabdeh1 apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini istəsə də, onun apellyasiya şikayətinə artıq 06 oktyabr 2016-cı il tarixində apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmış olduğundan ərizənin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, Masallı Rayon Məhkəməsi 20 dekabr 2023-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(050)-1542/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsini təmin etməməkdə və apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Cavabdeh1 şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olduğundan məhkəmənin 20 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Qeyd edilənlərə əsasən, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 Cəbrayıl oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(050)-1542/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 Cəbrayıl oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(050)-1542/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-770/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-770/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver