Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-783/2024 25.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin e-2(036)-46/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6648,33 manat məbləğində vəsaitin, 86,48 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-BK- *** dövlət qeydiyyat nişanlı, “VAZ-21063” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JE-*** dövlət qeydiyyat nişanlı, “X4” markalı avtonəqliyyat vasitəsinə 20 mart 2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən **-BK-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21063” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-JE-*** dövlət qeydiyyat nişanlı, “X4” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi edilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-JE-*** dövlət qeydiyyat nişanlı, “X4” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 11705,62 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 31 may 2020-ci il tarixli sığorta aktına əsasən 11605,62 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir edilməsi üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortaçısı "xxxx" ASC tərəfindən 4957,29 manat məbləğində vəsait "xxxx" ASC-nin hesabına ödənildiyindən, ödənilmiş məbləğ sığorta ödənişi məbləğindən çıxılmışdır. 18 sentyabr 2020-ci il tarixində qalıq məbləğ olan 6648,33 manatın subroqasiya hüququ əsasında qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. "xxxx" ASC tərəfindən ödənilmiş 6648,33 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. İmişli Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(036)-46/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Telman Quliyev) iddia qismən təmin olunmuş, Cavabdeh 1880,71 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86,48 manat dövlət rüsumunun 24,46 manat hissəsinin və 0,40 manat bank xidməti xərcinin Cavabdeh alınıb iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi və 62,02 manat hissəsinin isə iddiaçı "xxxx" ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 35,86 manatının iddiaçı "xxxx" ASC-dən və 14,14 manatının isə Cavabdeh alınıb Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(036)- 46/2024 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını, Cavabdeh 6648,33 manat məbləğində vəsaitin, 86,48 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin, həmçinin apellyasiya şikayətinin verilməsi üçün 43 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsi 2(036)-46/2024 saylı qətnaməsi ilə iddianı digər subutlara qiymət vermədən yalnız ekspertizanın rəyini qanuni və əsaslı hesab edərək qismən təmin etmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən sığorta şirkəti yalnız sığorta ödənişi həddində iddia qaldıra bilər. Bu zaman bərpa edilmiş əmlaka çəkilmiş xərclər tam olaraq tələb olunur. Əgər ekspertizanın müəyyən etdiyi zərərlə razılaşsaq, belə çıxır ki, ödənilmiş məhkəmə tərəfindən təmin edilməmiş 4767,62 manat sığortalıdan, yəni zərərçəkəndən geri tələb olunmalıdır. Bu halda sığortalı şəxsin hüquqları da sığorta şirkətinin hüquqları ilə bərabər pozulur. Tərəflərin hüquqları ilə yanaşı qanunvericiliyin tələbi də pozulmuş olur. İş materiallarından göründüyü kimi, nəqliyyat vasitəsi iddiaçı tərəfindən təmir mərkəzinə göndərilərək təmir olunmuş və elektron-qaimə vasitəsi ilə ödəniş həyata keçirilmişdir. Nəzərə alınsa ki, təmir xərclərini sığorta şirkəti ödəyir və ödənilmiş məbləğin gələcəkdə geri qaytarılması sual altında qalır, bu halda şirkət istəyər ki, ən ucuz və keyfiyyətli yerdə zərərçəkənin nəqliyyat vasitəsini təmir etdirsin ki, büdcəsinə ziyan etməsin. Təəssüf ki, bugünkü gün sığorta ödənişi almış şəxslər sığorta ödənişinin azlığından şikayət edir, sığorta şirkəti isə zərərvurandan ödənişi tələb etdikdə ödənişin çox olduğu mübahisələndirilir. Halbuki, sığorta ödənişinin çox ödənilməsi sığorta şirkətinin marağında deyildir. Bundan başqa, sığorta ödənişlərinin verilməsi öz növbəsində qanunvericiliklə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, zərərin anlayışı zərərin bərpası üçün ödənilmiş bütün xərclərə (ƏDV də daxil olmaqla) şamil olunur. Bu zaman sual yaranır: ekspert zərəri hesablayarkən ƏDV-ni niyə nəzərə almır? ƏDV iddiaçı tərəfindən ödənilmiş xərcdir. Təbii ki, nəqliyyat vasitəsinin ehtiyat hissələri özündə elə bir qüvvə yoxdur ki avtomatik dəyişilsin. Buna insan əməyi təsir edir. Digər bir hissədə, ekspert rəyində hansısa metodik vasitələrdən istifadə edərək köhnəlmə tətbiq etdiyini qeyd etmişdir. Lakin bu metodik vasitənin nə olduğu bilinmir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Göründüyü kimi, ekspertin rəyində heç bir müddəya əsaslanma yoxdur. Həmçinin həmin ekspertin (ekspertlərin) rəyi və onun məzmunu da rəyə uyğun deyildir. Belə ki, Qanunun 26-cı maddəsinə əsasən rəydə istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri qeyd olunmalı, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunmalıdır. Verilmiş rəydə nə dürüstlük, nə əsaslanma, nə də ki, qanunvericiliyin tələb etdiyi digər meyarlar öz əksini tapmır. Belə olan halda verilmiş rəy necə məhkəmə üçün sübut növü kimi mötəbər hesab edilə bilər? Məhkəmə yalnız mötəbər sübutları obyektiv və qərəzsiz öz daxili inamına əsasən qiymətləndirərək qanunlara əsaslanaraq yekun qərara gəlməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”na görə, elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir. “ƏDV məbləği” sütununda eyni bir sətir üzrə “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilən rəqəmin ƏDV-nin Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə müəyyən edilən dərəcəsinə vurulmaqla proqram tərəfindən avtomatik hesablanan ƏDV məbləği göstərilir. “Yekun məbləğ” sütununda “malın (işin, xidmətin) dəyəri (ƏDV-siz, manatla)” qrafasının “Cəmi” sütunundakı məbləğlə “ƏDV məbləği (manatla)” və “Yol vergisi (manatla)” sütunlarındakı məbləğlərin cəmi qeyd olunur. Göründüyü kimi, qaydalara əsasən elektron-qaimə formasına heç bir halda müdaxilə oluna bilməz və əlavə ƏDV hesablana bilməz. Ekspertiza isə ƏDV sanki ödənilməmiş kimi yalnız ehtiyat hissələrinin dəyərini qiymətləndirmiş, ƏDV-ni nəzərə almamış, üzərinə ƏDV hesablamamışdır. Məhkəməyə bununla bağlı yazılı etiraz təqdim edilsə də, məhkəmə bunu nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmaqla yekun qərar çıxarmışdır. Birinci instansiya məhkəməsinin yeganə sübut kimi qiymətləndirdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 9/887 saylı rəyindən müəyyən olunmuş, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı üzrə aparılmış ekspertiza tədqiqatına əsasən 2013-cü il buraxılışlı “X4” markalı, **-JE- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6838 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5273 manat, təmir-bərpa işlərinin qiyməti 1565 manat müəyyən edilmişdir. Göründüyü kimi, rəydə hər hansı əsaslandırma və normativ aktlara istinad yoxdur. Buna baxmayaraq, məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Məhkəmə hesab edir ki, ekspertizanın rəyi qanuni və əsaslı olub, digər sübutlarla öz təsdiqini tapıb, işin faktiki hallarına uyğun olduğuna görə qəbul edilməli, 2013-cü il buraxılışlı “X4” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə həmin avtomobilin təmir-bərpa xərci 6838 manat kimi qiymətləndirilməlidir. Belə olan halda, avtomobilin təmirbərpa xərci 6838 manat kimi qiymətləndirilərək, həmin məbləğdən cavabdehin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş 4957,29 manat məbləğində pul vəsaiti çıxılmaqla (6838 manat-4957,29 manat), cəmi 1880,71 manat məbləğində iddia tələbinin təmin edilməsi daha məqsədəmüvafiq, qanuni və əsaslı hesab edilməlidir”. Buradan sual yaranır: əsaslanılmış rəyin hansı hissəsi işin faktiki halları ilə uyğunluq təşkil edir? Məhkəmənin əsaslandığı və yekun məhkəmə aktı çıxararkən qiymətləndirdiyi rəy tamamilə işin hallarına uyğun gəlməməklə yanaşı, sığorta şirkəti olaraq iddiaçının hüquqlarını kobud və əsassız olaraq pozmuşdur. Belə ki, Mülki Məcəllənin 925-ci maddəsinin 1-ci bəndinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Göründüyü kimi, dəymiş zərərin qiymətləndirilməsi məhz sığorta şirkətinin üzərinə öhdəlik olaraq qoyulmuşdur. Qiymətləndirmə zamanı hər hansı ekspertiza rəyinin alınmasından söz getmir. Əlavə olaraq, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə ilkin olaraq qanunvericiliyin tələbinə əsasən dəymiş zərər məbləği müəyyən edilərək zərərçəkənə tərtib olunmuş zərər aktında qeyd olunan zərər məbləğinin ödənilməsi təklif edilmiş, lakin zərərçəkən təqdim olunan zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmiş və təmir olunmuşdur. Təmir mərkəzi tərəfindən təqdim olunmuş elektron qaimədə göstərilmiş təmir xərcləri köçürülmə vasitəsi ilə ödənilmişdir. Cavabdeh tərəfindən vurulmuş zərər iddiaçı tərəfindən tam həcmdə qarşılanmış və nəqliyyat vasitəsi hadisədən öncəki vəziyyətinə çatdırılmışdır. Zərərçəkmiş nəqliyyat vasitəsinin tam həcmdə hadisədən əvvəlki vəziyyətə çatdırılması üçün ümumilikdə iddiaçı tərəfindən 11705,62 manat xərc çəkilmişdir. Bununla da, qanunvericiliklə üzərinə qoyulmuş öhdəliyin icrası tam həcmdə həyata keçirilmişdir. Lakin cavabdeh hüquqazidd hərəkəti ilə sığortalı əmlakı zədələməklə, korlamaqla və s. yolla zərəçəkənin maddi və qeyri-maddi nemətlərinə qəsd olunmuş, bu da öz növbəsində mənfi xarakterli əmlak nəticələrinə səbəb olmuşdur. Həmin nəticələri aradan qaldırmaq və pozulmuş hüquqları bərpa etmək zərərvuran tərəfindən zərərin əvəzinin tam həcmdə ödənilməsi yolu ilə aradan qaldırılmalıdır. Məhz zərərin zərərvuran şəxsin hesabına kompensasiya olunması mülkiyyətçinin zərər vurduğu ana kimi mövcud olan vəziyyətinin bərpa edilməsini təmin edir. Bu halda, zərərvuran zərərçəkənə dəymiş zərəri tam qarşılamalı olduğundan, ümumilikdə təmir xərcləri də (ƏDV daxil olmaqla) zərərvuran tərəfindən tam həcmdə ödənilməli idi. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi qanunvericiliyin bu normasına məhəl qoymayaraq yalnız təmir-bərpa xərcləri və ehtiyat hissələrinə ekspertizanın məlum olmayan hesabladığı məbləğ həcmində iddianı təmin etmişdir. Belə çıxır ki, zərərçəkmiş nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsini özü öz evində təmir etdirməli idi ki əlavə xərclər ödəməsin. Belə ki, zərərçəkən nəqliyyat vasitəsini təmir edən təmir mərkəzi vergi orqanında qeydiyyatdan keçmiş, əldə etdiyi gəlirə münasibətdə vergi verən tərəfdir. Təbii ki, bu zaman göstərdiyi xidmətə görə əlavə olaraq ƏDV-ni tələb etmək hüququdur. Bununla da zərərvuran qanunvericiliyin tələbinə əsasən zərərçəkənin pozulmuş əmlak hüquqlarını bərpa etmək üçün çəkilən bütün xərcləri ödəməlidir. Təsvir edilən hallara münasibətdə isə zərərçəkənin hüquqları dolayısı ilə sığortaçıya keçdiyindən tələb etmək hüququ sığorta şirkətinin hüququ olduğundan çəkilmiş xərc də bütünlükdə sığorta şirkətinə qaytarılmalıdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məsafənin uzaq olması səbəbindən məhkəmə iclasında nümayəndə ilə təmsil oluna bilmədiklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, qətnaməni qismən – iddia tələbinin rədd edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, 20 mart 2020-ci ildə İmişli-Qaradonlu yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, AD682867 seriya nömrəli şəhadətnamə əsasında özünə məxsus olan “VAZ-21063 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASCnin mülkiyyətində olan və X2 tərəfindən idarə olunan “X4 yük” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdəki inzibati tənbeh vermə haqqında 21 mart 2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarının 68-ci vərəqində olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, 31 yanvar 2020-ci ildən 30 yanvar 2021-ci ilədək qüvvədə olan sığorta müqaviləsi üzrə sığortaçı "xxxx" ASC sığortalı "xxxx" ASC-yə məxsus 2013-cü il buraxılışlı “X4” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 100 manat şərtsiz azadolma məbləği olmaqla, 30000 manat sığorta məbləğində sığortalamışdır. İş materiallarının 64-65-ci vərəqlərində olan "xxxx" MMC tərəfindən təqdim edilmiş elektron qaimənin surətindən görünür ki, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz) 9920,02 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 1785,60 manat, yekun məbləğ 11705,62 manat. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş 31 may 2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, 20 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də sığortalanmış "xxxx" ASC-yə məxsus “X4” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə "xxxx" MMC-nin hesabına 11605,62 manat (100 manat azadolma məbləği) məbləğində sığorta ödənişi ödənilməlidir. İş materiallarının 60-ci vərəqində olan 03 iyun 2020-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 11705,62 manat məbləğində ödəniş edilmişdir. İş materiallarının 69-cu vərəqindən görünür ki, cavabdehin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4957,29 manat məbləğində pul köçürülmüşdür. İşdəki 9/8857 nömrəli, 27 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 15 may 2020-ci il tarixli qüsur aktında 2013-cü il buraxılışlı, “X4” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1) Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8715 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 7150 manat, təmir-bərpa işlərinin qiyməti 1565 manat; 2) dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6838 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5273 manat, təmir-bərpa işlərinin qiyməti 1565 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki 26 may 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 86,48 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri o olmuşdur ki, birinci instansiya məhkəməsi onun tərəfindən "xxxx" MMC-yə ödənilmiş ƏDV xərclərini nəzərə almayaraq pozuntuya yol vermişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı öz tələbini əsaslandırarkən cavabdeh tərəfindən sığortalı avtomobilə 11705,62 manat məbləğində zərər dəyməsinə istinad etmiş, bu zaman tələb olunan məbləğin tərkibində həm də ödənilmiş ƏDV məbləğinin olmasını qeyd etməmiş, 11705,62 manat məbləğində pulu dəymiş zərər kimi təqdim etmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hazırkı tələbinin məzmununa "xxxx" MMC-yə ödənildiyi qeyd olunan ƏDV xərcləri daxil olmamışdır. Bunun səbəbi isə iddiaçının öz iddia ərizəsinin məzmununda qeyri-dəqiqliyə yol verməsi olmuşdur. Bundan başqa, iddiaçı 9/8857 nömrəli, 27 dekabr 2023-cü il tarixli ekspert rəyinin mötəbərliyini də mübahisələndirmiş, ekspert rəyinin məzmununun əsaslandırılmadığını, rəy verilərkən hansı metodlardan istifadə edildiyinin qeyd edilmədiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmır. Sözügedən ekspert rəyindən də göründüyü kimi, aparılmış tədqiqat nəticəsində zərər dəymiş avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan mütəxəssis rəyində qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında müəyyənləşdirilən qiymətlər müəyyən edilmişdir. Bundan əlavə, aparılmış ekspertiza tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Beləliklə, qeyd edilənlər onu göstərir ki, iddiaçının bildirdiklərinin əksinə olaraq, 27 dekabr 2023-cü il tarixli ekspert rəyi kifayət qədər əsaslandırılmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi həmin rəyə istinad edərək yekun nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçı həm də ekspert rəyində ƏDV-nin hesablanmamasını da qeyd edərək, bu halın pozuntuya səbəb olduğunu vurğulamışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, hətta iddiaçı öz tələbində də ƏDV-dən bəhs etməmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq ekspert qarşısında məhz dəyişdirilməli hissələrin və görüləcək işlərinin dəyərinin müəyyən edilməsi ilə bağlı sual qoymuş, ekspert də həmin suala müvafiq cavab vermişdir. İddiaçı sığortalı avtomobilin təmir edilməsi üçün "xxxx" MMC-yə 11705,62 manat ödədiyini, 100 manat azadolma məbləği və cavabdehin sığortaçısı tərəfindən ödənilmiş 4957,29 manat ödəniş nəzərə alınmaqla, qalan pulun cavabdehdən tutulmalı olduğunu qeyd etsə də, məhkəmə kollegiyası bu baxımdan bildirir ki, hazırda iddiaçıda sığortalanmış avtomobilə dəymiş zərərin həcminin iddiaçının qeyd etdiyi məbləğdə olmaması müəyyən edilir. İddiaçı tərəfindən əslində müəyyən olunan zərər məbləğindən daha yüksək ödənişin edilməsi isə cavabdehin də həmin məbləği ona geri qaytarması ilə nəticələnməməli, o, yalnız dəymiş zərərin həqiqi həcminə görə məsuliyyət daşımalıdır. Birinci instansiya məhkəməsi isə haqlı olaraq ekspert rəyinə əsaslanmaqla sığortalı avtomobilin təmir-bərpa xərcini dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6838 manat müəyyən etmiş, həmin məbləğdən cavabdehin sığortaçısı tərəfindən ödənilmiş 4957,29 manatı çıxmaqla, yekunda cavabdehdən tutulmalı olan pul məbləğini 1880,71 manat həcmində müəyyən etmişdir. Məhkəmə kollegiyası bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin qismən təmin edilməsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi ödənilmiş tələbin məbləğinə mütənasib şəkildə məhkəmə xərclərini tərəflər arasında düzgün şəkildə bölmüşdür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası MPM-in 119.5-ci maddəsini nəzərə alaraq bildirir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədiyinə görə, apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 43 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2(036)-46/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 43 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-783/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-783/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver