Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-773/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, iddiaçının vəkili Vəkil2 və cavabdehlərin iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, torpaq sahəsinə heyvanların ötürülməsi nəticəsində vurulmuş maddi ziyana görə 13350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130.05 manat pulun cavabdehlərdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı zamanı ona ailə üzvləri ilə birlikdə 1.96 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş, əlavə olaraq alqı-satqı müqaviləsinə əsasən Masallı rayonu, Hüseynhacılı kəndində 1.877 hektar, 1.568 hektar və 1.5703 hektar torpaq sahələrini də satın almışdır. Özü təsərrüfatla məşğul olur. İstifadə etdiyi torpaq sahələrində buğda və yonca əkir. Əvvəllər əkdiyi torpaq sahələrindən normal buğda və yonca götürmüşdür. 2021-ci ildə 1.96 hektar əkdiyi buğda sahəsindən normalda 6 ton buğda götürməli olduğu halda bir sent belə buğda götürə bilməmişdir. 2022-ci il üçün 6.8517 hektar əkdiyi buğda sahəsindən normalda 21 ton buğda götürməli olduğu halda cəmi 6 ton buğda götürmüşdür. 2022-ci il üçün əkdiyi 1.5703 hektar yonca sahəsindən normalda 450 ədəd yonca bağlaması götürməli olduğu halda əkdiyi sahə cavabdehlər tərəfindən otarıldığından biçinə yararlı olmadığı üçün biçin apara bilməmişdir. Bütün bunların səbəbi cavabdehlərin əkdiyi torpaq sahələrinə 300-400 baş xırda buynuzlu və 15-20 baş iri buynuzlu heyvanları onun sahəsində otarmaları olmuşdur. Dəfələrlə bu barədə mübahisələri olmuş və Masallı Rayon Polis Şöbəsində bu barədə araşdırma aparılmışdır. Cavabdehlərin heyvanlarının onun sahəsində bilərəkdən otarmaları barədə video görüntüləri də vardır. İki il ərzində ona dəyən buğda ziyanı 21 ton təşkil edir. 1 ton buğdanın qiyməti 550 manatdır. Ümumilikdə buğdadan ona 11550 manat ziyan dəymişdir. 2022-ci il üçün əkdiyi yoncadan 450 ədəd yonca bağlaması götürməli olduğu halda götürə bilməmişdir. 2022-ci il üçün 1 ədəd yonca otu bağlamasının orta bazar qiyməti 4 manat təşkil edir. 2022-ci il üçün yonca sahəsindən ona dəyən ziyan 1800 manat təşkil edir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 13350 manat məbləğində ziyan dəymişdir. Cavabdehlərə məxsus mal-qaranın otlaması nəticəsində ona vurulmuş ziyanın qaytarılması ilə əlaqədar müraciət etsə də heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia edilən torpaq sahələri əvvəllər mülkiyyətçiləri ilə şifahi razılaşmaları əsasında ona icarəyə verilmiş, orada öz təsərrüfatında olan heyvanları həmin sahələrdə otarmış və torpağı əkmişdir. 20 ilə yaxın torpaq sahələrindən istifadə etmişdir. Torpaq sahələri İftixara satıldıqdan sonra, o, yalnız Səməd adlı şəxsin satmış olduğu torpaq sahəsində bir neçə dəfə qoyunlarını otarmışdır. Buna da səbəb o olmuşdur ki, Səmədin satmış olduğu torpaq sahəsinə o əvvəlcədən 2021-2022-ci il mövsüm ilində yonca bitkisi əkmişdir. 2022-ci ilin mart ayında Səməd torpağı satarkən, onunla razılaşmışlar ki, yonca biçini qurtarana qədər heyvanlarını orada otarsın. O, da bununla əlaqədar heyvanlarını orada otarmışdır. 2022-ci ilin may ayından sonra İddiaçı heyvanların həmin yonca sahəsində otlamasına etiraz etmişdir. Yonca sahəsini özü əkdiyi və yonca bir neçə dəfə biçildiyi üçün Səmədlə olan razılaşmalarına əsasən həmin yonca sahəsində yay aylarında da bir neçə dəfə qoyunlarını otarmışdır. Həmin torpaq sahəsi 1,568 ha sahəsi olmuşdur. İddiaçı satın almış olduğu digər taxıl və ya yonca sahəsini heç vaxt otarmamış, bu barədə çəkilmiş videolar da Səmədin satmış olduğu 1,568 ha torpaq sahəsinə aiddir. İftixarın əkininə və otlaq sahəsinə ziyan vurmamışdır. Birinci instansiya məhkəməsində digər Cavabdeh2 da iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, fərdi əməklə məşğul olaraq heyvandarlıq sahəsini inkişaf etdirir. Bu səbəbdən kəndlərdə yerləşən kənd təsərrüfatlı torpaq sahələrini bir neçə nəfərdən rəsmi alqısatqı müqaviləsi əsasında almışdır. Aldığı torpaq sahələrini cavabdehlər əvvəllər zəbt edərək guya şifahi müqavilə əsasında icarəyə götürmüşlər. Cavabdehlər onun torpaq sahələrinə biləbilə xırdabuynuzlu heyvanlarını salmışlar. Cavabdehlərin qoyunlarının onun sahəsində otarılması barədə video-görüntülər vardır. Cavabdehlər qoyunlarını günün istənilən vaxtı sahəyə salırlar. Qoyunların əraziyə girməsini cavabdehlərin özləridə məhkəmə iclasında etiraf etmişlər. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf sübut olaraq videodisk təqdim etdiyini, məhkəmənin bu sübutu nəzərə almadığını bildirmişdir. Cavabdehlər apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehlər izahatlarında əvvəlki mülkiyyətçi Məmmədəliyev Səmədin onların istifadəsinə verdiyi torpaq sahəsində yonca əkdiklərini, 3000 manat xərc çəkdiklərini, ona görə əvvəllər heyvanlarını otardıqlarını, mülkiyyətçinin dəyişdiyini biləndən sonra sahəyə heyvan salmadıqlarını, iddiaçıya ziyan vurmadıqlarını bildirmişlər. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilmişdir. İddiaçı tələbində mülkiyyətində olan torpaq sahələrinə cavabdehlər tərəfindən xırdabuynuzlu heyvanların buraxıldığını və heyvanların onun torpaq sahəsində əkilmiş yonca və buğda məhsullarını məhv etdiyini, nəticədə ona maddi ziyan vurulduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin (cavabdehlərin) qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdehin tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Bu faktların hər-hansı birinin mövcud olmaması iddianın rədd edilməsi üçün kifayət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). Qeyd edilməlidir ki, hazırkı halda iddianın təmin edilib-edilməməsi sübutetmə ilə bağlıdır. Kollegiya qeyd edir ki, vurulmuş ziyanı, bu ziyanın miqdarını, ziyanın məhz cavabdehin (cavabdehlərin) qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. Kollegiya hesab edir ki, iddiaçı bu halları sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə doğru qənaətə gəlmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahələrinə dair hüquq müəyyənedici sənədləri, orada yonca və buğda əkilməsi ilə bağlı müvafiq arayışları, eləcə də xırda buynuzlu heyvanların otarılması ilə bağlı videodiskləri təqdim etmişdir. İddianı qəbul etməyən cavabdeh tərəf əvvəlki mülkiyyətçidən torpaq sahəsini istifadəyə götürərkən orada yonca əkdiyini bildirmiş, bu halı birinci instansiya məhkəməsində şahid qismində dindirilən, əvvəlki mülkiyyətçi X3 da ifadəsində təsdiq etmişdir. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı tələbində Mülki Məcəllənin 1096-cı maddəsinə (cavabdehlər tərəfindən delikt törədilməsinə) əsaslansa da bu barədə sübut təqdim etməmişdir. Belə ki, cavabdehlərin hər hansı hüquq pozuntusu törətməsi ilə bağlı akt, səlahiyyətli orqanın qərarı yoxdur. İddiaçı polis orqanlarına müraciət etdiyini bildirsə də, polisin bu barədə müvafiq qərarı olmamışdır. İddiaçı hansı torpaq sahəsinə nə qədər ziyan vurulması ilə bağlı müvafiq sübutları- hərhansı aktı, ziyanın məbləği üzrə mütəxəssis arayışını, rəyini təqdim etməmişdir. İddiaçı sübut olaraq videodiskləri təqdim etsə də, həmin görüntülərin hansı torpaq sahəsində çəkildiyi, videogörüntülərdən hansı sahəyə nə qədər ziyan vurulduğu müəyyən edilmir. Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı MPM-in tələb etdiyi qaydada və müddətdə sübutlarını təqdim etməmiş, yaxud lazımi sübutları bilavasitə və ya məhkəmə vasitəsilə tələb etməmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(050)-152/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-773/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-773/2023
23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver