Məhkəmə qərarları › İş №2(106)-778/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-778/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-778/2023 01.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 315 min ABŞ dolları və 69 min manat manat pulun və ödənilmiş 894.50 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 yazılı vəsatət təqdim edərək göstərdi ki, İddiaçı Saatlı rayonu dövlət notariat kontorunun notariusu X10 tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli, 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əsas tutaraq qeyd edir ki, yalnız Cavabdeh qanun üzrə vərəsə kimi mərhum əri Fikrət Əliyevin adına qeydə alınmış Saatlı rayonu, Qara Nuru kəndində yerləşən ümumi sahəsi 1291,9 kv.m olan qeyri yaşayış binasını miras əmlak kimi tam olaraq qəbul etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirir ki, X11 ilə 18 mart 1981-ci ildə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər və bu barədə onlara nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə, yəni 10 dekabr 2013-cü il tarixdə əri X4 adına **********94-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonu Qara Nuru kəndində 0,26 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak qeydə alınmışdır. 04 mart 2015-ci il tarixdə əri X11 vəfat etmişdir. Cavabdeh qeyd edir ki, 10 dekabr 2013-cü il tarixdə əri X4 adına **********94- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Saatlı rayonu Qara Nuru kəndində 0,26 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən mərhum əri X11 ilə onun ümumi birgə mülkiyyəti hesab edilir. 24 oktyabr 2018-ci il tarixdə Saatlı rayonu dövlət notariat kontorunun notariusu X10 mərhum əri X4 adına qeydə alınmış Saatlı rayonu Qara Nuru kəndində 0,26 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı mərhum ərindən miras qalmış əmlak kimi qəbul edərək bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh hesab edir ki, Saatlı rayonu dövlət notariat kontorunun notariusu X10 yuxarıda qeyd etdiyi vərəsəlik işini qanuni aparmamışdır. Belə ki, notarius nikah dövründə əldə olunmuş əmlakı bütünlüklə mərhum əri X3 miras qalmış əmlak kimi qəbul etməkdə qanunsuzluğa yol vermişdir. Cavabdeh bildirir ki, əslində notarius mərhum əri X4 adına qeydə alınmış Saatlı rayonu Qara Nuru kəndində 0,26 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan əmlakın ½ hissəsinə onun payını müəyyən etdikdən sonra, həmin əmlakın qalan ½ hissəsini miras əmlak kimi qəbul etməli və bundan sonra həmin hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Lakin Saatlı rayonu dövlət notariat kontorunun notariusu X10 yuxarıda qeyd olunan notariat hərəkətini apararkən qanunvericiliyin tələblərini pozaraq mülkiyyət hüququnun qorunması üçün Cavabdeh köməklik göstərməmişdir. Bu səbəbdən də Cavabdeh Saatlı rayonu dövlət notariat kontorunun notariusu X10 tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli, 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış və hazırda həmin iddia ərizəsi Saatlı Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İddiaçı Cavabdeh Yuzif qızına qarşı qaldırdığı hazırkı iddianın əsasını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə qəbul edilmiş miras əmlak təşkil edir ki, bu da hazırkı iddianın həlli zamanı mühüm əhəmiyyətə malikdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq vəsatətin təmin olunmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadı (hakim M.Sadıqov) ilə, vəsatətin təmin edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(055)-34/2023 saylı mülki iş üzrə icraat Saatlı Rayon Məhkəməsinin icraatında olan Cavabdeh Saatlı rayon dövlət notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(055)-368/23 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Saatlı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadından iddiaçı X5 şikayət vermişdir. Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadı ilə, Saatlı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət 7 gün müddətində işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Saatlı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması üçün 01 may 2023-cü il tarixə təyin olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti digər mülki iş həll edilməyincə hazırkı işə baxılmasının mümkün olmaması kimi əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin aktı ilə razılaşmayan iddiaçı X1 Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və gəlinəcək nəticənin daha aydın izah olunması baxımından birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddənin 3-cü b yarım bəndinə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə mülki iş materialları qarşılıqlı müqayisəli təhlil edərək şikayətin əsaslı olduğu qənaətindədir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 17 mart 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, 6 il müddətinə X2 Fikrət Qoçəli oğluna 164640 manat məbləğində pul borcalana yəni F.Əliyevə vermişdir. Həmçinin xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, X12 ilə X5 arasında bağlanmış razılaşma müqaviləsi əsasında 17 mart 2014-cü il tarixli kredit müqaviləsi ilə X4 üzərinə götürdüyü öhdəlikləri X12 öz öhdəsinə götürmüşdür. X12 öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş, bununla da 164640 manat pul tutulması barədə xx.xx.2022-ci il tarixli icra qeydi verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinə icra qeydinin verilməsi halı bəlli olmuşdur. İş materiallarında icra icraatının hansı mərhələdə olması (davam etməsi və ya xitam olması) barədə hər hansı bir məlumat olmamışdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqavilə üzrə öhdəliyin (hansı ki, razılaşma müqaviləsinə əsasən X12 öz üzərinə götürmüşdür) icra edilməsi ilə bağlıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun: 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərardad yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. O, da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qeyd olunan iddia tələbini icraata qəbul edərkən iddia ərizəsinin MPM-nin tələblərinə riayət olunmaqla verilib-verilməməsi, verilmiş iddianın məhkəmə icraatının mümkünlüyü, həmçinin iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmanın yolverilməzliyinə lazımi hüquqi qiymət vermədən iddia ərizəsini icraata götürərək, başqa işin mahiyyəti üzrə həll edilməsi ilə bağlı icraatı dayandırmışdır. İddiaçı haqlı olaraq məhkəmənin iş üzrə icraatı dayandırılması barədə qəraddadının prosessual normaların pozulması ilə qəbul edildiyini şikayətində göstərir və həmin qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını tələb edir. Belə olan halda İddiaçı Saatlı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadının prosessual hüquq normaların pozulması ilə qəbul edilməsi hissəsində əsaslı hesab olunmalıdır. Belə ki, 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçı X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və yuxarıda göstərilənləri nəzərə almaqla iddia ərizəsinin icraata qəbul edilib-edilməməsinə münasibət bildirilməsi üçün Saatlı rayon məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X14 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(055)34/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş baxılaraq hüquqi qiymət verilməsi üçün Saatlı rayon məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar