Məhkəmə qərarları › İş №2(106)-776/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-776/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-776/2024 02.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: maddi ziyan tələbi, sübut yoxdur. X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(020)-1555/2023 saylı qətnaməsindən (hakim Seyfəli Seyfullayev) cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Musa qızı Cavabdeh ona vurduğu ziyana görə 1056 (bir min əlli altı) manat, qiymətləndirmə rəyi üçün ödənilmiş 100 (bir yüz) manat, hüquqi yardım üçün ödənilmiş 80 (səksən) manat, dövlət rüsumu üçün ödənilmiş 103 (bir yüz üç) manat, cəmi İ319 (bir min üç yüz on doqquz) manat pulun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Musa qızının Beyləqan rayon Şəfəq qəsəbəsində ailə üzvlərinə məxsus olan və mülkiyyət hüquqlarını təsdiq edən KOD 607010** JN ***6 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş 4.84 ha torpaq sahəsi vardır. Həmin toropaq sahəsi onun istifadəsində olmaqla, torpağın 2.60 hissəsində illik azuqəmin ödənilməsi üçün buğda əkmişdir. Həmin əkin normal bitiş vermiş, lakin inkişaf mərhə əsində olan zaman həmin əkin sahəsinin yaxınlığında olan fermaya məxsus heyvanların əraziyə daxil olması nəticəsində 0.80 ha hissəsi məhv olmuşdur. Həmin ərazinin heyvanlarla qəsdən ya ehtiyatsızlıqdan məhv edilməsi barədə məlumatı yoxdur, lakin məhv olmuş əkin sahəsi fermaya yaxın olmaqla, həmin əraziyə başqa heç bir heyvan daxil ola bilməzdi. Eyni zamanda yerə baxış keçirərkən, o heyvanın izi ilə hərəkət edərək, həmin fermaya daxil oldum. İddiaçıda olan məlumata görə həmin fermanın sahibi əraziyə yaxın yerləşən "Kral” şadlıq sarayının sahibidir. Həmin heyvanları həmin fermada yaşayan və işləyən X1. Ona dəymiş ziyanın məbləğini müəyyən etmək üçün Beyləqan rayon X5 və "xxxx" MMC-yə müraciət etmişdir, mütəxəsis rəyi alındıqdan sonra 31 mart 2023-cü il tarixli 25 saylı rəylə ona dəymiş zərərin məbləği 1056 (bir min əlli altı) manat müəyyən edilmişdir. Ona görə də, Cavabdeh ona 1056 (bir min əlli altı) manat maddi ziyanın, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 100 (bir yüz) manat manatın, hüquqi yardım üçün ödənilmiş 80 (səksən) manat və ödənilmiş 103 (bir yüz üç) manat dövlət rüsumunun alınıb İddiaçı Musa qızıba verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Beyləqan Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(020)-1555/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurduğu ziyana görə 1056 (bir min əlli altı) manatın, qiymətləndirilmə rəyi üçün ödənilmiş 100 (bir yüz) manatın, hüquqi yardım üçün ödənilmiş 80 (səksən) manatın və dövlət rüsumu kimi ödənilmiş 103 (bir yüz üç) manatın, cəmi 1319 (bir min üç yüz on doqquz) manat məbləğində pulun alınıb İddiaçı Musa qızına verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinc instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırkı iddianı sübuetmə vəzifəsi iddiaçının üzərinə düşür. O, heç bir hüquq pozuntusu törətməmişdir, əgər elədirsə, iddiaçı bunu sübut etsin. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, o iddiaçının qeyd etdiyi fermada 2016-cı ildən 2018-ci ilədək Oqtay adlı şəxsin çobanı işləmişdir. Beləliklə də o 2018-ci ildən qeyd edilən fermadan çıxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi AKT isə ziyanın 2023-cü ildə vurulmasını göstərir. Onun iddiaçıya ziyan vurması ilə bağlı foto, video və şahid yoxdur. Belə olan halda o iddiaçıya necə ziyan vura bilər. İddiaçını indi görür. Onu əvvəllər tanımamışdır. Hazırda Suvarma İdarəsində işləyir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh əraziyə yaxın fermanın sahibi Oqtayın çobanı olub. Oqtay cavabdehə göstəriş verib ki, heyvanları taxıl sahəsində otarsın, o da otarıb. Heyvanlar Oqtayın heyvanları olmuşdur. O heyvanların izindən və nəcislərindən (qığ) bilmişdir ki, qoyunlar yaxınlıqda olan fermanın qoyunlarıdır. Çünki qoyunun izi və nəcisləri onu fermaya aparmışdır. Ziyanı Ehtiram vurduğundan iddianı ona qarşı qaldırmışdır. Ziyanla bağlı fotoşəkil və video yoxdur. Həmçinin bu barədə Polis Şöbəsinə rəsmi olaraq müraciət etməmişdir. Oqtaya qarşı iddia qaldırmağın mənası yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, iddiaçının və onun ailə üzvlərinə mülkiyyətlərinə yaşadıqları Beylaqan rayonunun Şəfəq kənd ərazisində yerləşən torpaq sahələrindən Torpağa Mülkiyyət hüququna dair J№-0066; kod: 60701018 nömrəli Dövlət Aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 may 1998-ci il tarixli 46 nömrəli qərarı ilə 4.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Məmmədova X3 rayonun Şərq qəsəbəsinin ərazisində olan 2.6 ha taxıl bitkisi (ərzaq buğdası) sahəsinin 0.80 ha hissəsinin xırdabuynuzlu heyvanlarla (qoyun) otarılmasndan dəyən ziyanın ehtimal edilən orta bazar qiymətiil dəyəri (1920x0.55)=1056 (bir min əlli altı) manat təşkil edir. İddiaçı maddi ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Qətnaməni cavabdeh mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddianı sübuetmə vəzifəsi iddiaçının üzərinə düşür. O, heç bir hüquq pozuntusu törətməmişdir, əgər elədirsə, iddiaçı bunu sübut etsin. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və təmin edilməlidir. Belə ki, işin hallarından görünür ki, iddiaçı iddianı sübut edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı özü də məhkəmə iclasında bildirmişdir ki, cavabdeh əraziyə yaxın fermanın sahibi Oqtayın çobanı olub. Oqtay cavabdehə göstəriş verib ki, heyvanları taxil sahəsində otarsın, o da otarıb. Heyvanlar Oqtayın heyvanları olmuşdur. O heyvanların izindən və nəcislərindən (qığ) bilmişdir ki, qoyunlar yaxınlıqda olan fermanın qoyunlarıdır. Çünki qoyunun izi və nəcisləri onu fermaya aparmışdır. Ziyanı Ehtiram vurduğundan iddianı ona qarşı qaldırmışdır. Ziyanlıqla bağlı hər hansı fotoşəkil, video yoxdur. Həmçinin bu barədə Polis Şöbəsinə rəsmi olaraq müraciət etməmişdir. Oqtaya qarşı iddia qaldırmağın mənası yoxdur. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İşin hallarından göründüyü kimi, işin hallarının sübut edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 16 (on altı) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(020)-1555/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 16 (on altı) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar