Məhkəmə qərarları › İş №2(106)-771/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-771/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-771/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-333/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(049)-201/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılmaqla, yəni cavabdehdən xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat olmaqla, cəmi hər ay iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahını xx.xx.2013-cü il tarixdə Salyan RİHB-nin Sarvan kənd ərazi nümayəndəliyində 53 sayla rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Fəridə və xx.xx.2015-ci il tarixdə Əminə adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşaqları saxlamaqda çətinlik çəkdiyinə görə nikahlarının pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş və cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşağa görə 100 manat olmaqla, ayda cəmi 200 manat miqdarında alimentin tutularaq Fəridə və Əminənin yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməsi qət edilmişdir. Hazırda həmin vaxtdan 2 ildən çox müddət keçmişdir və hazırkı dövrə münasibətdə həmin məbləği uşaqların saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 2-3 dəfədən də çox artmışdır. Ərzağın və geyimlərin qiyməti artmışdır. Beləliklə, uşaqların saxlanması üçün xərc hər ayda 250-300 manat həddində olur. İddiaçı təkbaşına həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun təkrarən məhkəməyə müraciət etməklə əvvəl sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılması üzrə iddia qaldırması son illərdən başlayaraq hazırkı dövrə kimi keçən müddət üzrə hər il uşaqların saxlanması üzrə yaşayış minimumunun artması üzrə qəbul edilmiş qanunlarla (yeni əsaslarla) bağlıdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-333/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-201/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh Sadiq oğlundan tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Sadiq oğlundan 56 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-333/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsində dəyişiklik edilərək hər ay bir uşaq üçün 125 manat, ümumilikdə 250 manat aliment məbləğinin ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, aliment miqdarında dəyişiklik edilməsi ilə razılaşır, lakin hər uşaq üçün 150 manat aliment təyin edilməsini düzgün hesab etmir. Belə ki, o, ikinci dəfə ailə həyatı qurmuş və həyat yoldaşı hamilədir. Cavabdehin aylıq əmək haqqı 500 manat təşkil edir və o, həmin pulla iki qızını, eləcə də həyat yoldaşını və doğulacaq övladını saxlamalıdır. Məhkəmənin təyin etdiyi aliment məbləği cavabdehin əmək haqqının 60 faizini təşkil edir və o, bu cür bölgünü qanunauyğun və ədalətli hesab etmir. Hesab edir ki, onun əmək haqqı qızları və yeni ailəsi arasında bərabər bölünməlidir və bu səbəbdən hər uşağa görə 125 manat olmaqla, ümumilikdə 250 manat məbləğində aliment təyin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən hər uşaq üçün hər aya 150 manat, ümumilikdə 300 manat alimentin təyin edilməsinin əsası kimi müəyyən edilmiş hesab edilən hallar heç bir sübut növü ilə təsdiq olunmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən qismən narazı qaldığını bildirərək qətnamənin aliment məbləğinə dair hissədə dəyişdirilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyib işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-İİİ 395196 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası X3r. İşdəki AZ-İİİ 637801 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X3r. İşdə surəti olan Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(049)- 201/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X7 arasında 04 dekabr 2013-cü il tarixdə Salyan RİHB-nin Sarvan kənd ərazi nümayəndəliyində bağlanmış 53 sayla qeydə alınmış nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 Mehparə Malik qızının himayəsində saxlanılmış, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 sentyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. İşdəki AZ-İ 322894 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21 aprel 2020-ci ildə 71 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunduqdan sonra qadına Həbibova soyadı verilmişdir. İşdəki Bakı şəhəri Nərimanov rayon R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 149 və 150 nömrəli arayışlarından görünür ki, X8 həmin məktəbin 3a sinfində, X11 isə həmin məktəbin 2b sinfində oxuyur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla isə 2023-cü il üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflərin nikahı 04 dekabr 2013-cü il tarixdə Salyan RİHB-nin Sarvan kənd ərazi nümayəndəliyində qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(049)- 201/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, nikah pozulduqdan sonra uşaqlar iddiaçının himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 sentyabr 2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq ididaçıya verilməsi qət edilmişdir. İddiaçı hazırda həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia ərizəsi verərək, hər uşağa görə 200 manat olmaqla, iki uşağa görə hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin hazırkı iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-201/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən qismən narazı qalaraq apellyasiya şikayəti vermiş, hər ay hər uşağa görə 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat aliment ödəməyə razı olduğunu bildirmiş və sonradan yeni ailə qurduğunu, tezliklə uşağının doğulacağını və aylıq əmək haqqının cəmi 500 manat olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası uşaqların saxlanılması üçün xərclərin artmasını onların himayəsində olduqları iddiaçının maddi vəziyyətinə birbaşa təsir kimi qiymətləndirir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini hazırkı iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas saymır. Belə ki, bu barədə hər hansı sübut təqdim etməsə də, cavabdehin aylıq əmək haqqı məbləğinin 500 manat olması uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq sabit pul məbləğində alimentin məhz həmin məbləğdən asılı olaraq müəyyən edilməsi ilə nəticələnməməlidir və onun əmək haqqı məbləğinin az olması birgə nikahdan doğulmuş uşaqlarının təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması vəzifəsindən cavabdehi azad etmir. Məhkəmə kollegiyası iddiaçının uşaqların artıq böyüməsi və maddi xərclərinin artması ilə bağlı dəlillərini əsaslı sayır və belə hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını hər uşaq üçün 150 manat, iki uşağa görə 300 manat müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-333/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-333/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar