Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-775/2023 10.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-40/2023 saylı qətnaməsindən (hakim H.Bəhmənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı 15000 manat pul və 136 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 08 fevral 2021-ci il tarixdə 15000 manat borc pul istəmişdir. O, da Cavabdehla razılaşıb, ona 2 ay müddətinə 15000 manat borc pul vermişdir. Cavabdeh 2 ay müddətində borcunu qayatarcağı barədə öhdəlik götürsə də, verdiyi vədinə əməl etməmiş, müqavilə üzrə öhdəliklərini pozaraq borcunu geri qaytarmamışdır. Odur ki, Cavabdeh 15000 manat pul və 136 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı vəkili Vəkil iddianın əsaslarını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, Bəxtiyara özünün işini görməsi üçün şifahi razılaşma əsasında 2500 manat vermişdir. Həmin işin görülməsi ilə bağlı İddiaçı ona bir neçə kağıza imza etdirmiş, onun hüquqi savadı olmadığına görə hesab etmişdir ki, işlərinin görülməsi ilə bağlı sənədə imza edir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı 15000 borc pul alması barədə borc müqaviləsinə imza etmişdir. 08 fevral 2021-ci il tarixli yazılı “Borc müqaviləsi”ndə olan imza ona məxsusdur, lakin hesab edir ki, İddiaçı saxtakarlıq etmişdir, ona görə də də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-40/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 15000 manat və dövlət rüsumuna ödənilmiş 136 manat, cəmi 15136 manat pul alınaraq İddiaçı ödənilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri 62 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Masallı rayonunda qeydiyyatda olmaqla yaşayır. Masallı rayonunda yerləşən Köhnə Bazar adlanan yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı Bəxtiyar Həsənovu uzun müddətdir ki, tanıyır. Dəfələrlə ondan alver etmişdir. 2020-ci ildə özü ona təklif edərək uşağını anasının adına keçirə biləcəyini demişdir. O da iddiaçı ilə razılaşaraq sənədləri toplayıb ona vermişdir. Üzərindən 1 ay keçdikdən sonra sənədlərini qeydiyyata aldığını və bu iş üçün ona 2500 manat pul verməli olduğunu bildirmişdir. O da iddiaçı ilə razılaşaraq 2020-ci il tarixdə iddiaçıya 2500 manat pul vermişdir. Üzərindən iki il keçməsinə baxmayaraq işinin alınmadığını görüb iddiaçıdan pulunu istəmişdir. İddiaçıdan pulunu istədikdən 15 gün sonra ona məhkəmədən bildiriş gəlmişdir. İddiaçı onu 15000 manat pul tələbi barədə məhkəməyə vermişdir. İddia ərizəsinə əlavə olunmuş borc müqaviləsindəki imza nümunəsi onun imzasıdır. Lakin 2020ci ildə iddiaçı sənədləri düzəldirmiş kimi ona 1 ədəd boş A4-kağızına imza etdirmişdir. İmza etdiyi həmin kağızı borc müqaviləsi kimi doldurmuş və məhkəməyə təqdim etmişdir. Mülki iş üzrə təyin edilmiş ekspertiza ilə razı deyil. O məhkəmə iclasında dəfələrlə şifahi vəsatət verərək mülki iş üzrə məhkəmə komission ekspertizasının təyin edilməsini xahiş etsə də məhkəmə heç bir əsas gətirmədən vəsatətlərini rədd etmişdir. Məhkəmə işi düzgün araşdırmamış onun maddi hüquqlarını kobud şəkildə pozmuşdur. İşin faktiki hallarına qiymət verməmiş, onunla iddiaçı arasında ümumiyyətlə borc müqaviləsinin olmamasını araşdırmamışdır. O heç vaxt iddiaçıdan borca pul götürməmişdir. Həmin borc müqaviləsinin bağlandığı ildə də onun banka kredit borcu olmuşdur. Yəni o işi ilə əlaqədar bütün kreditləri Bankdan götürmüşdür. O dəfələrlə məhkəmə iclasında şifahi vəsatətlər verərək iş üzrə məhkəmə komission ekspertizasının təyin edilməsini xahiş etsə də vəsatətləri əsassız olaraq rədd edilmişdir. Məhkəmə işin çətinliyini və ekspertizanın mürəkkəbliyini nəzərə almamış, ekspertizanın aparılmasını bir ekspertə həvalə etmişdir. Vahid məhkəmə təcrübəsinə əsasən belə mürəkkəb ekspertizaların aparılması ən azı 2-3 ekspertə həvalə edilir. O şifahi vəsatətlərini iş üzrə ekspertiza təyin olunmamışdan əvvəldə vermişdir. Ekspert rəyi gəldikdən sonra da vermişdir. Hakim isə bütün vəsatətlərini rədd etmişdir. Məhkəmə qətnaməsində ancaq borc müqaviləsinə istinad etmişdir. Lakin onunla iddiaçı arasında borc müqaviləsinin olmamasına dair heç bir araşdırma aparmamışdır. İşin obyektivliyi naminə məhkəmə komission ekspertiza təyin etməli olduğu halda etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Məhkəmə ümumiyyətlə işin faktiki hallarına qiymət verməmişdir. Heç bir hüquqi əsası olmayan borc müqaviləsinə istinad etmişdir. O, borc müqaviləsi ki, ümumiyyətlə olmamış və iddiaçı mənə ona pul verməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X4 da eyni məzmunlu izahat vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 08 fevral 2021-ci il tarixli yazılı “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı 2 ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc almışdır. Müqavilədə iddiaçı və cavabdehin adlarının qarşısında imzalar vardır. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 5/1299 saylı ekspert rəyində qeyd olunmuşdur:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin mətni əvvəl çap edilmiş, sonra isə əl yazı icra edilmişdir.
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin mətni əvvəl çap edilmiş, sonra isə imzalar icra edilmişdir. Məhkəmə rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı 136 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 5/828 saylı ekspert rəyində - tədqiqata təqdim edilmiş 08 fevral 2020-ci il tarixli borc müqaviləsində əvvəl çap mətni (o cümlədən mətnin içərisində olan xətlər) çap edilmişdir, daha sonra əlyazmalar (o cümlədən “15 min manat (on beş min manat)”, “imzanı mən Cavabdeh özümi yazılı olarak bildirirəm” yazılar) və imzalar icra edilmişdir- qeyd olunmuşdur. Ekspertiza xərci 70 manatdır. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı 2 ay müddətində qaytarmaq şərti ilə cavabdeh 15000 manat borc pul vermişdir. Cavabdeh həmin pulu qısa zamanda iddiaçıya geri qaytardığını bildirir, lakin qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ekspertiza xərci olan 70 manat Cavabdeh alınaraq alınaraq dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın qiyməti 5000 manatdan çoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(050)-40/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 70 manat Cavabdeh alınaraq alınaraq dövlət büdcəsinə- AZ.MEM. VÖEN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.