Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-775/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(018)-164/2025 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 2866 (iki min səkkiz yüz altmış altı) manat 47 (qırx yeddi) qəpik, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat 99 (doxsan doqquz) qəpik olmaqla, cəmi 3243 (üç min iki yüz qırx üç) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 52 (əlli iki) manat 43 (qırx üç) qəpik məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında ”Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-110 saylı, 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, No 303/14 saylı “vakala” Borc Müqaviləsi bağlanmışdır.Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, 20%-lə, 3110 (üç min yüz on) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindəndə göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Müqaviləyə əsasən Bank borc alana “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya No-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə kredit müqaviləsi üzrə 3110 (üç min yüz on) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 2866.47 (iki min səkkiz yüz altmış altı manat 47 qəpik) manat, faiz borcu üzrə 376.99 (üç yüz yetmiş altı manat, 99 qəpik) manat olmaqla, cəmi 3243.46 (üç min iki yüz qırx üç manat, 46 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bundan başqa borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3 Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 52,43 (əlli iki manat qırx üç qəpik) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Cavabdeh “vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 2866.47 (iki min səkkiz yüz altmış altı manat 47 qəpik) manat, faiz borcu üzrə 376.99 (üç yüz yetmiş altı manat, 99 qəpik) manat olmaqla, cəmi 3243.46 (üç min iki yüz qırx üç manat, 46 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 52,43 (əlli iki manat 43 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatəna aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 303/14 saylı “vakala” Borc Müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, 20%-lə, 3110 (üç min yüz on) manat məbləğində pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən Bank borc alana “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriyalı avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə kredit müqaviləsi üzrə 3110 (üç min yüz on) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. 19 sentyabr 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh borc müqaviləsi üzrə əsas borc üzrə 2866 (iki min səkkiz yüz altmış altı) manat 47 (qırx yeddi) qəpik, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat 99 (doxsan doqquz) qəpik borcu vardır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, müvafiq borc müqaviləsi tərəflər arasında 18 iyun 2014-cü il tarixdə 24 (iyirmi dörd) ay müddətinə bağlanılmış, kreditin bitmə tarixi 18 iyun 2016-cı il müəyyən edilmişdir. Mülki Məcəllənin 373.3-cü maddəsində göstərilir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 554.1, 554.4, 377.1, 372.1, 372.2, 373.2, 373.3-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı, E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarı, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4, 218.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüşdür. İddiaçının əsas məqsədi həmin Fərmanın icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehdən əsas borc üzrə 2.866.47 (iki min səkkiz yüz altmış altı manat, 47 qəpik) manat, faiz borcu olmaqla 376.99 (üç yüz yetmiş altı manat 99 qəpik) manat olmaqla, cəmi 3.243.46 ( üç min iki yüz qırx üç manat 46 qəpik) manat məbləğində kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Belə olan halda analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarışlamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Həmçinin cavabdehə 28 avqust 2020-ci iltarixli 4125 saylı bildiriş göndərilərək yeni restrukturizasiya müqaviləsinin bağlanılması təklif edilsə də cavabdeh bildirişə hər hansı bir şifahi münasibət bildirməmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-164/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC BOKT məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir; Həmin Məcəllənin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-164/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-164/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-164/2025 saylı qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 2866 (iki min səkkiz yüz altmış altı) manat 47 (qırx yeddi) qəpik, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat 99 (doxsan doqquz) qəpik olmaqla, cəmi 3243 (üç min iki yüz qırx üç) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 52 (əlli iki) manat 43 (qırx üç) qəpik məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, No 303/14 saylı “vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, 20%-lə, 3110 (üç min yüz on) manat məbləğində pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən Bank borc alana “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriyalı avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə kredit müqaviləsi üzrə 3110 (üç min yüz on) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. 19 sentyabr 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh borc müqaviləsi üzrə əsas borc üzrə 2866 (iki min səkkiz yüz altmış altı) manat 47 (qırx yeddi) qəpik, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat 99 (doxsan doqquz) qəpik borcu olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlər satın alınmışdır. Bununla bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-110 saylı, 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSCyə verilmişdir. Cavabdeh borc müqaviləsi üzrə İddiaçı QSC-ə əsas borc üzrə 2866 (iki min səkkiz yüz altmış altı) manat 47 (qırx yeddi) qəpik, faiz borcu üzrə 376 (üç yüz yetmiş altı) manat 99 (doxsan doqquz) qəpik borcu vardır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbini rədd etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüşdür. Analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Həmçinin cavabdehə 28 avqust 2020-ci il tarixli 4125 saylı bildiriş göndərilərək yeni restrukturizasiya müqaviləsinin bağlanılması təklif edilsə də cavabdeh bildirişə hər hansı bir şifahi münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, mövcud kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanılmış və kreditin ödənilməsinin müddəti 18 iyun 2016-cı il tarixə kimi müəyyənləşdirilmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə hazırlanmış, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı iddia ərizəsini 3 il müddətində deyil, hüquqlarının pozulduğu vaxtdan 6 il sonra məhkəməyə təqdim etməklə, iddia müddətini 6 il müddətində ötürmüşdür. İddiaçının apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı iddia müddətinin dayandırılması, yenidən hesablanması və ya borc öhdəliklərinin ümumi statusuna təsir göstərmir. Yəni iddia müddətinin axımını dayandırmır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının məqsədi valyuta məzənnəsi dəyişməsi səbəbilə artmış kredit yükünün azaldılması və dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi olmuşdur. Fərmanın heç bir müddəasında mülki hüquqda nəzərdə tutulmuş iddia müddətinin dayandırılması, yenidən başlanılması və ya dəyişdirilməsi ilə bağlı bir normaya yer verilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddia müddəti hüquqi sabiitlik və ədalətli hüquqi münasibətlərin qorunması üçün vacib institutdur. İddia müddətinin keçməsi borclunun qanunla qorunan hüquqlarından biridir və bu müddət tərəflərin iradəsindən asılı olmayaraq tətbiq edilir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı İddiaçı QSC-nin iddia müddətini ötürməsini əsaslandıra bilməz. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Həmçinin hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, apellyator apellyasiya şikayətində cavabdehə 28 avqust 2020-ci il tarixli 4125 saylı bildiriş göndərilərək yeni restrukturizasiya müqaviləsinin bağlanılmasının təklif edildiyini, lakin cavabdehin bildirişə hər hansı bir şifahi münasibət bildirmədiyini qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında cavabdehə yeni restrukturizasiya müqaviləsinin bağlanılmasının təklif edilməsinə dair 28 avqust 2020-ci il tarixli 4125 saylı bildirişə rast gəlinmir. Həmin bildiriş olsa belə, bu iddia müddətinin axımına hər hansı bir təsir göstərmir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Astara Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(018)-164/2025 saylı qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(018)-164/2025 saylı qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-775/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-775/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver